Məhkəmə qərarları › İş №2(104)-775/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-775/2024

13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-775/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Xanbaba oğlunun və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-7007/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-7007/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, İddiaçı qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 iyun 2018-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 2.376 (iki min üç yüz yetmiş altı) manat və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 fevral 2023-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7007/2023 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Gəncə X4 İdarəsinə qarşı Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli və ******* nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 24.840 kub metr həcmində qaz sərfiyyatının silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Xanbaba oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Gəncə X4 İdarəsinin Cavabdeh ilə əvəz edilməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 11.880 kub metr və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında təbii qazdan qanunsuz istifadəyə görə 12.960 kub metr qaz sərfiyyatı üçün hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətin də olan Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən mülkə Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, 2018-ci və 2023-cü illərdə akt tərtib edilmişdir. Akta əsasən qaz sayğacına müdaxilə olunduğu aşkar edilmiş və əlavə qaz sərfiyyatı hesablanmışdır. İddiaçı 2014-cü il tarixdən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda da 11 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. İddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra evində heç kim yaşamamışdır. Həmin dövrdə ərazidə işləyən Gəncə Regional Qİİ-nin əməkdaşı Şahlar Bayramov adlı şəxs həmin evin qaz sayğacını söküb aparmış, uzun sürən şikayət və tələblərdən sonra ora başqa bir sayğac gətirib quraşdırılmışdır. Lakin İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, AKA-6 ünvanında yerləşən mülkə 2018-ci və 2023-cü illərdə aktlar tərtib edilmiş, əsassız qaz sərfıyyatı hesablanmışdır. Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktların və protokolların heç birinin əsli rəsmi olaraq, təqdim edilməmişdir. Müraciət edildikdən sonra təqdim olunan aktlardan da aydın görünür ki, tərtib olunmuş aktlar qanunsuzdur. Belə ki, təqdim olunmuş sənədlərdən aydın görünür ki, xx.xx.2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Aktda istehlakçıya məxsus yaşayış sahəsində quraşdırılmış qaz sayğacına xx.xx.2018-ci il tarixdə, saat 17:00-da baxış keçirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xx.xx.2018-ci il tarixli aktından isə aydın görünür ki, xx.xx.2018-ci tarixdə Gəncə Qİİ-dən Dövlət yoxlamasına aparılmiş əhalinin mexaniki tipli qaz sayğaclarına xx.xx.2018-ci il tarixdə baxış keçirilmişdir. Bundan başqa, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci tarixli aktından isə aydın görünür ki, yeni sayğac məhz xx.xx.2018-ci il tarixdə quraşdırılaraq təhvil verilmişdir. Bundan başqa qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat və hesabat müddəti isə 90 gün kimi qəbul edilmişdir. Digər tərəfdən dəymiş ziyan Cavabdeh İB tərəfindən düzgün hesablanmamışdır. Yəni Gəncə X4 İdarəsinin gəldiyi nəticəyə görə evdə olan qaz işlədiciləri 90 gün dayanmadan işləmişdir ki, buda həqiqətə uyğun deyildir. Ümumilikdə 24.840 kub metr əlava qaz sərfiyyatı hesablanmışdır. Belə ki, hesablanmış bu sərfiyyat düzgün hesablanmamaqla yanaşı, qanunsuz olaraq hesablanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya 2018-ci ilin may, 2023-cü ilin iyun ayında hesablanmış borc məbləğləri qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. İş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2018-ci lin may, 2023-cü ilin iyun ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Belə ki, iddiaçının iştirakı ilə sayğac xx.xx.2018-ci il tarixdə sayğac səbəkədən açılarkən vurulmuş plombun yerində aşkarlanmadığı, xx.xx.2023-cü il tarixdə isə 1702AZ**********83 qaz sayğacına baxış keçirilərkən çıxış plastmas borusunun deşici alətlə deşildiyi, nəticədə keçən qazın həcmini fasilələrlə qeydə aldığı məlum olmuşdur. Məhkəmədə qaz sayğacının iddiaçının iştirakı ilə (akta imza olunmaqla) xx.xx.2018-ci il tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə sayğaca baxış keçirilərkən üzərinə vurulan dövlət blombunun aşkarlanmadığı, xx.xx.2023-cü il tarixdə isə itron tipli smart qaz sayğacına isə baxış keçirilərkən çıxış plastmas borusunun deşici alətlə deşildiyi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi yerində aşkarlanmış, lakin buna qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK29/1710-00277-3 saylı aktına əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın dövlət plombunun kəsici alətlə kəsildiyi, ******* saylı akta əsasən isə smart tipli, itron qaz sayğacının çıxış plastmas borusunun deşici alətlə deşildiyi yerində aşkarlanmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş qazın bərpası üçün ümumilikdə 3 931.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2018-ci ilin may, 2023-ci ilin iyul ayında sayğac üzrə müəyyən edilmiş məbləğin silinməsini qət etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Xanbaba oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin ediməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı 2014-cü il tarixdən həbsdə olduğuna görə həmin evdə daimi yaşayış yoxdur. Yalnız ara-sıra həmin evə baş çəkmək üçün gedib gəlirlər. 2018-ci ildə iddiaçıya aid həmin evin sayğacı götürülərək qaz borusu da cavabdehin nümayəndələri tərəfindən qaynaq edilərək bağlanmış, yalnız 2023-cü ildə yeni sayğac quraşdırılmışdır. Onlar tərəfindən qaz sayğacına müdaxilə olmamışdır. Həmin evdə mütəmadi yaşayış olmadığına görə qazdan da az-az istifadə olunmuşdur. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin nümayəndəsinin, həmin şikayətin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacda xəta olması ilə əlaqədar ******* nömrəli sayğac çıxarılmış və 1702AZ**********3 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın sürətindən görünür ki, Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən evin qaz sayğacının hesablama mexanizminin qapağına vurulan plomb kəsilmişdir. Cəmi 11.880 kub metr qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktın 11-ci qrafasından görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsilməsi, sayğacın hesablama mexanizminin qapağının alt hissəsinin əzilməsi aşkar edilmişdir. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, dövri yoxlama zamanı 1702AZ**********3 nömrəli sayğac **********294 nömrəli sayğac ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən evin qaz sayğacının çıxış plastmas borusunun deşik olması aşkar edilmişdir. Cəmi 12.960 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-2410-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktın 8-ci qrafasından görünür ki, 1702AZ**********3 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Sayğac nominal və minimal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar edilmişdir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı qaz təchizatı üzrə **********12140 abonent kodlu istehlakçıdır. Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz xəttinin üzərində quraşdırılmış “G-4” markalı “Elister” tipli ******* zavod nömrəli qaz sayğacı Nümayəndə adına qeydiyyata alınmışdır. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu ödənilmişdir. xx.xx.2018-ci il tarixdə həmin sayğac çıxarılmış, 2023-cü ilin fevral ayınadək həmin ünvanda abonent saldosuna görə təbii qazdan istifadə halı olmamış, sonradan xx.xx.2023-cü il tarixdə “dövri yoxlama müddəti çatıb” qeydi ilə “G4” markalı “İtlon” tipli 1702AZ**********83 nömrəli sayğacın xətdən açıldığı göstərilmiş, o barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. Lakin həmin aktlar qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, Cavabdeh Gəncə X4 İdarəsinin Gəncə Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacının texniki baxışının keçirilməsi zamanı sayğaclara müdaxilə edildiyi göstərilsə də. lakin müdaxilənin abonent tərəfindən edildiyi müəyyən olunmamışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları aşkar edilməmişdir. Digər tərəfdən qaz sayğacı İddiaçı daim nəzarət altında saxlaya bilmədiyi Gəncə şəhəri, Gəncə şəhəri, AKTA-6 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun küçə hissəsində quraşdırılmış və bununla əlaqədar həmin sayğaca İddiaçı tərəfindən daimi nəzarət edilməsi mümkün olmamışdır. Həmçinin, həmin sayğacın dövri yoxlaması mütəmadi olaraq, Gəncə X4ı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-ci bəndinin tələbi baxımından onun işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi Cavabdeh İB daşımışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 iyun 2018-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 2.376 (iki min üç yüz yetmiş altı) manat və 24 fevral 2023-ci il tarixli ******* nömrəli aktı əsasında hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə sayğaca baxış keçirilərkən üzərinə vurulan dövlət blombunun aşkarlanmadığı, xx.xx.2023-cü il tarixdə isə itron tipli smart qaz sayğacına isə baxış keçirilərkən çıxış plastmas borusunun deşici alətlə deşildiyi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi yerində aşkarlanmış, lakin buna qiymət verilməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, məişət abonentinə məxsus qaz sayğacının saz saxlanmasına cavabdehliyi abonent daşımır. İkincisi, iddiaçının nümayəndəsinin izahatından, həmçinin işdəki abonenet saldosundan da göründüyü kimi iddiaçıya məxsus evdə 2018-ci ilin fevral ayından 2023-cü ilin fevral ayınadək təbii qazdan ümumiyyətlə istifadə olunmamışdır, ona görə ki, həmin evdə yaşayış olmamışdır, iddiaçının nümayəndəsinin bildirdiyinə görə sayğac 2018-ci ildə çıxarıldıqdan sonra qaz borusu qaynaq vasitəsi ilə bağlanmışdır. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin bu qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasıнын MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-7007/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar