Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-70/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)-1318/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu Üçtəpə kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 36.1 kvm-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydə alınmışdır.
2. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8691- 9/9026 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Göygöl rayonu, Üçtəpə kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyərəinin təqribən 14500 manat məblğində likvid dəyərinin isə təqribən 13050.0 manat məbləğində təşkil etdiyi üməyyən edilir. Göygöl rayonu, Üçtəpə kəndində yerləşən mübahisəli evə bərabər tutulan və oxşar şəraitli evlərin aylıq icarə haqqının orta bazar qiyməti üzrə yerli internet saytlarında, həmçinin mərkəzdə məlumat olmadığından tədqiqat aparılmamışdır.
3. Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 09/25 nömrəli məktubundan görünür ki, Göygöl rayonu, Üçtəpə kəndi ərazisində hal-hazırda kirayə evlərin qiyməti 80-100 manat arasında dəyişir.
4. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardadn görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Göygöl rayonu, Üçtəpə kənd sakini Cavabdeh2 qaynanası İddiaçı döyməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən və onun əməlində cinayət tərkibi olmadığından, həmin fakt üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, vətəndaş Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərarın surəti inzibati icraat açılması üçün Göygöl RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır.
5. Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-20/2019 nömrəli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancindan dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, Cavabdeh2 cəza çəkməsinin əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,08 ha həyatyanı torpaq sahəsi və onun üzərində tikilmiş 36.1 kvm-dən ibarət olan yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, uşaqları və əşyaları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,08 ha həyatyanı torpaq sahəsi və onun üzərində tikilmiş 36.1 kvm-dən ibarət olan yaşayış evi onun mülkiyyətidir. Cavabdeh1 onun oğlu və Cavabdeh2 isə oğlu Rasimin həyat yoldaşıdır. 2015-ci ildə oğlu Rasim məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən tək qalmasınlar deyə cavabdeh gəlini Cavabdeh2 uşaqları ilə birlikdə evinə gətirmişdir. Həmin vaxtdan Sevda uşaqları ilə birlikdə onun evində yaşayır. Sevda dəfələrlə onu döymüş, xx.xx.2018-ci ildə ona bıçaqla xəsarət yetirmişdir. Cavabdeh2 cinayət əməlinə görə Göygöl rayon məhkəməsinin 29 mart 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 3 ay islah işi cəzası ilə cəzalandırılmışdır. Oğlu Cavabdeh1 2022-ci ildə həbsdən azad edilmiş və onun evinə gələrək ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Cavabdeh2 yenə də onunla yola getməmiş onu ölümlə hədələmişdir. Oğlu Rasim isə həmişə həyat yoldaşını haqlı çıxarmışdır. Cavabdehlərlə bir evdə yaşamaq qeyri mümkündür. Dəfələrlə cavabdehlərdən evindən çıxmalarını tələb etsə də cavabdehlər ona əhəmiyyət verməmişlər. Cavabdehin hərəkətlərinə dözə bilmədiyindən onların bir evdə yaşamaları mümkün olmadığından, məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır.
8. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)-1318/2023 nömrəli qətnaməsi (hakim Qələmdar Abbasov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təklif etdiyi 3000 manat kompensasiya ilə cavabdeh tərəfə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyindən iddianın təmin edilməməsini məqsədə müvafiq hesab edir.
10. Məhkəmə öz mövqeyini, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 227, 230 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)-1318/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə görə onun cavabdehlərə təklif etdiyi 3000 (üç min) manat kompensasiya cavabdeh tərəfə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyindən iddia təmin edilməmişdir. Məhkəmənin bu cür mövqeyi ümumiyyətlə əsaslandırlmamış, yaşayış evinə baxış keçirilməmiş və cavabdehlərin hansı şəraitdə yaşamaları müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qanunla ona verilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Nəzərə alsalar ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur belə olan halda bu müdafiə dövlət orqanları, o cümlədən də məhkəmələrin üzərinə qoyulmuş vəzifə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin iddianın predmetinə daxil olmadığı, birinci instansiya məhkəməsinin belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli olduğunu və bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalı olduğunu vurğulamışdır. Birinci instansiya məhkəməsi kompensasiya məbləğini iddia predmeti hesab etməkdə hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında da bu öz əksini tapmışdır ki, birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini iddia predmeti hesab etməməli özü kompensasiyanın məbləğini real bazar qiymətinə uyğun olaraq müəyyən etməli və bu barədə iddiaçının razılığının olub-olmamasını aydınlaşdırlmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan apellyasiya instansiyası qaydasında ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş 36.1 kv.m-dən ibarət olan yaşayış evi onun mülkiyyətidir. Cavabdeh1 onun oğlu və Cavabdeh2 isə gəlini, yəni oğlu Rasimin həyat yoldaşıdır. 2015-ci ildə oğlu Cavabdeh1 məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən tək qalmasınlar deyə cavabdeh gəlini Cavabdeh2 uşaqları ilə birlikdə öz yanına evinə gətirmişdir. Lakin, sonradan gəlini ilə mübahisələr yarandığı və gəlini onu döydüyü üçün hazırda birlikdə mübahisəli evdə yaşaya bilmir. Bazarın yanında vaqonda yaşayır. Yaşamağa başqa yeri yoxdur. Ona görə də mülkiyyətində olan əmlakdan 3.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, uşaqları və əşyaları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, ərizə verərək kompensasiya məbləğini artıraraq 5.000 manat kompensasiya təklif edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv iddianın təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsasız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı onlara bir otaqlı ev almaq üçün 15000 manat verərsə evdən çıxmalarına razı olduğunu, Cavabdeh2 onunlada yola getmədiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsasız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini, həmin evdə yaşadığını, evdən çıxmaq istəmədiyini, evin İddiaçı tərəfindən tikildiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı
25. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı
26. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.
27. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
36. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
42. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
43. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 İddiaçı oğlu, digər Cavabdeh2 isə gəlinidir. Cavabdeh2 iddiaçının oğlu Cavabdeh1 ilə ailə həyatı quraraq həmin evə gəlin köçmüş, hal-hazırda uşaqları ilə orada yaşayır. Onun əri Rasim əvvəllər azadlıqdan məhrum olunmuşdur. Cavabdeh2 iddiaçını döydüyü üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancindan dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hazırda cavabdehlər mübahisəli əmlakda yaşayır, iddiaçını isə evə buraxmırlar. İddiaçı cavabdehlərin onun mülkiyyətində olan əmlaka kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini və evdən çıxarılmasını istəyir.
44. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir.
45. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.
46. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
47. İşin mübahisə olunmayan hallarına görə, Göygöl rayonu Üçtəpə kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 36.1 kv.m-dən ibarət fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğlu və Cavabdeh2 isə iddiaçının gəlinidir.
48. İşin mübahisə olunmayan digər halları isə ondan ibarətdir ki, iddiaçının mübahisəli evdə mülkiyyət hüquqları vardır, lakin cavabdehlərin evdən istifadə hüquqları yoxdur. İddiaçı isə cavabdehlərin kompensasiya verilməklə evdən çıxarılmalarını istəyir. Tərəflərin ümumi sahəsi 36.1 kv.metr olan həmin evdə bir ailədə yaşamaları artıq qeyrimümkündür və yerli icra hakimiyyəti orqanının arayışına görə, Göygöl rayonu Üçtəpə kəndində fərdi yaşayış evlərinin kirayə haqqısı 80-100 manat civarındadır.
49. İddiaçı cavabdehə bir fərdi yaşayış evində yaşamalarının mümkün olmadığına görə cavabdehlərə cəmi 5.000 (beş min) manat kompensasiya verilməklə onun evə istifadə hüquqlarına xitam verilməsini və evdən çıxarılmasını xahiş etmişdir.
50. Cavabdehlər isə onların və ailə üzvlərinin həmin evdən başqa digər yaşayış sahələrinin olmadığını, himayəsində uşağının olduğunu, iddiaçı tərəfindən onlara təklif edilən 5.000 manat kompensasiya məbləğinin yetərli olmamaqla, iddiaçının hesabına ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini göstərib, iddiaya etiraz edirlər.
51. Birinci instansiya məhkəməsi, iddiaçının cavabdehə təklif etdiyi 3.000 manat kompensasiya məbləğini yetərli hesab etməyərək, iddianı təmin etməməklə sonuncunun evdən istifadə hüququna xitam verməmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
54. Göründüyü kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.
55. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.
56. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
57. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.
58. Hətta, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.
59. Kollegiya təklif edilmiş kompensasiya məbləğinə münasibət bildirməmişdən qabaq ilk öncə bir xüsusatı qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər iddiaçının mülkiyyətində yaşamaqla mübahisə predmeti olam əmlakdan onların istifadə hüquqlarının olması müəyyən edilməmişdir. Lakin, iddiaçı cavabdehlərin kompensasiya qarşılığında evdən çıxarılmasını istəyir.
60. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehlərə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, cavabdehlərə 5.000 manat kompensasiya verilməsi məbləği təklif edilmiş, iddiaçı tərəfindən də həmin məbləğ qəbul edilmişdir ki, məhkəmə kollegiyası da 5.000 manat kompensasiya verilməklə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin, həmin məbləğ mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
61. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.
62. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırda təklif edilən məbləği cavabdehlərin mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün yetərli hesab edir.
63. Məhkəmə kollegiyası tərəfindən təklif edilmiş kompensasiya məbləğinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
64. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
65. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcud deyildir.
66. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.
67. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.
68. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
69. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir.
70. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir.
71. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdehlər yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə yaşadığı ərazidə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özünə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir.
72. Belə ki, cavabdehlərin yaşadığı ərazidə oxşar bir otaqlı evin 13.050 manat məbləğdə olduğu müəyyən edilmişdir.
73. Cavabdehlər tərəfindən evdən çıxmaları müqabilində iddiaçı tərəfindən bir otaqlı ev alındığı halda razı ola biləcəyinə dair arqumentlərini məhkəmə kollegiyası ədalətli hesab etməmişdir.
74. Çünki, cavabdeh əmək qabiliyyətli olmaqla, işləməklə gəlir əldə etmək və nəticədə özünə ev almaq imkanları mövcuddur.
75. Bundan başqa, mülki iş materiallarında olan ekspert rəyinə əsasən mübahisəli evin bazar dəyəri təxminən 13.050 manat təşkil edir ki, 5.000 manat kompensasiya məbləği demək olar ki evin dəyərinin 1/2 hissəsinə yaxın məbləğ edir. Cavabdehlər isə mübahisəli evdən çıxması qarşılığında iddiaçıdan ev tələb edir ki, bu isə evə istifadə hüququ olan şəxslərin hüquqularının mülkiyyətçi hüquqlarından üstün olması anlamına gəlməklə, bu hal qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz.
76. Kollegiya bir daha qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir.
77. Belə ki, cavabdehlərin 5.000 manat kompensasiya məbləğinin yetərli olmadığı barədə dəlili inandırıcı deyildir. Belə ki, oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminən 80-100 manat civarında nəzərdə tutulduqda, təklif olunan kompensasiya məbləği cavabdehə birlikdə təxminən 4 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir (100x12=1200x4=4.800).
78. Kollegiya, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi-dinc qaydada istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Göründüyü kimi tərəflərin ailə münasibətləri münaqişəlidir. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.
79. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Hazırki halda cavabdeh və uşaqları mübahisəli evdə yaşamasa da, işdən aydın olur ki, cavabdehə məxsus əşyalar həmin evdə qalmaqda davam edir.
80. Ona görə də, iddiaçı tərəf həmin məbləğdə kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır.
81. Həmçinin kollegiya hesab edir ki, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması tələbi də əsaslıdır.
82. Belə ki, cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına xitam verildikdən sonra onların həmin evdən istifadəsi qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsində isə təsbit olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
83. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mübahisəli evdən çıxarılması müvafiq kompensasiya məbləği verilməklə icra olunmalı olduğundan, qətnamənin icrası qaydası kimi, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməlidir.
84. Bundan başqa, kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbi cavabdehlərə qarşı irəli sürülmüşdür. Lakin, onların uşaqları ilə birlikdə evdən çıxarılması xahiş edilsədə, onlar cavabdehlərin sırasında göstərilməmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
85. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
86. Göründüyü kimi, uşaqlar hal-hazırda yetkinlik yaşına çatmayan şəxs olduğundan göstərilən hüquq normalarının tələbinə əsasən kollegiya hesab edir ki, onlarin yaşayış yeri valideynlərinin yaşayış yeri olduğundan cavabdehlərlə birlikdə evdən çıxarılmalıdırlar.
87. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi üçün heç bir əsas yoxdur, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
88. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
91. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir.
92. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınıb, iddiaçıya verilməlidir.
93. Həmçinin, ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutulub dövlət hesabına verilməlidir.
94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)-1318/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə Göygöl rayonu Üçtəpə kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 36.1 kvm-dən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin və cavabdehlər əşyaları və himayəsində olan yetkinlik yaşına çatmayan uşağları ilə birlikdə evdən çıxarılsın. İstifadə hüququna xitam verilmə və evdən çıxarılma ilə kompensasiya ödənilmə eyni vaxtda icra edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb, İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.