Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-676/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair” mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e-2(021)-3650/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinin (hakim E.Əhmədov) 29 noyabr 2022-ci il tarixli, e- 2(021)-3650/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11 dekabr 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə əsas borc-1106 manat, cərimə borcu- 3 manat olmaqla, 1109 (min yüz doqquz manat) manat borcun və 32.72 (otuz iki manat, yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e-2(021)-3650/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, 11 dekabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 1106 manat əsas, 165.9 manat cərimə, cəmi 1271,9 manat borcun və 32.72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11 dekabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, cavabdeh “Samsung” Markalı telefon və “Honor” markalı qulaqcıq və “Orient” markalı saat almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 11 dekabr 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 1271.9 manat (əsas borc-1106 manat, cərimə borcu- 165.9 manat) borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Odur ki, 11 dekabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 1106 manat əsas, 165.9 manat cərimə, cəmi 1271,9 manat borcun və 32.72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qismən qanunsuz və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində dəbbə pulunun azaldılmasının heç bir əsası göstərilməmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh ilə bağlanmış müqavilədə aydın şəkildə qeyd olunmuşdur ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdeh tərəfindən müqavilə şərtləri imza edilməklə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində əsassız olaraq dəbbə pulunu azaltmışdır. Odur ki, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e-2(021)-3650/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda iadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır. İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung” Markalı telefon, “Honor” markalı qulaqcıq və “Orient” markalı saat almışdır. İş materiallarında olan 12 dekabr 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 ay ərzində ayda 86 manat ödəmək, sonuncu ay 74,98 manat ödəmək şərti ilə aldığı malın dəyərini 11 mart 2023-cü il tarixədək İddiaçı MMC-yə ödəməli idi. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin idiaçıya ümumilikdə 1271.9 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişindəəmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 11 dekabr 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMCdən 15 ay müddətinə ayda, 86 manat ödəmək şərti ilə “Samsung” Markalı telefon, “Honor” markalı qulaqcıq və “Orient” markalı saat almışdır. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini vaxtında icra etməmişdir. Ona görə də cavabdehin iddiaçı təşkilata borcu yaranmışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə, borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. (Mülki Məcəllənin 16.1-ci maddəsi) Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən müəyyən edilmiş cərimə məbləğinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi cərimənin məbləğinə aid hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən müqavilə üzrə cərimə məbləğləri azaldılarkən onun əsas borc məbləği ilə mütənasibliyi, tərəflərin əmlak mənafeləri və digər hallar nəzərə alınır. Digər tərəfdən, cərimə məbləği azaldılarkən həm cavabdehin, həm də kreditorun da əmlak mənafeləri nəzərə alınmalıdır. Odur ki, qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin göstərilən məbləğdə, tənasübsüz dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsinin əmlak mənafeylərinə mənfi təsir edə biləcəyi hər bir halda nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləği müəyyən edilərkən bütün bu hallar nəzərə alınmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları, qəbul edilən qətnamənin mübahisələndirilən hissəsində maddi və prosessual hüquq normalarına əməl edilməsi baxımından qanuni və əsaslı hesab edir. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392-393, 394-1, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e-2(021)-3650/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2(104)-676/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-676/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver