Məhkəmə qərarları › İş №2(104)-698/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-698/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-698/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçılər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mülki iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair ilk iddia, torpaqdan çıxarılma barədə qarşılıqlı iddia tələbləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi X5, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-1550/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mülki işin materiallarında olan 04 sentyabr 1992-ci il tarixli Vİ-JQ 256710 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X7 04 sentyabr 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Mirzəyeva soyadı verilmişdir.

2. Mülki işin materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-383A KOD 61000038 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 205 saylı qərarına əsasən ünvan 1 kənd sakini Cavabdeh1 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir.

3. Mülki işin materiallarında olan AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ünvan 1 kəndində yerləşən, ümumi sahəsi 0,2 ha olan torpaq sahəsini Cavabdeh2 5500 manata satmışdır.

4. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0,20 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır.

5. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bərdə rayonu Yenidaşkənd kəndində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 29,10 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır.

6. Mülki işin materiallarında olan AN-İ ******* saylı 18 mart 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ünvan 1 kəndi ünvanında yerləşən, ümumi sahəsi 29,1 kv.m, yaşayış sahəsi 29,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və ünvan 1 kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,20 ha olan torpaq sahəsini X10 21000 manata satmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və ondan doğuran hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən razılıqları və xəbərləri olmadan onların qeydiyyatda olduqları və nikah dövründə birgə yaşayış torpaqları olan, Bərdə şəhəri, Yenidaşkənd kəndində yerləşən 0,2 ha torpağın Cavabdeh2 satılmasına dair AN-İ ******* saylı, 13 aprel 2016-cı il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, onlar uzun illərdir ki, Bərdə rayonu Yenidaşkənd kəndində yaşamışlar. Həyat yoldaşı Cavabdeh1 ilə güc-bəla ilə, minbir əziyyətlə bu evi tikmişlər. Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən, 0.20 ha ölçüdə həyətyanı torpaq sahəsi üzərində tikilmiş bu evdə yaşamışlar, övladlarını bu evdə böyütmüşlər. Yaşayış evləri və qeydiyyat ünvanları bu evdir. Onların övladları bu evdə dünyaya gəlmişdir və həmin həyətə məxsus evdə yaşamışdır. Bütün bunlar eyni olaraq onların yaşadıqları, övladlarını böyüdüb boya-başa çatdırdıqları evdən cavabdeh müəyyən məqsədlər güdərək onları isti yurd-yuvalarından xəbərsiz həmin evi satmışdır. O, Cavabdeh1 ilə 1992-ci il iyun ayının 16-sı rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Onların ailəsinin iki yaşayış həyəti olmuşdur. Halhazırda satılan ev iki otaqdan ibarətdir və əlavə yardımçı binalardan ibarətdir. Halhazırda yaşadıqları ev qaynatası Mirzəyev Hüseynə aiddir. Yaşadıqları hal-hazırkı ev yarımçıqdır, bir otaqdan ibarətdir. Çox şəraitsiz vəziyyətdədir. Onlar bu alqı-satqını ona görə gec bilmişlər ki, onların başqa yerdə evləri olmuşdur. Hal-hazırda satılan torpağa təsadüf hallarda gəlib-getmişlər. Onun cehiz əşyaları, bütün məişət avadanlıqları həmin satılmış torpağın üzərində tikilmiş evdədir. Bu torpağın satılmasını kənar şəxslərdən eşitmişlər. Həmin alqı-satqı müqaviləsinə onlar imza etməmişlər. Bu mülkiyyətin satılmasına da ailəlikcə çox narazıdırlar. Bütün ailənin o torpaqda payı vardır. Heç bir dövlət orqanı tərəfindən onlara məlumat verilməmişdir. Onların şəxsiyyət vəsiqələrində hər hansı bir texniki səhv, yanlışlıq yoxdur, onların qeydiyyatları həyat yoldaşına məxsus olan bu evdədir. Onların bütün şəxsi əşyaları indiyədək bu evdə olmuşdur. Evlərini heç vaxt daimi tərk etməmişlər. Yalnız ailə vəziyyəti ilə bağlı müvəqqəti olaraq evdən müxtəlif vaxtlarda çıxmışlar. Həyat yoldaşı, övladları və o bu torpağın üzərində tikilmiş evin qeydiyyatdadırlar. Şərh edilənlərdən göründüyü kimi Cavabdeh1 tərəfindən onların qeydiyyatda olduqları və yaşayış evləri satılmaqla demək olar ki, ailəvi hüquqları açıqaşkar pozulmuşdur. Beləliklə sadalananlardan göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bərdə rayonu Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahəsini Cavabdeh2 satılmasına dair AN-İ ******* saylı, 13 aprel 2016-cı il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” həmin evdə qeydiyyatda olan yetkinlik yaşda olan şəxslər barədə məlumatın gizlədilərək, qanun pozuntusu ilə həyata keçirilmiş, onların yaşadıqları mənzilə olan konstitusion hüquqlarının pozulmasına səbəb olmuş əqiddir, bu baxımdan etibarsız hesab edilməlidir.

9. Temurov X3 Mətanət Nadir qızına və İddiaçı2 qarşı “torpaqdan çıxarılma” qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə və hazırkı iş üzrə cavabdehlər-İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 onlara qarşı iddia qaldıraraq “Cavabdeh1 tərəfindən razılıqları və xəbərləri olmadan onların qeydiyyatda olduqları və nikah dövründə birgə yaşadıqları Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən evin cavabdeh X1 dair AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli, “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab etməsinə dair qətnamə çıxarılmasını” xahiş etmişlər. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası əsassızdır və onun iddiasına qarşı aşağıdakıları göstərirlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsidən görünür ki, sözügedən torpaq sahəsini Cavabdeh1 notarial qaydada almışdır. Həmin müqaviləyə əsasən 0,20 ha torpaq sahəsi alsa da, faktiki olaraq 0,12 ha torpaq sahəsinə sahib çıxmışdır. Dəfələrlə qalan 0,08 ha torpaq sahəsinin onun sahibliyinə verilməsini xahiş və tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Hesab edir ki, hazırki iş üzrə ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 onun 0,12 ha torpaq sahəsini onun faktiki mülkiyyətinə verməmək üçün belə formal iddia qaldırmışlar. Mülkiyyət hüquqlarını pozduqlarından onların ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

11. Bərdə Rayon Məhkəməsinin 2(021)-1550/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim:Q.Əbilov) hər iki iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1550/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, həyat yoldaşı Cavabdeh1 ilə Cavabdeh2 onların ailə üzvlərinin razılığı olmadan Bərdə Asan xidmət mərkəzinin notariat kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. O və oğlu İddiaçı2 heç bir müqaviləyə imza etməmiş və razılıq verməmişlər. Ona görə də hesab edir ki, bağlanmış əqd qanunsuz olduğundan etibarsız sayılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsinə etirazının olmadığını bildirək qeyd etdi ki, torpaq sahəsi Cavabdeh2 satılsa da, torpaq sahəsinin üzərində olan ev ona satılmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, izahatında göstərdi ki, Cavabdeh1 mülkiyyətində olmuş daşınmaz əmlakı alqı satqı yolu ilə əldə edərkən, həm İddiaçı1, həm də X8 həmin vaxt bu sövdələşmənin şahidi olmuşlar və bu sövdələşməyə heç bir etirazları olmamışdır. Sonda D. Temurov şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

25. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

27. Maddə 337.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

29. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

30. Maddə 34. Nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).

.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu

31. Maddə 9. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

32. Maddə 10 həyətyanı sahələrin və bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

41. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

42. Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X7 04 sentyabr 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 205 saylı qərarına əsasən Cavabdeh1 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. AN-İ ******* saylı 13 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 kəndində yerləşən həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. AN-İ ******* saylı 18 mart 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 29,1 kv.m, yaşayış sahəsi 29,1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini və həmin torpaq sahəsinin 0,12 ha olan hissəsini X2. Hazırda mübahisə predmeti olan ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi X9 mülkiyyətindədir.

43. Hazırda ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 mübahisəli torpaq sahəsinin onun və oğlunun razılığı olmadan satıldığını iddia edir və həmin alqı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş edir.

44. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 hesab edir ki, qeyd edilən torpaq sahəsi cavabdeh əri Cavabdeh1 ilə onun birgə nikah dövründə əldə edildiyindən, onların birgə mülkiyyəti sayılmalıdır.

45. Kollegiya hesab edir ki, apellyatorun şikayətinin dəlilləri əsassızdır.

46. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İşin hallarından da göründüyü kimi mübahisəli torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 205 saylı qərarına əsasən əvəzsiz qaydada Cavabdeh1 mülkiyyətinə verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsini İddiaçı1 ilə rəsmi nikahda olduğu zaman əldə etsə də, həmin əmlakı əvəzsiz qaydada əldə etdiyindən, həmin əmlak Cavabdeh1 ilə İddiaçı1 birgə əldə etdikləri əmlak sırasına aid edilə bilməz. Mülki Məcəllənin yuxarıda qeyd edilən152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə olan halda Cavabdeh1 həmin torpaq sahəsini 13 aprel 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satarkən yalnız özünə mənsub olan əmlak barəsində sərəncam vermişdir ki, həmin əqdin bağlanması üçün İddiaçı1 buna razılığının olması tələb olunmamışdır.

47. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1550/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar