Məhkəmə qərarları › İş №2(104)-755/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-755/2024

06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-755/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehslalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2546/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehslalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2546/2023 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddianın qismən təmin edilməsi, cavabdeh “Azəriqaz” İBnin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İB apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2546/2023 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı 4.147,20 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. “Azəriqaz” İB-nin əməkdaşları onu məlumatlandırmadan və evdə heç kimin olmamasından istifadə edərək adına quraşdırılmış sayğaca baxış keçirmiş və xx.xx.2023–cü il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda “sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni qoşulma tərəfimizdən aşkar olundu” qeydi yazılmış və ona 4.147,20 manat borc hesablanmışdır. Halbuki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4.147,20 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı iddiaçı X2 verdiyi izahatında sayğacdan kənar, rezin boru vasitəsilə qeyri-qanuni qoşulma faktını təsdiq və etiraf etmişdir. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə işin mübahisəsiz halıdır və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 4147,20 manat itirilmiş qazın bərpası üçün dəymiş zərər hesablanmışdır. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin may ayında hesablanmış borc məbləği qaz xəttinə qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərmiş, başqa işi ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isə nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 2546/2023 saylı qətnaməsi dəyişdirilməli və iddia tələbi yenidən qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni qoşulma faktı müəyyən edilmiş, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2023-cü ilin iyun ayına Şəmkir rayonu, Təzəkənd kənd sakini olan abonent İddiaçı adına 4.147,20 manat borc hesablanmışdır. İşdə olan “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmişdir. İşdə olan İddiaçı tərəfindən verilmiş ərizədə göstərilir ki, o, bilmədən, mahiyyətini dərk etmədən on beşlik boru vasitəsilə kənar xətlə qaz borusuna qoşulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə qaz əməkdaşları tərəfindən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən abonent İddiaçı sayğacına baxış keçirilərkən sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni qoşulma faktı müəyyən edilmiş və bununla bağlı eyni tarixli akt tərtib edilmişdir. 2023-cü ilin iyun ayına abonent İddiaçı adına 4.147,20 manat borc hesablanmışdır. İddiaçı X1 kənar, rezin boru vasitəsilə qeyri-qanuni qoşulma faktını etiraf etmişdir. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən dəymiş ziyanın məbləği hesablanarkən 90 gün müddət nəzərə alınmalı, həmçinin, iddiaçının qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi, o cümlədən iddiaçının həmin halı etiraf etməsi diqqətdə saxlanılmalıdır. Həmçinin, sahə rəisi tərəfindən hər ay istehlakçıya bildiriş verilərkən sayğaca nəzarət etməli olması nəzərə alınarsa, iddiaçının həqiqətən qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi daha ağlabatan və inandırıcıdır. İddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş qazın həcmi 4x24x90=8640m3x0,12=1.036,8 manat məbləğində müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 3.110,40 manat borc məbləği silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Apellyasiya şikayətində isə qeyd olunmuşdur ki, abonent İddiaçı sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni qoşulma faktı müəyyən edilmiş və onun adına 4.147,20 manat borc hesablanmışdır. Qeyd olunan hesablama qanunidir. Məhkəmə kollegiyası əvvəlcə apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, işdə olan “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən müəyyən olunur ki, X4 İstismar İdarəsi tərəfindən abonent İddiaçı adına olan qaz sayğacından kənar sərfiyyatı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə kollegiyası qeyd olunan hesablama ilə razılaşmır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla hesablanır. Ona görə də kollegiya hesab edir ki, X4 İstismar İdarəsi tərəfindən istifadə edilmiş qazın dəyəri hesablanarkən günlük 24 saatın nəzərə alınması qanuni deyil. Həmçinin birinci instansiya məhkəməsi də istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında istifadə edilmiş qazın dəyərini günlük 24 saatla hesablamaqla səhv nəticəyə gəlmişdir. Digər tərəfdən “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin hesablandığı halda birinci instansiya məhkəməsi dəymiş ziyanın məbləğini hesablayarkən 90 günlük müddəti nəzərə almışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən sayğacdan kənar qanunsuz qoşulma ilə bağlı cavabdeh tərəfindən iddiaçıya 360 gün*12 saat*4m3/saat=17.280 m3 dəymiş ziyan hesablanmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyərinə görə iddiaçıya artıq hesablanmış borcdan iddiaçının tələb etdiyi məbləğin yarısı, yəni 2073.6 manat borc İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının МPМ-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2546/2023 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı (Şəmkir rayonu, Təzəkənd kəndi, Abonent kodu: **********03310) hesablanmış 4147,20 manat borcdan 2073.6 (iki min yetmiş üç manat altmış qəpik) manat silinsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar