Məhkəmə qərarları › İş №2(104)-642/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-642/2025

21.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-642/2025 21.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 hüquqi varisi X4, Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisinə, 1 saylı Gəncə Regional Cavabdeh4 notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qərardadı ilə, Şəmkir rayon Məhkəməsinin 2(076)-32/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər X5 və Cavabdeh2 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə1 yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ötürülmüş prosessual müddətin bərpa edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qərardadı (hakim Həvayət Məhəmmədi) ilə, vəsatətin təmin edilməsi, cavabdehlər X3 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə1 Şəmkir Rayon Məhkəməsinin 2(076)- 32/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi, qərardad qanuni qüvvəsini alıdıqdan sonra apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 saylı qərardadı qanunsuz və əsassızdır. Belə ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin müddəti ötürülmüşdür. Lakin, məhkəmə bu hala düzgün qiymət verməmişdir. Cavabdehin müddətin bərpası ilə bağlı verdiyi vəsatət təmin edilməməli idi. Ona görə də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 32/2024 saylı qərardadı ləğv edilməli və vəsatət təmin olunmamalıdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-32/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsi cavabdehin nümayəndəsi tərəfindən rəsmi olaraq qəbul edilmiş, həmin qətnamədən şikayət qanunla müəyyən edilmiş müddət ərzində, məhkəməyə təqdim edilsə də, cavabdehlərin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti, cavabdehlərin adından şikayətin imzalanması üçün səlahiyyəti təsdiq edən etibarnamə əlavə edilmədiyindən, şikayət birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra, cavabdehlərin nümayəndəsi yenidən həmin qətnamədən şikayət vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən apellyasiya şikayətinin bir aylıq müddət çərçivəsində verildiyini nəzərə alaraq, ərizədə göstərilən müddətin ötürülməsi səbəbini üzürlü hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə1 qətnamədən apellyasiya şikayəti verməkdə israrlı olması, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin olması açıq-aşkardır. Nəticədə cavabdehlər qətnamədən verdiyi apellyasiya şikayətini qanunla müəyyən edilmiş formada tərtib edilmiş, habelə buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, prosessual müddətin buraxılmasının üzürlü səbəbləri dedikdə, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzürlü hallar, qətnamədən apellyasiya şikayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər qətnaməni əldə etdikdən sonra hərəkətsiz qalmaması, yəni keçən zaman kəsiyində apellyasiya şikayəti verməsi, lakin şikayət qanunvericiliyin tələbinə uyğun olmadığından geri qaytarılması, bir sözlə cavabdehlər hesab etdiyi pozulmuş hüququnu üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək niyyətinin olmasını ifadə etməsi buraxılmış prosessual müddətin bərpasına əsasdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X7 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 fevral 2003-cü il tarixli «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Kontitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» qərarında göstərilir ki, məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Göstərilən müddəalar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, demokratik cəmiyyətdə Konvensiyanın dərk olunması prizmasında ədalətli ədalət mühakiməsinə olan hüquq o qədər mühum əhəmiyyət kəsb edir ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərh edilməsi həmin müddəanın məqsəd və təyinatına xidmət etməzdi («Delkur Belçikaya qarşı»). Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 32/2024 nömrəli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-32/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar