Məhkəmə qərarları › İş №2(104)-656/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-656/2025

17.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-656/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: tikilinin sökülməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh vəkili Nümayəndə2 Bəşir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(076)-131/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 17 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-164A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Şəmkir rayonu Düyərli kəndinin ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir (şəhadətnamədə həmin torpaq sahəsi üzərində 65.12 kv.m yaşayış evi və 44.48 kv.m başqa tikintilər olduğu qeyd edilmişdir, həmin tikililər şəhadətnamədə 164AN və 164AJ kimi qeyd edilmişdir);

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4422/2023 nömrəli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 459/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, cavabdeh ailə üzvü olmaqla mübahisəli torpaq sahəsinin üzərində yerləşən atasına məxsus olmuş 65 kv.m olan evdə 1960-cı ildən hal-hazırki vaxtadək yaşamağa davam edir, O mübahisəli torpaq sahəsinin üzərində yerləşən evdən atasının razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmış, hazırda da həmin ev cavabdehin istifadəsində və sahibliyindədir, belə olan halda kollegiya mübahisəli torpaq sahəsinin üzərində yerləşən evə dair Cavabdeh istifadə hüququ yaranmasını hesab etmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus Şəmkir rayonunun Düyərli kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsinə, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. O, ona mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonu Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsindən onun razılığı olmadan istifadə edir. Cavabdeh torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. Qeyd olunan torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. O dəfələrlə cavabdehdən onun mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilini sökməsini xahiş etmiş, lakin cavabdeh onun xahişinə məhəl qoymamışdır. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Şəmkir rayonu Düyərli kəndində yerləşən "torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" üzrə ona aid olan torpaq sahəsində cavabdehin 5-6 il öncə qanunsuz yaşayış evi inşa etdiyini qeyd edərək, həmin tikilinin sökülməsi tələbi ilə çıxış edir. Halbuki, bu illər ərzində iddiaçı həmin tikili ilə bağlı hər-hansı etirazını və ya tələbini cavabdehə bildirməmiş və susmuşdur. Deməli, iddiaçı həmin tikilidə cavabdehin tikili inşa etdirməsinə və orada ailə üzvləri ilə 2023-cü ildə iddia qaldırılan vaxtadək yaşamasına etiraz etməyərək bu barədə susmuş və dolayısı ilə razılaşmışdır. Sonradan narazılıq olmuş, İddiaçı qardaşı Şamil İsmayılova qarşı həmin torpaq sahəsindən çıxarılma ilə bağlı məhkəmədə iddia qaldırsada Gəncə Apellyasiya Məhkəməsi tərəfindən onun iddiası rədd edilmiş, İddiaçı kassasiya şikayəti versədə Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-4422/2023-saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərarında məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Şəmil Novruzovun mübahisəli torpaqdan istifadə etməsi həmin torpaq üzərində yerləşən evdən istifadə etməsi ilə sıx bağlıdır. Bununla yanaşı, məhkəmə kollegiyası konkret olaraq hansı evdən istifadə etmə ilə bağlı mövqe göstərməmiş, çünki mübahisə predmeti cavabdehin evdən yox, torpaqdan çıxarılması ilə bağlı olmuş, həmçinin torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə əks olunan fərdi yaşayış evi, daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydə alınmadığına görə, torpağa dair Şəhadətnamədə əks olunan torpaq sahəsindən fərqli olaraq, torpaq üzərindəki fərdi yaşayış evinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti vardır və evə dair sübyektiv hüquqlar yalnız həmin anda yarana bilər. Yuxarı məhkəmələrin preyudisiyal qərarlarından bəlli olur ki, cavabdehin torpaq sahəsinə istifadə hüququ qanunla tanınmış və həmin torpaqdan istifadə etməsi, torpaq üzərində yerləşən evdən istifadə etməsi ilə sıx bağlıdır. Digər vacib məqam odur ki, tikilinin altında yerləşən qeyd olunan torpaq sahəsi iddiaçı və cavabdehin vaxtilə ataları Namazın olmuş və orada cavabdeh atasının sağlığından bu günədək fəsiləsiz yaşayır, ailə qulmuş, ailə üzvləri ilə birlikdə bu günədək həmin torpaq sahəsində təsərrüfat aparmışdır. Torpaq və üzərindəki tikilidə arvadı Samaya İsmayılova, yaşı 35 olan oğlu Pərvin İsmayılov, daha böyük yaşda olan qızı Mənzər və onların hər birinin ayrılıqda 2 azyaşlı uşaqları daimi yaşamaqdadır. Hazırki iddiaya cavab verən şəxs deyil. Torpaq iddiaçıya aid olsa belə, dövlət reyestrində qeydə alınmamış və həmin tikili üzərində hüquqları rəsmən tanınmamış yayayış sahəsinə dair tələb irəli sürsün, onun sökülməsi və ya üzərində hər hansı formada sərəncam vermək hüquqlarını həyata keçirsin, habelə iddiaçının qanunsuz saydığı tikilinin məhz onun tərəfindən inşa edilməsi faktına dair iş materiallarında mötəbər sübutu olmadığından, onun iddiaçıya aid torpaq sahəsində yaşaması faktına əsaslanaraq tikilinin sökülməsi ilə bağlı iddia tələbinin ona qarşı irəli sürülməsi doğru deyildir. Bundan başqa mübahisəli torpaq sahəsinin şəhadətnaməsinə diqqət yetirilsə şəhadətnamədə 164AN və 164AJ qeyd edilməklə iki tikili mövcuddur. Həmin evlər cavabdehin mərhum atası tərəfindən tikilmişdir. Ancaq həmin tkililidə təmir işləri aparmış, doğulduğu andan bu günə kimi orda yaşayır.

6. Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(076)-131/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 560.1 və 560.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Məhkəmə ona məxsus torpaq sahəsində qanunsuz tikilinin sökülməsinə dair qərar qəbul etmək əvəzinə cavabdehin mövqeyindən çıxış etmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998- ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonun Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfin isə onun mülkiyyət hüququna hörmətlə yanaşmaq, cürbəcür hədsiz təsirlərdən çəkinmək kimi vəzifəsi yaranmışdır. Mülkiyyətində olan əmlakı cavabdehin qanunusuz sahibliyindən geri tələb etməyi, nə vaxtdan hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli torpaq sahəsi üzərində tikinti aparması sübut olunmamışdır. Məhkəmə hansı mötəbər sübuta istinad edib, bu nəticəyə gəlib. Məhkəmə mübahisəli əraziyə baxış keçirərkən də ərazidə tikinti işləri aparılırdı. İlk baxışdan da aydın görünür ki, sökülməsi tələb olunan tikili köhnə tikilidir, yoxsa təzə tikilidir? Məhkəmə öz qətnaməsində iddia tələbini rədd edərkən bu nəticəyə gəlir ki, sökülməsi tələb olunan tikililər qanunsuz tikili hesab oluna bilməz. Cavabdehin tikinti aparmış olduğu torpaq sahəsi onun mülkiyyətindədir. Onun razılığı olmadan cavabdeh ona məxsus torpaq sahəsində tikiti apara bilməz. Dövlət qeydiyyastına alınmamış tikili necə qanuni tikili hesab oluna bilər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsində qanunsuz tikili inşa etmişdir. Tərəflərin valideynləri tərəfindən torpaq sahəsində əvvəllər inşa edilmiş tikili hazırda mövcud deyildir. Çünki, cavabdeh həmin tikilini sökmüş və orada yeni tikili inşa etmişdir. Hazırda da məhz həmin tikilinin sökülməsi tələb olunur. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, mübahisələndirilən tikili əvvəllər inşa edilmiş tikilidir. Tikilinin nə vaxt inşa olunması barədə sədrlik edənin suallarına cavabda isə nümayəndə bildirmişdir ki, mübahisəli tikili 2020-ci ildən inşa edilməyə başlamış və hazırda evdə təmir işləri görülür. Hətda yeni inşa edilmiş tikilinin artıq dam örtüyü də vurulmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə2 Bəşir oğlu apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində əvvəllər inşa edilmiş köhnə tikili sökülməmişdir. Həmin tikili yararsız vəziyyətə düşdüyündən cavabdeh tərəfindən yenidənqurmaabadlaşdırma işləri aparılmış və iddiaçınında bundan məlumatı olmuşdur. Vəkil Nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkil), cavabdeh isə vəkili vasitəsilə məhkəmə iclasında təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Kollegiya işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan hüquqi normalarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər doğma qardaşdırlar. !998-ci ildə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi əslində əvvəllər tərəflərin valideyinlərinin sahibliyində və istifadələrində olmuş və həmin torpaq sahəsində sonuncuların atası Namaz İsmayılov tərəfindən sahəsi 65 kv.m və 44.48 kv.m olan ayrı-ayrı tikililər inşa edilmişdir. Cavabdeh ev inşa edilən vaxtdan mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş 65 kv.m olan köhnə tikili olan evdə yaşamışdır. Həmin ev sonuncunun istifadəsində və sahibliyində olduğundan onun torpaq sahəsi üzərində yerləşən evə dair istifadə hüququ yaranmışdır. Mübahisəli torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə İddiaçı verilmiş və torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-164A seriyalı KOD 50400058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı hazırkı iddiadan əvvəl də cavabdehə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin onun iddiası qanun qüvvəyə minmiş yekun məhkəmə aktı ilə rədd edilmişdir. Həmin işə məhkəmə tərəfindən baxılarkən də cavabdehin mübahisəli torpaq sahəsində yerləşən, atalarına məxsus olmuş evdə daimi yaşaması və təsərrüfat aparması məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. İddiaçı cavabdehə qarşı hazırkı iddia ilə yenidən məhkəməyə müraciət etsədə, lakin iddiası təmin edilməmişdir.

30. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də apellyasiya şikayətinin dəlillərini kollegiya qətnamənin ləğvi üçün əsas saymır.

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

32. İddiaçı mübahisəli tikilinin cavabdeh tərəfindən 2020-ci ildə inşa edildiyini, cavabdeh isə iddiaya etiraz edərək həmin tikilinin mərhum atası tərəfindən hələ 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməmişdən qabaq inşa edildiyini bildirir.

33. Kollegiya hesab edir ki, sökülməsi tələb edilən tikilinin nə zaman inşa edildiyi, habelə torpaq sahəsinin hazırkı mülkiyyətçisi olan iddiaçının həmin tikilinin inşasına razılıq verib-vermədiyi halları araşdırılmalıdır. Çünki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180-ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.

34. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin, o cümlədən ümumi birgə mülkiyyətdə mülkiyyətçilərdən birinin razılığı əsasında inşa edən şəxsin hərəkətləri mülkiyyətçiyə (o cümlədən digər birgə mülkiyyətçiyə) münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.

35. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin həmin binada yaşamasına şərait yaratması, əldə edənin torpaq sahəsini tikililərin başqa şəxs tərəfindən inşa edildiyini və istifadə olunduğunu bilsə də, etirazsız qəbul etməsi və s).

36. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün və ya digər birgə mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürərək, tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş (eləcədə abadlaşma aparan) şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır.

37. Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrində də təsbit edilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

39. Yuxarıda da qeyd olunduğu kimi, hazırkı işin mübahisəsiz hallarıdır ki, cavabdeh mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsində əvvəllər mərhum atası tərəfindən inşa edilmiş evdə qanuni əsaslarla 1960-cı ildən yaşayıb istifadə etməklə, həmin əmlakla sıx təsərrüfat-məişət bağlılığı olmuşdur. O cümlədən, 1998-ci ildə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçdiyi vaxtdan hazırkı vaxtadək, yəni ötən 25 il müddət ərzində cavabdeh hər hansı mane olmadan əmlaka sahiblik hüququ həyata keçirtmişdir.

40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 1998-ci ildə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçdiyi vaxtdan ötən 25 il müddət ərzində iddiaçının cavabdehə qarşı iddia irəli sürüb torpaq sahəsindən istifadə etməyə son qoymasını tələb etməməsi, işin hallarına həm də Mülki Məcəllənin 560-cı maddəsində bəhs olunan hüquqdan sui-istifadə müddəalarına uyğun yanaşmanı tələb edir. Çünki həmin norma, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini, hüquqdan sui-istifadə kimi qiymtələndirir və bu əsasa söykənən iddianın yolverilməzliyini müəyyən edir (MM 560.3.4).

41. Məhkəmə kollegiyası 1998-ci ildə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçdiyi vaxtdan, yəni ötən 25 il müddət ərzində cavabdehin hər hansı mane olmadan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş tikililyə qanuni əsaslarla əldə etdiyi sahiblik hüququ həyata keçirtdiyini, iddiaçının torpağın mülkiyyətçisi kimi görülən bu işlərdən məlumatlı olmasını, cavabdehin həmin torpaq sahəsində tikili inşa etməyə başlamasından tikilinin inşa işlərinin bitməsinədək ötən müddət ərzində iddiaçının buna hər hansı narazılığının olmaması, yəni susması barədə işin hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa belə, lakin Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından həmin tikili özbaşına tikili hesab edilə bilməz.

42. Xüsusilə diqqət yetirilməli haldır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) apellyasiya baxışı zamanı sədrlik edənin sualına cavab olaraq da mübahisəli tikilinin 2020-ci ildən inşa edilməyə başlanıldığını, hətta tikilinin artıq dam örtüyünün də vurulduğunu bildirmişdir (bax qətnamənin 12-ci bənd). İşin bu halı isə özlüyündə onu deməyə əsas verir ki, hətda cavabdeh tərəfindən mübahisəli tikili inşa edilməyə başlanıldığı vaxtdan iddiaçı bu işlərin aparılmasından məlumatlı olmuş, lakin susaraq cavabdehə, yəni qardaşı Cavabdeh tikinti işləri aparmasına hər hansı etiraz və ya irad bildirməmişdir.

43. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Həmçinin nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. Belə olan təqdirdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikili qanunsuz (özbaşına) tikili hesab olunmur və İddiaçı yalnız Cavabdeh kompensasiya ödəməklə tikilinin sökülməsini tələb edə bilər.

45. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 10-1, 372, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(076)-131/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar