Məhkəmə qərarları › İş №2(104)-745/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-745/2024

15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-745/2024 15.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(015)-1314/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin ona əsassız olaraq yazmış olduğu 1555,20 manat borcun sistemdən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağstafa rayonu Sadıxlı kəndində yaşayır. Bu vaxta qədər istifadə etdiyi qazın və istifadə etdiyi komunal xidmətlərin xərclərini vaxtı-vaxtında ödəyir. Cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları onun qaz sayğacının istismar müddətinin başa çatması və dəyişmək adı ilə yoxlama keçirmiş və nəticədə saxta akt tərtib edərək sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilmişdir. Nəticə etibarı ilə qaz itkisini bəhanə edərək onun üzərinə 1555,20 manat əlavə ödəniş kimi müəyyən etmişlər. İdarənin əməkdaşları guya onun aktı imzalamaqdan imtina etməsini qeyd etmişlər, halbuki heç kim ona aktı imzalamağı təklif etməmişdir. Onun yazılan cərimədən bir necə ay sonra məlumatı olmuşdur. Şəmkir X2 İdarəsinin əməkdaşları yalnız şablon göstəricilər əsasında tətbiq edilən ziyanlığın ödənilməsi tələb edirlər. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin qanunsuz qaydada ona əsassız olaraq yüklədiyi və yazmış olduğu 1555,20 manat borcun sistemdən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(015)-1314/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilərək, “Azəriqaz” İB-yi tərəfindən abonent kodu **********04420 olan İddiaçı yazılmış 1555,20 manat (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi və “Azəriqaz” İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 35,55 (otuz beş manat əlli beş qəpik) manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus 10292703 nömrəli qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Aktda sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qeyd olunmuşdur. “Qaz sayğacının yoxlanılması haqqında” 10 aprel 2023-cü il tarixli, MSK-14/12-2/3-5- 3714-1 nömrəli rəydən görünür ki, iddiaçıya məxsus 10292703 nömrəli qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması müəyyən edilr. Dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması qərara alınmışdır. İtirilmiş qaz sərfi 12960 kubmetr müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(015)-1314/2023 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(015)-1314/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555,20 manat itirlmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin mart ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin mart ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmış və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Həmin aktda sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qeyd olunmuşdur. “Qaz sayğacının yoxlanılması haqqında” 10 aprel 2023-cü il tarixli, MSK-14/12-2/3-5-3714-1 nömrəli rəyə əsasən iddiaçıya məxsus 10292703 nömrəli qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia edərək iddiaçıya 12960 kubmetr həcmində, 1555.20 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir. Həmçinin yeni qaz sayğacı quraşdırıldıqdan sonra istifadə edilmiş qazın həcmində əvvəlki dövrə münasibətdə hər hansı bir ciddi dəyişiklik olmamışdır ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi və ya düzgün qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Bundan başqa sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qeyd olunmuşdur ki, bu deşilmənin sayğacın hesablama mexanizminə hər hansı bir təsirinin olması da əsaslandırılmamışdır. Digər tərəfdən isə iddiaçıya məxsus qaz sayğacındakı nöqsan 04 aprel 2023-cü il tarixdə aşkar olunsa da, itirilmiş qazın hesablanmasına dair tələbnamə 4 gün əvvəl, yəni 31 mart 2023-cü il tarixdə tərtib olunmuşdur ki, bu da anlaşılan olmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(015)-1314/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(015)-1314/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar