Məhkəmə qərarları › İş №2(104)-696/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-696/2024

25.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-696/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsindən cavabdeh Məmmədova (Məsimova) Rəna Asif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Məsimova) Rəna Asif qızına və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2013-cü il tarixli, reyestr nömrəli 4Ə-03-274 nömrəli, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış obyektinə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 oktyabr 2013-cü il tarixli reyestr nömrəsi 4Ə-03-274 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə alıcı qismində bacısı Cavabdeh2 qeyd edilsə də, əmlakın pulunu o vermiş, əmlak kompleksinin bacısının adına rəsmiləşdirilməsinə razı olmuşdur. Bununla bağlı Cavabdeh2 xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bacısı Cavabdeh2 tibb bacısı işləyir və onun qeyd edilən əmlakı almağa da onu inşa və təmir etdirməyə maddi gücü çatmaz. Əmlak alınan gündən əmlak onun istifadəsi və sahibliyindədir. Həmin əmlak kompleksində işləyən ustalar da, bunu təsdiq edə bilər. Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.Məhəmmədi) iddia təmin edilmiş, Şəmkir rayonu Təzəkənd kəndində 0.1260 ha torpaq sahəsinə və onun üzərində yerləşən 304.4 kv.m əmlak kompleksi kimi müəssisəyə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 07 oktyabr 2013-cü il tarixli, 4Ə-03-274 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh Məmmədova (Məsimova) Rəna Asif qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)- 1933/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh bacı-qardaş olmaqla 2018-ci ilədək münasibətləri çox yaxın olmuşdur. Həmin obyektin alınmasında şərikli razılaşmaları olmuşdur. Razılaşmalarına əsasən obyektin alqı-satqı müqaviləsində alıçı qismində Rəna iştirak etmiş və müqavilə onun adına rəsmiləşdirilmişdir. Obyekt alınan ərəfədə köhnə tikilidən ibarət olmuş, sonradan bacı və qardaş birlikdə həmin tikilini əsaslı dəyişdirib, əlavə yeni tikililər tikməklə hazırki vəziyətinə gətirmişlər. 2013-cü ildən başlayaraq, təqribən 3 il ərzində, demək olar ki, həmin tikili onların ümumi vəsaiti hesabına və cavabdehlərin fiziki qüvvəsi hesabına inşa edilmiş və başa çatdırılmışdır. Rəsmi olmasa da, faktiki olaraq həmin obyekt onların şərikli obyekti olmuşdur. Çəkilən xərclərlə bağlı onların arasında narazılıq olmamışdır. Təqribən 3 ildən artıq bir müddətdə onlar obyekti 3 qat yaxşılaşdırma vəziyyətinə gətirmişlər. Bu müddətdə cavabdeh tərəfindən obyektə çəkilən xərclərin və gördükləri işlərin məbləği təqribən 100 min manat məbləğində olmuşdur. Həmin ərəfədə obyektdə təmir-tikinti işləri görülməklə əlaqədar və bir necə il obyekti cavabdeh tərəf işlətməyi ilə əlaqədar cavabdeh ailəsi ilə birlikdə obyektin yerləşdiyi kənddə ata evində iddiaçı ilə birgə yaşamışlar. 2017-ci ildən sonra tərəflərin razılaşmasına əsasən iddiaçı obyektin icarəyə verilməsinə və işlədilməsinə rəhbərlik etmişdir. Son 3 ildən artıq bir müdətdə, obyekti iddiaçı işlədib cavabdeh tərəfə pul vermədiyinə görə aralarında narazılıq yaranmışdır. (iddiaçı isə məhkəmədə 2018-ci ildən aralarında narazıçılıq yarandığını bildirmişdir). Cavabdeh tərəf iddiaçıdan, ya onların çəkdiyi xərclərin əvəzini ödəməyi, ya da, obyektdən kənarlaşmağını tələb etdiyinə görə iddiaçı hazırki iddianı qaldırmışdır. Hesab edir ki, 10 il əvvəl icra edilmiş alqı-satqı vaxtı, alınan əmlakın pulunun bir ailə olan bacı ya qardaş tərəfindən ödənilməsi, yaxud birgə ödənilməsi həmin müqavilənin etibarlı olub-olmamasına təsir göstərən amil ola bilməz. Çünki əmlakın dəyərinin kimin tərəfindən ödənilməsindən asılı olmayaraq, iddiaçının təklifi ilə və tərəflərin razılaşması ilə müqavilə tərəfi kimi alıçını Cavabdeh2 təmsil etmiş, əmlaka qanuni əsaslarla cavabdehin mülki hüququ qeydə alınmış və 10 il müddətində iddiaçı tərəfindən bu mübahisələndirilməmişdir. Hazırki işin halları elədir ki, burada yalan əqdin bağlanmasına ehtiyac olmamış, tərəflərin iradəsini əks etdirən bir əqd bağlanmış, eyni anda 2 ayrı əqdin bağlanması halı olmamışdır. Yəni tərəflər həmin müqaviləni deyil, başqa bir müqavilə barədə razılığa gəlmədikləri üçün, görüntü üçün başqa bir müqavilə bağlamaqla, həmin müqaviləni pərdələmək niyyətində olmamışlar. Eyni zamanda həmin müqavilə üzrə tərəflər yalan əqd bağlamaqla, bilərəkdən və məqsədli şəkildə hüquqazidd hərəkətə yol verməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və əlavə olaraq, göstərdi ki, obyekt hazırda onun istifadəsi və sahibliyindədir. Obyekt 3 boksdan ibarət olmaqla, yalnız təmir sexi işləyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh2 iddiaçı ilə bacı-qardaş olmuş, 2013-cü ildə obyektin alqı-satqısına dair bağlanmış əqd, iddiaçı ilə cavabdehin razılaşmalarına əsasən öz iradəsi əsasında həyata keçirmiş, əqdə uyğun hüquqi nəticə yaratmaq niyyəti ortada olmuş, həmin nəticə əsasında cavabdeh əqdə uyğun obyekt üzərində mülkiyyət hüququ əldə etmişdir. Əqd görünüş xarakterli olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisələndirilən obyekti Asifdən almış, razılaşdırılmış 15.000 manat məbləuində pulu o vermiş və bacısının adına rəsmiləşdirmişdir. Həmin obyekt 2011-ci ildən onun istifadəsində olmuş, 2013-cü ildən isə icarəyə vermişdir. Mübahisələndirilən alğı-satqı müqaviləsi mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından bağlandığı andan etibarsızdır. Məhkəmənin bu iş üzrə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı onun mülkiyyətində olan Şəmkir Rayonu Təzəkənd kəndində yerləşən əmlak kompleksini almaq istədiyini bildirmiş, əmlak kompleksinin sənədləri qaydasında olmadığından İddiaçı sənədlərin düzəlməsini gözləmədən Rusiyaya getmiş, lakin ondan əmlakın alınması üçün Cavabdeh3 etibarnamə verməsini bildirərək, əmlakın pulu olan 15 000 manatı ona ödəmişdir. O, əmlakın alıcısı kimi İddiaçı tanımışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Şöhrət onun bibisi oğludur.Torpaq boş ərazi olmuş, tikintinin çox hissəsi Asif tərəfindən tikilmişdir. İddiaçı Rusiya Federasiyasında olarkən ona zəng edərək, Cavabdeh1 adlı şəxsin mübahisə predmeti olan qeyri-yaşayış binasını satdığını, onun Rusiya Federasiyasında olduğundan gələ bilməməsini, Cavabdeh1 etibarnamə alıb həmin qeyri-yaşayış binasını bacısı X2 adına sənədləşdirməyi xahiş etmişdir. O da, Cavabdeh1 həmin qeyri-yaşayış binasının alqı-satqısı üçün etibarnamə almış və həmin əmlakı İddiaçı bacısı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Həmçinin, bildirir ki, İddiaçı onun yanında Cavabdeh1 15000 (on beş min) manat pul vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 07 oktyabr 2013-cü il tarixli, 4Ə-03-274 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin təsdiqlənmiş surətindən görünür ki, həmin alqı-satqı müqaviləsi əsasında Şəmkir rayonu 1 saylı DNK Qurbanov.S.H. tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 7E-04-2840 saylı etibarnamə əsasında Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Cavabdeh1 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh3 DƏDRXnin 11 saylı Əİ-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi olan, seriya RX №0177678 №-li çıxarışa əsasən Cavabdeh1 məxsus 0.1260 ha torpaq sahəsi, üzərində yerləşən ümumi sahəsi 304.4 kv.m Liter “A” “İnzibati” 1960-cı il, 1 mərtəbəli, ümumi sahəsi 268.8 kv.m, tikintialtı sahəsi 321.6 kv.m, Liter “B” “Yeməkxana” 1960-cı il, 1 mərtəbəli, ümumi sahəsi 29.5 kv.m, tikintialtı 42.0 kv., Liter “C” “Transformator otağı” 1960-cı il, 1 mərtəbəli ümumi sahə 6.1 kv.m, tikinti altı 10.9 kv.m-dən ibarət qeyriyaşayış binası (əmlak kompkesi kimi müəssisə) Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Cavabdeh2 mülkiyyətinə verilmişdir. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Təzəkənd kəndində 0.1260 ha torpaq sahəsi və onun üzərində yerləşən 304.4 kv.m əmlak kompleski kimi müəssisə Cavabdeh2 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 07 oktyabr 2013-cü il tarixli, 4Ə- 03-274 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2013-cü il tarixli, 7E-04-2840 saylı etibarnamə əsasında Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Cavabdeh1 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh3 tərəfindən DƏDRX-nin 11 saylı Əİ-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi olan, seriya RX №0177678 №-li çıxarışa əsasən Cavabdeh1 məxsus 0.160 ha torpaq sahəsi, üzərində yerləşən ümumi sahəsi 304.4 kv.m Liter “A” “İnzibati” 1960-cı il, 1 mərtəbəli, ümumi sahəsi 268.8 kv.m, tikintialtı sahəsi 321.6 kv.m, Liter “B” “Yeməkxana” 1960-cı il, 1 mərtəbəli, ümumi sahəsi 29.5 kv.m, tikintialtı 42.0 kv., Liter “C” “Transformator otağı” 1960-cı il, 1 mərtəbəli ümumi sahə 6.1 kv.m, tikinti altı 10.9 kv.m-dən ibarət qeyriyaşayış binası (əmlak kompkesi kimi müəssisə) Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Cavabdeh2 satılmışdır. Həmin əmlak xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh2 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikasının MM-nin əqdin etibarsızlığına dair normalarını tətbiq edərək, hesab etmişdir ki, 07 oktyabr 2013-cü il tarixli, 4Ə-03-274 reyestr nömrəli alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, həmin əqd bağlandığı andan etibarsız əqd olaraq arzu olunan heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilmədiyindən iddiaçının həmin əqdi mübahisələndirərək, məhkəməyə müraciət etmək hüququ müddətlə məhdudlaşdırıla bilməz. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi özlüyündə əhəmiyyətsiz əqd olduğundan, həmin müqavilə etibarsız hesab edilməlidir. Mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MM-nin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1–ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında alğı-satqı müqaviləsi tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmışdır. Belə ki, xx.xx.2013-cü il tarixli, 7E-04- 2840 saylı etibarnamə əsasında Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Cavabdeh1 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh3 tərəfindən DƏDRX-nin 11 saylı Əİ-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi olan, seriya RX №0177678 №-li çıxarışa əsasən Cavabdeh1 məxsus 0.160 ha torpaq sahəsi, üzərində yerləşən ümumi sahəsi 304.4 kv.m Liter “A” “İnzibati” 1960-cı il, 1 mərtəbəli, ümumi sahəsi 268.8 kv.m, tikintialtı sahəsi 321.6 kv.m, Liter “B” “Yeməkxana” 1960-cı il, 1 mərtəbəli, ümumi sahəsi 29.5 kv.m, tikintialtı 42.0 kv., Liter “C” “Transformator otağı” 1960-cı il, 1 mərtəbəli ümumi sahə 6.1 kv.m, tikinti altı 10.9 kv.m-dən ibarət qeyri yaşayış binası (əmlak kompkesi kimi müəssisə) Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Cavabdeh2 satılmışdır. Həmin əmlak xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh2 mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirərək bildirmişdir ki, Şəmkir rayonu Təzəkənd kəndində 0.1260 ha torpaq sahəsi və onun üzərində yerləşən 304.4 kv.m əmlak kompleksi kimi müəssisə 07 oktyabr 2013-cü il tarixli, 4Ə-03-274 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş olsa da, həmin əmlakın alqı-satqısına dair pul onun tərəfindən ödənilmiş, ona görə də, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçının qeyd etdiklərinin doğru olmadığını, həmin əmlaka şərikli olmaqla tikintisinə birlikdə xərc çəkdiklərini, əmlakın alqı-satqısına dair bağlanmış əqdi iddiaçı ilə razılaşmalarına əsasən öz iradəsi əsasında həyata keçirdiyini, əqdə uyğun hüquqi nəticə yaratmaq niyyətinin ortada olduğunu, həmin nəticə əsasında o, əqdə uyğun obyekt üzərində mülkiyyət hüququ əldə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və tələblərə əməl edilməklə, tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Ona görə də, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2013-cü ildə Şəmkir rayon notariat ofisində qeydiyyata alınmış 4Ə-03-274 reyestr saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın ləğv olunması üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. İddiaçı tərəf mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə pulun onun tərəfindən ödənildiyini bildirsə də, kollegiya hesab edir ki, həmin hal alqı-satqı müqaviləsinin etibarsızlığına əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf hazırda cavabdehin mülkiyyətində olan əmlakın razılaşdırılmış dəyərinin onun tərəfindən ödənilməsini bildirdiyi üçün, onun bununla bağlı cavabdehə qarşı pul tələbinə ayrıca iddia qaldmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının... pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin ləğv edilməsinə əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(076)-1933/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Məsimova) Rəna Asif qızına və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar