Məhkəmə qərarları › İş №2(104)-718/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-718/2023

22.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-718/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X3 qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maneənin aradan qaldırılması, evə köçürülmə, istifadə hüququna xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, onların (həmçinin İddiaçı3) nümayəndəsi və vəkili X1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və X2 vəkili Nümayəndə iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-1736/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin xx.xx.2022-ci il tarixli **********018 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 8 nöməli mənzilin şəxsi hesabı İddiaçı1 adınadır (yaşamır) və mənzilin şəxsi hesab vərəqində X15, Cavabdeh2, X12 və X4 adları qeyd edilmişdir.

2. 08.04.1990-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə Vəliyeva (Ələkbərova) Rahidə Nemət qızının nikahları 08 aprel 1990-cı il tarixdə 173 nömrəli akt qeydi ilə bağlanmışdır.

3. Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 09 oktyabr 1991-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nömrəli mənzili İddiaçı1 ilə Cavabdeh2 arasında bölünərək, mənzilin bir otağı 12.7 kv.m sahəsi İddiaçı1 istifadəsinə, iki otağı 17.3 və 17.3 kv.m sahələri isə Cavabdeh2 istifadəsinə verilmiş, hər birinə ayrıca şəxsi hesab açılması qət edilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubda, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli 3M-1-166 saylı Yerli Sovetin fondunda olan yaşayış evlərinin bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil (13.3 kv.m bir yaşayış otağı, ümumi sahə 15.3 kv.m) X7 bağışlanmışdır və ona xx.xx.1996-cı il tarixli 10779 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Nizami rayon İcra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 720 saylı sərəncamına əsasən bu ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş 8.0 kv.m örtülü eyvan, 1.7 kv.m dəhliz qanunlaşdırılaraq X5 mülkiyyətinə verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1998-ci il tarixli 3M-1-178 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil (13.3 kv.m bir yaşayış otağı, 8.0 kv.m örtülü eyvan, 1.7 kv.m tambur) İddiaçı2 satılmışdır. Alıcıya Nizami küçəsi, 3-cü döngə, 10 saylı ünvanda yerləşən mənzilə xx.xx.1998-ci il tarixli 10779 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı2 bu əmlaka dair xx.xx.2019-cu il tarixli 596 saylı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış verilmişdir. Lakin mülkün üzərində hər hansı əməliyyatın aparılması barədə 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmamışdır.

5. 09.09.2022-ci il tarixdə tərtib olunmuş Aktdan görünür ki, 1-ci mikrorayon bina 1, mənzil 18 ünvanın sahibi mərhum X16 2006-cı il tarixdə vəfat etmiş, mərhumun həyat yoldaşı X9 1979-cu ildə vəfat etmişdir. Mərhumun bu ünvanda aşağıdakı tərkibdə qeydiyyatda olan oğlu Cavabdeh2 - 1955 ci il, X10 1962-ci il, X15 1982-ci il, X13 1983-cü il, X12 1986-cı il yaşayır və Mərhumun oğlu 1957-ci il təvəllüdlü İddiaçı1 bu ünvanda qeydiyyatda olub yaşamadığı barədə akt tərtib olunmuşdur.

6. 10.09.2022-ci il tarixdə Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 146 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Gəncə şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda yaşayır və ailə üzvləri X10, X15, X13, X6 ibarətdir.

7. 10.10.2022-ci il tarixdə Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 180 nömrəli arayışdan görünür ki, İddiaçı1 Ağalı oğlu uzun müddətdir ünvan 3 ünvanda Cavabdeh2 Ağali oğlu və X10 yaşayır.

8. Azərbaycan Respublikası Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin xx.xx.2022-ci il tarixli Ə-196 nömrəli məktubundan görünür ki, İddiaçı2 yaşadığı mənzilin dam örtüyünə vizual baxış keçirilmiş və dam örtüyü ağac konstruksiyadan olmaqla azbest dalğalı şiferlı örtüldüyü və uzun müddət istismarda olduğundan fiziki aşınmaya məruz qaldığı müəyyən edilmişdir. Bu səbəbdən də mənzilin dam örtüyünün tam şəkildə yenilənməsinə ehtiyac vardır. Hal-hazırda vəsait olmadığı səbəbindən İddiaçı2 yaşadığı mənzilin dam örtüyünün əsaslı təmiri mümkün deyildir. Vəsait ayrıldığı təqdirdə İddiaçı2 xahişinə baxılacağı bildirilmişdir.

9. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvan X8 oğlu İddiaçı1 adına keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 18 nöməli mənzili 1974-cü ildə İcraiyyə Komitəsi tərəfindən order əsasında atası Ağalı Vəliyevə verilmiş, ataları vəfat etdikdən sonra 1983-cü ildə sözügedən mənzil onun adına dəyişdirilmiş və həmin mənzil hazırda da onun adındadır. 1990-cı illərdə cavabdehlərlə aralarında mübahisə olduğundan onlar evin bölünməsi məqsədi ilə məhkəməyə müraciət etmişlər və Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 2-450/1991-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil onların ailələri arasında bölünmüşdür. Məhkəmə qətnaməsi ilə hər bir ailə üçün ayrılmış hissədən hər iki ailə istifadə etmişdir. Onların ailəsi üçün ayrılmış hissədə bu günə kimi də onların əşyaları yerləşir. Onlar bu ilin iyun ayına kimi sözügedən mənzildən məhkəmə qətnaməsi ilə onlara ayrılmış hissədən maneəsiz istifadə etmişlər. Lakin bu ilin iyun ayının ortalarında cavabdehlər mənzilin qapısının açarlarını dəyişərək onların evə daxil olmalarına maneələr törətməyə başlamışlar. Cavabdehlər onlara başqa yerdən ev almalarını təklif edərək, onların sözügedən mənzilə gəlməmələrini bildirmişlər və onlar da buna heç bir narazılıq bildirməmişlər. Lakin cavabdehlər verdikləri sözə əməl etməmişlər, eyni zamanda da onların evlərinə gəlib-getmələrinə maneə yaratmağa başlamışlar. Cavabdehlərin sözügedən mənzilə heç bir ehtiyacları yoxdur. Cavabdehlərin və onların uşaqlarının mülkiyyətində evlər var, cavabdehlərin hazırkı mənzilə heç bir ehtiyacları yoxdur. Buna baxmayaraq, cavabdehlər sözügedən mənzili mənimsəmiş və onları həmin mənzilə buraxmaq istəmirlər. Bir neçə aydır ki, onlar cavabdehlərə bu qanunsuz hərəkətlərinə son qoymaları üçün müraciət etsələr də, cavabdehlər onların müraciətlərinə heç bir əhəmiyyət verməmişlər. Onlar bu mübahisəni məhkəmədən kənar həll edə bilmədikləri üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiaçılardan İddiaçı1 Ağaəli oğlu həmin mənzildə qeydiyyatdadır, digər iddiaçılar isə ümumiyyətlə orada qeydiyyatda deyildir. İlkin İddiaçı1 1991-ci ildən həmin mənzildən daimi olaraq köçmüş və bundan sonra bir gündə olsun həmin evdə yaşamamışlar. 1998-ci ildə onlar Gəncə şəhəri, Nizami küçəsi, 3-cü döngə, 10 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı1 arvadı İddiaçı2 adına almışlar. İddiaçı1 Ağaəli oğlu daimi yaşamaq üçün Gəncə şəhəri, Nizami küçəsi, 3-cü döngə, 10 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşlər. Bununla da Vəliyev X14 şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nöməli mənzilinə stifadə hüququnu itirmişdir.

12. Gəncə şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-1736/2022 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) ilk iddianın təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 100 manatın ilk iddia üzrə iddiaçılara aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı1 Ağəli oğlunun Gəncə şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda olan istifadə hüququnun itirilmiş hesab olunması, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manatın dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60, 87.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İlk iddia üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların nümayəndəsi və vəkili X11 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-1736/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır normasını tətbiq etmişdir. Halbuki onlar orada yaşamışlar, əşyaları həmin mənzildədir, daimi olaraq gedib-gəlir, oradan istifadə edirlər. Məhkəmə işin faktiki hallarının nəzərə almadan qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və X2 vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. İş üzrə ilk iddia üzrə İddiaçı3, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və X10 və üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvə olmuş Mənzil Məcəlləsi Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti oalraq başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və köçdüyü gündən pozulmuş hesab edilir.

22. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999cu il tarixli qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

23. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, ilkin iddia üzrə iddiaçı Vəliyev X14 şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, həmin ünvanda uzun müddətdir ki, yaşamır. Mənzil kirayə və digər kommunal (işiq,qaz və.s) haqlarını ödəmir. Onlar sözügedən evdən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmirlər. Onun formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, qarşılıqlı iddia üzrə iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır. Məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 18 nömrəli mənzil qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də o, həyata keçirir.

31. İlk iddia üzrə iddiaçılar apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin yanlış maddi hüquq normasını tətbiq etdiyini, onların sözügedən mənzildə yaşamalarını, əşyalarının həmin mənzildə olmasını, daimi olaraq gedib-gəldiklərini, sözügedən mənzildən istifadə etdiklərini göstərmişlər.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayarkən əvvəla qeyd edir ki, tərəflər arasında mübahisələndirilən mənzillə bağlı hüquq münasibətləri yaranan zaman 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də bu münasibətlərə qeyd edilən Məcəllənin normaları tətbiq edilməlidir ki, birinci instansiya məhkəməsi də həmin normaları tətbiq edərək düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində sözügedən mənzildən daimi istifadə olunduğu göstərilsə də buna dair sübut təqdim edilməmişdir. Bununla belə kollegiyanın araşdırması zamanı qətnamənin ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir.

33. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassızdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(125)-1736/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar