Məhkəmə qərarları › İş №2(104)-714/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-714/2023

06.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-714/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, evin ümumi birgə əmlak hesab edilməsi və payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 2V-302 və 2V-303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, Tovuz rayonu Əyyublu kəndində yerləşən evin cavabdeh ilə birgə nikah dövründə əldə edilməsi, evin rəsmi nikah dövründə tikilməsi, evin ümumi birgə əmlak hesab edilməsi və ½ hissə üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsi ilə (sədrlik edən Fərid Əliyev) İddiaçı Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, evin ümumi birgə əmlak hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair» iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1991-ci ildə el adəti ilə evlənmiş və nikahlarını rəsmiləşdirmişdirlər. Ailə qurduğu vaxtdan cavabdehin və X2 yaşadıqları evə köçmüşdür. Bundan sonra, gəlin köçdüyü evi sökərək yenidən inşa etmişdirlər. O, 1991-ci ildən Tovuz rayonu Əyyublu kəndində fəaliyyət göstərən “Nərgiz” uşaq bağçasında işləməklə, aylıq məvacibini də evin tikintisi üçün xərcləmşdir. Cavabdeh həmin ev güya onun atası tərəfindən inşa edildiyini göstərsə də, cavabdehin atası X6 1929- cu il təvəlüdlü olmaqla həmin vaxt yaşlı olmuşdur. Həmin evin texniki pasportunda da, evin 1996 -cı ildə tikilməsi qeyd edilmişdir ki, bu da evin cavabdehlə birgə nikahlarları dövründə tikildiyini təsdiq edir. Lakin məhkəmə işin həmin hallarını nəzərə almamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, iddiaçının ona qarşı evdən istifadə hüququna kompensasiya ilə xitam verilməsinə dair iş üzrə apellyasiya icraatı hazırkı işə baxılması ilə bağlı dayandırılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mərhum valideynləri Cavabdeh və Ağca Mehralıyevadan miras əmlak olaraq qalmışdır. Mübahisəli fərdi yaşayış evi onun atası tərəfindən inşa edilmişdir. Onlar evin tikintisi üçün hər hansı vəsait xərcləməmişlər və yalnız evdə kosmetik işlər həyata keçirilmişlər. İddiaçının hazırki iddianı qaldırmasının səbəbi onun iddiası əsasında iddiaçının kompensasiya müqabilində evdən istifadə hüququna xitam verilməsi olmuşdur. Məhkəmənin hazırkı qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilmli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gələrkən, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına yox, 2000-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikası MM-nin və 2000-ci ilin iyun ayından qüvvədə olan Ailə Məcəlləsinin normalarına istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhum X1 və mərhum X2 xx.xx.2022-ci il tarixli 2V-302 və 2V-303 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında Cavabdeh adına fərdi yaşayış evinə tam, torpaq sahəsi üzərində isə 3/6 hissə olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu. Əyyublu kəndində 0,26 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Torpaq sahəsi üzrə 1/6 hissə X8, 1/6 hissə X3, 1/6 hissə İddiaçı və 3/6 hissə Cavabdeh məxsusdur. Əyyublu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı mərhum qayınatası X4 məxsus 0,26 ha torpaq sahəsində olan evə 1990-cı ildə gəlin kimi köçmüş, birgə nikah dövründə həmin torpaq sahəsində yerləşən evi sökərək yerində ev inşa etdirmişlər. Hazırda həmin evdə yaşayır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1606 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh 8000 manat məbləğdə kompensasiyanın alınaraq cavabdeh İddiaçı verilməsi, kompensasiya müqabilində cavabdehin evdən istifadə hüquqlarına xitam verilməsi və kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə Tovuz rayonu. Əyyublu kəndində yerləşən iddiaçının mülkiyyətində olan evdən çıxarılması qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-2004 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 yaşadığı Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Ölüm haqqında AZ İ 798749 və AZ İİ 090523 saylı şəhadətnamələrdən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə, X6 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1424A KOD 50300068 nömrəli şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X4, X5, Cavabdeh, X9, X3 və X8 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2v-303 nömrəli şəhadətnamədən görünür ki, X2 vərəsəsi Cavabdehdur. Şəhadətnamə ilə verilən əmlak Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 0,26 ha olan torpaq sahəsindən mərhuma aid olan hissədən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2v-302 nömrəli şəhadətnamədən görünür ki, X1 vərəsəsi Cavabdehdur. Şəhadətnamə ilə verilən əmlak Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha olan torpaq sahəsindəki ümumi sahəsi 183 kv.m. olan 5 otaqlı fərdi yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsinin mərhuma aid olan hissəsindən ibarətdir. Hüquq subyekti Cavabdeh olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha olan torpaq sahəsindəki ümumi sahəsi 183 kv.m. olan 5 otaqlı fərdi yaşayış evinə aid texniki pasportdan görünür ki, fərdi yaşayış evi 1996-ci ildə inşa edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)- 2344 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi və payların müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-2235 saylı qətnaməsi araşdırılan hissədə dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Mübahisəli fərdi yaşayış evi 1991-ci ildə tikilmişdir. Ev bacısı olan iddiaçının və cavabdehin birgə vəsaiti hesabına ərsəyə gəlmişdir. Evin tikintisi üçün valideynləri tərəfindən də köməklik edilmişdir. Evin tikintisi üçün hansı məbləğdə vəsaitin ödənilməsi barədə məlumatı yoxdur. Bununla belə evin tikintisinin 40-50 faizi bacısı və valideynləri tərəfindən qarşılanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, iddiaçının qardaşı arvadıdır. Ailəvi münasibətləri vardır və dəfələrlə onların hər ikisinə təklif etmişdir ki, barışsınlar. Lakin nəticə olmamışdır. Mübahisəli fərdi yaşayış evi 1991-ci ildə inşa edilmişdir. Evin tikintisi zamanı daşa, quma iddiaçının valideynləri tərəfindən köməklik edilmişdir. Tikinti 1-2 il davam etmişdir. İddiaçı özü də bağçada işləmiş və aylığını evin tikintisinə sərf etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, iddiaçının qardaşı arvadıdır. Evin tikilməsindən məlumatı yoxdur. 1997-ci ildə gəlin kimi gəlmişdir. Eşitmişdir ki, evdə tikinti gedən zaman iddiaçı və onun ailəsi də köməklik etmişdir. Tikinti işləri 1991-ci ildə başlamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, iddiaçının dayısı arvadıdır. Özü şahid olmuşdur ki, iddiaçının valideynləri evin tikintisinə pul vermişdir. İddiaçının özü də evin tikintisinə maddi vəsait xərcləmişdir. Tikinti 1991-ci ildən başlamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, iddiaçı onun anası, cavabdeh isə atasıdır. Evin tikintisi ondan qabaq olmuşdur. Tikintidə həm atasının, həm də anasının zəhməti olmuşdur. Onun özü də işləyib evin tikintisinə vəsait xərcləmişdir. Tikinti üçün kredit də götürülmüşdür. Evdə aparılan təmirdən otaqların kosmetik işlərinin həyata keçirilməsini görmüşdür. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iddiaçı onun anası, cavabdeh isə atasıdır. Evin tikintisində həm atasının, həm də anasının zəhməti olmuşdur. Onun özü də evin tikintisinə vəsait vermişdir. Evin döşmə və tavanı 2006-2007-ci illərdə vurulmuşdur. Daha sonra evdə boya işləri aparılmışdır. Əvvəl həyata keçirilən təmir işlərindən isə tam məlumatı yoxdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi cavabdehin atası X4 məxsus olmaqla, 1996-cı ildə inşa edilmişdir. Miras qoyan X6 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra Tovuz rayonu, Əyyublu kəndində 1996-cı ildə tikilmiş, ümumi sahəsi 183 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Tovuz regional “Asan Xİdmət” mərkəzinin “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsi ilə xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdur. Şəhadətnamə ilə verilən əmlak Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha olan torpaq sahəsindəki ümumi sahəsi 183 kv.m. olan 5 otaqlı fərdi yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsinin mərhuma aid olan hissəsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi 1996-cı il tarixdə inşa edildiyindən, hazırkı mübahisəli hüquq münasibətlərinə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1969-cu il redaksiyalı Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə, ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər va ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqlara malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Həmin Məcəllənin 28-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir... Həmin Məcəllənin 29-cu maddəsinə görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah müddətində onların hədiyyə şəklində və ya vərəsəlik qaydasında oladıqları əmlak onlardan hər birinin öz mülkiyyətidir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR MM-nin: Maddə 100. Vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququnun obyektləri - 1994-cü il 1 noyabr tarixli qanunla yeni redaksiyada Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı, şəxsi istehlak predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri, sair qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində və sahibkarlıq fəaliyyətinin başqa sahələri üzrə müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və digər istehsal vasitələri, habelə vətəndaşa və hüquqi şəxslərə məxsus ola bilməməsi qanunvericilik aktlarında nəzərdə tutulmuş əmlakdan başqa istehsal, istehlak, sosial, mədəni və başqa tə`yinatlı istənilən əmlak. İş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi 1996-cı ildə cavabdehin atası X6 tərəfindən inşa edilmişdir. Cavabdehin atası X1 xx.xx.2016-cı il tarixdə vəfatından sonra Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,26 ha olan torpaq sahəsindəki ümumi sahəsi 183 kv.m. olan 5 otaqlı fərdi yaşayış evi miras qalmışdır ki, Tovuz rayon dövlət notariat kontorunun “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsi ilə oğlu Cavabdeh verilmişdir. İddiaçı həm iddia ərizəsində, həmçinin, apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, onlar cavabdehlə evləndikdən sonra gəlin köçdüyü evi sökərək yenidən inşa etdirmişlər və bununla bağlı icra nümayəndəliyinin müvafiq arayışı da mövcuddur. İddiaçının həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, icra nümayəndəliyinin müvafiq arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışda ümumi olaraq evin sökülməsi və iddiaçı ilə cavabdehin birgə nikah dövründə yenidən inşa etdirilməsi qeyd edilmişdir. Lakin evin tikintisinin hansı illəri əhatə etməsi barədə hər hansı məlumat öz əksini tapmamışdır. Halbuki, həmin hallar iş üçün mühüm əhəmiyyət kəsb edən hallardır. Bundan başqa icra nümayəndəsinin evin tikintisi zamanı özünün həmin illərdə vəzifə səlahiyyətlərini icra etməsi belə qeyri-müəyyəndir. Belə olan halda əsaslı nəticəyə gəlmək olmaz. Digər tərəfdən, kollegiya qeyd edir ki, İddiaçı əvvəllər də birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası olmuş və bu zaman iddiaçı hazırki mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilməsi ilə bağlı heç bir dəlil irəli sürməmiş və həmin fərdi yaşayış evindən pay tələb etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1606 saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh 8000 manat məbləğdə kompensasiyanın alınaraq cavabdeh İddiaçı verilməsi, kompensasiya müqabilində cavabdehin evdən istifadə hüquqlarına xitam verilməsi və kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə Tovuz rayonu, Əyyublu kəndində yerləşən iddiaçının mülkiyyətində olan evdən çıxarılması qət edilmişdir ki, iddiaçı hazırkı tələbini məhz həmin qətnamənin qəbulundan sonra irəli sürmüşdür ki, bu da onun hazırkı dəlillərinin mötəbərliyini şübhə altına alır. İş üzrə şahid kimi dindirilmiş şəxslərin birinci instansiya məhkəməsinin iclas protokolunda öz əksini tapmış ifadələrinə gəldikdə isə, əvvəla həmin şahidlər iddiaçının qohumları olmaqla, hadisəni müfəssəl təsvir edə bilməmiş, həmin ifadələr tamamilə birbirinin təkrarı olmaqla, həm də, bu ifadələrlə əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Tovuz rayonu Əyyublu kəndində yerləşən mübahisəli evin cavabdeh ilə birgə nikah dövründə əldə edilməsi, evin rəsmi nikah dövründə birgə vəsaitləri hesabına tikilməsini təsdiq edən heç bir mötəbər sübut növünü təqdim edə bilməmiş, həmin hallar öz təsdiqini tapmamışdır. Ona görə də, onun həmin iddası rədd olunmalıdır. İddianın digər hissələr də, mübahisəli evin cavabdeh ilə birgə nikah dövründə əldə edilməsi, evin rəsmi nikah dövründə birgə vəsaitləri hesabına tikilməsi hissəsi ilə bağlı olduğundan, iddianın xx.xx.2022-ci il tarixli, 2V-302 və 2V-303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, Tovuz rayonu Əyyublu kəndində yerləşən evin ümumi birgə əmlak hesab edilməsi və ½ hissə üzrə payının müəyyən edilməsi hissələri də, təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2248/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi, evin ümumi birgə əmlak hesab edilməsi və payın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar