Məhkəmə qərarları › İş №2(104)-768/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-768/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-768/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(023)-1457/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat kompensasiya verilməklə mülkiyyətində olan Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə və onlara məxsus əşyaları ilə birlikdə onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(023)-1457/2022 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddia tələbi təmin edilməmişdir. Qazax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(023)-1457/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mülkiyyətində olan Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən evinə məhkəmə qərarı ilə köçürülmüşdür. Həmin yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi idarəsindən veriimiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat və **********82-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh 6 ildən çoxdur onun evindən çıxib getmişdir. Hazırda onun həmin evdə yaşaması onun üçün arzuolunmazdır. Onun evi köhnədir və yaşadığı Hüseynbəyli kəndində həmin şəraitdə yaşayış evinin aylıq kirayə haqqı ən yüksək halda 80 manat təşkil edir. Cavabdehin onun evində yaşaması dözülməzdir, onunla birgə yaşamaq mümkün deyildir. Cavabdehin onun evində yaşaması onun mülkiyyət hüquqlarını pozur və ona narahatçılıq yaradır. Hesab edir ki, 2000 (iki min) manat kompensasiya verilməklə cavabdehin mülkiyyətində olan yerləşən evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Ona görə cavabdehin kompensasiya verilməklə evdən çıxanılmasını istəyir. Mülki iş materiallarında olan: İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən 0,19 ha torpaq sahəsi üzərində Musayev Ramzan qurban oğlu, X3, X9, X7, X10, X12 və X8 ümumi birgə mülkiyyət hüququ, ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evi üzərində isə İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X20 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2013cü il tarixdə 501-3/505 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Qazax rayon İHB-nın Hüseynbəyli kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla, yaşayır. İş materiallarında olan "PAKİ GROUP MMC" Müstəqil Qiymətləndiricinin xx.xx.2022-ci il tarixli 233 saylı qiymətləndirmə rəydən görünür ki, Qazax rayonu Əzizbəyli kəndi 1 mərtəbəli yaşayış binasının bir illik kirayə haqqı təxminən 840 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdehlər İddiaçı, X2 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən evə isitifadə hüqunun bərpa edilməsi və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(023)-103/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(104)-358/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra cavabdeh Musayev Ramzan Qurban oğlu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-42628/2023 nömrəli arayışdan görünür ki, İddiaçı yaşa görə 362 manat 67 qəpik pensiya alır. İş materiallarına əlavə olunmuş Qazax RİH Başçısının Hüseynbəyli kənd İƏD üzrə Nümayəndəliyinin 01 mart 2023-cü il tarixli, 5-xx-xx-12021/2-206/2023 saylı arayışından görünür ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı Qazax rayonu, Hüseynbəyli kəndində pasport qeydiyyatında olmaqla, hazır-hazırda Qazax rayonu, Hüseynbəyli kəndində özünə məxsus 1968-ci ildə tikilmiş orta təmirli fərdi yaşayış evində yaşayır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsilə Qazax rayon məhkəməsinə müraciət etmişdir. İddia tələbində 2000 manat kompensasiya təklif etsə də məhkəmə ona heç bir kompensasiya təklif edilməmişdir. Məhkəmə iş üzrə qətnaməsini əsaslandırmıdşr ki, iddiaçı tərəfindən cavabdehə təklif olunan 2000 manat yetərli hesab etmir. Hansı ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, "…yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan məhkəmə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğinödənilməsi barədə razılğı nəzərə almamışdır. Məhkəmə bu iş üzrə kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli və həmin məbləği ona təklif etməli idi. Bu zaman nəzərə almalı idi ki, o, yalnız bir nəfərin istifadə hüqununa xitam verilməsini xahiş edir. Onun evinin yerləşdiyi kənddə onun evi ilə eyni şəraitli evin aylıq kirayə haqqı 100 manatı keçmir. Bununla bağlı qiymətləndiricinin rəyini də əlavə etmişdir. Məhkəmə isə onun iddia ərizəsində yazıdığı məbləği rədd etmişdir. Əslində məhkəmə ona bazar qiyməti ilə istifadə hüququna xitam verilməsi barədə real sübutlar və hallar əsasında müəyyən etidiyi kompensasiya məbləğini təklif etməli idi. Məhkəmənin görünür ki, qeyd etdiyim Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarından ümumiyyətlə xəbəri yoxdur. Hesab edirəm ki, mübahisələndirdiyi Qazax rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianı təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə etiraz: Cavabdeh iddiaçının apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmasına baxmayaraq iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinad etməməsində qüsur görür. Qətnamə guya həmin qərara zidd, yəni qanunsuz elə bir miqdar təklif edilməlidir ki, müliyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı yaratması mümkün olsun Odur ki, İddiaçı apellyasiya şikayətində məhkəmənin guya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələrinin tələblərinin pozulmasına dair göstərdiyi dəlillər həqiqətə uyğun deyil. Məhkəmə işin bütün hallarını araşdıraraq ədalətli qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, cavabdeh onun keçmiş gəlinidir. Əvvəllər oğlu Rasim Musayevlə nikahda olsalar da, 2018-ci ildə nikahları pozulmuş və cavabdeh həmin evdən çıxıb getmişdir. Lakin, sonradan məhkəmə qətnaməsinə əsasən o onun mülkiyyətində oilan evə köçürülmüşdür. Buna baxmayaraq o Gəncə şəhərində özünə ev almış və orada yaşamaqla, həmdə Gəncə şəhərində işləyir. Arada bir onun evinə gələrək ona yaşamağa imkan vermir, tez-tez aralarında söz söhbətlər olur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına isə cavab olaraq bildirdi ki, 300 manat pensiya alır. Onun evinin hazırki bazar dəyəri 15000- 20000 manat təşkil edir. Evi onun özü 1968-ci ildə inşa etmişdir. Cavabdeh ona öz evində rahat yaşamağa imkan vermir. Həmçinin bildirdi ki, hazırda cavabdehə 5000 manat kompensasiya verməyə razıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, iddiaçının təklif etdiyi 5000 manat kompensasiya məbləği ilə razı deyildir. Həmçinin bildirdi ki, X20 yerləşdiyi torpaq sahəsi ümumi birgə torpaq sahəsidir. İddiaçı onlara məxsus torpaq sahəsini satın almaqla, əlavə olaraq 10.000 manat kompensasiya veriləcəyi təqdirdə evdən çıxmağa razıdır. Məhkəmənin suallarına cavab olaraq cavabdeh bildirdi ki, o, mübahisəli evə köçənədək Gəncə şəhərində qızına məxsus evdə qızı ilə birlikdə yaşamış, həmin mənzil ona məxsus deyil, qızının evidir. Cavabdeh sonda məhəkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və Qazax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(023)-1457/2022 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən 0,19 ha torpaq sahəsi üzərində Musayev Ramzan Qurban oğlu, X3, X9, X7, X10, X12 və X8 ümumi birgə mülkiyyət hüququ, ümumi sahəsi 190.8 kv.m olan fərdi yaşayış evi üzərində isə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu Rasim Musayevlə 1994-cü ildə el adəti ilə evlənərək mübahisəli mənzilə gəlin köçmüş, nikahlarını isə xx.xx.1995-ci ildə rəsmiləşdirmişlər. Qazax Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu Rasim Musayevlə Cavabdeh arasında olan nikah pozulmuş, bundan sonra Cavabdehlər İddiaçı, X2 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən evə isitifadə hüqunun bərpa edilməsi və həmin evə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Qazax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(023)-103/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hazırda isə İddiaçı Cavabdeh qarşı dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat kompensasiya verilməklə mülkiyyətində olan Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə və onlara məxsus əşyaları ilə birlikdə onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(023)-1457/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Apellyasiya icraatı zamanı İddiaçı birinci instansiya məhkəməsindəki tələbdən fərqli olaraq, Cavabdeh ona məxsus Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi üçün 5000 (beş min) manat kompensasiya verilməsini təklif etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Belə ki, iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsindən ibarətdir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuş halına görə, tərəflərin arasında gərgin münasibətlər mövcuddur, mübahisəli evdə cavabdeh yaşayır və iddiaçı öz evindən istifadə edə bilmir. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, ““PAKİ GROUP MMC" Müstəqil Qiymətləndirici tərəfindən təqdim olunmuş rəyə görə, mübahisəsi gedən evin ərazisində yerləşən 1 mərtəbəli yaşayış binasının bir illik kirayə haqqı təxminən 840 manat təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, iddiaçıya cavabdehə 5000 manat kompensasiya verilməsi təklif edilmiş, iddiaçı tərəfindən də həmin məbləğ qəbul edilmiş və o kompensasiyanın məbləğini artıraraq cavabdehin istifadə hüququna 5000 manat müqabilində xitam verilməsini istəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya məbləği ilə cavabdehin başqa yеrdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun təqribən 6 ilə yaxın müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir, həmçinin həmin məbləğ onun özünə həmin yaşayış sahəsinin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin özünə məxsus hissəsində ev tikdirmək üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli evin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən evin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Kollegiya hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməklə, iddiaçı Musayev Ramzan Qurban oğlu tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya verilməklə onun iddiaçı Musayev Ramzan Qurban oğluna məxsus Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməli və həmin evdən əşyaları ilə birlikdə çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mübahisəli evdən çıxarılması müvafiq kompensasiya məbləği verilməklə icra olunmalı olduğundan, qətnamənin icrası qaydası kimi, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməli olması müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: Qazax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(023)-1457/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(023)-1457/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə onun, iddiaçı Musayev Ramzan Qurban oğluna məxsus Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin və o, əşyaları ilə birlikdə evdən çıxarılsın. İddiaçı 5.000 (beş min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun, mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları eyni vaxtda icra olunsun. Qətnamədən, rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar