Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-670/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: istehlakçının hüququnun pozulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(125)-6536/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-cü il tarixli, MSK-29/1710-04029-1 nömrəli aktına əsasən G-4 markalı, **********4 nömrəli sayğacın gövdəsi kənar təsir nəticəsində əzilmişdir. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması və G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x90=12960 m3 cəmi 12960 m3.
2. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 03 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Zenner tipli, G-4 markalı, **********4 nömrəli sayğacın çıxarılması səbəbi kimi sayğacın yararsız vəziyyətə düşməsi göstərilmişdir.
3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Gəncə XS üzrə TQQ və XS-nin rəisi Avarov Müseyib, mühəndis Məmmədov Nizami, çilingər İsmayılov Rüfət iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Sayğacın gövdəsi kənar təsir nəticəsində əzilmişdir. Dəymiş ziyanın hesablanması və abonent tərərfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Avarov Müseyib, Məmmədov Nizami və İsmayılov Rüfət tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi Nəbiyev N tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir.
4. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır.
5. 292040900001312 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 1555,20 manat borc yazılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüququnun pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında yaranmış 1555,20 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X2 X3 İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Əhməd Cəlil küçəsi, ev 131b-də quraşdırılan qaz sayğacının yararsız vəziyyətə düşməsi ilə əlaqədar 1555,20 manat məbləğində cərimə yazılmışdır. Sözügedən 1555,20 manat pul guya onun tərəfindən sərfiyyat edilmiş, lakin qaz sayğacı işləmədiyindən həmin həcmdə qaz sayğac tərəfindən qeydə alınmamışdır. Həmin məbləğinin yaranmasına əsas səbəb kimi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt göstərilmişdir ki, həmin aktda da qeyd edilir ki, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilmişdir. Sonradan həmin sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmiş və hesablama mexanizmdən keçən qazın həcmini qeydə almadığı məlum olmuşdur. Nəticədə hazırki borc məbləği yaranmışdır. Sözügedən qaz sayğacının yararsız vəziyyətə salınmasında günahkar elə cavabdeh orqanın əməkdaşları olmuşdur. Belə ki, “Azəriqaz” X1 X3 İdarəsinin əməkdaşları tərəfindən həmin ünvanda təmir bərpa işləri aparan zaman elə Qaz İdarəsinə məxsus avtomobilin qaz işçisi tərəfindən hərəkəti zamanı avtomobil sayğaca dəymiş və sayğac yararsız hala düşmüşdür. Sadəcə olaraq bu hal aktlaşdırılmamış və həmin akt nə laboratoriyaya göndərilmiş, nə də ki “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən nəzərə alınmışdır. Qaz sayğacının hansı şəraitdə sıradan çıxması cavabdeh tərəfindən məhkəmədə etiraf ediləcəkdir.
8. Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(125)-6536/2023 nömrəli qətnaməsi (hakim Zaman İmanov) ilə, ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 1096.1 və 1096.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə, həmin Qaydaların 5.2-ci bəndinə, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(125)-6536/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçıya 2023-ci ilin may ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-ci ilin may ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Belə ki, ünvana quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə şəbəkədən açılarkən sayğacın hesablama mexanizminin gövdədən aralandığı yerində aşkarlanmış və bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 31 mart 2023-cü il tarixli MSK-14-2-2/3-5-04029-1 rəyinə əsasənistismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın gövdəsinin kənar təsir nəticəsində əzildiyi, sayğacın istismara yararsız olduğu məlum olmuşdur. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 1555.20 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin may ayında sayğac üzrə müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023-ci ilin may ayında hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İş üzrə cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
16. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
17. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
18. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
27. Azərbaycan Respublikasının MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Gəncə şəhəri, Əhməd Cəlil küçəsi, 131b nömrəli evdə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.
32. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.
33. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
34. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(125)-6536/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .