Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-646/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiаçı İddiaçı QSC Cavabdeh qarşı “kredit borcu” tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(066)-1680/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(066)-1680/2023 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddianın qismən təmin edilməsi, Cavabdeh XLQ002544 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 532 borcun, 5 manat cərimə borcunun, cəmi 537 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil) X2 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1680/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə XLQ002544 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 532 borcun, 51.98 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış XLQ002544 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 532 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi ödəsinə götürüb. İddiaçı QSC ilə Aladdin Group” MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqavbiləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 532 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alq-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödənilməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin iddia ilə müraciət edilən vaxta 532 manat əsas borcu, 51.98 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında hall olunma) heç bir fayda verməmişdir va kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ərizəçinin təqdim etdiyi saxta sənədlər istinad etmişdir ki, bununla da düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnamədə göstərir ki, guya iddiaçı ona kredit vermişdir. O, cavabdehdən qeyd olunan məbləğdə oyuncaq maşını almış, həmin maşının da 1 illik zəmanəti olub, maşın da gələn bir gündən işləməyib və 3 gündən sonra qaytarıb özlərinə vermiş, bildiriblər ya təmir edib qaytaracaqlar, ya da yenisi ilə əvəz edəcəklər. Buna baxmayaraq nə maşını təmir edib qaytarıblar, nə də ki yenisini veriblər. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara da düzgün hüquqi qiymət verməmişdir. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiаçı İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəmə kollegiyasına etiraz göndərərək bildirmişdir ki, Cavabdeh malda yaranmış qüsurla bağlı məhkəməyə müraciət olunan günədək İddiaçı QSC-yə heç bir məlumat verməmişdir. Yalnız müqavilə bağlandığı tarixdən altı ay keçdikdən sonra məhkəməyə iddia ərizəsi verilən zaman malrn qüsurlu olduğunu və bu səbəbdən ödənişdən imtina etdiyini bildirmişdir. Halbuki İstehlakçıların hüquqlarının müdafıəsi haqqında Azərbaycan Respublikası qanununun 15ci maddəsinə əsasən İstehlakçı qarantiyası olmayan malda yaranmış qüsura görə 14 gün müddətində satıcıya müraciət edərək malı eyni keyfiyyətli digər malla dəyişdirmək hüququ vardır. Əlavə olaraq, cavabdehə satılmış malın qüsürlu olması və ya qüsur varsa nə vaxt yaranması və qüsurun yaranma səbəbinin nə olması barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bundan başqa cavabdeh malın satıcıya qaytardığını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunan halları nəzərə alaraq Cavabdeh tərəfındən verilmiş etirazın rədd edilməsi və "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(066)-1680/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan XLQ002544 saylı xx.xx.2023-ci il tarixli Nisyə Alqısatqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC” ilə Cavabdeh arasında Müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən Mal(lar)ı satır, “Alıcı” isə həmin Mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini “Satıcı”ya ödəyir. “Satıcı” bu müqaviləyə əsasən dəyəri 532 AZN olan malı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə ilkin ödəniş olmadan malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı”nın aşağıdakı hüquqları vardır: Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək: Ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər “Alıcı” tərəfindən 30 (otuz) təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2(iki) dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu tam tələb etmək “Satıcı”nın istəyinə uyğun olaraq istər bu Müqavilənn 2.4.2-ci bəndinə uyğun olaraq “Alıcı” tərəfindən geri qaytarılan malı razılaşdırılmış qiymətlə qəbul edə və müqavilə üzrə cəmi borc məbləğindən həmin razılaşdırılmış qiymət çıxıldıqdan sonra qalmış ümumi qalıq borcu tələb edə və ya geri qaytarılan malı qəbul etməyərək müqavilə üzrə bütün qalıq borcu tələb edə bilər. Hər bir halda malın qəbul edilib-edilməməsi “Satıcı”nın müstəsna səlahiyyətindədir. “Alıcı”ya qarşı Müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı QSC-yə və ya digər üçüncü şəxslərə güzəşt edə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, bir ədəd 532 manat dəyərində Police Baby car (oyuncaq avtomaşın) alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC” ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli Faktoring müqaviləsində göstərilir ki, müqaviləyə əsasən Faktor, Borclu barəsində müştərinin borcluya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş materiallarında olan İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə ödənilməmiş 532 manat əsas borcu, 51.98 manat cərimə borcu yaranmışdır. Məhkəmə kollegiyasının iclasın müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış XLQ002544 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 532 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi ödəsinə götürmüş, İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Aladdin Group” MMC-nin Cavabdeh qarşı olan 532 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş malı nisyə olaraq almış olsa da, dəyərini ödəməmiş, iddia ərizəsi ilə müraciət edilən günə 532 manat əsas borcu, 51.98 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında hall olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini əsas borc hissəsində tam şəkildə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Qətnamədən görünür ki, məhkəmə iddia tələbini cərimə hissəsində qismən təmin etmişdir ki, iddiaçı da iddia tələbinin həmin qaydada təmin edilməsi ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə də razılaşır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ərizəçinin təqdim etdiyi saxta sənədlər istinad etmişdir. Cavabdeh məhkəmənin iddiaçının təqdim etdiyi saxta sənədlərə istinad etdiyini vurğulasa da, konkret olaraq saxta sənədin nədən ibarət olduğunu göstərməmişdir. Bu kimi hal iş materiallarından da görünmür. Apellyasiya şikayətinin digər bir dəlili iddiaçının ona kredit verməməsi ilə bağlıdır. Həqiqətən də iddiaçı cavabdehə kredit verməmişdir. Lakin işdən göründüyü kimi iddiaçı müqavilədə nəzərdə tutulmuş malı nisyə olaraq almış, malın dəyəri satıcı "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış müqaviləyə əsasən İddiaçı QSC tərəfindən ödənilmiş, "xxxx" MMC isə müştəridən malın dəyərini tələb etmək hüququnu İddiaçı QSCyə güzəşt etmişdir. Qaldı ki, malın keyfiyyətsiz olduğundan geri qaytarıldığı ilə bağlı dəlilə kollegiya qeyd edir ki, həmin xüsusatı sübut etmək öhdəliyi cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəməyə həmin dəlili təsdiq edəcək sübut təqdim etməmişdir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(066)-1680/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(104)-646/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-646/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver