Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-704/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1146/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanununsuz tikililərin sökülməsi qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixli 40-3-360 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ona məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində inşa edilmiş tikililərin təyinatından və xarakterindən asılı olmayaraq cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 birinci instansiya məhkəməsinə yazılı vəsatətlə müraciət edərək, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1146/2024 nömrəli qərardadı (hakim Həvayət Məhəmmədi) ilə, vəsatət təmin edilmiş, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, İddiaçı Şəmkir Rayon Məhkəməsində Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanunsuz tikilələrin sökülməsi tələbinə dair” iddia qaldırmışdır. İddiaçının nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(076)-1146/2024 saylı qəradadı ilə vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin bu qərardadı ilə narazıdır. Qərardadın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini, iddiaya mahiyyəti üzrə baxılıb nəticə verilməsini, iddia tələbinin rədd olumasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Belə ki, İddiaçı iddia edir ki, guya cavabdeh iddiaçıya məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini zəbt etmiş və orada qanunsuz tikililər inşa etmişdir. Halbuki, inşa etdiyi tikililərin yerləşdiyi torpaq sahəsi ona mülkiyyət hüququ ilə məxsusdur. Həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və müvafiq çıxarış verilmişdir. Lakin buna baxmayaraq iddiaçı tələbini əsaslandırmadan, mötəbər sübutlar təqdim etmədən ona məxsus olan torpaq sahəsində qanunsuz tikililər inşa etdiyini iddia edir. Bununla bağlı olaraq məhkəmə müvafiq ekspertiza təyin etmiş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı iddiasında haqlı deyildir. Məhkəmə iddia tələbinin rədd olunmasına dair qərar qəbul etmək əvəzinə, heç bir hüquqi əsas olmadan təkrar tikinti texniki ekspertizası təyin etməklə, iş üzrə icraatı dayandırmışdır. Halbuki, təkrar tikinti texniki ekspertizasının keçirilməsinə əsas olmamışdır. Məhkəmə iş üzrə qərar qəbul etməli olduğu halda, təkrar tikinti-texniki ekspertizası təyin etməklə, iddiaçının mövqeyindən çıxış etdiyini nümayiş etdirmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-65/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Mülki mühakimə icraatında iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. (Azərbaycan Respublikasının MPM-in 263.1-263.4-cü maddələri). Azərbaycan Respublikasının MPM-in 267.1-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılmasına əsas məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi olmuşdur. Ekspertizanın təyin edilməsində başlıca məqsəd isə işin tam, hərtərəfli və obyektiv həll edilməsinə nail olmaqdır. Məhkəmənin bu prosessual aktının hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-in 170.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində məhkəmə icraatının məcburi dayandırılmalı olduğu əsaslar, MPM-nin 255-ci maddəsində isə icraatın dayandırılması mümkün olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 255.0.5-ci maddəsinə görə, iş üzrə ekspertiza təyin olunduqda məhkəmə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, ekspertiza təyin olunduqda icraatın dayandırılması məcburi deyildir. Qanun bu halda icraatın dayandırılması məsələsinin həllini məhkəmənin səlahiyyətinə buraxır. Ona görə də Azərbaycan Respublikasının MPM-in 255-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işin konkret hallarından asılı olaraq icraatın dayandırılması məsələsini həll edir. Əgər bu halların mövcudluğu işin sonrakı gedişatına mane olursa, məhkəmə icraatı dayandırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, tələbin düzgün həlli, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə işin prosessual tənzimlənməsində məhkəmənin səlahiyyətləri məhdudlaşdırılmamalıdır. Hazırki işdə də ekspertiza təyin olunduğuna və ekspert rəyinin alınması üçün işə baxılması üçün müəyyən olunan prosessual müddətlərdən kənara çıxan vaxt lazım olduğuna görə məhkəmə icraatın dayandırılmasını zəruri saymışdır. Məhkəmə, icraatı dayandırmaqla Azərbaycan Respublikasının MPM-in 255-ci maddəsi ilə müəyyən olunmuş prosessual səlahiyyətdən düzgün istifadə etmişdir. Məhkəmə kollegiyası, prosessual müddətlərə riayət olunmasının təmin olunması üçün iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsinin mövqeyini məqsədəuyğun hesab edir və göstərir ki, məhkəmə qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalı, həmin qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxdıqda məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 255, 263, 264, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1146/2024 nömrəli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-704/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-704/2025
05.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver