Məhkəmə qərarları › İş №2(104)-792/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-792/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-792/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(076)-606/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 iyun 2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 870,28 manat olan əşyanı (1 ədəd XİAOMİ POCO M3 PRO 5G 6/128 BLACK model) Cavabdeh ilkin ödəniş 0,00“ödəniş cədvəlinə” uyğun olaraq aylıq ödəniş 72,53 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır.

2. 18 iyun 2024-cü il tarixli, ********** nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

3. 11 dekabr 2024-cü il tarixli, № M-086042 nömrəli Maliyyə arayışından müəyyən olunur ki, tərəflər arasında bağlanmış 18 iyun 2024-cü il tarixli, ********** nömrəli nisyə alqısatqı müqaviləsi üzrə Cavabdeh cəmi 73,00 manat ödəniş etmiş, onun hal-hazırda 898,55 (797,28 manat əsas borc, 101,27 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır.

4. 09 iyun 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunun olmasına dair xəbərdarlıq edilmiş, borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024- cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 797,28 manat əsas, 101,27 manat cərimə olmaqla, ümumilikdə 898,55 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ilə arasında bağlanmış 18 iyun 2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 870,28 manat dəyərində olan 1 ədəd XİAOMİ POCO M3 PRO 5G 6/128 BLACK model məhsul almışdır. 18 iyun 2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 17 iyul 2024-cü il tarixdən 17 iyun 2025-cü il tarixə kimi hər ay 72,53 manat olmaqla borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təhvil-təslim aktı əsasında nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə cəmi 73 manat ödəniş etmiş, sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. 11 dekabr 2024-cü il tarixə cavabdehin 797,28 manat əsas, 101,27 manat cərimə borcu olmaqla, ümumilikdə 898,55 manat borcu yaranmışdır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, lakin sonuncu müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır.

7. Şəmkir Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(076)-606/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; Cavabdeh 18 iyun 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 797,28 manat əsas borc və 79,20 manat cərimə borcu olmaqla, ümumilikdə 876,48 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi; iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448, 465.2, 567, 601.1, maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 216-220, 227, 284-6.1 və 380 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, 18 iyun 2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan 870,28 manat dəyərində 1 ədəd XİAOMİ POCO M3 PRO 5G 6/128 BLACK model məhsul almış və 17 iyul 2024-cü il tarixdən 17 iyun 2025-ci il tarixə kimi hər ay 72,53 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İki dəfə ödəniş etmişdir. Birinci dəfə 73 manat, ikinci dəfə 100 manat. Sonradan telefonda nasazlıq yaranmışdır. Telefonu təmir etmək məqsədilə, bu mümkün olmadıqda isə yenisi ilə əvəz olunması üçün İddiaçı MMCyə qaytarmışdır. Təmir olunması üçün telefonu ondan qəbul etmişlər. Lakin buna baxmayaraq hal-hazıra kimi təlefon ona qaytarılmamışdır. İddiaçı MMC ona lazımı keyfiyyətdə məhsul satmayıb. Məhkəmə işə baxarkən onun iştirakını təmin etsəydi, o, məhkəməyə bu barədə müvafiq sənədlər təqdim edə bilərdi və məhkəmə də həmin sübutlar əsasında iddianı təmin etməzdi.

11. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması nəzərdə tutulsada, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2025-ci il tarixli, 2(104)-792/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncuya xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixədək hər ay 72,53 manat ödəmək şərtilə, ümumi dəyəri 870,28 manat olan 1 ədəd XİAOMİ POCO M3 PRO 5G 6/128 BLACK model məhsul nisyə satılmış və təhvil təslim aktı əsasında satılan məhsul alıcıya təhvil verilmişdir. Buna baxmayaraq Cavabdeh cəmi 73 manat ödəniş etmişdir. Sonuncu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya 797,28 manat əsas borcu, eləcədə 101,27 manat hesablanmış cərimə borcu, cəmi 898,55 manat borcu yaranmışdır. Ona görə də İddiaçı MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

34. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

35. Belə ki, 18 iyun 2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh dəyəri 870,28 manat olan 1 ədəd XİAOMİ POCO M3 PRO 5G 6/128 BLACK model məhsulun xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixədək hər ay 72,53 manat ödəmək şərtilə nisyə satılması işin mübahisəsiz halıdır. İddiaçı MMC Cavabdeh götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməməsi səbəbindən 797,28 manat əsas borc, eləcədə 101,27 manat hesablanmış cərimə borcunun yaranmasını, Cavabdeh isə iki dəfəyə 173 manat ödəniş etməsini, sonradan yaranmış nasazlıq səbəbindən telefonu İddiaçı MMC-nə qaytardığını, lakin nazaslığın aradan qaldırılması məqsədilə telefon cəmiyyət tərəfindən ondan qəbul edilsədə, halhazıradək qaytarılmadığını iddia edir.

36. İddiaçı tərəfin dəlili, yəni 18 iyun 2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 797,28 manat əsas, eləcədə hesablanmış 101,27 manat cərimə borcunun olması işdəki sübutlarla tam təsdiq olunur.

37. Cavabdeh 870,28 manat dəyərində olan 1 ədəd XİAOMİ POCO M3 PRO 5G 6/128 BLACK model məhsulu (telefonu) müqavilə bağlandığı vaxtdan iki ay müddət sonra İddiaçı MMC-nə qaytarması dəlili isə iş materialları ilə təsdiq olunmur.

38. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Apellyasiya şikayətinin işə onun iştirakı olmadan baxılması dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1. maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3. maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır.

40. Eləcədə Cavabdeh iki dəfəyə 173 manat ödəniş etməsini qeyd etsədə, lakin bunu təsdiq edən ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq iddiaçı tərəf müqavilə üzrə cəmi 73 manat ödənildiyini bildirmişdir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(076)-606/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar