Məhkəmə qərarları › İş №2(104)-791/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-791/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-791/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, həm də, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi (qardaşı) İddiaçı1 iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1248/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, X12 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X12 və İddiaçı3 cavabdehlər Cavabdeh2 Aslan oğluna, Cavabdeh3, Tərtər Rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayonu Sarov kəndində yerləşən 2,94 hektar sahəsi olan torpaq sahəsinə dair satıcı Cavabdeh2 Aslan oğlu ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Tərtər rayonu Sarov kəndində yerləşən 2,94 hektar sahəsi olan torpaq sahəsinə dair Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar X12, İddiaçı3 və İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli 02 saylı qərarı ilə ona və ailə üzvlərinin hər birinə 0,58 ha, ümumilikdə 4,70 ha torpaq sahəsi verilmiş, qeyd olunan torpaq sahəsini Dövlət aktı ilə birlikdə ailə üzvləri ilə məsləhətləşib Cavabdeh2 Aslan oğluna 5 il meddətinə 2500 manata icarəyə vermişlər. Torpaq sahəsini icarəyə verərkən sonuncu ilə heç bir müqavilə bağlamamışlar. 2022-ci ilin sentyabr ayında Cavabdeh2 Aslan oğluna yaxınlaşaraq sahədə olan məhsulu topladıqdan sonra torpaq sahəsindən çıxmağı bildirsə də, cavabdeh torpaq sahəsindən çıxmamış, yenidən 2023-cü ilin yanvar ayında eyni müraciətlə ona yaxınlaşsalar da, yenidən torpaq sahəsini tərk etmədiyindən, Tərtər rayon Polis Şöbəsinə müraciət etmişlər. Bununla bağlı, 2023-cü il fevral ayında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, torpağın 2,94 ha hissəsi alqı-satqı edilmiş, lakin bu zaman digər payçıların, yəni onların razılıqları alınmamışdır. 11 iyul 2023-cü il tarixdə sorğu əsasında məlum olmuşdur ki, Tərtər rayon Sarov kəndində yerləşən 2,94 hektar torpaq sahəsinə dair satıcı Cavabdeh2 Aslan oğlu ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli AN-İ ******* reystr nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Tərtər rayonu Sarov kəndində yerləşən 2,94 hektar sahəsi olan torpaq sahəsinə dair Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1248/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.Rzayev) iddia tələbi təmin edilməmişdir. İddiaçılar İddiaçı1, X12 və İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1248/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahatı Komissiyasının 12 aprel 2001-ci il tarixli 02 saylı qərarı ilə ona və ailə üzvlərinin hər birinə 0,58 ha, ümumilikdə 4,70 ha torpaq sahəsi verilmiş, qeyd olunan torpaq sahəsini Dövlət aktı ilə birlikdə ailə üzvləri ilə məsləhətləşib Cavabdeh2 Aslan oğluna 5 il müddətinə 2500 manata icarəyə verilmiş, lakin torpağa verilən subsidiyalar özləri almış, torpaq sahəsini icarəyə verərkən sonuncu ilə heç bir müqavilə bağlamamışlar. 2022-ci ilin sentyabr ayında Cavabdeh2 Aslan oğluna yaxınlaşaraq sahədə olan məhsulu topladıqdan sonra torpaq sahəsindən çıxmağı bildirsələr də o, torpaq sahəsindən çıxmamış, yenidın 2023-cü ilin yanvar ayında eyni müraciətlə ona yaxınlaşsalar da, yenidən torpaq sahəsini tərk etmədiyindən Tərtər rayon Polis şöbəsinə müraciət etmişlər. Sonradan məlum olmuşdur ki, torpağın 2,94 ha hissəsi “alqı-satqı” əsasında özəlləşdirmiş, lakin həmin özəlləşdirmə zamanı digər payçıların razılıqları alınmamışdır. 11 iyul 2023-cü ilin iyul ayında sorğu əsasında məlum olmuşdur ki, Tərtər rayonu Sarov kəndində yerləşən 2,94 hektar sahəsi olan torpaq sahəsinə dair satıcı Cavabdeh2 Aslan oğlu ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli AN-İ № ******* reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Tərtər rayonu Sarov kəndində yerləşən 2,94 hektar torpaq sahəsinə dair Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunmuşdur. Cavabdeh3 vəkalətli nümayəndəsi Cavabdeh2 göstərmişdir ki, Tərtər rayon Sarov kənd sakinləri X9, X20, X5, X6, X21 2,94 ha pay torpaq sahələrini xx.xx.2017-ci il tarixdə 3000 manata onlara satmışlar. Onlarla alqı-satqı müqaviləsi bağlamış və Çıxarış sənədi almışdır. Onların ailə üzvləri 8 nəfərdən, torpaq sahələrinin cəmi 4,7 hektardan ibarətdir. Hər bir nəfərə 0,5875 ha pay düşmüşdür. Üç nəfər – Elçin Şirinov, Asəf Şirinov, Ziya Şirinov 2017-ci ildən 2022-ci ilədək (5 il) 1,76 hatorpaq sahələrini onlara icarəyə vermişlər. Göründüyü kimi, alqı-satqı müqaviləsi bağlanarkən digər üç payçının razılaşması əsasında həyata keçirilməmiş, Mülki Məcəllənin 215-ci maddəsində qeyd edilən qaydalara əməl edilməmişdir. Cavabdehlər Cavabdeh2 Aslan oğluna, Cavabdeh3, üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi (qardaşı) İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisəli torpaq sahəsi ona və ailə üzlərinə verilmişdir. Digər payçılar öz paylarına düşən hissəni etibarnamə əsasında cavabdehə satmışlar. Belə ki, payçılardan Xaliq onun qardaşı, Əli atası, Minarə anası, Həvvaxanım və Nüşabə isə onun bacısıdır. Onun və digər iddiaçıların hər birinə məxsus 0,58 ha hissə isə onların özlərindədir.O özü isə özünə məxsus torpaq sahəsini cavabdehə icarəyə vermişdir. Sonradan bilmişdir ki, digər payçılar özlərinə məxsus hissəni satmışlar. Apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1248/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və digər Cavabdeh3 nümayəndəsi (atası) Cavabdeh2 əvvəlki məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, onlar iddiaçılarla bir rayonda yaşayır. Mübahisəli torpaq sahəsinin bir hissəsini alqı-satqı müqaviləsi əsasında almış, bir hissəsini isə icarəyə götürmüşlər. İcarə pulu kimi 1800 manat iddiaçılara vermişdir. O, iddianı qəbul etmir, bütün alğı-satqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır. Həm də, iddiaçılar mübahisə edilən torpaq sahəsinin ona satılmasından məlumatlı olmuş, öz torpaq sahələrini satmağa əvvəlcə razı olsalar da, sonradan imtina edərək, icarəyə vermişlər. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1248/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)- 1248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: JN 0062 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, X13, X4, İddiaçı1, X14, İddiaçı3, X8, X2 və X7 4,70 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmişdir. xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələrdən görünür ki, X5, X9, X6 və X3 Rəhim Əfqan oğluna baş etibarnamə vermiş, həmin etibarnamələr ilə Azərbaycan Respublikası DTXK-in Tərtər rayon şöbəsi tərəfindən 13 noyabr 2001-ci ildə verilmiş 51109005 kod nömrəli JN-0062 seriyalı dövlət aktına əsasən ümumi birgə mülkiyyət hüququ üzrə onlara məxsus olan, Tərtər rayon, Sarov kəndində yerləşən 4,70 ha torpaq sahəsinin onlara məxsus olan hissəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsində, ASAN xidmət mərkəzində, dövlət notariat kontorunda və sair təşkilatlarda təmsil etməyi, və digər hərəkətləri etməyi etibar etmişlər. xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9, X20, X5, X6 və X21 payına düşən 0,5875 ha pay torpaq sahəsini hər biri 600 manat olmaqla, ümumilikdə 3000 manat pul alaraq Cavabdeh3 satmışlar. Satıcıların hər birindən 7,19 manat sadələşdirilmiş vergi tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın seriya RX № ******* saylı Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayon Sarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 2,94 ha torpaq sahəsi xx.xx.2018-ci ildə Cavabdeh3 adına sənədləşdirilmişdir. xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, X22 ilə Cavabdeh2 arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən 1-ci tərəf 3,20 ha torpaq sahəsini hər il üçün 300 manat ödənilməsi şərti ilə 2-ci tərəfə 3 il müddətinə icarəyə vermişdir. X1 ilə Cavabdeh2 imzalamışlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, JN 0062 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktına əsasən, X13, X4, İddiaçı1, X14, İddiaçı3, X8, X2 və X7 4,70 ha kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmişdir. X5 xx.xx.2017-ci il tarixli etibarnamə, X20 və X9 xx.xx.2017-ci il tarixli, AR-İ 553127 nömrəli etibarnamə, X6 xx.xx.2017-ci il tarixli, AR-İ 559436 nömrəli etibarnamə, X21 xx.xx.2017-ci il tarixli, AR-İ 573222 nömrəli etibarnamə əsasında Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği,müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, hansı ki, satmaq, bağışlamaq, dəyişmək, satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq), icarəyə vermək haqqında əqdləri bağlamağı, ..., mirası qəbul etmək və ya ondan imtina etməyi, rəsmiləşdirməyi, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Daşınmaz əmlakın xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi ilə satıcılar X10, X20, X5, X6, X21 hər birinə məxsus 0,5875 ha torpaq sahəsini alıcı Cavabdeh3 hər biri özünə aid hissədə 600 manat olmaqla, cəmi 3.000 manata satmışdır. Müqaviləni satıcıların əvəzinə ona verilmiş etibarnamələr əsasında X15 imzalamışdır. Alıcı Cavabdeh3 aldığı cəmi 2.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırmışdır. Hazırda iddiaçılar İddiaçı1, X12 və İddiaçı3 Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldıraraq, alğı-satqı müqaviləsi bağlayarkən digər üç payçının razılaşması əsasında həyata keçirilməmiş, Mülki Məcəllənin 215-ci maddəsində qeyd edilən qaydalara əməl edilməməsi ilə əlaqədar torpaq sahəsini qeyri-qanuni alğı-satqı yolu ilə mülkiyyətinə keçirdiyini göstərmişlər. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərək, belə qənaətə gəlmişdir ki, Aslan Rəhimov sözügedən torpaq sahəsini oğlu Cavabdeh3 adına sənədləşdirmiş və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın seriya RX № ******* saylı Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh3 artıq təqribən 5 ilə yaxın müddətdir ki, həmin torpaq sahəsinin qanuni sahibi kimi torpaq sahəsindən istifadə edir. İddiaçılar iddia ərizəsində torpaq sahəsini cavabdehlərə 5 il müddətinə 2500 manata icarəsinə vermələrini göstərsələr də, onların arasında aparılan sənədləşmələrdə bu barədə hər hansı bir qeydiyyat aparılmamış, tərəflər arasında belə razılaşmanın və ya hər hansı bir sənədin olmasını təsdiq edən sənədi, sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə hesab etmişdir ki, alğı-satqı müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsini əsaslı hesab edərək, onunla razılaşır və öz mövqeyini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və tələblərə əməl edilməklə, tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında təmsilçi vasitəsilə bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Azərbaycan Respublikası MM-nin: 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 364.1-ci maddəsinə görə, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. İş materiallarından görünür ki, X9 xx.xx.2017-ci il tarixli, AR-İ 553127 nömrəli etibarnamə, X6 xx.xx.2017-ci il tarixli, AR-İ 559436 nömrəli etibarnamə, X21 xx.xx.2017-ci il tarixli, AR-İ 573222 nömrəli etibarnamə etibarnamə əsasında Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği,müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, hansı ki, satmaq, bağışlamaq, dəyişmək, satın almaq, hədiyyəni qəbul etmək, ipoteka (girov qoymaq), icarəyə vermək haqqında əqdləri bağlamağı, ..., mirası qəbul etmək və ya ondan imtina etməyi, rəsmiləşdirməyi, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Daşınmaz əmlakın xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi ilə satıcılar X10, X20, X5, X6, X21 hər birinə məxsus 0,5875 ha torpaq sahəsini alıcı Cavabdeh3 hər biri özünə aid hissədə 600 manat olmaqla, cəmi 3.000 manata satmışdır. İddiaçılar X12, İddiaçı3 və İddiaçı1 iddia ərizəsində və apellyasiya şikayətlərində bir tərəfdən Dövlət aktı ilə onlara verilmiş torpaq sahəsini birlikdə ailə üzvləri ilə məsləhətləşib Cavabdeh2 Aslan oğluna 5 il müddətinə 2500 manata icarəyə vermələrini, digər tərəfdən isə, torpağın 2,94 ha hissəsi alqı-satqı edilən zaman digər payçıların, yəni onların razılıqlarının alınmamasına dair dəlillər irəli sürürlər. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı qeyd edir ki, heç şübhəsiz mübahisə edilən torpaq sahəsi alqı-satqı qaydasında cavabdehə satılmasa idi, həmin satıcılar X10, X20, X5, X6 və X21 həmin müqaviləni mübahisələndirə bilərdilər. Lakin onların bu barədə hər hansı bir tələbi olmamışdır. İddiaçıların üstünlük hüququnun pozulması ilə bağlı dəlillərinə gəldikdə isə, əvvala paylarını satan mülkiyyətçilər iddiaçıların doğma qardaşlarıdırlar və onların mübahisə edilən torpaq sahəsinin satılmasından xəbərləri olmamasına dair izahatları inandırıcı görünmür. Həm də, iddiaçılar satın almaqda üstünlük hüquqlarının pozulmasını göstərsələr də, həmin torpaq sahəsini almaq iradəsinin olmasını ifadə etməmişlər. Halbu ki, barədə Azərbaycan Respublikası MM-nin: 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda, paylı mülkiyyətin hər hansı digər iştirakçısının müqavilənin etibarsızlığını yox, üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Lakin iddiaçılar həmin müddətdə alıcının hüquq və vəzifələrinin ona keçirilməsi tələb ilə məhkəməyə müraciət etməmişlər. Qeyd edilən müddət isə, kəsici müddətdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmulş, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar