Məhkəmə qərarları › İş №2(107)-1280/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1280/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1280/2024 10.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə pulu tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə pulu tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(035)-423/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 175 manat məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 235 manat alimentin, Şamilin müalicəsi üçün hər ay 100 manat və iddia ərizəsinin yazılmasına görə ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, övladları X4 özünün himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh qət edilmiş alimenti güclə ödəyir, hər dəfə icraçılara yaxınlaşmalı olur. Həmçinin uşağın digər xərclərində nə könüllü, nə də məcburi iştirak etmir. Özü heç bir yerdə işləmir, uşağı saxlamaq, tələbatını ödəmək ona çox çətindir. Valideynlərinin və bacılarının köməkliyi ilə uşağı bir təhər saxlayır. Valideynlərinin də yükü ağırdır. Cavabdeh özüdə uşağın xayaların atrofiyası xəstəliyindən əziyyət çəkdiyini bilir. Uşaqları mütamadi olaraq müalicə alır, müalicə olunmazsa, bu xəstəlik sonsuzluqla nəticələnir. Uşağı hər ay müalicə və müayinə etdirir. Cavabdehin ona ödədiyi alimentin miqdarı uşağın ehtiyaclarını ödəmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, övladları xx.xx.2016-cı il təvəllüdlü X4 özünün himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh qət edilmiş alimenti güclə ödəyir, buna görə özü hər dəfə icraçılara yaxınlaşmalı olur. Həmçinin uşağın digər xərclərində nə könüllü, nə də məcburi iştirak etmir. Özü heç bir yerdə işləmir, uşağı saxlamaq, tələbatını ödəmək ona çox çətindir. Valideynlərinin və bacılarının köməkliyi ilə uşağı bir təhər saxlayır. Valideynlərinin də yükü ağırdır. Cavabdeh Şamilin xayaların atrofiyası xəstəliyindən əziyyət çəkdiyini bilir. Şamil mütamadi olaraq müalicə alır, müalicə olunmazsa, bu xəstəlik sonsuzluqla nəticələnir. Şamili hər ay müalicə və müayinə etdirir. Cavabdehin ona ödədiyi aliment uşağın ehtiyaclarını tam ödəmir. İlkin olaraq məsələ ilə bağlı mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnaməsinə əsasən ondan uşağın saxlanılması üçün 175 manat aliment tutulması qət edilmişdir. Özü rəsmi olaraq heç bir yerdə işləmir, ehtiyaclıqdan Bakı şəhərində kirayə yaşayır, bazarlarda araba çəkərək çox çətinliklə pul qazanır, qazandığı puldan kirayə haqqını və uşağın alimentini ödəyir. Onu da çox çətinliklə ödəyir, çünki elə olur işi olmur, bu səbəbdən də aliment borcları yaranır. Hazırda isə iddiaçı bunu bilərəkdən, ona qarşı alimentin artırılması və müalicə pulu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Maddi imkanı olduqça zəif olduğundan iddiaçının tələbi ilə razı deyil. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Zərdab Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(035)-423/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Həsənquliyev), iddianın Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 175 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 235 manat aliment tutulmasına dair hissədə təmin edilməməsi, iddianın müalicə pulu tələbinə dair hissədə qismən təmin edilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi üçün hər ay 30 (otuz) manat pulun tutularaq İddiaçı verilməsi, müalicə xərcinin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddianın müalicə pulu tələbinə dair qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin yazılmasına görə ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, müalicə xərcinin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 162 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2016-cı il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin qətnaməyə əsasən tutulan alimentin artırılaraq cavabdehdən 235 manat alimentin və Şamilin müalicəsi üçün 100 manat pulun tutlmasını xahiş edir. Cavabdeh isə maddi cəhətdən əziyyət çəkdiyini, iddianı qəbul etmədiyini bildirmişdir.

7. Məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflərin birgə nikahından doğulan və hazırkı iddiaçının himayəsində saxlanılan X7 həqiqətən xayaların atrofiyası xəstəliyindən əziyyət çəkir və MediOld klinikasında müəyyən müayinələrdən keçmiş, müalicəsi həkim Canpolad İmanovun tərəfindən aparılmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. İddiaçı ödənilməsi qət edilmiş alimentin artırılması barədə iddia versə də, iddiasını əsaslandıran hər hansı bir sübutu, yəni aliment barədə xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnamənin çıxarılmasından sonra özünün və cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair, habelə diqqətəlayiq başqa maraqlarını əks etdirən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

9. Ümumiyyətlə iddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnaməsinin qəbul olunmasından sonra Cavabdeh ödəniş qabiliyyətinin artmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

10. Məhkəmə iddianın alimentin artırılması hissəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı öz iddiasını həmin hissədə əsaslandıra bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının izahatından müəyyən olunmuşdur ki, Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən tutulan aliment pulunu güclə ödəyir, buna görə iddiaçı icraçılara yaxınlaşmalı olur.

11. Məhkəmə hesab etmişdir ki, ölkə üzrə bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş aylıq saxlanc miqdarının artmasına baxmayaraq hazırda iddianın alimentin artırılmasına dair hissədə təmin edilməsi üçün əsaslar yoxdur və iddia həmin hissədə təmin edilməməlidir.

12. Məhkəmə yuxarıda qeyd olunanlara rəğmən hesab etmişdir ki, Cavabdeh bir ata kimi müalicəyə ehtiyacı olan xəstə uşağı-X4 müalicə xərclərində iştirakdan azad etmir.

13. Məhkəmə hesab etmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 hazırkı iddiaçının (ananın) yanında saxlanıldığından müalicəyə ehtiyacı olduğundan iddiaçı hazırkı tələblə çıxış etməkdə haqlıdır.

14. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh uşağın-X4 müalicə xərclərində iştiraka cəlb edilməli, müalicə xərci miqdarı müəyyənləşdirilərkən cavabdehin geniş maddi imkana malik olmaması nəzərə alınmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məktəbli bir uşağı saxlamaq, həm də bu cür ağır müalicələrin reseptləri, müayinə və müalicə üçün Bakı şəhərinə gedib gəlmək nə qədər ağır və çətindir.

18. Cavabdeh məhkəmə iclasında guya maddi imkanlarının zəif olması barədə yalan məlumat vermiş və məhkəmə heç nəyi araşdırmadan bu yalana inanmışdır. Cavabdehin və valideynlərinin maddi imkanları həddindən artıq yüksək səviyyədədir, kənd təsərrüfatı ilə, xüsusən əkinçilik və heyvandarlıq məşğul olur, yaxşı qazanc əldə edirlər. Sadəcə cavabdeh onu incitmək üçün qəsdən alimenti ləngidərək ödəyir və uşağın saxlanılması üçün heç bir kömək etmir.

19. Qeyd etmək istəyir ki, Zərdab Rayon Məhkəməsinin düzgün araşdırma aparmadan qəbul etdiyi əsassız qətnamə ilə iddianın təmin edilməməsi qət edilmişdir.

20. Hesab edir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və ləğv olunmalıdır.

21. Hesab edir ki, rayon məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə apellyasiya instansiyasında araşdırılma aparılmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

22. Zərdab Rayon Məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmadan qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb, alimentin artırılması ehtiyacı məhkəmə araşdırması ilə sübuta yetirilir. Cavabdehin maddi vəziyyətinin guya zəif olması barədə yalan ifadəsini məhkəmə heç bir araşdırmadan həqiqət hesab etmişdir. Bu baxımdan işin obyektiv araşdırılmasını təmin etmək məqsədilə işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması və ədalətli qətnamənin çıxarılmanın təmin edilməsi zərurəti vardır.

23. Cavabdehin işləməməsi, habelə qazanca malik olmaması yaxud az qazanc əldə etməsi onu uşağı saxlamaq vəzifəsindən azad edən hal deyildir.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçı ödənilməsi qət edilmiş alimentin artırılması barədə iddia versə də, iddiasını əsaslandıran hər hansı bir sübutu, yəni aliment barədə xx.xx.2022-ci il tarixli, 2(035)- 18/2022 saylı qətnamənin çıxarılmasından sonra özünün və cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair, habelə diqqətəlayiq başqa maraqlarını əks etdirən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, 2022-ci ildən bəri övladı orta məktəbə getmiş, böyümüş, xərcləri artmış, bundan başqa xəstəliyi şiddətlənmiş, müalicə xərclən artmışdır. Bütün bunlar məhkəməyə sənədlərlə təqdim edilsə belə məhkəmənin nə üçün bütün bunları görməzdən gəldiyi anlaşılmır.

25. Məhkəmə iddianın alimentin artırılması hissəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı öz iddiasını həmin hissədə əsaslandıra bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının izahatından müəyyən olunmuşdur ki, Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 saylı qətnaməsinə əsasən tutulan aliment pulunu güclə ödəyir, buna görə iddiaçı icraçılara yaxınlaşmalı olur. Hansı ki, burada məhkəmə onun fikrini konteksdən çıxararaq, onun işlətdiyi güclə (yəni məsuliyyətsizcəsinə, ödəmək istəməyərək, icraçıların müdaxiləsi ilə) sözünü guya cavabdehin ödəmə qabiliyyətinin zəif olması, ödənişə çətinlik çəkməsi anlamında qəbul etmişdir. Bu isə yolverilməz bir nöqsandır və məhkəmənin qərəzli şəkildə işə baxmasından xəbər verir.

26. Odur ki, Zərdab Rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli, 2(035)-423/2024 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Lakin cavabdehin atası Mobil Məmmədov məhkəmə kollegiyasına göndərdiyi teleqramında oğlu Cavabdeh alimentdən borcu olduğu üçün Zərdab Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixə kimi həbs olunduğunu, odur ki, məhkəmədə iştirak edə bilməyəcəyini göstərmişdir.

29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

31. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

32. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

33. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilən hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-423/2024 nömrəli qətnaməsinin iddianın rədd edilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın rədd edilmiş alimentin artırılmasına dair hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, işin faktiki hallarını tam araşdırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

41. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7 dоğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2016-cı il təvəllüdlü X2 Gülnar İntizam qızının himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. X7 hazırda da İddiaçı himayəsindədir. Himayəsində olan və səhhətinin vəziyyəti ilə bağlı xəstəlikdən əziyyət çəkən X4 tələbatlarının artdığını əsas gətirən İddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş limentin artırılaraq 235 manat məbləğində müəyyən edilməsini və X4 müalicəsi üçün hər ay 100 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının alimentin artırılması tələbinə dair iddiasını bütünlükdə rədd etməkdə doğru mövqedən çıxış etməmişdir.

44. Belə ki, kollegiya qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi, eləcə də alimentin məbləğinin 175 manat həddində müəyyən edilməsindən sonra ötən iki ildən də artıq bir müddət ərzində uşağın böyüməklə tələbatlarının artması, uşağın tələbatlarının ödənilməsində iddiaçı ilə yanaşı cavabdehin də bərabər vəzifə daşıması, hazırkı vəziyyətdə cavabdeh tərəfindən ödənilən 175 manat aliment istisna olmaqla xx.xx.2016-cı il təvəllüdlü X4 digər ehtiyaclarının anası İddiaçı tərəfindən ödənilməsi nəzərə alınmalıdır.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün qət edilmiş alimentin məbləğinin artırılmasını tələb etməkdə haqlı olmuşdur.

46. Lakin kollegiya qeyd edir ki, iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.

47. Buna görə də, alimentin məbləğinin hər ay üçün 200 manat məbləğində müəyyən edilməsi daha məqsədə müvafiqdir.

48. Kollegiya apellyasiya şikayətinin uşağın müalicəsi üçün xərcin məbləği hissəsində də iddianın tam təmin edilməli olmasına dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin uşağın müalicəsi üçün tələb edilən xərcin birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş hissəsinin də təmin edilməsi üçün imkan verəcək həddə olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

50. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

52. Kollegiya iddiaçının alimentin artırılmasına dair iddia tələbini qismən əsaslı hesab etdiyindən iş üzrə məhəmə xərclərinə dair məsələ də həll edilməlidir.

53. Kollegiya hesab edir ki, iddianın qismən təmin edilməsi, alimentin artırılmış hissəsində illik ödəmənin məcmusu nəzərə alınaraq cavabdehdən dövlət nəfinə 30 manat dövlət rüsumu tutulmalıdır.

54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(035)-423/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş alimentin artırılmasına dair hissədə ləğv edilməli, ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilməli, artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə kollegiyasının qətnaməsinin qəbul edildiyi 10 dekabr 2024-cü il tarixdən hesablanmalı, alimentin artırılmasına dair hissədə iddianın qalan hissəsi təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(035)-423/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan (müalicə pulunun rədd edilmiş hissəsi üzrə) hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(035)-423/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş alimentin artırılmasına dair hissədə ləğv edilsin. Ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-18/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə kollegiyasının qətnaməsinin qəbul edildiyi 10 dekabr 2024-cü il tarixdən hesablansın. Alimentin artırılmasına dair hissədə iddianın qalan hissəsi təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(035)-423/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan (müalicə pulunun rədd edilmiş hissəsi üzrə) hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar