Məhkəmə qərarları › İş №2(104)-673/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-673/2023

11.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-673/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkil) X5, Cavabdeh1, digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsinə qarşı tikilinin sökülməsi və yolun açılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-151/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 qeyri-qanuni hərəkətlərinə son qoyulması, cavabdehin qanunsuz olaraq tikmiş olduğu tikilinin dayandırılması, sökülməsi və yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bildirmişdir ki, Cavabdeh1 qarşı tikilinin sökülməsi və yolun açılması tələbinə dair iddia ərizəsi üzrə işə baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2 cavabdeh qismində, Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsi isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-151/2022 nömrəli (hakim E.Əhmədov) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon X4rşı “tikilinin sökülməsi və yolun açılması” tələbinə dair iddialarının təmin edilməməsi; İş üzrə ödənilmiş 10 manat məbləğində rüsumun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Yeni Əyricə kəndində yaşayırlar. Həmin kəndin bələdiyyəsi tərəfindən istifadələrinə torpaq sahəsi verilmişdir. Kənd sakini Cavabdeh1 uzun müddətdir ki, onların istifadəsinə verilmiş torpaq sahəsinin 130 kv.m hissəsini zəbt etmiş və halhazırda orada qanunsuz tikinti işləri aparır. Cavabdehin ailə üzvlərinin adına 0.15 ha torpaq sahəsi olmasına baxmayaraq, əlavə olaraq da yola aid olan hissənin 130 kv.m hissəsini zəbt etmişdir. Dəfələrlə bu hərəkətlərə son qoyulmasını bildirsələr də, lakin nəticə olmamışdır. Cavabdehlərin etdiyi hərəkət nəticəsində onların gediş-gəliş yoluna maneəçilik yaranmışdır. Onlar gediş-gəliş yolundan rahat istifadə edə bilmirlər. Bundan əlavə, yolda suvarma məqsədi ilə istifadə olunan arxın mövcudluğu və torpaq sahəsinin yol kəsişməsində yerləşməsi həmin yolda avtomobillərin, yük maşınlarının, kənd təsərrüfatı texnikalarının və mal-qaraların təhlükəsiz hərəkətinə maneə olur. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Agentliyi tərəfindən mübahisəli torpaq sahəsinə baxılmış və müəyyən edilmişdir ki, həmin ərazi ümumi istifadə olan yola aiddir. Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin və bələdiyyə sədrinin iştirakı ilə qanunsuz zəbt və tikinti faktının aşkarlanması ilə bağlı akt tərtib edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı3 iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində küçə döngələrində görmə imkanı məhdudlaşmışdır. Kənd 1953-cü ildə salınmışdır və kəndin yolları həmişə geniş olmuşdur. Cavabdeh özü də etiraf edir ki, yolda olan su arxı əvvəllər həmin həyətdən keçirdi. Ekspert rəyindən də göründüyü kimi cavabdeh 225 kv.m ərazini zəbt edərək 4,90 metr yola tərəf irəliləmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, cavabdehin mülkiyyətində 0.15 ha torpaq sahəsi olmasına baxmayaraq, faktiki istifadəsində 0.1733 ha torpaq sahəsi mövcuddur, eləcə də tikilinin 4,70 metr hissəsinin də 0.15 ha torpaq sahəsindən kənarda inşa edildiyi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı İdarəsinin məktubundan da müəyyən olunur ki, mübahisəli ərazi ümumi istifadədə olan torpaq sahəsinə aiddir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçılar onların istifadəsinə verilmiş ümumi istifadədə olan yolu zəbt edildiyini nəzərdə tuturlar. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, o, həmin torpaq sahəsini 2020-ci ildə almışdır. 2021-ci ilin mart ayında tikinti işləri apararaq əvvəlki tövlənin yerində yeni tövlə tikdirmişdir. İddiaçıların hər hansı hüququnu pozmamış və onlara hər hansı maneə yaratmamışdır. İddiaçıların nəzərdə tutuqları özlərinin mülkiyyəti hesab etdiyi yol, əslində ümumi istifadədə olan yol olmaqla bələdiyyəyə məxsusdur. Həmin yol geniş olmaqla eyni vaxtda iki maşının hərəkəti rahatlıqla mövcuddur. Bundan başqa iddiaçıların yaşadığı ev sözü gedən yol istiqamətində deyil, yolun qurtaracağında sol istiqamətdə aralıdadır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) X7 da apellyasiya şikayətini qəbul etməyərək sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 28 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, mübahisəli tikilinin yola hər hansı müdaxiləsi yoxdur. Cavabdehlər tərəfindən yol zəbt edilməmiş, onların apardığı tikilinin yola hər hansı müdaxiləsi yoxdur. Belə ki, yolun eni səkkiz metr nəzərdə tutulmuşdur. Bundan başqa cavabdehlərin inşa etdirdiyi hasarın qarşısında su arxı mövcuddur, həmin arx tikintidən əvvəldə həmin olduğu yerdə olmuşdur. X2 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 Hafis qızının tam mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********66-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdeh2 Hafis qızıdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 11 nömrəli 07 fevral 2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı1 İsa oğlunun iddia ərizəsində qeyd edilən yol hal-hazırda naturada mövcuddur. Cavabdeh1 mülkiyyətinə **********66-10301 reyestr nömrəli Çıxarışla 0.15 torpaq sahəsi verilsə də, fakt naturada istifadəsində 0.1733 ha torpaq sahəsi vardır. Cavabdeh naturada mübahisəli yolla istifadə etdiyi həyətyanı torpaq sahəsi arasında mövcud olan su arxına tərəfə artıraraq yarımçıq tikili və mişar daşı ilə hasar çəkmişdir. Cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri, koordinatları naturada təyin edilərək Hüquqi subyekt kimi Cavabdeh2 **********66-10301 reyestr nömrəsi ilə adına qeydiyyata alınmış texniki pasportdakı həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri ilə müqayisə edildi. Texniki pasportda koordinat göstəriciləri əks olunmadığından yalnız mübahisələndirilən həyətin faktiki en və uzunluq olçüləri ilə Texniki pasportda göstərilən həyətin en və uzunluq ölçüləri arasında fərqi təyin etmək mümkündür. Belə ki, Texniki pasportda göstərilən həyətin şimali-qərb hissəsi 30.15 m göstərilib, lakin naturada isə həmin həyətin şimali-qərb tərəfinin uzunluğu 35.0 m-dir. Texniki pasportdakı planda göstərilən həyətin cənub-şərq tərəfinin uzunluğu 31.2 m-dir, lakin naturada həmin tərəfin uzunluq ölçüsü 36.10 m-dir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən torpaq sahəsində tikilən tövlənin 4.70 metr hissəsi, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən kənara çıxmışdır; Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsinin məktubundan görünür ki, mübahisəli yolun iddiaçıların hərəkətinə maneəçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur; Yerli baxış protokolundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsində yarımçıq tikili olan tövlə tikilmişdir. İddiaçılar iddia edirlər ki, həmin tikiliyə görə yol daralmışdır. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həmin yol ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında kəndin ümumi istifadə etdiyi su arxı da var. Həmçinin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yola istiqamətdə çəkilmiş sərhədinin davamı olaraq başqa bir qonşu eyni xətt üzrə özünə məxsus (yəni qonşu) torpaq sahəsini hasara almışdır. Həmin yol kifayət qədər geniş olmaqla gediş-gəliş istiqamətində hər iki maşın yanaşı olduğu təqdirdə rahatlıqla hərəkət edə bilər. Birinci instansiya məhkəməsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47.2-ci və 84.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 152.1, 170.1, 170.2, 560.1, 560.2 və 560.3-cü maddələrinə istinadən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və əlavə olaraq bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin ikinci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından görünür ki, iddiaçınını tikilinin sökülməsi və yolun açılmasını tələb etdiyi ümumi istifadədə olan yolun yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bu tələbin hüquqi əsası kimi aşağıdakı normaları nəzərdən keçirmək zəruridir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin üçüncü hissəsində göstərilmişdir ki, bələdiyyənin ümumi istifadədə olan torpaqlarına bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və ahilinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması baxımından işin düzgün həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır.«M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da deyilir ki, «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxsdən tələb etmə hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Nəzərə almaq lazımdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Bu baxımdan araşdırılmalı olan hallardan biri də iddiaçının müvafiq iddia ilə çıxış etməyə subyektiv hüququnun olub-olmamasıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçıların tikilinin sökülməsini və yolun açılmasını tələb etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsində deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Burdan belə nəticəyə gəlmək olur ki, mübahisəli torpaq sahəsinin buraxılması barədə iddia vermə hüququ bələdiyyəyə məxsusdur. Lakin bələdiyyə tərəfindən iddia qaldırılmaması, tikilinin sökülməsi və yolun açılması üçün iddiaçının özü tərəfindən iddia verməsinə mane olan hal deyildir. Mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması üçün mülkiyyətçinin məhkəmə müdafiəsindən istifadə etməsi üçün hər hansı məhdudiyyət qoyulması yolverilməzdir. Bu cür məhdudiyyətlər yalnız qanunvericilikdə bilavasitə müəyyən olunduğu hallarda nəzərdən keçirilə və mülkiyyət hüququnun konstitusiya əhəmiyyəti baxımından qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsində göstərilmişdir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Lakin hazırkı işdə cavabdehlər tərəfindən iddiaçılara məxsus hər hansı torpaq sahəsinin zəbt olunması və ya kəndin ümumi istifadəsində olan yola maneələr törədilməsi sübut olunmur. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli yerə baxış keçirilmiş və yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıların cavabdehlər tərəfindən onlara məxsus zəbt olunmasını iddia etdikləri yolun torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla kəndin ümumi istifadəsində olan yoldur. Həmin yol ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında kəndin ümumi istifadə etdiyi su arxı da var. Həmçinin Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yola istiqamətdə çəkilmiş sərhədinin davamı olaraq başqa bir qonşu eyni xətt üzrə özünə məxsus (yəni qonşu) torpaq sahəsini hasara almışdır. Həmin yol kifayət qədər geniş olmaqla gediş-gəliş istiqamətində hər iki maşın yanaşı olduğu təqdirdə rahatlıqla hərəkət edə bilər. Bundan başqa məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, iddiaçıların apardığı tikilinin yola hər hansı müdaxiləsi yoxdur. Belə ki, yolun eni səkkiz metr nəzərdə tutulmuşdur. Bundan başqa cavabdehlərin inşa etdirdiyi hasarın qarşısında su arxı mövcuddur, həmin arx tikintidən əvvəldə həmin olduğu yerdə olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar