Məhkəmə qərarları › İş №2(104)-797/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-797/2023

23.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-797/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3725/2022 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı miras torpaq sahələrinə və miras fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınma, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi verilənədək İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli əmlak olan ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərinə həbs qoyulması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, MTT(076)-41/2022 saylı qərardadı ilə, maraqlı şəxs İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilərək, 25 dekabr 2022-ci il tarixə kimi ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərinə həbs qoyulması qərara alınmışdır. Bundan sonra, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə yanaşı məhkəməyə vəsatət verərək, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə yenidən baxaraq, onun cavabdehlər Cavabdeh3, Cavabdeh3 hüquqi varisi Cavabdeh4, Cavabdeh6, Şəmkir rayonu 1 saylı Notariat Ofisinə, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “miras torpaq sahələrinə və miras fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınma, mirasdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərinə həbs qoyulması barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3725/2022 saylı qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin müddətinin uzadılması barədə vəsatəti təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı çıxanadək, ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərinə həbs qoyulmuşdur. Cavabdeh5 şikayət verərək, Şəmkir Rayon 22 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini, əks halda şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3146/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçılar cavabdeh İddiaçı həmin evə müvəqqəti köçürüldüklərini və məqsədlərinin ata yurdunu satıb bölmək olduğunu bildirsələr də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bundan başqa məhkəmə qətnaməsində qeyd edilmişdir ki, etibarnamələrin verilməsində məqsəd mübahisəli əmlakların cavabdehin qardaşına bağışlanmasından ibarət olmamışdır. İşin bu halları ona dəlalət edir ki, cavabdeh bağışlama müqavilələrini Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbini pozmaqla bağlamışdır. X2 Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3146/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi icra olunmuş və icra məmuru tərəfindən qətnamənin icra edilməsi ilə bağlı qərar məhkəməyə göndərilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair heç bir hüququnun olmadığı, öz əmilərini aldadaraq onlardan etibarnamə alaraq qardaşı Elvin Əhmədova bağışlaması müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinə dair ərizəyə baxarkən nəzərə almamışdır ki, iddiaçılar Cavabdeh5 və Cavabdeh3 cavabdehlər İddiaçı və X1 qarşı etibarnamələrin, bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə baxılarkən İddiaçı cavabdeh kimi izahatında qeyd etdiklərini hazırkı ərizəyə qeyd etmiş və həmin vaxt mirasın faktiki qəbul edilməsi barədə izahat verməmiş və bununla bağlı hər hansı bir iddia irəli sürməmişdir. 0.12 ha torpa sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair onun adına sənədləşdirilməsi üçün mane yaradılması üçün İddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə qanuni qüvəyyə minmiş məhkəmə qətnaməsini nəzərə almayaraq İddiaçı mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyi halda müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etmişdir. Bundan başqa hazırki işdə İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atası hələ babasının sağlığında ailə həyatı qurub ayrıca təsərrüfatda yaşamışdır. Belə olan halda yəni, iddiaçının atası tərəfindən miras əmlak faktı qəbul edilmədiyi halda, iddiaçı miras əmlakla bağlı vərəsə hesab oluna bilməz, iddiaçının hazırki iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Lakin, məhkəmə tərəfindən qərardad qəbul olunarkən bu hallar nəzərə alınmamışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-142/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəciyinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh3 hüquqi varisi Cavabdeh4, Cavabdeh6, Şəmkir rayonu 1 saylı Notariat Ofisinə, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı miras torpaq sahələrinə və miras fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınma, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə yanaşı müvəqqəti təminat tədbirinin uzadılması barədə vəsatət verdiyindən Şəmkir rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə mübahisəli əmlak olan ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərinə iş üzrə yekun məhkəmə aktı çıxanadək həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə mübahisəli fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə məhkəmənin qərardadı müvəqqəti xarakter daşımaqla işin qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmçinin, mülki iş üzrə yekun məhkəmə aktının çıxarılmasının müəyyən qədər vaxt aparmaq ehtimalının olması, həmin müddətdə mübahisə predmeti olan əmlakın satılacağı, bağışlanacağı və ya hər hansı üsulla üçüncü şəxs(lər)in xeyrinə veriləcəyi, gələcəkdə iddianın isə təmin edildiyi təqdirdə iddiaçının hüquqlarının bərpa edilməsinin çətinləşəcəyi baxımından mübahisəli əmlak olan ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı qanuni və əsaslıdır. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1 və 158.1.1 və 158.1.2-ci maddələrinin tələbinə görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək müvəqqəti təminat tədbirinin növlərindəndir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar