Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-677/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2(021)-3312/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 08 iyun 2020-ci il, 21 aprel 2021-ci il, 03 mart 2021-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələr "xxxx" MMC ilə Cavabdeh Qəhraman oğlu arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh Qəhraman oğlu "xxxx" MMC-dən LG Led TV, paltaryuyan Toshiba, Samsung Galaxy A21s markalı telefon almışdır. Ödəniş cədvəlindən görünür ki, cavabdeh 24 ay müddətinə ayda 146.8 manat ödəmək şərti ilə aldığı malın dəyərini "xxxx" MMC-yə ödəməli idi. 13 sentyabr 2022-ci il tarixli maliyyə arayışında müəyyən olunur ki, Cavabdeh Qəhraman oğlunun "xxxx" MMC-yə ümumilikdə 2757 manat borcu mövcuddur. 09 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Qəhraman oğlu borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh Qəhraman oğluna qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən əsas borc-1114,5 manat, cərimə borcu-111,5 manat, 21 aprel 2021-ci il tarixli müqaviləyə əsasən əsas borc-1008 manat, cərimə borcu-100 manat, 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən əsas borc- 385 manat, cərimə borcu- 38 manat, ümumilikdə 2757 manat borc, 47,57 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 iyun 2021-ci il, 21 aprel 2021-ci il, 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan LG Led TV, paltaryuyan Toshiba, Samsung Galaxy A21s markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 1226 manat (əsas borc-1114,5 manat, cərimə borcu-111,5 manat), 21 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 1108 manat (əsas borc-1008 manat, cərimə borcu-100 manat), 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən 423 manat (əsas borc- 385 manat, cərimə borcu- 38 manat) borcu yaranmışdır. Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2(021)-3312/2022 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1118 manat (əsas borc-1114,5 manat, cərimə borcu-3,5 manat), 21 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 1011 manat (əsas borc-1008 manat, cərimə borcu-3 manat), 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən 388 manat (əsas borc- 385 manat, cərimə borcu-3 manat) cəmi 2517 manat (iki min beş yüz on yeddi manat) borcun və 47.57 (qırx yeddi manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Qəhraman oğlundan 1118 manat (əsas borc-1114,5 manat, cərimə borcu-3,5 manat), 21 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 1011 manat (əsas borc-1008 manat, cərimə borcu-3 manat), 03 mart 2021-ci il tarixli müqaviləyə əsasən 388 manat (əsas borc-385 manat, cərimə borcu-3 manat) cəmi 2517 manat borcu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 567, 600.1, 600.2, 600.3, 600.4 və 600.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya icraatı qaydasında dəyişdirilməsini və qalıq kredit borcunun cənab Prezidentin fərmanına əsasən restrukturizasiya edilməsini iddiaçı təşkilatın üzərinə qoyulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddiaçı təşkilatın iddiasını haqlı bilmiş və sadəcə cərimə borcu hissəsini azaldaraq iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi onun kreditinin qalıq borcunun dəqiqləşdirilməsi üçün işin məhkəmə mühasibatlıq ekspertizasına göndərilməsi zərurəti vardır. Bundan başqa hesab edir ki, iddiaçı təşkilat faiz və penya borcunu da bilərəkdən əsas borcun üstünə gələrək əsas borcu suni şəkildə şişirtmişdir. Bu səbəbdən işin məhkəmə mühasibatlıq ekspertizasına göndərilməsi və qeyd edilən borcun düzgün hesablanması zərurəti vardır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 427.3. Əgər öhdəlik onun icrası gününü və s icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından məlum olduğu kimi "xxxx" MMC 2719 manat məbləğində nisyə ödənilməsi şərti Cavabdeh mal satmış, sonuncu isə aldığı malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirsə də, borclu tərəf öhdəliklərini tam icra etməmişdir. Belə ki, iş materiallarına əlavə olunan 13 sentyabr 2022-ci il tarixli maliyyə arayışında müəyyən olunur ki, Cavabdeh Qəhraman oğlunun "xxxx" MMC-yə ümumilikdə 2757 manat borcu mövcuddur. Hazırki halda apellyasiya şikayətində cavabdeh əsas və faiz borcunun düzgün hesablanmamasını bildirmiş, iş üzrə məhkəmə mühasibatlılıq ekpertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlili formal xarakter daşıyır. Belə ki, cavabdeh məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etsədə, ekspertizanın təyin olunması üçün hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmişdir. Həmçinin cavabeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz, tələb edilən məbləğin düzgün hesablanmaması və ödənilməsinə dair hər hansı bir sübut birinci instansiya məhəməsinə də təqdim olunmamışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, işdə olan sübutlara əsasən borcun düzgün hesablanmaması müəyyən edilməmişdir. Bundan başqa, şikayətdə qalıq kredit borcunun Prezidentin fərmanına əsasən restrukturizasiya edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) həvalə olunmuşdur. Göründüyü kimi vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Belə olan da məhkəmə kollegiyası hesab edir ki, birinci instasiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün hüquqi və ya qanuni əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2(021)-3312/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın . Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov