Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-668/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(058)-1254/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Sığortalı X1 məxsus OPEL ASTRA minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır;
2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, hadisə zamanı Cavabdeh sürücülük hüququ olmuşdur;
3. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir;
4. CLM**********6 nömrəli sığorta aktdan surətindən görünür ki, X4 500 manat sığorta ödənişi olunmuşdur;
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı Samux Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında 500 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, 03 fevral 2022-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış və Cavabdeh tərəfindən idarə edilən OPEL ASTRA markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 03 yanvar 2023-cü il tarixdə Bakı şəhəri ərazisində **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı “HONDA”” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYP İdarəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1.və 327.6-cı maddələri ilə 03 yanvar 2023-cü il tarixli protokol tərtib olunmuş və protokol əsasında TP ******* qərar yazılmışdır. «Honda” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 500 manat ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır.
7. Samux Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(058)-1254/2024 nömrəli qətnaməsi ilə (hakim T. Kərimova) İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini “İcbari sğorta” haqqında Azərbaycan Respublikası Qanunun “25, 25.1.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1,,216-220,227,233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh təqsirləndirildiyi Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyətini yaradır və iddiaçının tələb hüququ “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi ilə deyil, həmin Qanunun 63.1-ci maddəsinə əsasən yaranmış olur. İstinad edilən maddənin göstərişinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Lakin məhkəmə iddia tələbinin hüquqi əsaslarını lazımi qaydada araşdırmamış və işin halları üzrə səhv nəticəyə gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
13. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
14. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 936.1. və 936.2. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
16. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun hansı hallarda yarandığını müəyyən edir.
19. Maddə 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, «Opel Astra” markalı **-BE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 03 fevral 2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh qeyd olunan avtomobili 03 yanvar 2023-cü il tarixdə Bakı şəhəri ərazisində idarə edərkən «Honda” markalı **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYP İdarəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış və hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1.və 327.6-cı maddələri ilə 03 yanvar 2023-cü il tarixli protokol tərtib olunmuş, daha sonra TP ******* qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1.və 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə 100 manat cərimə olunmuşdur. “Honda” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 500 manat ödənişi verilmişdir. Ona görədə iddiaçı "xxxx" ASC subroqasiya hüququndan istifadə edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Belə ki, Cavabdeh sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 03 yanvar 2023-cü il tarixdə idarə etdiyi «Opel Astra” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək X3 idarə etdiyi «Honda” **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, həmin əmələ görə sonuncunun 100 manat cərimə olunması, eləcədə “Honda” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 500 manat ödənişi edilməsi işin mübahisəsiz halıdır.
35. Cavabdeh yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1.maddəsinə görə, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşə baxan birinci instansiya məhkəməsi isə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücu Cavabdeh sürücülük hüququ olmuşdur. İddiaçının subroqasiya hüququnun yaranmasına əsas olacaq digər hər hansı bir hal mövcud olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir. Halbu ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1ci maddəsinə uyğun olaraq cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumuda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(058)-1254/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 500 manat pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 500 manat (subroqasiya qaydasında), eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.