Məhkəmə qərarları › İş №2(104)-749/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-749/2024

30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-749/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsqərli Yelmar Yaşar oğlunun katibliyi ilə , İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 13 dekabr 2023cü il tarixli 2(015)-1269/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17 sentyabr 2022-cü il tarixli ******* nömrəli aktın sürətindən görünür ki, İddiaçı istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur 2.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20.aprel.2023-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Ağstafa rayonu Həsənsu kəndində yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirilməsi zamanı, sayğacdan qaz keçdiyi, lakin hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi əsas gətirilərək akt tərtib olunmuşdur.

3. Abonentin saldosundan görünür ki, İddiaçı akt üzrə 345,60 manat cərimə hesablanmışdır.

4. Dəymiş ziyanın bərpasına dair 28 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Sənaye və maişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 19 aprel 2023-cü il tarixli -14-2-2\3-5-392-1 nömrəli aktına əsasən G-4 markalı **********3 nömrəli sayğacdan qaz keçır, nəticədə hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə qaz itkisi yaranmışdır. 20 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçın 2880 m3 qaz sərfiyyatı hesablanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 353,64 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azəriqaz İB-nin əməkdaşları tərəfindən 19 aprel 2023-cü il tarixdə, sayğaca baxış keçırılmış və ******* nömrəli akt tərtib olunmuşdur. Yoxlama zamanı qeyd edilmişdr ki, sayğac istismara yararsızdır. Halbu ki, sayğaca heç bir müdaxilə edilməmişdir.

7. Ağstafa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(015)-1269/2023 nömrəli (hakim Z.Rəsulov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1.036,80 manat məbləğində borcun silinməsi; İddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar tələbi üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30,36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 386.1, 390.1, 1096.1, maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11, 13 maddələri, Dövlət rüsümu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1, 9.1 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233,357-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə edildiyinə görə sərfiyat düzgün qeyd olunmamış və məsrəf edilmiş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilərək 2023-cü ilin aprel ayında abonent hesabına işlənmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyini nəzərə almadan iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, sayğacın hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri iştirakı ilə sayğacda qüsur aşkar etmişlər. Sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış və fakt öz təsdiqini tapmışdır. Abonentin istifadəsində olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 345,60 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 30 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 1036,80 manat məbləğin silinməsini qət etmişdir

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddianın təmin edilməsi hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

30. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir. Buna baxmayaraq sonradan, yəni 19 aprel 2023cü il tarixdə sayğacdan qaz keçdiyi, lakin hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi əsas gətirilərək 20 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, daha sonra isə həmin akt əsasında 2880 m3 qaz itkisinə görə abonentə 345,60 manat cərimə hesablanmışdır. Bununla razılaşmayan abonenet İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də, iddia tələbindən kənara çıxaraq abonentin hesabından 1.036,80 manat borcun silinməsini qət etmişdir.

31. Bu qətnamənin 29-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir

32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çəxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. Bundan əvvəldə qeyd olunduğu kimi 20 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında abonentə 2880 m3 qaz itkisinə görə 345,60 manat cərimə hesablanmasına baxmayaraq, İddiaçı iddia tələbində 353,64 manat cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Halbu ki, abonentin saldosundan da müəyyən olunur ki, 2023-cü ilin sentyabr ayına olan 353,64 manat borcun 345,60 manatı akt əsasında hesablanan cərimə, 8,04 manat isə debitor borc olmuşdur. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi ümumiyyətlə tələbdən kənara çıxaraq 1.036,80 manat borcun silinməsini qət etmişdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması əsaslarından biridir.

35. Həmin Məcəllənin 387.1. maddəsində isə qeyd olunur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

36. İşdən müəyyən olunur ki, iddia tələbindən kənara çıxmanın müstəsna halı mövcud olmamışdır. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən, yəni 345,60 manat cərimə borcunun silinməsi hissədə təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir.

37. Belə ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətində “sayğacdan qaz keçdiyi halda, lakin hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsini” əsas gətirsədə, lakin abonentin istifadəsində olan sayğaca məhz onun tərəfindən, yəni sonuncunun qanuna zidd hərəkətləri ilə sayğaca müdaxilə olunması iş materialları ilə təsdiq olunmur, eləcədə “Azəriqaz” İstesalat Birliyi bu barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə müvafiq olaraq, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

42. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentə hesablanmış 345,60 manat cərimə silinməli, iddia qalan hissədə təmin edilməməli, eləcədə iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınıb Dövlət büdcəsinə verilməlidir.

43. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(015)-1269/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 353,64 manat cərimə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. 20 aprel 2023-cü il tarixli akt əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent (iddiaçı) İddiaçı hesablanmış 345,60 manat cərimə silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınıb Dövlət büdcəsinə verilməlsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar