Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-727/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(021)-1217/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Avtomobillərin Tam Sığortası Üzrə Sığorta Şəhadətnaməsinə 01 saylı əlavədən görünür ki, “Mercedes-Maybach S 450” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır.
2. 30 noyabr 2023-cü il tarixli Sığorta aktından görünür ki, 05 oktyabr 2023-cü il tarixdə Ələt Bakı yolunda baş vermiş hadisə nəticəsində “Mercedes-Maybach S 450” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə “Mercedes-Benz 230” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən ziyan vurulmuşdur.
3. “İcra edilmiş xidmətlərə dair” aktdan görünür ki, “X4” MMC tərəfindən “Mercedes- Maybach S 450” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1507.74 manat dəyərində işlər görülmüşdür.
4. 09 yanvar 2024-cü il tarixli, 137 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə 4583.00 manat ödəniş edilmişdir.
5. 20 dekabr 2023-cü il tarixli, 127428 nömrəli sığorta aktından görünür ki, "xxxx" Sığorta ASC tərəfindən “Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxsə 1030,40 manat ödəniş edilmişdir.
6. 04 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X4” MMC-yə 11326.10 manat ödəniş edilmişdir.
7. AB007120 nömrəli Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz 230” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur.
8. 06 oktyabr 2023-cü il tarixli, İXP-5744992 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 9/4863 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş məlumatlara əsasən 2019-cu il burqaxılışlı “Mercedes-Benz Maybach” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti 8320, 68 manat, təmir bərpa işlərinin qiyməti 1277,73 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8344,73 manat o cümləldən dəyişilməli hissələrin qiyməti 7067.00 manat, təmir bərpa işlərinin qiyməti 1277,73 manat təşkil etmişdir.
10. Məhkəmə Kollegiyasının sorğusu əsasında “X4” tərəfindən alınmış xx.xx.2025-ci il tarixli 03 nömrəli məlumat məktubundan görünür ki, icra edilmiş xidmətlərə dair aktda dəyişdirilmiş hissələrin içərisində arxa qazan da vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6743.10 manat sığorta ödənişi məbləğinin və 88 manat dövlət rüsumu olmaqla, cəmi 6831 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası” növü ilə sığortalanmış “Mercedes-Benz 230” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərdən sığortalanmış “X8” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “X8” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Merceds-Benz” markasının Azərbaycan Respublikasında rəsmi servisi olan “X4” MMC tərəfindən 11326.10 manat məbləğində qiymətləndirilmiş, bu barədə cavabdehə xx.xx.2023-cü il tarixli, BSC-2319 saylı məktubla məlumat verilmiş və müvafiq zərər aktı təqdim edilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən ödəniş həyata keçirilmişdir. Dəymiş zərərin 4583 manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş 6743.10 manat məbləğində pul ödənilməmiş qalmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** saylı sığorta müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş 1 nömrəli cədvəldən görünür ki, “Mercedes-Benz 230” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-də “əmlak sığortası” qaydasında sığorta hadisəsi baş verərkən dəymiş avtomobilin təmirinin rəsmi servis mərkəzində həyata keçirilməsi şərti ilə sığortalanmışdır. Azərbaycan Respublikası DİN DYP Vİ Tağım Baş Yol xidməti inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP 4992 seriya nömrəli inzibati xəta haqqında protokoldan və eyni tarixli TP ******* seriya nömrəli inzibati xəta haqqında iş üzrə qərardan müəyyən olunur ki, X2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.İddia ərizəsinə əlavə edilmiş İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol- nəqliyyat hadisəsi baş verən vaxt “Mercedes-Benz 230” markalı ** LA *** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin sürücüsünün üçüncü şəxs qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. Abşeron Avtomobil Xidmətləri “MMC tərəfindən tərtib edilmiş icra edilmiş xidmətlərə dair aktda əsasən sığorta hadisəsi nəticəsində “Mercedes-Benz 230” markalı, ** LA *** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 11326,10 manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin 04 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “Mercedes Benz 230” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ASC tərəfindən 11326,10 manat sığorta ödəniş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, zərər məbləğinin 4583 manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortlanmış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. 17 yanvar 2024-cü il tarixli BS_S-24-0117 saylı geriyə tələb məktubundan və məktubun cavabdehə çatdırılmasını təsdiq edən xəbərnamədən müəyyən edilir ki, ödənilmiş sığorta ödənişinin "xxxx" ASC tərəfindən tərəfindən ödənilməmiş hissəsi 6743.10 manat məbləğində pulun geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
13. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-1217/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov), iddianın qismən təmin edilməsi, Cavabdeh 3761,73 manat məbləğində sığorta ödənişi və ödənilmiş 48 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 40 manatlıq hissəsinin iddiaçıya aid edilməsi, Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 883.1, 884.1, 922.1, 922.2, 925.1, 925.2, 925.3, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1114.1 və 1115-ci maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.2, 20.6, 25.1.1, 50.1, 52.1 və 56.1-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(021)-1217/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 457,52 (dörd yüz əlli yeddi manat əlli iki qəpik) manat borc məbləği qəbul edildiyindən iddia tələbi həmin hissədə təmin edilməli idi. Çünki, həmin iddiaçıya qətnamədə göstərilən məbləğdə borcum olmamışdır və həmin məbləğdə borclu olmağım hər hansı sübutla təstiq edilməmişdir. Lakin, məhkəmə həmin maddi hüquq normasını tətbiq etməyərək və maddi hüquq normasına əsaslanmayaraq, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iddiaçının iştirakını məhkəmədə təmin etməməklə təmin çəkişmə prinsipini pozmuş, qətnamədə onun izahatını təhrif etmişdir. Qətnamədə iddiaçının öz tələblərinin əsası kimi istinad etməli olduğu hallar göstərilməmişdir. Məhkəmə iclası zamanı iddiaçının hansısübutla mənim ona 6743,10 manat ziyan vurmağını sübut etməsi aydınlaşdırılmamışdır. Məhkəmə qətnaməsində yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli, 3-16-16\2-9\4863\2024 nömrəli ekspertiza rəyinəəsaslanmışdır. Lakin, ekspert rəyində yalnız “X4” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktında qeyd edilən zədələnmiş və dəyişməyə ehtiyacı olan hissələri göstərmişdir. Həmin qüsur aktının necə tərtib olunması, zədələnmiş və dəyişməyə ehtiyacı olan hissələrin necə müəyyən olunması isə məlum deyildir. Çünki, qüsur aktında zədələnməmiş və dəyişməyə ehtiyacı olmayan hissələr qeyd edilmişdir. Espert isə avtomobili baxış keçirtmədən qüsur aktına əsaslanmış, digər sübutlara isəməsaslanmamışdır. Halbuki, yol nəqliyyat hadisəsi baş verən vaxt hadisə yerində olmuş və avtomobilləri vizual görmüş Yol Patrul Xidməti Alayının 6-cı tağımının inspektoru tərəfindən avtomobillərin zadələnmiş hissələri barədə arayış tərtib edilmişdir. 05 oktyabr 2023-cü il tarixli, 048758 nömrəli arayışa əsasən “Mercedes-Benz” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferi, sağ stopu, baqajı,arxa alt nikeli əzilmişdir. Göründüyü kimi arayışda “Mercedes-Benz Maybach” markalı avtomobilin “arxa qazan”ın zədələnməsi və dəyişməli olması arayışda qeyd edilməmişdir. Ekspert isə həmin arayışı və fotoşəkilləri də nəzərə almamışdır. Məhkəmə isə qətnamə qəbul edərkən bunları da nəzərə almamışdır. O izahatı ilə iddiaçının iddia tələbi ilə razı olmadığını, ekspertiza rəyinin əsassız olduğunu qeyd etsə də məhkəmə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Məhkəmə isə qətnamədə onun izahatına qiymət verməmiş, izahatını digər sübutlara bərabər yoxlanılıb qiymətləndirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, icra edilmiş xidmətlərə dair aktda dəyişdirilmiş hissələrin içərisində arxa qazan yoxdur. Məhkəmə isə bunları araşdırmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
19. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən ididaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
23. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
24. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
25. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
26. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 19.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
31. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
32. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
33. Maddə 31.1. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.
34. Maddə 34.1.3 və 34.1.4. Sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir.
35. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
49. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh verdiyi şikayətdə qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi isə onun hüquqlarına toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-1217/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Beləliklə, işin halları ondan ibarətdir ki, 05 oktyabr 2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası” növü ilə sığortalanmış “Mercedes-Benz 230” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərdən sığortalanmış “X8” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Yol nəqliyyat hadisəsinin törədilməsində nəticəsində Cavabdeh təqsirli bilinmiş və İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir "xxxx" ASC tərəfindən “X8” markalı **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 11326,10 manat məbləğində sığota ödənişi ödənilmişdir. Lakin, sığorta ödənişinə sərf edilmiş vəsaitin digər hissəsi "xxxx" ASC-yə qaytarılmamışdır.
54. İşin hallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə subroqasiya qaydasında pulun ödənilməsi ilə bağlı yaranmış mübahisədir və qanunvericliyin yuxarıda qeyd edilmiş normaları əsasında həll edilməlidir.
55. Kollegiya göstərir ki, iddiaçının subroqasiya qaydasında pul tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur. Hazırki halda isə subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi zamanı idarə olunan avtomobil sürücülük hüququ olmadan onun idarəçiliyində olmuşdur.
56. Avtomobilə dəymiş ziyanın məbləğinin düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin 16 avqust 2024-cü il tarixli, 9/4863 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş məlumatlara əsasən 2019-cu il burqaxılışlı “Mercedes- Benz Maybach” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti 8320, 68 manat, təmir bərpa işlərinin qiyməti 1277,73 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8344,73 manat o cümləldən dəyişilməli hissələrin qiyməti 7067.00 manat, təmir bərpa işlərinin qiyməti 1277,73 manat təşkil etmişdir.
57. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
58. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
59. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq dəmiş ziyanın məbləğini ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.
60. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
61. Kollegiya əlavə olaraq göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır. Belə ki, cavabdehin vəsatəti əsasında Məhkəmə Kollegiyasının sorğusu ilə “X4” tərəfindən alınmış xx.xx.2025-ci il tarixli 03 nömrəli məlumata əlavə edilmiş icra edilmiş xidmətlərə dair aktdan görünür ki, dəyişdirilmiş hissələrin içərisində arxa qazan da olmuşdur.
62. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
66. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
67. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdeh tərəfindən iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(021)-1217/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.