Məhkəmə qərarları › İş №2(104)-726/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-726/2025

05.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-726/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və maraqlı şəxs Tovuz şəhər Bələdiyyəsi və Tovuz regianal “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və miras əmlakın bölünməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və maraqlı şəxslər Tovuz şəhər Bələdiyyəsi və Tovuz regianal “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə arşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(062)- 18/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 31 avqust 2021-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda olan 0.08 ha torpaq sahəsini Tovuz şəhər bələdiyyəsindən satın almışdır;

2. 18 noyabr 2020-ci il tarixli, AZ-İİ 119237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir;

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-37/2-2584/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli məktuba əlavə edilmiş fərdi yaşayış evinin ********** qeydiyyat nömrəli, 22 noyabr 2021-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanda olan 0.08 ha torpaq sahəsində yerləşən 362.0 kv.m. sahəsi olan fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmışdır;

4. Fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətində qeyd edilmişdir ki, ünvan 1 Cavabdeh1 adına fərdi yaşayış evi kimi qeyd edilmişdir;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Tovuz şəhər bələdiyyəsi arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 362.0 kv metr fərdi yaşayış evinin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası, yəni miras qoyan X3 xx.xx.2020ci il tarixdə vəfat etdikdən sonra onun əmlakının vərəsələr arasında qanunvericiliyə uyğun bölgüsü haqqında Cavabdeh1 Qəhrəman qızı bir neçə iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 Qəhrəman qızı əvvəlki iddia ərizələrində nədənsə atasının əsas əmlakı olan, yəni ünvan 1 ünvanda olan 0.08 ha torpaq sahəsində yerləşən 362.0 kv.m. sahəsi olan fərdi yaşayış evini miras paydan uzaq tutmuş və bunun üçün maraqlı addımlar atmışdır. Atası vəfat etdikdən 1 il keçməmiş Cavabdeh1 Qəhrəman qızı atasının tikdirdiyi və onun də, orada qeydiyyatda olduğu və yaşadığı, yuxarıda qeyd olunan ünvana aid torpaq sahəsini 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Tovuz şəhər bələdiyyəsindən satın almışdır. Onun üzərində inşa edilən ev isə atası tərəfindən uzun zaman öncə Cavabdeh1 Qəhrəman qızı ilə birgə nikah dövründə tikilmişdir. Cavabdeh həmin evi mirasdan uzaq tutulması üçün sənədləşməsini atasının, yəni miras qoyanın ölümündən sonra öz adına uyğun həyata keçirmişdir. Uzun zaman öncə atası tərəfindən alınan torpaq sahəsi yeni sənədlə Cavabdeh1 Qəhrəman qızı tərəfindən alınmışdır. Planlı şəkildə yazılı alqı-satqı müqaviləsi ədalətli deyil. Onun üzərində inşa edilmiş ev cavabdehlərin də bildiyi kimi atasının ölümündən sonra, başqa sözlə, Cavabdeh1 Qəhrəman qızı ilə Tovuz şəhər bələdiyyəsi arasında bağlanılmış 31 avqust 2021-ci il tarixli müqavilədən sonra yox, atasının sağlığında onun tərəfindən uzun zaman öncə tikilmişdir. Cavabdeh1 Qəhrəman qızının bu hərəkəti vərəsələrə hörmətsizlikdir. Hesab edir ki, qeyd olunan müqavilə və onun əsasında verilmiş çıxarış ləğv edilməli və həmin əmlak mirasa daxil edilərək vərəsələr arasında bölünməlidir. Bütün digər cavabdehlərin hüquqları təmin edilməlidir.

7. Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(062)-18/2024 nömrəli qətnaməsi ilə (hakim Q.Baxşıyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ev birgə nikah dövründə tikilib. Birgə nikah dövründə inşa edilmiş evdə ərin payı vardır. Vərəsə kimi atasının payından miras almaq hüquq vardır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

14. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

15. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

16. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

17. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaqda yerləşən 362.0 kv.m. sahəsi olan fərdi yaşayış evinin atası X3 ilə anası Cavabdeh1 Qəhrəman qızı tərəfindən birgə nikah dövründə əldə olunduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, atasının 02 noyabr 2020-ci il tarixdə vəfatından sonra anası Cavabdeh1 saxta yolla evin yerləşdiyi torpaq sahəsini yenidən Tovuz Şəhər Bələdiyyəsindən alğı-satqı yolu ilə adına keçirmiş və nəticədə fərdi yaşayış evinə, eləcədə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Halbu ki torpaq və onun üzərində yerləşən fərdi yaşayış evini valideyinləri birgə nikahda olduqları dövrdə əldə etmişlər, atasından qalan paya vərəsə kimi payı var. Lakin anası mirası adına keçirərək onu paydan məhrum etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.

32. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir və apellyasiya şikayətinin dəlilləri qətnəmənin ləğvi üçün əsas deyil.

33. Kollegiya qeyd edir ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

34. İddia tələbindən müəyyən olunur ki, İddiaçı 31 avqust 2021-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsini, eləcədə 22 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı mübahisələndirməkdə məqsədi həmin əmlaklarda atasının payına düşən hissədə mirasdan pay almqdır. İddiaçının hazırkı iddia üzrə başlıca dəlili isə ondan ibarət olmuşdur ki, 0,08 ha torpaq sahəsi valideyinlərinin birgə nikahda olduğu dövrdə əldə olunsada, atasının ölümündən sonra anası saxta yolla torpağa dair Tovuz Şəhər Bələdiyyəsi ilə yenidən alğı-satqı müqaviləsi bağlayaraq həmin əmlakı, həmçinin üzərindəki evi ələ keçirmiş və vərəsə kimi onu paydan məhrum etmişdir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1. madsdəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1. maddəsinə görə isə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

36. Qeyd olunan Məcəllənin 1151.1. maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. İddiaçı ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinin valideyinlərinin birgə nikahda olduqları müddətdə əldə edildiyini qeyd etsədə, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi 31 avqust 2021-ci ilədək Tovuz Şəhər Bələdiyyəsinin mülkiyyətində olmuş və sonradan Cavabdeh1 satılmışdır. X3 isə 02 noyabr 2020-ci ildə ölmüşdür. Belə olan təqdirdə həmin torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi nəzərə alına bilməz.

38. Həmçinin qeyd olunmalıdır ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, mübahisələndirilən alğı-satqı müqaviləsi tərəflərin iradə ifadəsini əks etdirmişdir.

39. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə isə kollegiya qeyd edir ki, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 22 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 Qəhrəman qızının adına qeydə alınmışdır. Həmin tarixədək qeyd olunan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydə alınmamışdır. İşdə olan texniki pasportda (22 noyabr 2021-ci il tarixli) fərdi yaşayış evi 2 mərtəbəli, beş yaşayış otağı, 362,9 kv.m ümumi, 115,9 kv.m yaşayış, 247 kv.m yardımçı sahələrdən ibarət olması göstərilmiş, hansı ildə tikilməsi qeyd olunmamışdır. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin miras qalması da özlüyündə təsdiq olunmur.

40. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

41. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(062)-18/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar