Məhkəmə qərarları › İş №2(104)-66/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-66/2024

20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-66/2024 20.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X10 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8 cavabdehlər İddiaçı2, Cavabdeh7, Cavabdeh9 və X10 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(023)- 715/2021 nömrəli qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8, həmçinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh9 və X14 tərəfindən verilmiş şikayətlərə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X10 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən, Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi ilə mərhum atası Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun adına verilmiş 910,0 kv.m torpaq sahəsindən vərəsəlik qaydasında onun vərəsəlik payının bölünüb verilməsi, Qazax rayon Dövlət Notariat Kontorunda mərhum anası X11 adına açılmış vərəsəlik şəhadətnaməsinin verildiyi andan etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh7 adına 2017-ci ilin dekabr ayında verilmiş **********57- 10301 qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Qazax rayon X9 İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosunun verdiyi xx.xx.1984-cü il tarixli, 6 saylı qeydəalma vəsiqəsinə əsasən tərəflərin ilkin vəziyyətə qaytarılması, mərhum anasından miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən həm vəsiyyət, həm qanun üzrə vərəsəlik qaydasında onun payının bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması barədə qətnamə, işə baxarkən əməllərində qanunsuzluq, saxtakarlıq aşkar edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinin vəzifəli şəxsləri, habelə Qazax rayon notariat ofisinin notariusu və digər şəxslər barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində Qazax rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsi üçüncü şəxslər kimi göstərilmişlər. Cavabdeh8 da qarşılıqlı iddia ərizəsi formasında cavabdehlər İddiaçı2, Cavabdeh7, Cavabdeh9, X12, bundan başqa, üçüncü şəxslər kimi Qazax rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsini göstərməklə məhkəməyə müraciət edərək, Qazax şəhəri, M.Hüseyn küçəsi 41 ünvanında yerləşən, Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi ilə mərhum atası Cəfərov Hüseynqulu Tanrıqulu oğlunun adına verilmiş 910,0 kv.m torpaq sahəsindən vərəsəlik qaydasında onun vərəsəlik payının bölünüb verilməsi, Qazax rayon dövlət notariat kontorunda mərhum anası X11 adına açılmış vərəsəlik şəhadətnaməsinin verildiyi andan etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh7 adına 2017-ci ilin dekabr ayında verilmiş **********57- 10301 qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Qazax rayon dövlət notariat kontorunun xx.xx.1984-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş Qazax rayon X9 İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosunun verdiyi xx.xx.1984-cü il tarixli, 6 saylı qeydəalma vəsiqəsinin verildiyi andan etibarsız hesab edilməsi və onun mərhum atası Cəfərov Hüseynqulu Cəfərqulu oğlundan miras qalmış əmlakda miras payının vərəsəlik qaydasında bölünüb verilməsi, mərhum anasından miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən vərəsəlik qaydasında onun payının bölünüb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsi ilə (hakim F.Məmmədov) İddiaçı2 Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X14, üçüncü şəxslər Qazax rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi; Cavabdeh8 İddiaçı2, Cavabdeh7, Cavabdeh9, X14, üçüncü şəxslər Qazax rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi; İlk iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı2, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun isə Cavabdeh8 aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan ilkin və qarşılıqlı iddia üzrə cavabdeh X14 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2022-ci il tarixli 2(104)-1198/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin 2(023)-715/2021 saylı mülki iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, İddiaçı2 və X7 iddia tələblərinin qismən təmin edilməsi; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız sayılması; Mərhumlar - Cəfərov Hüseynqulu Tanrıqulu oğlu və X8 miras qalmış, hazırda ünvanı Qazax şəhəri M.Hüseyn küçəsi 11 ünvanı olan miras əmlakın X8 miras qalmış hissəsinin onun qanun üzrə birinci növbəli vərəsəsi - oğlu Cavabdeh7 tərəfindən faktiki qəbul edilməsinin fakt kimi müəyyən edilməsi; 16 dekabr 1982-ci ildə ölmüş Cəfərov Hüseynqulu Tanrıqulu oğlundan miras qalmış ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mətəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsi üzərində onun arvadı X11 payı, qalan ½ hissəsi üzərində onun arvadı X11 və oğlanları X5, İddiaçı2 və Cavabdeh7 bərabər paylarının qeydə alınması nəzərə alınmaqla, hazırda ünvanı Qazax şəhəri M.Hüseyn küçəsi 11 ünvanı olan miras əmlakın 6/8 hissəsi üzərində Cavabdeh7, 1/8 hissəsi üzərində İddiaçı2, 1/8 hissəsi üzərində X1 paylarının müəyyən edilməsi; X5 öldüyündən mirasın onun payına düşən 1/8 hissəsi üzərində, onun qanun üzrə birinci növbəli vərəsəsi X7 payının müəyyən edilməsi; İddiaçı2 və X7 iddialarının qalan hissələrdə və qalan digər vərəsələrin miras əmlakda paylarının müəyyən edilməsi barədə olan iddialarının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh7, eləcə də ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5766/2022 nömrəli qərarı ilə Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1198/2022 nömrəli mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Hazırda ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş və ərizəsi onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu şəxs miqren xəstəliyindən əziyyət çəkdiyindən, bir neçə dəfə ambulator qaydada müalicə olunduğundan qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Bundan başqa, məhkəmə qətnaməsini dəfələrlə müraciət edərək tələb etsə də, qətnamənin surəti Cavabdeh7 təqdim edilməmişdir. Apellyasiya şikayətində qətnamənin alınma müddəti texniki səhv olaraq qeyd edilmişdir. Qazax Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(023)-715/2021 nömrəli qərardadı ilə (hakim Nemət Musayev) ilkin iddia üzrə İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X10 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8 cavabdehlər İddiaçı2, Cavabdeh7, Cavabdeh9 və X10 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsindən Cavabdeh7 nümayəndəsi vəkil X6 vermiş olduğu apelyasiya şikayətinin verilməsi müddətin bərpa edilməsi; Cavabdeh7 nümayəndəsi vəkil X13 tərəfindən verilmiş apelyasiya şikayətinin apellyasiya instansiyasinda baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8, həmçinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh9 və X14 ayrıayrılıqda şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. Şikayəti onunla əsaslandırmışlar ki, Qazax Rayon Məhkəməsinin 08 dekabr 2023- cü il tarixli, 2(023)- 714/2021 nömrəli qərardadı ilə qanunsuz olaraq Cavabdeh7 Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(023)-715/2021 nömrəli qətnaməsindən iki il sonra apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. Qazax Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(023)-715/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətlərə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətləri iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayətlər təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(023)-715/2021 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 19 dekabr 2023-cü il tarixli 2(023)-715/2021 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)- 715/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsinin surəti poçt vasitəsilə müşayiətedici məktubla ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh7 yaşadığı ünvana (ünvan 7ndan poçt göndərişi ona çatdırılmamışdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi 24 dekabr 2021-ci il tarixdə çıxarılmışdır. Həmin tarixdən 21 (iyirmi bir) aydan çox müddət keçdikdən sonra Cavabdeh7 sözügedən qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsinin surətinin Cavabdeh7 tərəfindən rəsmi qaydada qəbul edilməsini təsdiq edən sənəd olmadığından işin bu vəziyyəti, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası məsələsinin həllində bir qədər ətraflı araşdırma aparılmasını tələb edir. İşdən müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8, həmçinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh9 və X14 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli 2(104)-1198/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilərək icraata qəbul edilmişdir. Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8, həmçinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh9 və X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən 23 may 2022-ci il tarixli 2(104)-1198/2022 nömrəli qətnamə qəbul edilmişdir. Habelə həmin qətnamədən Cavabdeh7 və İddiaçı2 tərəfindən kasssasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5766/2022 nömrəli qərarı ilə Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1198/2022 nömrəli mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmışdır. 10 fevral 2023-cü il tarixdən isə iş üzrə ikinci apellyasiya icraatı başlanılmışdır. Beləliklə, iş üzrə aparılmış apellyasiya və kassasiya icraatları ümumilikdə 21 aydan çox müddəti əhatə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları sistemli şəkildə tədqiq olunduqda müəyyən olunur ki, Cavabdeh7 apellyasiya, o cümlədən kassasiya icraatı zamanı işin həmin məhkəmələrdə baxılmasından məlumatlı olmuşdur. Məhkəmə kollegiyası bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə diqqət yetirilməli haldır ki, Cavabdeh7 iş üzrə keçirilmiş hər iki apellyasiya icraatı zamanı nümayəndə (vəkil) vasitəsilə təmsil edilmişdir. Həmçinin mülki işin İİİ cildinin 45-ci səhifəsindəki teleqrama nəzər yetirdikdə müəyyən olunur ki, Cavabdeh7 Gəncə Apellyasiya Məhkəməsinə işə baxılmasının təxirə salınması barədə teleqram ünvanlayaraq qeyd etmişdir ki, “Qazax Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin icraatındadır. Üzrlü səbəbdən həmin iş üzrə 20 may 2022-ci il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək”. Göründüyü kimi, Cavabdeh7 Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsinin mövcudluğundan, habelə həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilməsindən, həmçinin apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə iclaslarının vaxtından məlumatlı olmuşdur. Buna baxmayaraq, Cavabdeh7 birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan 21 aydan çox müddət keçdikdən sonra həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Diqqətə alınmalıdır ki, X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh7 apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə səbəb kimi göstərdiyi “məhkəmə qətnaməsinin surəti ona rəsmi qaydada verilməmişdir” barədə xüsusat müddətin bərpa edilməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə çəkməyi zəruri hesab edir. Həmin qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən olunmur. Belə olan halda kollegiya hesab edir ki, ərizə təmin olunmamalıdır. Nəzərə alınmalıdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-130, 133, 263, 264, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8, həmçinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh9 və X14 tərəfindən verilmiş şikayətlər təmin edilsin. Qazax Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(023)-715/2021 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 19 dekabr 2023-cü il tarixli 2(023)-715/2021 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. İlkin və qarşılıqlı iddialar üzrə Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar