Məhkəmə qərarları › İş №2(104)-67/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-67/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-67/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı, ilk iddia üzrə Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbi üzrə QƏTNAMƏSİ Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarış ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2, onun nümayəndələri (vəkilləri) Nümayəndə2 və Vəkil2 iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbi barədə ilk iddiasına, ilk iddia üzrə Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2440/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 02 sentyabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə–678 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 əvəzindən Cavabdeh1 Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsini 60.000 manata Cavabdeh2 satmışdır.

2. 02 sentyabr 2022–ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə–679 reyestr nömrəli daşınmaz əmlakın alğı–satqı müqaviləsindən görünür ki, İddiaçı2 əvəzindən Cavabdeh1 Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsini 60.000 manata Cavabdeh2 satmışdır.

3. DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Şəmkir şəhəri, X10 küçəsi 10B saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 06 sentyabr 2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair 06 sentyabr 2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışlar verilmişdir.

4. 30.03.2023–cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikasının CM-in 178-ci maddəsi ilə cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir.

5. 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan xx.xx.2022–ci il tarixli Çıxarışdan görünür ki, Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır.

6. 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan xx.xx.2022–ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 xx.xx.2022–ci il tarixli çıxarışa əsasən, mülkiyyətində olan Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir.

7. 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan xx.xx.2022–ci il tarixli ərizədən görünür ki, Əmiraslanova Hicran İlham qızı İddiaçı1 məxsus olan Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir.

8. 02 sentyabr 2022–ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan xx.xx.2017–ci il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmışdır.

9. 02 sentyabr 2022–ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan xx.xx.2022–ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2 xx.xx.2017–ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir.

10. 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan və ünvan 3 ünvanlanmış 02 sentyabr 2022–ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 tərəfindən verilmiş, daşınmaz əmlakın dəyəri olan 60.000 manat pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İddiaçı1 nümayəndəsi Cavabdeh1 verilməsi üçün bankda olan depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur.

11. 02 sentyabr 2022–ci il tarixli 4Ə–678 reyestr nömrəli notariat işində olan 02 sentyabr 2022–ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən 60.000 manat məbləğində pul "xxxx" ASC–nin depozit hesabına köçürülmüşdür.

12. 02 sentyabr 2022–ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan və ünvan 3 ünvanlanmış 02 sentyabr 2022–ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 tərəfindən verilmiş, daşınmaz əmlakın dəyəri olan 60.000 manat pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İddiaçı1 nümayəndəsi Cavabdeh1 verilməsi üçün bankda olan depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur.

13. 02 sentyabr 2022-ci il tarixli 4Ə–679 reyestr nömrəli notariat işində olan 02 sentyabr 2022–ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən 60.000 manat məbləğində pul "xxxx" ASC–nin depozit hesabına köçürülmüşdür.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4359-9/4584 nömrəli rəyindən görünür ki, Şəmkir rayonu, X10 küçəsi 10B saylı ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yarımçıq halda inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun umumi dəyərinin təqribən 120200 manat məbləğində, likvid dəyərinin isə təqribən 108200.0 manat məbləğində təşkil etdiyi müəyyən edilir. Şəmkir şəhərində yerləşən ümumi sahəsi 0,06 ha (6 sot) olan boş torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 16000.0 manat, həmin torpaq sahəsinin likvid dəyərinin isə təqribən 14400.0 manat məbləğində təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhər 2 saylı Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022-ci il tarixdə bağlanmış 4Ə-679 reyestr nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş **********-10301 reyestr nömrəli Çıxarışın ləğv olunması, Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022-ci il tarixdə bağlanmış 4Ə–678 reyestr nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş ********** reyestr nömrəli çıxarışın ləğv olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İlk iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 onun (X1) dostu, eyni zamanda iş birliyi olan şəxsdir. Onunla müxtəlif vaxtlarda birgə ticarət əlaqələri olmuş və bir yerdə yaxşı qazanc əldə etmişlər. Axırıncı dəfə 2022-ci ildə Orxanla aralarında olan razılaşmaya əsasən Orxanla Rusiya daxilində pul perevodu ilə məşğul olmaq qərarına gəlmişlər, lakin buna görə onlara maya lazım olmuşdur. Onların hesablamalarına görə ilkin olaraq 300.000-400.000 manat pul lazım olmuşdur. Həmin vaxt Orxan bildirmişdir ki, pulu əldə etmək üçün banka girov əmlak qoymalı, həmin əmlaklar ipoteka ilə yüklü edilməli və bankdan yüksək məbləğdə kredit götürməlidirlər. Orxanın isə banka girov qoyub, yüksək məbləğdə kredit götürmək üçün imkanı olmamışdır. Bu səbəbdən onların, yəni iddiaçıların əmlaklarının banka girov qoyulması, krediti isə Orxanın adına rəsmiləşdirilməsi barədə razılaşmışlar. Bu səbəbdən o, (İddiaçı1) öz adına mülkiyyət hüququ ilə qeydə alınmış, Şəmkir şəhəri, X10 küçəsi, 10 saylı ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini üzərində olan fərdi yaşayış evi ilə birlikdə girov qoyulmasına dair etibarnamə vermiş, eyni zamanda digər İddiaçı2 həmin ünvanda yerləşən və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış 0.06 ha həyətyanı torpaq sahəsinin də Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilməsinə razılıq verməsini xahiş etmişdir. Bu səbəbdən onlar hər ikisi Cavabdeh1 adına etibarnamə vermişlər ki, cavabdeh onların iştirakı olmadan hər iki torpaq sahəsini ipoteka ilə yüklü edib, bankdan yüksək məbləğdə kredit götürsün. Bundan sonra Cavabdeh1 birlikdə notariat kontora getmiş və xahiş etmişlər ki, onların adlarından torpaq sahələri ilə bağlı müvafiq etibarnamə tərtib olunsun və həmin etibarnamədə Cavabdeh1 həmin əmlakların ipoteka ilə yüklü edilməsi üçün müvafiq səlahiyyətlər verilsin. Cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisi onların adından qeyd olunan etibarnamələri yazarkən texniki yalnışlığa yol vermiş, onlar nəzərdə tutduqları səlahiyyətlərdən başqa, həm də həmin əmlakların alğı-satqısı və bağışlanma səlahiyyətlərini də etibarnamədə qeyd etmişdir. Cavabdeh1 isə onların etibarından öz şəxsi məqsədləri üçün istifadə edərək, eyni zamanda cavabdeh Şəmkir rayon 1 saylı Notariat Ofisinin səhvindən istifadə edərək, mülkiyyət hüququ ilə onlara məxsus olan, Şəmkir şəhəri, X10 küçəsi, 10 saylı ünvanda yerləşən 0.12 ha (0.06 ha + 0.06 ha ) həyətyanı torpaq sahəsini Cavabdeh2 ilə razılığa gələrək onun adına uydurma alğı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh2 isə hər iki torpaq sahəsinə yerində baxış keçirmədən, həmin əmlaklarla bağlı hər hansı mübahisə olub-olmamasını aydınlaşdırmadan, mülkiyyət hüququna dair Çıxarış əldə etmişdir. Eyni zamanda cavabdeh Şəmkir 11 saylı Ərazi İdarəsi həmin çıxarışları tərtib edərkən mübahisəli əraziyə yerində baxış keçirmədən Cavabdeh2 adına mübahisə predmeti olan torpaq sahələrinə boş torpaq sahəsi kimi müvafiq çıxarışlar tərtib etmişdir. Halbuki, hər iki torpaq sahəsi boş deyil və hər iki torpaq sahəsində fərdi yaşayış evi vardır. Hazırda hesab edirlər ki, hər iki alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin alğısatqı müqaviləsi əsasında Cavabdeh2 adına tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışlar ləğv olunmalıdır. Çünki həmin müqavilə onların iradə ifadələri deyildir. Cavabdeh2 isə vicdanlı alıcı deyildir. Mübahisə predmeti olan müqavilələr onları çox ağır vəziyyətə salmış və onları mülkiyyətlərində olan əmlaklardan məhrum etmişdir. Odur ki, Şəmkir rayon 1 saylı Notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022-ci il tarixdə bağlanmış 4Ə–679 reyestr nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş **********– 10301 reyestr nömrəli Çıxarışın ləğv olunması, Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 sentyabr 2022-ci il tarixdə bağlanmış 4Ə–678 reyestr nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib olunmuş ********** reyestr nömrəli Çıxarışın ləğv olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir

17. Bundan sonra ilk iddia üzrə Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 800 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 10.800 manat məbləğindən pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmlakın alğı-satqısı zamanı qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hərəkətlərdə iştirak etmiş, o cümlədən cavabdehlərin hər ikisi və onların həyat yoldaşları notariat orqanına gələrək alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsində birbaşa iştirak etmişlər. Bundan başqa alğı-satqı zamanı əmlakın dəyəri bank vasitəsilə satıcının hesabına köçürülmüşdür. İlk iddiaçıların ona qarşı qaldırmış olduqları iddianın heç bir hüquqi əsası yoxdur, əksinə həmin iddia nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o, ailə üzvləri ilə birlikdə aviabilet alaraq Rusiya Federasiyasına getmək ərəfəsində olan zaman ilk iddiaçılar ona qarşı iddia qaldırmış, o isə məcbur olub həmin biletləri dəyərindən aşağı qiymətə qaytarmalı olmuşdur. Biletlərin hər biri 700 manat olduğu halda, o, biletleri qaytaran zaman 800 manat zərər etmişdir. Həmçinin, hesab edir ki, o, vicdanlı alıcıdır və pulunu ödəməklə əmlak əldə etmişdir. Eləcə də, ilk iddiaçılar ona qarşı əsassız iddia qaldırdıqları üçün mənəvi iztirablar keçirmiş, bununla da ona mənəvi zərər dəymişdir. Odur ki, ilk iddia əsassız olduğu üçün rədd edilməsi, cavabdehlərdən maddi zərərə görə 800 manat, mənəvi zərərə görə 10.000 manat olmaqla, cəmi 10.800 manat məbləğindən pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2440/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev), ilk və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.3, 21, 23, 140, 141, 144.1, 149.2, 178.1, 329.1, 331.1, 337.2, 337.4, 339cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021–ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354– cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004–cü il tarixli Qərarına, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46–cı maddəsinə, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» təlimata, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. İlk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2440/2023 nömrəli qətnaməsinin ilk iddianın təmin olunmamış hissəində ləğv edilməsi və ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edəsiniz.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh1 digər Cavabdeh2la qabaqcadan pis niyyətlə əlbir olub, onun əmlakını ələ keçiriblər. Onda olan məlumata görə Cavabdeh1 Cavabdeh2 və onun kürəkəni Babəkə küllü miqdarda borcu olub. Bu borcu əvəzləşdirmək, ölmüş pulu diriltmək üçün əslində, tərəflər bir günün içində satılan əmlaka baxmadan, onu yoxlamadan Gəncə şəhərində formal olaraq, alğı-satqı müqaviləsi bağlamışlar. Qeyd etdiyi kimi, Cavabdeh2 uzun illərdir ki, onların qonşularıdır. O, yaxşı bilirdi ki, onlar torpaq sahəsi satmırlar. Bütün bunlar əsas idi ki, məhkəmə iddia tələbini tam təmin etsin. Əslində məhkəmə iclasında onlar iddia tələblərində haqlı olduqlarını sübut etmişlər. Bunu cavabdehlərin vermiş olduğu izahatlardan da aydın görmək olur. Lakin, məhkəmə təqdim olunmuş sübutları obyektiv qiymətləndirməmiş və qeyd etdikləri əsaslara görə hesab edirlər ki, məhkəmə həm maddi, həm də prosesual hüquq normalarını pozmuş, bu səbəbdən də faktiki olaraq qəbul etmiş olduğu qətnamə ilə onları mülkiyyətlərində olan əmlakdan məhrum etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, qeyd olunan hər iki əmlakın alğı-satqısı zamanı qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hərəkətlərdə iddiaşıların etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iddiaçıların adından iştirak etmişdir. İddiaçıların hər ikisi və İddiaçı1 həyat yoldaşı notariat orqanına gələrək Cavabdeh1 həmin əmlaklara dair alğı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə görə etibarnamə vermişlər. Bundan sonra alğı-satqı notariat qaydada qanunvericiliyə əsasən rəsmiləşdirilmişdir. Satılan hər iki əmlakın dəyəri bank vasitəsilə satıcının hesabına alıcı Cavabdeh2 tərəfindən köçürülmüşdür. Hazırda ilk iddiaçıların Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırmış olduqları alqı-satqı müqavilələrin etibarsızlığına dair iddianın heç bir hüquqi əsası yoxdur və əsassızdır. Ona görə də, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, əmlakın alğı-satqısı zamanı qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hərəkətlərdə iştirak etmiş, o cümlədən iddiaçıların hər ikisi və İddiaçı1 həyat yoldaşı notariat orqanına gələrək alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsində birbaşa iştirak etmişlər. Hər iki torpaq sahəsinin satılmasına dair etibarnamə vermişlər. Torpağın birində olan yarımçıq tikilinin sənədi olmamışdır. Bundan başqa alğı-satqı zamanı əmlakın razılaşdırılmış dəyəri bank vasitəsilə satıcının hesabına onun tərəfindən köçürülmüşdür. İlk iddiaçıların ona qarşı qaldırmış olduqları iddianın heç bir hüquqi əsası yoxdur, əksinə həmin iddia nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, qeyd olunan hər iki əmlakın alğı-satqısı zamanı qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hərəkətlərdə iddiaçıların etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 iştirak etmiş, o cümlədən iddiaçıların hər ikisi və İddiaçı1 həyat yoldaşı notariat orqanına gələrək Cavabdeh1 alğısatqı müqavilələrinin rəsmiləşdirilməsinə görə etibarnamə vermişlər. Bundan sonra alğısatqı notariat qaydada rəsmiləşdirilmişdir. Əmlakların dəyəri bank vasitəsilə satıcının hesabına Cavabdeh2 tərəfindən köçürülmüşdür. İlk iddiaçıların Cavabdeh2 qarşı qaldırmış olduqları iddianın heç bir hüquqi əsası yoxdur. Ona görə də, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, qeyd olunan hər iki əmlakın alğı-satqısı zamanı qanunvericiliklə nəzərdə tutulan bütün prosessual hərəkətlərdə iddiaşıların etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 iştirak etmişlər. İddiaçıların hər ikisi və İddiaçı1 həyat yoldaşı notariat orqanına gələrək Cavabdeh1 alğı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə razılıqlarını bildirməklə etibarnamə vermişlər. Bundan sonra alğı-satqı notariat qaydada rəsmiləşdirilmişdir. Notariat orqanında əmlakın dəyəri bank vasitəsilə satıcının hesabına Cavabdeh2 tərəfindən köçürülmüşdür. İlk iddiaçıların Cavabdeh2 qarşı qaldırmış olduqları iddianın heç bir hüquqi əsası yoxdur. Ona görə də, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. İş üzrə, ilk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi (vəkili) Nümayəndə1, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı Notariat Ofisinin və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İlk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1 Məhkəmə Kollegiyasına “Elektron Məhkəmə” sistemi vasitəsilə müraciət yazaraq yenidən işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsinin(vəkilinin) bu hərəkətlərini işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl olaraq maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Belə ki, hazırkı iş xx.xx.2024-cü ildə Gəncə Apellyasiya Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı tərəfin müraciətinə əsasən iş üzrə ekspertiza təyin edilmişdir. Ekspertizanın rəyi alınmış, işin icraatı təzələnmiş və baxılması üçün təyin edilmişdir. Göründüyü kimi, hazırkı iş uzun müddətdir ki, icraatdadır və prosesdə iştirak edən digər tərəflər işə baxılmasını xahiş edirlər. Ona görə də, Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə gəlməyən tərəflərin, nümayəndənin (vəkilin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

33. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

35. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

36. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

37. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

38. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.

40. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

41. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

45. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

46. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

47. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

48. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

49. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

50. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

51. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

52. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

53. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

54. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

55. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

56. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar

57. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı

58. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

59. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı

60. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

61. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

62. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

63. Maddə 9. Bənd 1. Dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir.

“Notariat haqqında” qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimat

64. Daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər)

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

65. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

73. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

74. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

75. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

76. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

77. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

79. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlərin apellyasiya şikayətindən görünür ki, qətnamənin ilk iddianın təmin edilməməsi hissəsindən narazıdır. Qarşılıqlı iddianın təmin edilməməsi hissəsi onların mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı ilk iddianın təmin edilməməsi hissəsi üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

81. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2440/2023 nömrəli qətnaməsi mübahisələndirilən ilk iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

83. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri alğı-satqı müqavilələrinin etibarsızlığı və çıxarışın ləğvi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır.

84. Məhkəmə Kollegiyası göstərir ki, iddia tələblərinə hüquqi qiymət verilərkən ilkin olaraq tələblərin bir-birini tamamlaması və sonrakı tələbə qiymət verilməsi onun əvvəlki tələbin hüquqi nəticəsindən asılı olması nəzərə alınmalıdır. Bu aspektdən çıxış etməklə ilk öncə iddiaçının bağladığı Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2022-cü il tarixli 4ə-678 reyestr nömrəli və xx.xx.2022-cü il tarixli 4ə-679 reyestr nömrəli alğı-satqı müqavilələrinə diqqət yetirilməlidir. Çünki, digər tələblərə hüquqi qiymət verilməsi üçün ilkin olaraq həmin alğı-satqı müqavilələrinin etibarsız olub-olmaması müəyyən edilməlidir.

85. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

86. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

87. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

88. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

89. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər.

90. Bu şərtlər Mülki Məcəllənin 14-cü fəslində sadalanmışdır və aşağıdakılar kimi müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması (339-cu maddə); uydurma və yalan əqd bağlanmısı (340-cı maddə); qeyri-ciddi əqdin bağlanması (341-ci maddə); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin əqd bağlaması (342-ci maddə); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin əqd bağlaması (343-cü maddə); yetkinlik yaşına çatmayanın əqd bağlaması (344 və 345-ci maddələr); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin əqd bağlaması (346-cı maddə); vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlaması (347-cü maddə); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlaması (349-cu maddə).

91. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alğı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır.

92. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər.

93. Mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır.

94. Yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi etibarlı əqdin yaranması üçün əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

95. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmış, İddiaçı1 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında qeyd olunan torpaq sahəsini 02 sentyabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-678 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 06 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmış, İddiaçı2 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında qeyd olunan torpaq sahəsini 02 sentyabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-679 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 06 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

96. Bununla bağlı, məhkəmə kollegiyası etibarnamə səlahiyyətlərindən istifadənin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

97. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllənin 359.1-ci maddəsi).

98. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

99. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

100. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

101. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

102. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

103. İşin materiallarından göründüyü kimi, ilk iddiaçılar – İddiaçı1 və İddiaçı2 özlərinə məxsus Şəmkir şəhəri, X10 küçəsində yerləşən ümumilikdə 0.12 ha torpaq sahəsinin satılması ilə bağlı Cavabdeh1 ayrı-ayrılıqda etibarnamə vermişlər. Həmin etibarnamələr notariat qaydasında tərtib edilmiş və təmsilçiyə mübahisəli əmlaklar üzərində sərəncamvermə, satma, bağışlama, ipoteka ilə yükləmə və digər mülki-hüquqi hərəkətləri həyata keçirmək hüquqları verilmişdir.

104. Nəticə etibarilə, 02 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri 2 saylı Notariat Kontorunda həmin etibarnamələrə əsaslanaraq, təmsilçi Cavabdeh1 Cavabdeh2 ilə iki ayrı alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilələrin hər biri üzrə 60.000 manat məbləğində ödəniş bank vasitəsilə həyata keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına müvafiq çıxarışlar verilmişdir.

105. İddiaçılar apellyasiya şikayətində bildirirlər ki, onlar həmin etibarnamələri yalnız bankdan kredit almaq məqsədilə – əmlakın girov qoyulması üçün vermişlər və alğı-satqı niyyətində olmamışlar. Lakin, bu mövqe etibarnamələrin məzmunu və iş üzrə digər sənədlərlə təkzib edilir. Belə ki, təqdim olunmuş etibarnamələrdə açıq şəkildə “satmaq, bağışlamaq, sərəncam vermək” səlahiyyətləri nəzərdə tutulmuşdur və bu səlahiyyətlər məhdudlaşdırılmamışdır.

106. Həmçinin, qeyd olunmalıdır ki, İddiaçı1 həyat yoldaşı Əmiraslanova Hicran İlham qızı 19 avqust 2022-ci il tarixli notariat ərizəsi ilə açıq şəkildə mübahisəli əmlakın satılmasına razılığını bildirmişdir. Bu hal, etibarnamənin verilməsində məqsədin yalnız ipoteka deyil, həm də satış üçün olduğunu təsdiq edən müstəqil və mühüm hüquqi sübutdur. Beləliklə, ilk iddiaçılar və onların ailə üzvləri satmaq səlahiyyətinin verildiyindən xəbərdar olmuş və həmin hüquqi nəticələri qəbul etmişlər.

107. Məhkəmə hesab edir ki, iddiaçıların apellyasiya şikayətində irəli sürdükləri “aldatma”, “etibardan sui-istifadə”, “iradə uyğunsuzluğu” kimi əsaslar yalnız ümumi bəyanatlardan ibarətdir və hüquqi əhəmiyyətə malik, obyektiv sübutlarla təsdiqlənməmişdir. Mülki Məcəllənin 339-cu maddəsi ilə müəyyən edilmiş əsaslarla müqavilənin etibarsız sayılması üçün iddia tərəfi tərəfindən aldatma faktını, təmsilçinin səlahiyyətdən kənar hərəkətlər etdiyini, cavabdeh ilə birgə qeyri-qanuni razılaşma olduğunu göstərən hər hansı sənəd və ya sübut məhkəməyə təqdim olunmamışdır.

108. Əksinə, etibarnamə əsasında hərəkət edən təmsilçinin səlahiyyət hüdudlarında müqavilə bağlaması, müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi, bank vasitəsilə şəffaf ödəniş edilməsi və çıxarışın reyestr orqanı tərəfindən rəsmiləşdirilməsi, Cavabdeh2 vicdanlı alıcı statusunu təsdiq edən mühüm hüquqi elementlərdir.

109. İddiaçılar apellyasiya şikayətində mübahisəli daşınmaz əmlakın faktiki satış qiymətinin (ümumilikdə 120.000 manat) əmlakın real bazar dəyərinə uyğun olmadığını, əmlakın dəyərinin əslində 300.000 manatdan artıq olduğunu bildirərək, bu faktı alğı-satqı müqavilələrinin etibarsızlığına əsas kimi təqdim etmişlər.

110. Lakin, iş üzrə məhkəmə kollegiyası tərəfindən həmin dəlilin əsaslılığı araşdırılmış, bu məqsədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət edilmiş və xx.xx.2024-cü il tarixli, 10/4359-9/4584 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəmkir rayonu, X10 küçəsi 10B saylı ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və üzərindəki yarımçıq inşa edilmiş ikimərtəbəli fərdi yaşayış evinin orta bazar dəyəri təqribən 120.200 manat, likvid dəyəri isə təqribən 108.200 manat təşkil edir.

111. Həmçinin, həmin rəyə əsasən, Şəmkir şəhərində yerləşən, ümumi sahəsi 0.06 ha (6 sot) olan boş torpaq sahəsinin hazırkı orta bazar qiymətinə uyğun ümumi dəyəri 16.000 manat, likvid dəyəri isə təqribən 14.400 manat müəyyən olunmuşdur.

112. Göründüyü kimi, ekspert rəyində iddiaçılar tərəfindən irəli sürülmüş 300.000 manatlıq bazar dəyəri iddiası obyektiv təsdiqini tapmamışdır. Əksinə, rəsmi dövlət ekspertiza qurumunun verdiyi rəyə əsasən, daşınmaz əmlakın alğı-satqı müqavilələrində göstərilmiş satış qiyməti ilə real bazar dəyəri arasında əhəmiyyətli fərq mövcud deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə ödənilmiş 60.000 + 60.000 = 120.000 manat məbləği müstəqil ekspertiza ilə müəyyən edilmiş 120.200 manat bazar qiyməti ilə demək olar ki, üst-üstə düşür və bu da müqavilənin sərbəst razılaşdırılmış qiymətlə bağlandığını göstərir.

113. Doğrudur, ekspert rəyi verən qurum (Ədliyyə Nazirliyi ME Mərkəzi) torpaq sahəsi ilə üzərindəki tikilinin ayrı-ayrılıqda dəyərləndirilməsini aparmamış, yalnız birləşdirilmiş ümumi qiymət təqdim etmişdir. Lakin bu hal təqdim edilən rəyin hüquqi qüvvəsini aradan qaldırmır, çünki iddiaçılar alıcı tərəfə həm torpaq sahəsini, həm də onun üzərindəki inşa edilmiş yarımşıq tikilmiş evi birlikdə satmışlar. Bu səbəbdən qiymətləndirmənin kompleks və vahid obyekt kimi aparılması məntiqi və hüquqi baxımdan əsaslıdır.

114. İş üzrə təqdim olunmuş qiymətləndirmə sənədlərindən biri "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatıdır. Digər qiymətləndirmə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10/4359-9/4584 nömrəli ekspert rəyidir.

115. Hər iki sənəd qiymətləndirmə xarakteri daşısa da, onların əmələ gəlmə proseduru, istifadə olunmuş metodologiyanın şəffaflığı, qiymətləndirmənin obyektivliyi və hüquqi çəki baxımından fərqli hüquqi nəticələr doğurması mümkündür.

116. MMC tərəfindən verilmiş hesabat tərəflərdən birinin sifarişi əsasında, mübahisəli alğı-satqı əməliyyatı baş verdikdən sonra və yalnız bu mübahisəni dəstəkləmək məqsədilə hazırlanmışdır. Bu baxımdan onun prosesual məqsədi müdafiə yönümlüdür və nəticənin qərəzsizliyi şübhə altına düşə bilər.

117. Əksinə, Məhkəmə Ekspertiza Mərkəzinin rəyinin tərtib olunması məhkəmənin müstəqil və obyektiv araşdırma səlahiyyətindən irəli gəlmiş, hər iki tərəfin iştirakı ilə keçirilmiş və mübahisənin obyektiv araşdırılması üçün təşəbbüs edilmişdir. Bu rəy prosessual baxımdan tərəfsizdir və məhkəmə nəzarətinə tabedir.

118. MMC tərəfindən təqdim edilmiş hesabatda qiymətləndirilən fərdi yaşayış evi barədə hansı mərhələdə inşa olunması, təmirsiz və ya yarımçıq olması (detallı formatda), tikinti materialları (ölçüsü, növü, markası, bazar dəyəri və s), layihə xüsusiyyətləri, tikili ilə bağlı sənədlər və real bazar müqayisələri barədə ətraflı texniki təhlil aparılmamışdır. Dəyərləndirmə yalnız nəzəri olaraq, ümumi ölçülər, materiallar növləri əsasında, sahə və yerə görə verilmişdir.

119. Məhkəmə Ekspertiza Mərkəzi isə qiymətləndirməni yerində müayinə, bazar araşdırması və mülkiyyət obyektinin faktiki vəziyyəti nəzərə alınmaqla aparmış, likvid və orta bazar dəyəri fərqini göstərməklə daha peşəkar, təhlil əsaslı və texniki ölçülərlə çıxarılmış nəticə təqdim etmişdir.

120. MMC tərəfindən göstərilən ümumi 263.000 manatlıq dəyər tərəflər arasında bağlanmış real alğı-satqı müqaviləsinin qiymətindən (120.000 manat) kəskin şəkildə fərqlənir, bazarda formalaşmış konkret faktlara əsaslanmır və inandırıcı deyildir.

121. Əksinə, məhkəmə təyinli ekspertiza tərəfindən müəyyən olunmuş 120.200 manat dəyər bağlanmış müqavilədə göstərilmiş məbləğə çox yaxın olduğu üçün, bu rəy alğı-satqının bazara uyğun, şəffaf və real qiymətlə aparıldığını sübut edən mühüm əsasdır. Bu uyğunluq da alıcı tərəfin vicdanlılığı və razılaşdırılmış qiymətin obyektivliyini təsdiq edir.

122. Əlavə olaraq qeyd edilməlidir ki, işin baxılması zamanı yenidən ekspertiza təyin olunması məsələsi də nəzərdən keçirilmiş, lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi sonrakı müraciət əsasında cavab məktubu ilə bildirmişdir ki, artıq daşınmaz əmlakın qiymətləndirilməsi fəaliyyəti onların səlahiyyətlərinə daxil olmadığından, bu istiqamətdə təkrar ekspertiza verə bilməzlər. Bu hal qiymətləndirmə üzrə hüquqi və texniki imkanların məhdudlaşdığını, habelə ilkin verilmiş rəyin dəlil olaraq əhəmiyyətini daha da artırır.

123. Yuxarıda qeyd olunan hüquqi və faktiki əsaslara görə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçılar tərəfindən müqavilələrin qiymət əsasında etibarsız hesab edilməsi barədə təqdim edilən arqumentlər hüquqi cəhətdən əsassızdır və sübutlarla təsdiqlənmir.

124. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alğı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Mənzilin əvəzinə pulun verilməsi faktının əlavə hər hansı sənədlə təsdiq olunması mövcud qanunvericilikdə nəzərdə tutulmur və bu hal tərəflərin razılığı ilə həyata keçirilə bilər.

125. Belə olan halda qeyd edilməlidir ki, tərəflər mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqavilələrini bağlayarkən öz iradələrindən asılı olaraq əmlakın dəyərini müəyyən etmişlər. Bu səbəbdən iddiaçı tərəfin əmlakın dəyərini mübahisələndirməsi heç bir mötəbər əsasa dayanmır və ilk iddianın həll edilməsində heç bir rol oynamır.

126. Göründüyü kimi, baxılan işdə satış qiymətinin bazar dəyərindən aşağı olması yalnız bu fakt əsasında əqdin etibarsızlığı üçün əsas ola bilməz. Əqdin etibarsız hesab edilməsi üçün həmçinin iradə qüsurları, aldatma, zorakılıq və sair hüquqi hal olmalıdır ki, bunlar da iş üzrə sübuta yetirilməmişdir.

127. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında göstərildiyi kimi, etibarlı əqdin formalaşması üçün əsas şərtlər bunlardır: 1) lazımi subyektlərin iştirakı, 2) iradə və iradə ifadəsinin uyğunluğu, 3) hüquqi forma və məzmunun qanunvericiliyə uyğunluğu. Hazırkı iş üzrə bu elementlərin hər biri təmin edilmişdir. Bu səbəbdən iddiaçının iradəsinin əksinə hərəkət olunduğu və əqdin etibarsız sayılması iddiası hüquqi əsasdan məhrumdur.

128. Bütün bu halları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutlara hüquqi qiymət düzgün verilmiş, Mülki Məcəllənin 329, 331, 334, 337 və 339-cu maddələrinin tələbləri əsasında əqdlərin etibarlı hesab edilməsi haqlı olaraq nəticə kimi çıxarılmışdır.

129. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

130. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

131. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

132. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

133. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, Şəmkir şəhəri, X10 küçəsi 10 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmış, İddiaçı1 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında qeyd olunan torpaq sahəsini 02 sentyabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-678 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 06 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin, Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmış, İddiaçı2 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında həmin torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər hüquqları Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında qeyd olunan torpaq sahəsini 02 sentyabr 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı Notariat Ofisində bağlanmış 4Ə-679 reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Tərəflər mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqavilələrini bağlayarkən öz iradələrindən asılı olaraq hər iki daşınmaz əmlakın dəyərini (60.000 + 60.000=120.000 manat) müəyyən etmişlər. Bundan sonra həmin torpaq sahəsinə dair Cavabdeh2 adına tam mülkiyyət hüquqi ilə 06 sentyabr 2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Baxılan işdə, etibarlı əqdin formalaşması üçün əsas şərtlər, lazımi subyektlərin iştirakı, iradə və iradə ifadəsinin uyğunluğu, hüquqi forma və məzmunun qanunvericiliyə uyğunluğu olmuşdur. Göründüyü kimi, iş üzrə bu elementlərin hər biri təmin edilmişdir. Yəni, baxılan işdə iddiaçıların iradəsinin əksinə hərəkət olunduğu müəyyən edilməmiş və əqdlərin etibarsız sayılması üçün heç bir əsas yoxdur.

134. Beləliklə, baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

135. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

136. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – ilk iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

137. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərci ilk iddia üzrə iddiaçılarqarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

138. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2440/2023 nömrəli qətnaməsi mübahisələndirilən – ilk iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci iddiaçılara aid edilməklə, 100 (yüz) manat pul ilk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada tululub SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar