Məhkəmə qərarları › İş №2(104)-728/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-728/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-728/2024 09.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Qazax Rayon Məhkəməsinin işə baxan hakimi Nemət Musayevə və məhkəmənin sədrinə vermiş olduğu etiraza Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi barədə” ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.000 (iki min) manat kompensasiya verilməklə, onun Azərbayacan Respublikası ƏMDK yanında DƏDRX-ni 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il qeydiyyat tarixli **********19-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Qazax rayonu Ağköynək kəndindəki 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 373.4 kvm olan fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehin 2 ədəd tək nəfərlik yataq mebelindən (çarpayılardan), 3 ədəd yorğan-döşək dəstlərindən, 2 ədəd 3x2 ölçülərdə xalçalardan, 1 ədəd sandıqdan, 1 ədəd xırda ölçülü televizordan və tumbuçkasından, 1 ədəd “Çinar” markalı soyuducudan, 1 ədəd “Çudo” peçindən, 1 ədəd sadə paltaryuyandan və 1 ədəd yataq mebelindən ibarət cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X1 evinin tikintisi, əsaslı və cari təmiri ilə bağlı tərəfindən çəkilmiş 55255 (əlli beş min iki yüz əlli beş) manat xərc məbləğinin və qarşılıqlı iddianın verilməsi ilə bağlı ödədiyi 256.40 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 nömrəli qərardadı ilə, Cavabdeh qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh şikayət verərək, Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini və əks təqdirdə şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(023)-891/2023 saylı qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli, 2(104)-2114/2023 nömrəli qərardadı ilə, Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 24 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 nömrəli qərardadının ləğv edilməsi, mülki iş qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsinə baxılması üçün Qazax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(023)-891/2023 nömrəli qərardadi ilə, iddiaçi İddiaçı Cavabdeh qarşı mənzil mübahisələri mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-891/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli, 2(104)-2646/2023 nömrəli qərardadı ilə, Cavabdeh tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Qazax Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(023)-891/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 16 oktyabr 2023-cü il tarixli 2(023)-891/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Qazax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan 2(023)-891/2023 nömrəli iş üzrə Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayevə və məhkəmə tərkibinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsində onun ziyanına olan qərar qəbul edilmişdir. Bu səbəbdən bütün məhkəmə tərkibinə etiraz etmiş, işin baxılması üçün mülki işin etiraz məsələsi həll olunması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-15/2024 nömrəli qərardadı ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-15/2024 saylı mülki işə Qazax Rayon Məhkəməsində baxılmasına dair etiraz ərizəsi təmin edilsin və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayev etirazın dəlillərini nəzərdən keçirərək, etirazda mülki prosessual qanunverciliklə nəzərdə tutulan əsaslar birbaşa olmasa da, gələcəkdə çıxarılan məhkəmə qərarı tərəfdə şübhə və inamsızlıq yaratmasın deyə həmin etirazın Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsində baxılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə kollegiyası etirazı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, etiraz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 19.1.7. maddəsinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 21.1. maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Azərbaycan Respublikasının MPM-in 21.2. maddəsinə əsasən etiraz etmə və ya özüözünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Azərbaycan Respublikasının MPM-in 22.5. maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 99 maddəsinə əsasən hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı iş üzrə 22 oktyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə, məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə nail olmaq üçün qərəzsiz məhkəmənin olması milli və beynəlxalq hüququn tələbi, eyni zamanda ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtidir. Ədalət mühakiməsinin bütün şübhələrdən kənar həyata keçirilməsi baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Cavabdeh Qazax Rayon Məhkəməsinin işə baxan hakimi Nemət Musayevə və məhkəmənin sədrinə vermiş olduğu etiraz təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 23.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 19, 23, 263-264-cü maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d i: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh Qazax Rayon Məhkəməsinin işə baxan hakimi Nemət Musayevə və məhkəmənin sədrinə vermiş olduğu etiraz təmin edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar