Məhkəmə qərarları › İş №2(104)-643/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-643/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-643/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 008 saylı müqavilənin etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması, cavabdeh tərəfindən ödənilmiş 30.435 manatdan həmin müqavilənin müvafiq maddəsinə əsasən 10% çıxıldıqdan sonra qalan 27.391 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia və əlavə ərizə ilə müraciət edərək, Cavabdeh ilə “FAM-88"’ MMC (VÖEN **********) arasında 04 iyul 2019-cu il tarixli, 008 saylı “Mənzil tikintisi haqqında” bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən 008 saylı (əvvəlki 218), 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan mənzili həmin müqavilənin 2.1-ci maddəsində qeyd edilmiş şərtlər əsasında və qalıq 500 manat pulu ödəməklə Cavabdeh istifadəsinə verilməsi, həmçinin həmin mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada Cavabdeh adına mülkiyyət hüquqlarının müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan bütün sənədləşmə işlərinin cavadehə aid hissəsinin lazımi qaydada icra edilməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Xədicə Səfərli) İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı mənzilin həmin Cəmiyyət tərəfindən 500 manat pulun Cavabdeh tərəfindən ödənilməsiylə eyni vaxtda İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008 saylı müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh təhvil verilməsi, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı mənzil üzrə Cavabdeh adına mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan və həmin Cəmiyyət tərəfindən təqdim edilməli olan sənədlərin verilməsi öhdəliyinin İddiaçı üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pulun İddiaçındən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında mənzil tikintisi haqqında xx.xx.2019-cu il tarixli 008 saylı müqavilə bağlanılmışdır. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı mənzil üzrə ilkin olaraq 31.435 manat ödəməyi öhdəsinə götürmüş və ilkin olaraq 30.435 manat ödəniş edərək, 1000 manat borclu qalmışdır. Lakin cavabdeh həmin məbləği ödəməyərək, tərəflər arasındakı müqavilənin 5.2-ci maddəsinin tələbləri pozmuşdur. Cavabdehə öhdəliyin tam icra edilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, icrasından yayınaraq ödəməli olduğu pul vəsaitini və hər gecikdirilmiş gün üçün 0.1% məbləğini ödəməmişdir. Müqavilənin 5.7-ci maddəsinin tələbinə görə isə, 5.2-ci bəndində qeyd olunan hallar baş verdikdə payçı yeni qiymətlə mənzil almaqdan və cərimə ödəməkdən imtina etdikdə, müqavilə cəmiyyət tərəfindən birtərəfli qaydada pozulur və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10%-i məbləğində cərimə məbləği çıxdıqdan sonra “payçı”ya qaytarılır.Müqavilədə göstərilən bu bəndlər hər iki tərəfin razılığı ilə müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə şərtlərinə əməl etməyərək pul vəsaitini tam şəkildə ödəməmiş və ödəmədiyi günlər üçün cərimə ödənişi etməkdən yayınmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə, nümayəndəsi olan vəkili Vəkil2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onunla İddiaçı arasında mənzil tikintisi haqqında xx.xx.2019-cu il tarixli 008 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı mənzil üzrə ilkin olaraq 31.435 manat ödəməyi öhdəsinə götürmüş və ilkin olaraq 30.935 manat ödəniş edərək, 500 manat borclu qalmışdır. Həmin məbləği ödəmək istəmiş, lakin cavabdeh tərəf qəbul etməmişdir. O, 2021-ci lin dekabrında da ödəmək üçün müraciət etmiş, lakin iddiaçı tərəf qəbul etməmişdir. Bina isə bu vaxtadək, təhvil verilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 008 saylı, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan mənzili Cavabdeh verməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2019-cu ildə 30435 manat, xx.xx.2019-cu ildə 500 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 008 saylı, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan mənzili Cavabdeh verməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, binanın xarici tərtibatı və daxili arakəsmələrinin layihəyə müvafiq olaraq tikilməsi; giriş seyf qapısının və pencərələrin qarşılıqlı razılaşmadan asılı olaraq qoyulması; razılaşma əsasında “Payçı”nın hesabına arakəsmələrin yerinin dəyişdirilməsi; pay haqqının vaxtında və tam ödəməyi “Payçı”dan tələb etmək; baş kommunikasiya (işıq, su ,qaz) xətlərinin mənzilə qədər çəkilməsi; daimi su təchizatı ilə binanı təmin etmək; müasir standartlara uyğun sürətli,səssiz liftlərin quraşdırılması; həyətyanı sahənin abadlaşdırılması öhdəliklərini icraçı qismində İddiaçı MMC, bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olaraq vaxtında ödəmək; bina istismara verildikdən sonra mənzili qəbul etmək; zövqünə uyğun olaraq (baş kommunikasiya xətləri və fasad işləri istisna olmaqla) təmir və quraşdırma işləri aparmaq; divarların suvaq edilməsi; bu müqavilədə göstərilmiş mənzilin sahəsinin layihə sənədlərinin dəqiqləşdirilməsi ilə əlaqədar sonradan əlavə olunan hər kvadrat metr yaşayış sahəsi üçün ödənişləri razılaşdırılmış ilkin qiymətə uyğun olaraq qeyri-şərtsiz ödəmək; mənzildə quraşdırılacaq elektrik, qaz və su sayğaclarının alınması, müvafiq orqanlarda yoxlanılması, möhürlənməsi və quraşdırılması ilə əlaqədar xərcləri “icraçı”dan bu barədə məlumat aldıqdan sonra vəsaiti hesabına “İcraçı”nın vasitəsi ilə həyata keçirilməsi, mənzilə telefon çəkilməsi “Payçı” tərəfindən fərdi qaydada həyata keçirilməsi öhdəliklərini icraçı qismində Cavabdeh öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, Mənzilin sahəsi 62.87 kv.m-dir. Mənzilin 1 kv.m-nin dəyəri 500 (beş yüz) AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 31435 (otuz bir min dörd yüz otuz beş) manatdır. “Payçı” ilkin olaraq 30435 (otuz min dörd yüz otuz beş) manat avans ödəyir. Kreditin müddəti 2 aydır. Həmin müqavilənin 4-cü maddəsinə əsasən, Müqaviləyə əlavələr, ona dəyişdiklər tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir. Dəyişiliklər və əlavələr yazılı formada rəsmiləşdirildikdən və imzalandıqdan sonra qüvvəyə minir. Tərəflər arasında bu müqavilə ilə təmin olunmayan münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir. Müqavilə üzrə mübahisələr yarandıqda tərəflər bunu danışıqlar yolu ilə həll edirlər. Əks halda mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmə yolu ilə həll olunur. Həmin müqavilənin 5-ci maddəsinə əsasən, “Payçı” cəmiyyətin üzvlüyündən çıxmaq istədikdə bu barədə “Cəmiyyət’i əvvəlcədən yazılı şəkildə xəbərdar edir. “Payçı”nın üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa “Payçı”ya satıldıqdan sonra və həmin mənzilin dəyəri sonuncu tərəfindən ödənilən məbləğə uyğun olaraq payçıya qaytarılır; “Payçı” aylıq ödənişi 3 (üç) gündən artıq gecikdirdikdə, mənzilin sahəsinin qiymətlərinə yenidən baxılır, mənzilin aylıq ödəniləcək məbləğindən gecikdirilmiş hər l(bir) gün üçün 1% məbləğində, 1 aya 30% məbləğində cərimə tətbiq olunur. “Payçı” qeyd olunan son ödəniş müddəti bitdikdən sonra mənzilin dəyərini tam ödəməzsə, hətta ödəsə belə, aylıq ödənişlərdən gecikməsi olmuşsa mənzilin qiymətinə yenidən baxılır və yerdə qalan borc məbləği “Payçı” tərəfindən qeyri-şərtsiz həmin günə olan kvadrat metri bazar qiymətinə uyğun ödənilir. “Payçı” mənzili başqa şəxsin adına dəyişdirmək və ya satmaq istəyərsə, mənzilin qiyməti cəmiyyət tərəfindən təyin olunur. Bu müqavilənin qüvvəyə mindiyi vaxtdan etibarən “Payçı” aldığı vahid əmlakı başqa şəxslərin adına keçirtmək və ya digər şəkildə özgəninkiləşdirmək xahişi ilə “İcraçı”ya müraciət etdikdə hüquqi sənədlərin rəsmiləşdirilməsi üçün çəkilən xərclərin əvəzini “Payçı” pul kompensasiyası ilə ödəməlidir. Kompensasiyanın məbləği 1200 (bir min iki yüz) manat həcmində müəyyən olunur. “Payçı’nın və “İcraçı”nın razılıqları olmadan müqavilənin qüvvədə olduğu müddət ərzində vahid əmlakı başqa şəxslərin sahibliyinə və ya istifadəsinə verilə bilməz. Bu müqavilənin 5.1, 5.2. və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə “Payçı” mənzili yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina etdikdə, üzvlükdən çıxdıqda müqavilə “Cəmiyyət tərəfindən bir tərəfli qaydada pozulur və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10%-i miqdannda cərimə məbləği çıxıldıqdan sonra “Payçı”ya qaytarılır. Fors Major halları baş verdikdə tərəflər məsuliyyətdən azad edilirlər. Həmin müqavilənin 6-cı maddəsinə əsasən, Müqavilə hər iki tərəfin imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu müqavilənin 3.6-cı bəndinə əsasən tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil Payçıya verilənədək bu müqavilə öz qüvvəsini saxlayır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini iddia tələbinə uyğun olaraq, əqdin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və həmçinin 462-ci maddələri ilə əsaslandıraraq, hesab etmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 008 saylı müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, bu tələbi cavabdehin ödənişləri vaxtında həyata keçirməməsi və cəriməni ödəməməsi ilə əsaslandırmışdır. Lakin etibarsızlıq hesab edilə bilməyə dair aşkar tələbə baxmayaraq, iddiaçı mülki qanunvericiliyin hansı tələbinin pozulmasıyla müqavilənin bağlandığını əsaslandırmamışdır. Bununla yanaşı, Mülki Məcəllənin XİV fəslində əqdin etibarsız hesab edilməli olduğu hallar nəzərdə tutulmuşdur. Halbuki, cərimənin ödənilməməsi müqavilənin etibarsız hesab edilməli olduğu hallar sırasında qanunverciliklə təsbit olunmamışdır. Belə ki, cərimə öhdəliyin vaxtında və lazımınca icrasını təmin etmək məqsədi ilə müqavilə tərəfini hüquqi baxımdan tərbiyələndirməyə xidmət edir. Bundan başqa, sözü gedən müqavilə “Mənzil tikintisi haqqında” adlandırılsa da, mahiyyətini təsbit edən məzmunundan aydın olur ki, podrat müqaviləsidir və qeyd edilən xx.xx.2004-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, etibarlılığı üçün tələb olunan lazımi - səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu ilə bağlanmışdır. Belə olan hazırkı halda, əqdin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmir. Digər tərəfdən, iddiaçı ödənişlərin gecikdirildidiyinə istinad etsə də, müqaviləyə ödəniş cədvəli əlavə edilməmiş və (ya) bu halın əksini təsdiqləyən sübut təqdim edilməmişdir. Eyni zamanda, bu hal əqdin etibarsız hesab edilməsi üçün əsas olmamaqla yanaşı, hansı tarixdə ödənilməsi şərti müəyyən olmayan pul məbləğinin gecikdirilməsi də qeyri-mümkündür. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, tərəflər arasında bağlanmış müqaviləni etibarsızlığına əsaslanaraq mübahisələndirməsi ilə bağlı iradə ifadəsini iddiaçının cavabdehə bildirməsi və (ya) əqdin etibarsızlığı ilə bağlı aralarında mübahisə yarandığı üçün məhkəməyə müraciət etməsi, əhəmiyyətsizliyi ilə bağlı müqavilə tərəflərinin arasında mübahisə yarandığından, əhəmiyyətsizliyin təsdiqi üçün məhkəməyə müraciət edildiyinə dair hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, müqavilənin etibarsız hesab edilməsinə dair əsas tələb, dolayısıyla ondan irəli gələn əmlakın sahibliyə qaytarılması və pulun verilməsi barədə törəmə tələblər təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyasım qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqı iddianın təmin edilməsi hissəsində də düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-ci maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Məhkəmə kollegiyasım qeyd edir ki, tərəflər arasında xx.xx.2019-cu ildə bağlanmış müqaviləyə əsasən İddiaçı MMC mübahisəli mənzili 31435 manat ödənilməsi şərtilə Cavabdeh verməyi, sonuncu isə mənzilin dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi 30935 manat ödənilməsi hissəsində yerinə yetirmişdir və qalıq 500 manat hissənin ödənilməsinə hazır olduğunu bildirmişdir, lakin cavabdeh öhdəliyin tam icrasını qəbul etmək üçün lazımi hərəkətləri etməmiş və öz öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tikintiquraşdırma işləri başa çatdıqdan sonra mənzilin payçı Cavabdeh verilənədək müqavilənin öz qüvvəsini saxlaması barədə şərti də nəzərə alınaraq, qarşılıqlı iddia təmin edilməli, qalıq 500 manat iddiaçıya ödənilməklə müqavilə öhdəliklərinə uyğun qaydada mübahisəli mənzil Cavabdeh təhvil verilməlidir. Həmçinin, iddiaçının qanundan və müqavilədən irəli gələn gələn öhdəlik qismində mübahisəli mənzilin Cavabdeh adına mülkiyyət hüquqlarının müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan bütün sənədləşmə işlərinin ona aid hissəsinin lazımi qaydada icra edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsində podratçının binanın tikintisinin başa çatdırmaq və istismarına icazə almaq vəzifəsi nəzərdə tutulmuş, həmin vəzifədən də irəli gələn digər öhdəlikləri öz üzərinə götürməyə dair iddiaçının razılığı isə iradə sərbəstliyi və müqavilə azadlığı əsasında təsdiqlədiyi müqavilədən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmşdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar