Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-649/2024 16.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(040)-1189/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən **********00000 nömrəli abonent hesabı üzrə ona qanunsuz və əsassız olaraq hesablanmış 617,73 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Kəlbəcər Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(040)-1189/2023 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilərək, İddiaçı (abonent kodu: **********00000) Cavabdehnə hesablanan debitor borcundan 617,23 manat (altı yüz on yeddi manat 23 qəpik) borcun hesabdan silinməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Veyisli kəndində ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Təxminən 2010-cu ildə Cavabdeh tərəfindən yaşadığı evə onun adına mexaniki tipli (kartsız) qaz sayğacı quraşdırılmışdır. 2018-ci ilədək onlara istifadə edilən qaza görə məcburi köçkün limiti ayrılmışdır. Həmin dövr üçün istifadə etdiyi təbii qazın haqqı ona göndərilmiş olan müvafiq bildirişlər əsasında ödəmişdir. 2018-ci ilədək ona borcunun olması barədə heç bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Daha sonra ödənişləri həyata keçirərkən Cavabdeh İB-nin əməkdaşları ona bildirmişlər ki, 2018ci ilədək istifadə etdiyi qaza görə 617,73 manat borc yazılmışdır, lakin həmin borcu qaz sayğacı yenilənərkən özləri siləcəklər, yəni onların deməsinə görə həmin borc əslində istifadə etdiyi qaza görə əsassız olaraq yazılmışdır. 26 aprel 2022-ci il tarixdə yaşadığı ünvanda əvvəlki sayğac “Zenner G4T Smart” tipli, **********756 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Yeni sayğac quraşdırıldıqdan sonra təbii qazın haqqını kart vasitəsilə ödəmişdir və hər ödəniş edən zaman ödənilən məbləğin xeyli hissəsi borca tutulmuşdur. Bununla bağlı Cavabdehnə müraciət edəndə ona bildirmişlər ki, borcu ödəyib qurtarana qədər ödədiyi məbləğdən borc çıxılacaqdır. O, istifadə etmədiyi qaza görə nə üçün pul ödəməlidir? Bundan sonra Cavabdeh İB-dən abonentin saldosunu tələb etmiş və ona verdikləri saldoda əsassız yazılmış borcun silinməsi üçün Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmişdir və həmin məhkəmənin 25 aprel 2023-cü il tarixli 2(040)-494/2023 nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş, həmin qətnamədən Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılan zaman müəyyən olunmuşdur ki, onun adına iki fərqli-**********00000 və **********00000 abonent hesabı mövcuddur. Hazırda istifadəsində olan **********00000 abonent hesabı üzrə qaz sayğacı “Zenner G4T Smart” tipli olmuş və Goranboy rayonu Veyisli kəndində yaşadığı fərdi yaşayış evinə quraşdırılmışdır. 26 aprel 2022-ci il tarixli abonent saldosundan görünür ki, onun 2023-cü ilin avqust ayına 617,73 manat borcu yaranmışdır. Digər ünvanda yerləşən **********00000 abonent hesabı üzrə “Zenner G4T” mexaniki qaz sayğacının faktiki istifadəçisi olmamışdır və həmin sayğac mexaniki olmaqla, sərfiyyata uyğun olaraq 94 manat borc hesablanmışdır. Hazırda onun istifadəsində olan **********00000 nömrəli abonent hesabı üzrə hesablanmış 617,73 manat debitor borc ona əsassız yazılmışdır. Mülki iş materiallarında olan: Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür; 24 oktyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş “Abonentin saldosu”ndan görünür ki, abonent (№**********00000) İddiaçı hesabına 2013-cü ilin sentyabr ayından qaçqın limiti ayrılmış və limit hər ay istehlak olunan qaz borcundan çıxılmışdır. 2016-cı ilin sentyabr ayında abonentin borcu olmamışdır. 2022-ci ilin dekabr ayına 677,23 manat, 2023-cü ilin sentyabr ayına isə 617,23 manat borc yaranmışdır; Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ayrılmış limitdən artıq istehlak nəticəsində yaranmış borcun dövlət vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmadığından abonent hesabından silinməsi qanuni hesab edilə bilməz. Kompakt şəraitdə müvəqqəti məskunlaşmış fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24 noyabr 2020-ci il tarixinə ******* manat məbləğində borc yaranıb. Bununla əlaqədar olaraq, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanına əsasən, kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 7189 məcburi köçkün ailəsinin müəyyən olunmuş limit üzrə istehlak etdiyi təbii qazın dəyəri Komitə tərəfindən hər ay vaxtında və tam şəkildə Cavabdeh İB-nə ödənilir. Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıb. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi ilə bağlı qeyd edir ki, mövcud qanunvericilik əsasında məcburi köçkünlərin istilik və isti su təchizatına görə hesablanan vəsait 2017-ci ilin sonuna qədər olan dövr üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada tam ödənilib. Hazırda 2018-ci ildən yaranmış borcların həmin qaydada ödənilməsi imkanları müzakirə edilir. Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət ödənilir. Göstərilən vaxtdan, yəni xx.xx.2017-ci il tarixdən sonra istehlakçının abonent hesabında yaranacaq borcların Dövlət tərəfindən deyil, müavinət verilən abonentlər tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq həmin müavinət abonent tərəfindən təyinatı üzrə istifadə edilməmiş, kommunal xərclər tam ödənilməmişdir. Buna baxmayaraq, İddiaçı limitdən artıq istehlak olunmuş qazın dəyərini vaxtında tam ödəməmiş, nəticədə mübahisə olunan borc məbləği yaranmışdır. Bununla bağlı yaranmış debitor borcun ödənilməsindan yayındığı üçün abonentin qaz təminatını fərdi qaydada dayandırmaq və abonenti ödənişə cəlb etmək məqsədilə ünvanda olarkən İddiaçı buna şərait yaratmamış, Cavabdeh əməkdaşlarına qarşı kobud rəftar etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələri əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş üzrə cavabdeh olaraq tərəfimizdən iddia ərizəsinə qarşı etiraz təqdim edilmiş, etirazda borcun yaranma səbəbləri göstərilməklə, qüvvədə olan hüquqi aktların tələblərinin pozulduğu qeyd edilmişdir. Bundan əlavə abonent saldosuna nəzər yetirdikdə AGİS abonent bazasında İddiaçı adına açılmış **********00000 abonent hesabında arayış əsasında xx.xx.2023-cü il tarixdən məcburi köçkün limiti ayrılmış, həmin tarixədək qazdan istifadə edilsə də heç bir ödəniş aparılmamış, nəticədə 814 manat debitor borc yaranmışdır. Limit ayrıldıqdan sonra 396 manat nəzərdə tutulmuş güzəşt abonent hesabından silinmiş, nəticədə 407 manat dəyəri ödənilməmiş debitor borcu qalmışdır. Bundan sonra ünvanda 2017-ci ilin yanvar ayınadək limitdən artıq sərfiyyata yol verildiyindən borc məbləği artmış və nəticədə 617.73 manat dəyəri ödənilməmiş debitor borcu qalmışdır. Apellyasiya şikayəti üzrə izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, abonent İddiaçı məcburi köçkündür. 2013-cü ildən ona məcburi köçkün olduğu üçün müvafiq güzəştlər verilmişdir. İddiaçı 2011-ci ildən qeydiyyata alınıb və 2013-cü ilin sentyabr ayına kimi 820 manat debitor borcu yaranmışdır. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş qaz limiti ayrıldıqdan iddiaçının abonent hesabından 396 manat borc silinmişdir və qalıq boc 407 manat məbləğində olmuşdur. 2013-cü ildən məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ayrıldıqdan sonra abonent İddiaçı limitdə nəzərdə tutulmuş həcmdən çox qaz istehlak etdiyindən debitor borcu yaranmışdır və onun debitor borcu hazırda 617,73 manat təşkil edir. İddiaçı həmin limiti istifadə etdikdən sonra əlavə olaraq da təbii qazdan istifadə etmişdir ki, bunun da nəticəsində debitor borcu yaranmışdır. Bu hal abonent saldosunda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2017-ci ildən məcburi köçkünlər üçün nəzərdə tutulmuş təbii qaz limiti verilməsi dayandırılmışdır. Həmin vaxtdan etibarən məcburi köçkünlərə kommunal xərclərlə bağlı adambaşına 30 manat pul ayrılmışdır. Lakin abonent İddiaçı həmin vəsaiti təyinatı üzrə istifadə etməmiş və nəticədə təbii qazdan istifadəyə görə debitor borcu yaranmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş qaz limiti adambaşına 35 m3 olmuşdur və bu da 168 manat edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2016-cı ilə kimi məcburi köçkünlər üzün təbii qazdan istifadəyə görə limit ayrılmışdır. Ailənin dörd nəfər üzvü olmuşdur. Onun abonent hesabında 617,73 manat debitor borc yaranması ağlabatan deyil. Çünki ailə üzvləri ilə birlikdə təsərrüfatla məşğul olurlar və günün əksər saatlarında təbii qazdan istifadə etmirlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi İddiaçı məcburi köçkündür və yaşadığı ünvana quraşdırılmış qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Abonent məcburi köçkün olduğundan müvafiq qanunvericilik normaları əsasında onun abonent hesabına qaz limiti ayrılmış və istehlak olunan təbii qaza görə yaranmış borc həmin limit hesabına ödənilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş abonent saldosu ilə öz təsdiqini tapır. Abonent saldosu sistemli şəkildə nəzərdən keçirildikdə müəyyən olunur ki, iddiaçının abonent hesabına 2013-cü ilin sentyabr ayından məcburi köçkünlər üçün nəzərdə tutulmuş qaçqın limiti ayrılmış və limit hər ay istehlak olunan qaz borcundan çıxılmışdır. 2016-cı ilin sentyabr ayında abonentin borcu olmamışdır. Məhz həmin tarixdən sonra abonentin hesbaına qazdan istifadəyə görə borc yarnmışdır və həmin borc 2023-cü ilin avqust ayında 617,73 manat təşkil etmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Göründüyü kimi, qeyd olunan Fərmanla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən kommunal ödənişlər 2017-ci il 1 yanvar tarixindən 36,0 manat aylıq müavinətlə əvəz edilmişdir. Abonent saldosundan göründüyü kimi məhz həmin Fərman qəbul edildiyi tarixdən sonra abonent İddiaçı təbii qazdan istifadəyə görə debitor borcu yaranmışdır. İşin qeyd olunan halı isə öz-özlüyündə onu göstərir ki, abonent yuxarıda qeyd olunan Fərman əsasında ona ayrılan vahid aylıq müavinətlə təbii qazdan istifadəyə görə hesablanan borcunu lazımı qaydada ödəməmişdir. Yəni, abonent hesabına yazılmış 617,73 abonent istehlak etdiyi təbii qaza görə hesablanmış debitor borcudur və borcun hesablanması qanuni əsaslara söykənir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(040)-1189/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-649/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-649/2024
16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver