Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-74/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlunun Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi), qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hasarın sökülməsi, torpaq sahəsinin qaytarılması, maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 Taleh oğlunun, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh, onun vəkili X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlunun Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi) hasarın sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğluna qarşı maneənin aradan qaldırılması və əmlakın çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1515/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 03/861 nömrəli məktubunun surətindən görünür ki, Gəncə şəhəri, Əlillər dairəsi adlanan ərazidə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə torpaq sahəsi ayrılmamışdır. Sözügedən ərazidən hansı şəxs/qurum tərəfindən torpaq sahəsinin ayrılması barədə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətində məlumat yoxdur.
2. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 161/2022 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş hasarın uçurulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 500 manat və ödənilmiş 2 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1386/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-161/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2001/2023 nömrəli qərardaddan görünür ki, iddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torapq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair iddia mümkün sayılmaması qərara alınmışdır.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2001/2023 nömrəli məktubundan görünür ki, iddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-2001/2023 nömrəli qərardadı ilə mümkün sayılmamış və sözügedən qərardad qanuni qüvvəsini almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlu Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi) hasarın sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Gəncə şəhəri Cavadxan qəsəbəsi ərazisində Bayandırxan və Məmmədtağı küçəsinin kəsişməsində yerləşən 0.06 ha torpaq sahələrində zəbt edilmiş 57 metr uzunluğunda qanunsuz inşa etdirdiyi daş hasarın onun öz hesabına sökülməsini və həyətyanı sahələrinə giriş-çıxış avtomobil yolunun bərpa edilməsini və ödədikləri 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunun cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-161/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş hasarın uçurulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 500 manat və ödənilmiş 2 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan tərəflər apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-61/2022 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Cavabdeh birinci instansiya və eləcə də apelyasiya instansiyasında izahat verərək göstərmişdir ki, “guya Gəncə şəhəri Kəpəz Rayonu Əlillərin dairəsi deyilən ərazidə (Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Bayandırxan və Məmmədtağı küçəsinin kəsişməsində) onun mərhum X7a məxsus 80 sot torpaq sahəsi olmuşdur və o, 2019-cu ilin may ayından etibarən həmin torpaq sahəsini 57 metr uzunluğunda daş hasara aldırmışdır və ona görə də həmin torpaq sahəsi onun mülkiyyətidir”. 1988-ci ildə baş verən məlum hadisələr zamanı Ermənistan SSR-nin Vardenis rayonundan zorla çıxarılaraq Ermənistandan qovulmuşlar və həmin vaxtdan Gəncə şəhərində qaçqın kimi məskunlaşmışlar. Həmin dövrdə onlara Kəpəz rayonu Əlillilərin dairəsinə yaxın yerdən 0.06 ha torpaq sahəsində yerləşən 1 otaqdan ibarət ev verilmişdir. İddiaçı1 onun qızıdır, İddiaçı2 isə qızının həyat yoldaşıdır. Məskunlaşdıqları zaman həmin 0.06 ha torpaq sahəsinin mənzillə birlikdə istifadələrinə verilməsinə dair heç bir sənədləşdirmə aparılmamışdır. 0.06 ha torpaq sahəsinə bitişik torpaq sahəsində cavabdeh yaşayır və orada yaşamaq üçün vaqon quraşdırmışdır. 2019-cu ilə kimi cavabdehlə onların istifadələrində olan torpaq sahəsində heç bir hasar olmayıb. Həmin ərazidə yerləşən torpaq sahələri dövlətin mülkiyyətindədir və əhalinin müraciəti əsasında yerli icra hakimiyyəti bildirib ki, həmin torpaq sahələri bələdiyyə mülkiyyətinə verildikdən sonra torpaq sahələrinə dair sənədləşmə işləri aparıla biləcək. 2019-cu ilə kimi istifadə etdikləri torpaq sahəsinə avtomaşınla daxil olmaq mümkün idi. Lakin, cavabdeh 2019-cu ildə istifadələrində olan 0.06 ha torpaq sahəsinin 0.04 ha sahəsini zəbt edərək 57 metr uzunluğunda daş hasar çəkmiş və torpaq sahəsinə giriş-çıxışı da daraltmışdır. Cavabdeh sui-istifadə edib əlavə torpaq sahələrini zəbt edib hasara aldırmış və bununla da kifayətlənməyib 0.06 ha torpaq sahələrinin böyük hissəsini zəbt etmişdir. Cavabdeh məhkəmə instansiyalarında verdiyi izahatlatda qeyd edib ki, guya həmin torpaq sahəsi ona məxsusdur. Lakin, onun hasara aldırdığı torpaq sahəsinin atasından qalmasına dair və hal-hazırda da torpaq sahəsinin ona məxsus olmasına dair heç bir hüququmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Məskunlaşdıqları 0.06 ha torpaq sahəsinin üzərində inşa edilmiş 1 otaqdan ibarət ev olub və qızı Sevinclə İddiaçı2 1995-ci ildə ailə həyatı qurduqdan sonra Nazim həmin 1 otağın yerində 2 otaqdan ibarət ev tikmişdir. Dəfələrlə cavabdehə müraciət edib qanunsuz hördüyü hasarı söküb zəbt etdiyi torpağı qaytarmasını tələb etməklərinə baxmayaraq o, zəbt etdiyi torpaq sahəsini könüllü olaraq qaytarmaqdan boyun qaçırır.
8. Cavabdeh iddia tələbinə dair birinci instaniya məhkəməsinə etiraz təqdim edərək, ilk iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, mərhum atası X2 işlədiyi Azərelektromontaj- 2 (PMK-2) idarəsi tərəfindən 15 sentyabr 1977-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Əllərin dairəsi deyilən ərazidə 80 sot torpaq sahəsi və yaşamaq üçün vaqon verilmişdir. Həmin vaxtdan atası öz ailəsi ilə birlikdə orada yaşayıb. Cavabdeh 1980-ci ildə həmin evdə (vaqonda) doğulmuş və orada yaşamışdır. X7 2001-ci ildə vəfat etdi. Torpaq sahəsinin bir hissəsi dəmir (məftil) hasarla hasarlanmışdı. 2019-cu ilin may ayından etibarən o, dəmir hasarı söküb 57 metr uzunluğunda daş hasar çəkdi. İddiaçılar onu inşa etdiyi daş hasarın 34 metr hissəsini özbaşlarına sökdüklərinə görə o, dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiası qismən təmin edilərək İddiaçı2 hasarın uçurulması nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 500 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. İddiaçılar iddia ərizəsində qeyd edir ki, guya onlar 1988-ci ildə Ermənistandan qovulduqdan sonra onlara qeyd edilən ərazidə 1 otaqdan ibarət ev və 0,06 ha torpaq sahəsi verilmişdir. Bu tamamilə yalandır. Torpaq sahəsində uzun illər Eyyub adlı bir nəfər yaşlı adam əkin-biçinlə məşğul idi. Orada olan 1 otaqdan ibarət damı təxminən 20 il əvvəl Eyyub kişi iddiaçı Bilmana vermişdir və sonuncu da orada donuz saxlayardı. Eyyub kişi rəhmətə gedəndən sonra iddiaçılar torpağın boş qaldığını görüb 2012-ci ildə gəlib oranı zəbt etmişlər. Bundan başqa iddiaçılar qeyd edir ki, guya istifadə etdikləri torpaq sahəsinə 2019-cu ilədək avtomaşınla daxil olmaq mümkün idi, lakin cavabdeh guya onların istifadəsində olan 0,06 ha torpaq sahəsinin 0,04 ha hissəsini zəbt edib hasarladığına görə torpaq sahəsinə giriş-çıxış daralmışdır. Bu da tamamilə yalandır. Belə ki, əvvəla, orada heç vaxt avtomaşın yolu olmayıb, orada dəmir hasar olub avtomaşın yolu necə ola bilərdi. Əgər şəhərin xəritəsinə baxılsa, orada yol olmadığı öz təsdiqini tapar. İkincisi, o, iddiaçıların torpaq sahəsini deyil, əksinə iddiaçılar onun torpaq sahəsinin bir hissəsini zəbt ediblər. Bundan başqa iddiaçılar qeyd edir ki, o, torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, bu barədə heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, qeyd edilən 0,8 ha (80 sot) torpaq sahəsinin və içərisində olan yaşayış vaqonunun atasına işlədiyi Azərelektromontaj-2 (PMK-2) idarəsi tərəfindən verilməsi barədə xx.xx.1977-ci il tarixli Akt var. Bundan başqa Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə iddiaçı, həmin vaxt cavabdeh olan İddiaçı2 inşa etdiyi hasarın uçurulması nəticəsində ona vurmuş olduğu ziyana görə 500 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Əgər onun torpaq sahəsinə heç bir hüququ olmasaydı və o, hasarı qanunsuz inşa etmiş olsaydı, məhkəməmə belə bir qətnamə çıxarmazdı. İddiaçıların isə iddia etdikləri 0,06 ha torpaq sahəsinə dair ümumiyyətlə heç bir sənədi yoxdur. İddiaçılar bunu özləri də iddia ərizəsində etiraf edirlər. İddiaçılar iddia ərizəsinə evin eskiz layihəsini əlavə etsələr də, həmin layihə saxtadır, layihənin olmasını şəhər icra hakimiyyətinin nümayəndələri təsdiq etmədilər. Eyni zamanda iddiaçılar onu da bildirirlər ki, torpaq sahəsi dövlətin mülkiyyətindədir. Belə olan halda iddiaçıların ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə ümumiyyətlə subyektiv hüquqları yoxdur.
10. Bundan sonra ilk iddia üzrə Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğluna qarşı maneənin aradan qaldırılması və əmlakın çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Əllərin dairəsi ərazidə 80 sot torpaq sahənin daş hasarını inşa etməyinə cavabdehlər İddiaçı3, İddiaçı1, X4 və İddiaçı2 törətdikləri maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər tərəfindən torpaq sahəsinə qoyulmuş 2 ədəd su çəninin və qaz borusu ilə qaz sayğacının torpaq sahəsindən götürülməsi, hasarın 2 metr hissəsində inşa etdikləri ayaqyolunun sökülməsi, cavabdehlər tərəfindən torpaq sahəsində qazılmış-quraşdırılmış kanalizasiya quyusunun bağlanması və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mərhum atası X2 işlədiyi Azərelektromontaj-2 (PMK-2) idarəsi tərəfindən 15 sentyabr 1977-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Əllərin dairəsi deyilən ərazidə 80 sot torpaq sahəsi və yaşamaq üçün vaqon verilmişdir. Həmin vaxtdan atam öz ailəsi ilə birlikdə orada yaşayıb. O, 1980-ci ildə həmin evdə (vaqonda) doğulmuşdur və orada yaşamışdır. X7 2001-ci ildə vəfat etmişdir. Torpaq sahəsinin bir hissəsi dəmir (məftil) hasarla hasarlanmışdı. 2019-cu ilin may ayından etibarən o, dəmir hasarı söküb 57 metr uzunluğunda daş hasar çəkmişdir. Lakin cavabdehlər onun inşa etdiyi daş hasarın 34 metr hissəsini özbaşlarına sökdülər. Belə ki, onlar iddia edirlər ki, guya o, hasar çəkdiyi təqdirdə onların avtomobil yolu bağlanır, halbuki orada heç bir vaxt avtomobil yolu olmayıb. Cavabdehlər onun inşa etdiyi daş hasarın bir hissəsini özbaşlarına sökdüklərinə görə o, dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-161/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı2 hasarın uçurulması nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 500 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq cavabdehlər ona hasarın yenidən inşa edilməsinə mane olurlar. Bundan başqa cavabdehlər öz 2 ədəd su çənlərini onun həyətinə qoyublar, qaz borusu onun həyətindən keçir və qaz sayğaclarını onun həyətində quraşdırıblar. Cavabdehlər təxminən 2 il əvvəl su çənlərini və qaz borusu ilə sayğacı götürəcəklərinə söz versələr də sonradan götürmədilər. Cavabdehlər ona öz torpaq sahəsinin hasarını çəkməyinə mane olduqlarına və həyətinə qoyduqları 2 ədəd su çənini və qaz borusu ilə sayğacı həyətindən könüllü olaraq götürmədiklərinə görə o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1515/2023 nömrəli qərardadı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Taleh oğlunun Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi) hasarın sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır.
13. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1515/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli), qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139-1.1, 152.1, 152.5, 157.4 və 157.8-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsi istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216–220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Cavabdehlər ona öz torpaq sahəsinin hasarını çəkməyinə mane olduqlarına və həyətinə qoyduqları 2 ədəd su çənini və qaz borusu ilə sayğacı həyətindən könüllü olaraq götürmədiklərinə görə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə cavabdehin vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının izahatında göstərdiyi xüsusatlara oxşar izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 Taleh oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, üçüncü şəxslər Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
25. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
26. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
33. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
34. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
35. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
36. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
47. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
50. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
52. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1515/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Beləliklə, işin halları ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Əllərin dairəsi ərazidə 80 sot torpaq sahəsində daş hasarın inşa edilməsinə cavabdehlər İddiaçı3, İddiaçı1, X4 və İddiaçı2 tərəfindən maneənin törəldiyini, cavabdehlər tərəfindən torpaq sahəsinə qoyulmuş 2 ədəd su çəninin və qaz borusu ilə qaz sayğacının torpaq sahəsindən götürülməli olduğunu, hasarın 2 metr hissəsində inşa etdikləri ayaqyolunun sökülməsini, cavabdehlər tərəfindən torpaq sahəsində qazılmışquraşdırılmış kanalizasiya quyusunun bağlanmasını bildirir. Lakin, həmin torpaq sahəsinə dair qarşılıqlı iddia üzrə iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur.
55. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
56. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən, toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
57. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
58. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
59. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
60. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
61. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
62. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
63. Qeyd olunmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
64. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
65. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
66. Bu baxımdan ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının cavabdehlərə qarşı torpaq sahəsindən çıxarılması, maneələrin aradan qaldırılması və tələbi üzrə iddiaçının mübahisəli torpaq sahəsinə hüquqlara malik olub olmadığının araşdırılması zəruridir.
67. Həmçinin, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarından da irəli gəlir. Həmin Qərarın 6-cı bəndində qeyd olunmuşdur ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir.
68. İşin müəyyən olunan hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yoxdur.
69. Ümumiyyətlə, Cavabdeh mübahisəli torpaq sahəsinə hətta titul sahibliyi belə müəyyən olunmur.
70. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlərlə, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
71. Qarşılıqlı iddia üzrə iddiaçının bu torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya başqa fiziki və ya hüquqi şəxslə müqaviləsi yoxdur. Bu torpaq sahəsinin iddiaçının istifadəsinə və ya icarəsinə verilməsinə dair müvafiq icra hakimiyyətinin və ya səlahiyyətli bələdiyyənin qərarı verilməmişdir.
72. Ona görə də birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
73. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Əllərin dairəsi ərazisində yerləşən sahəsi 80 sot olan torpaq sahəsinin özünə məxsus olduğu barədə hüquqverici sübut təqdim etməmişdir. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olduğunu qeyd etsə də, bununla bağlı iş materiallarında hər hansı bir sənəd (çıxarış, şəhadətnamə və.s.) mövcud deyildir. Sonuncu tərəfindən tələbinin əsası kimi sübut qismində təqdim edilmiş xx.xx.1977-ci il tarixli akt isə hüquq müəyyənedici sənəd hesab edilə bilməz.
74. Çünki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
75. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
76. Adı çəkilən Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
77. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
78. Mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
79. Yuxarıda qeyd edilərdən də göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər tərəfindən ona aid olan torpaq sahəsinin zəbt edildiyini, sonuncular tərəfindən torpaq sahəsinə 2 ədəd su çəninin və qaz borusu ilə qaz sayğacının qoyulduğunu, tikililərin olduğunu bildirir. Həmin fakt isə yalnız iddiaçının subyektiv izahatı ilə təsdiq olunur. Bundan başqa, iddiaçı tərəfindən məhkəmələrə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
81. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
82. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
83. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, qarşılıqlı iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
84. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
85. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı2nın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
88. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
89. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
90. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1515/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.