Məhkəmə qərarları › İş №2(104)-694/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-694/2024

01.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-694/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əsassız borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2444/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2023–cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir şəhəri, Gülüstan küçəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın tərsinə bağlanması müəyyən edilmiş, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir.

2. Abonentin saldosundan görünür ki, 2023–cü ilin iyun ayına Şəmkir şəhər sakini olan abonent İddiaçı adına 5.702,40 manat borc hesablanmışdır.

3. “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir şəhəri, Gülüstan küçəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri– qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüququnun pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 5702,40 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Şəmkir şəhəri, Gülüstan küçəsində yaşayır. “Azəriqaz” İB-nin əməkdaşları onu məlumatlandırmadan və evdə heç kimin olmamasından istifadə edərək adına quraşdırılmış sayğaca baxış keçirmiş və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda guya sayğaca müdaxilə edilməsi qeyd edilmiş və ona 5.702,40 manat borc hesablanmışdır. Halbuki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 5.702,40 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2444/2023 nömrəli qətnaməsi (hakim Taleh Musayev) ilə, iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 5.702,40 (beş min yeddi yüz iki manat qırx qəpik) manat borcun silinməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1096.1 və 1096.2-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8 və 4.9-cu bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2444/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçı qaz şəbəkəsinə qanunsuz müdaxilə etmiş, istismarında olan sayğacını qanunsuz çıxararaq tərsinə quraşdırmışdır. İtirilmiş qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin may ayında iddiaçının abonent hesabına işlənilmişdir. İddiaçının istismarında olan qaz sayğacını qanunsuz çıxararaq yerinə tərsinə quraşdırmaqla qaz şəbəkəsinə qanunsuz qoşulması işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.2023-ci il tarixdə iddiaçının iştirakı ilə onun qaz təsərrüfatına baxış keçirilmiş, təbii qazdan qanunsuz istifadə faktı aşkarlanmış, buna görə də qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Qeyd olunan akt əsasında 5702,40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Qaz şəbəkəsinə qanunsuz qoşulma zamanı təbii qazın istifadə edilməsi müddəti qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 180 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə heç bir müddət tətbiq etmədən 2023-cü ilin may ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında göstərmişdir ki, iddiaçı qaz şəbəkəsinə qanunsuz müdaxilə etmiş, istismarında olan sayğacını qanunsuz çıxararaq tərsinə quraşdırmışdır. İtirilmiş qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin may ayında iddiaçının abonent hesabına işlənilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şəmkir şəhəri, Gülüstan küçəsində yaşayır. “Azəriqaz” İB-nin əməkdaşları evdə heç kimin olmamasından istifadə edərək evinə quraşdırılmış sayğaca baxış keçirmiş və xx.xx.2023cü il tarixli akt tərtib etmişlər. Həmin aktda guya sayğaca müdaxilə edilməsi qeyd edilmiş və 5.702,40 manat borc hesablanmışdır. Halbuki, onun tərəfindən sayğaca müdaxilə edilməmiş, sayğac tərsinə bağlanmamışdır. O, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı– vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Ona yazılmış akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 2444/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İlk növbədə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu, delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir.

33. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

34. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

35. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.

37. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

38. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

39. Belə ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.

40. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, cavabdehə qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və cavabdehin abonent hesabına işlənilmişdir.

41. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi və sayğaca kənar təsir göstərilərək tərsinə bağlanması öz təsdiqini tapmamışdır.

42. Göründüyü kimi, iddiaçının nümayəndəsi bildirmişdir ki, borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır. Lakin, buna dair sübut təqdim etməmiş və cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə faktlar nöqteyi-nəzərindən düzgündür və qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

44. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

47. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2444/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar