Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-752/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar söz: subroqasiya qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 (sonuncu prosesdə iştirak etmir), Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1987/2022 saylı mülki iş üzrə 26 dekabr 2022ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan xx.xx.2015-ci il tarixli, AZ-İ 727827 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1988-ci il tarixli, 393582 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 arasında xx.xx.1988-ci ildə nikah bağlanmışdır.
2. İşdə olan Gəncə Ağır Cinayətlər Məkəməsinin xx.xx.2015-ci il tarixli 1(088)-309/2015 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh 31 iyul 2015-ci il tarixdə, saat 08 radələrində alkoqol sərxoşluğu halında, həmçinin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyi QAZ-270500-mikroavtobus markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinləri Gəncə şəhəri Gülüstan qəsəbəsi, «Üç qardaş» adlanan ərazidə yerləşmiş 48 nömrəli yaşayış binasının yaxınlığından keçən yolda digər avtomobilə minmələri üçün boşaltdıqdan sonara ‘‘Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-ci hissəsinin tələblərinə əsasən avtomobili dayandığı yerdən arxaya doğru hərəkətə gətirməzdən əvvəl eldiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı, mikroavtobusdan arxada piyadanın olduğu vəziyyətdə mikroavtobusu arxaya doğru hərəkət etdirməməli olduğu halda bunları etməyərək yaxınlıqda olan dayanacağa getmək üçün avtomobili arxaya doğru hərəkət etdirərkən həmin avtomobilin arxasında dayanmış Gəncə şəhərində yaşayan X6 avtomobilin arxa tərəfi ilə vuraraq ona təpə-ənsə sümüklərinin qəlpəli sınığı, baş beyinin yumşaq qişasına, beyin mədəciklərində qansızma; döş qəfəsinin sağ tərəfində İİİ-İV-V-Vİ qabırğaların döşyanı xətt üzrə sınığı, sağ ağ ciyərin cırılması; sağ döş boşluğunda 800 ml maye qanın olması; hər iki baldır sümüklərinin açıq sınıqları, sağ baldır sümüklərinin qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızıma, üz və burun sümüklərinin sınıqları; üz hər iki dirsək, sağ sağrı, sağ bud, hər iki baldır və hər iki ayaq pəncələrinin üst səthlərinin sıyrıqları ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2016-cı il tarixli qərarı ilə Gəncə Agır Cinayətlər Məhkəməsinin dekabr 2015-ci il tarixli hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. İşdə olan 050401 nömrəli xx.xx.2018-ci il tarixli “Sığorta akt”ından görünür ki, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Sığorta məbləği 5000 AZN olduğundan sığorta ödənişi vəfat etmiş şəxsin arvadı X2 ödənilir.
4. İşdə olan xx.xx.2018-ci il tarixli, 27541718 (4825) saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 5000 manat məbləğində pul ödəniş olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X5 vəfatına görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 5000 manat sığorta ödəniş məbləğini və iddia ərizəsinin verilməsi ilə bağlı 70,40 dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan ‘‘GAZ 270500” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X8 vəfat etmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. İddiaçı Sığorta Şirkəti öz növbəsində X5 vəfatına görə 5 000 AZN sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının, Ali Məhkəmənin Cinayət Kollegiyasının yekun qərarlarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan və etibarnaməsiz avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır.
7. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1987/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1987/2022 saylı mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi və apellyasiya şikayəti verilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 35,4 manat məbləğində dövlət rüsumunun da Cavabdeh alınıb, İddiaçı Sığorta Şirkəti ASC-yə verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə 3 illik iddia müddəti tətbiq etməklə, iddia tələbini rədd etmişdir. Qanunvericiliyin tələbindən görünür ki, 3 illik iddia müddəti müqavilə tələbləri üzrə nəzərdə tutulmuşdur. Hazırki işdə iddia tələbi müqavilə ilə bağlı deyil, subroqasiya hüququ qaydasında pul tələbidir. Çünki, tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından irəli gəldiyindən bu cür iddialara ümumi iddia müddəti tətbiq edilə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 21.1 və 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
15. Maddə 936.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 16.Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir
18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Maddə 385.1.2. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin аpellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
26. Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
30. Hazırki işin faktiki hallarına görə Cavabdeh xx.xx.2015-ci il tarixdə sərxoş vəziyyətdə, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi ‘‘GAZ 270500” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticədə X8 adlı şəxs ölmüşdür. İddiaçı Sığorta Şirkəti öz növbəsində X5 ölməsinə görə 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının, Ali Məhkəmənin Cinayət Kollegiyasının yekun qərarlarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan və etibarnaməsiz avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də iddiaçı təfər həmin pulun cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə iddiaçının müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülməsi qənaətinə gələrək, iddia tələbini təmin etməmişdir.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə əsaslı olmamışdır.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərinə görə ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir.
33. Məhkəmə kollegiyası göstərir ki, hazırki işdə pul tələbi tərəflər arasında müqavilə öhdəliyindən deyil, cavabdehin təqsirindən əmələ gələn ziyanla bağlı yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə 10 illik ümumi iddia müddəti tətbiq edilə bilər. İşdən isə görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2015-ci il tarixdə baş vermiş və bundan sonra 10 il keçməmişdir. Belə olan halda iddiaçı ASC tərəfindən hazırki tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsindən söhbət gedə bilməz. İrəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Həmin maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddia təmin edilməlidir.
34. Beləliklə, məhkəmə kollegiyası aparılmış araşdırmalar nəticəsində belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır, ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməklə təmin edilməlidir.
35. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, iddiaçı ASC hazırki iddianı qaldırmaq üçün 70 manat, qətnamədən apellyasiya şikayəti vermək üçün isə 35 manat olmaqla, cəmi 105 manat məbləğində dövlət rüsumu ödənmişdir. 36.İrəli sürülən iddia əsaslı sayıldığından və təmin edilməli olduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddiaçı tərərfindən ödənilmiş dövlətları rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1987/2022 saylı mülki iş üzrə 26 dekabr 2022ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. Cavabdeh Fazil oğlundan 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 105 (bir yüz beş) manat məbləğində pul tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.