Məhkəmə qərarları › İş №2(104)-800/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-800/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-800/2024 15.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsqərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(040)- 1090/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09 sentyabr 2022-ci il tarixli 02052735 nömrəli müqavilə və əlavədən görünür ki, "xxxx" MMC tərəfindən ümumi dəyəri 1898,98 manat olan X4 markalı telefon Cavabdeh vermiş, sonuncu həmin əşyanı əldə edərək 12 ay müddətinə hər ay 129 manat olmaqla dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. 03 oktyabr 2022-ci il tarixli 03722620 nömrəli müqavilə və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC-dən ümumi dəyəri 2050.95 manat olan Samsung Galaxy S22+ markalı telefonu Cavabdeh vermiş, sonuncu həmin əşyanı əldə edərək 12 ay müddətinə hər ay 170,91 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

3. 11 avgust 2023-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 09 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 1548 manat ödənilməmiş əsas, 154 manat cərimə, 03 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 2050,92 manat ödənilməmiş əsas, 205 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 3958 manat borcu yaranmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 09 sentyabr 2022-ci il tarixli müqavilə üzrə X4 markalı telefon üçün 1548 manat ödənilməmiş əsas,154 manat cərimə, 03 oktyabr 2022-ci il tarixli müqavilə üzrə Samsung Galaxy S22+ markalı telefon üçün 2050.92 manat ödənilməmiş əsas, 205,08 manat cərimə olmaqla iki müqavilə üzrə cəmi 3958 manat borcun, həmçinin odənilmiş 59,58 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2022-ci tarixli və 03 oktyabr 2022-ci il tarixli müqavilə üzrə cavabdeh X4 markalı telefon və Samsung Galaxy S22+ markalı telefon almış və cəmi 3958 manat borcu yaranmışdır. Belə ki, əşyaları aldıqdan sonra, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə, 09 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1890 manat, ilkin ödəniş 342 manat etməklə, 12 ay müddətinə hər ay 129 manat ödəmək şərti ilə, X4 markalı telefon üçün 1548 manat ödənilməmiş hissə, 154 manat cərimə və 03 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2050,92 manat etməklə, 12 ay müddətinə hər ay 170,91 manat ödəmək şərti ilə Samsung Galaxy S22+ markalı telefon üçün 2050,92 manat ödənilməmiş hissə, 205,08 manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 3958 manat borcu yaranmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 342 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iki müqavilə üzrə öhdəlikləri icra etmir.

6. Kəlbəcər Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(040)- 1090/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 09 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 1548 manat əsas, 5 manat cərimə, 03 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 2050,92 manat əsas, 8 manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 3611,92 manat borc, həmçinin ödənilmiş 56,11 manatı dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi; Qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 465.2, 467, 600.1, 600.4, 601.1, maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 216-220, 284-6.1, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ABC Telekom” MMC-dən 09 sentyabr 2022-ci il tarixli müqavilə üzrə X4 markalı telefon almış, lakin həmin telefonda batareya problemi olduğundan18 sentyabr 2022-ci il tarixdə ABC Telecom MMC-yə məlumat versədə ona batareya yiğması üçün nəzərdə tutulan cihazda, yəni (adapterda) problem olduğu bildirilmiş və ona yeni yükləyici adapter satmışlar. Buna baxmayaraq həmin problem aradan qalxmamış, ona görədə yenidən 26 sentyabr 2022-ci il tarixində "xxxx" MMC-yə cari problemin davam etdiyini bildirərək aldığı məsulu qeri qaytaracağını və ilkin ödənişin geri qaytarılmasını xaiş etmişdir. Əməkdaşlar ilkin odənişi geri ala bilmiyəcəyini ona bildirdirmiş, o da əsəbləşib, həmin telefonu mağazada qoyaraq oranı tərk etmişdir. 09 sentyabr 2022-ci il tarixli müqavilə üzrə X4 markalı telefonu qaytardığı üçün ödənişlərdən də azaddır. Sonradan ilkin ödənişi geri alamaq üçün "xxxx" MMC-yə getmiş və həmin vaxt ona Samsung Galaxy S22+ markalı telefon təklif edilmiş, onun tərəfindən gündəlik istifadə üçün həmin telefon alınıb, lakin onu 300 manat məbləğ dəyərində istifadə edib qaytaracağını bildirib. Həmin vaxt ona sənəd imzaladılmış və həmin sənədin 09 sentyabr 2022-ci il tarixli müqavilənin lağvinə dair sənəd olduğunu zənn etmişdir.

10. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması nəzərdə tutulsada, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2024-cü il tarixli 2(104)- 800/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

d) Məhkəmə icraatı iştsirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apelyasiya şikayətini qəbul etmiyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdiktən sonra əlavə olaraq bildirmişdir ki, 09 sentyabr 2022-ci il tarixli müqavilə üzrə cavabdeh aldığı telefonu geri qaytardığı üçün, 03 oktyabr 2022-ci il tarixli müqavilə üzrə aldığı telefonun qiyməti dəyərindən aşağı salınaraq 2050 manata ona satılmış və həmin telefon hazırda cavabdehin istifadəsindədir və heç bir ödənişdə edilməmişdir. Nümayəndə sonda məhkəmə kolegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

23. Maddə 462.1. Ddəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli 02052735 nömrəli müqaviləyə əsasən sonuncuya 12 ay müddətinə hər ay 129 manat ödəmək şərtilə, ümumi dəyəri 1898,98 manat olan X4 markalı telefon nisyə satılmışdır. Həmin telefonda problemi olduğundan 18 sentyabr 2022-ci il tarixdə ABC Telecom MMCyə qaytarılmış və tərəflər arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli 03722620 nömrəli müqavilə əsasında Cavabdeh ümumi dəyəri 2050.95 manat olan Samsung Galaxy S22+ markalı telefon nisyə satılmışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən "xxxx" MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.

36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

37. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 09 sentyabr 2022-ci il tarixli 02052735 nömrəli müqavilə üzrə cavabdehə nisyə satılmış X4 markalı telefon geri qaytarılmışdır. İşin qeyd olunan bu halı həm apellyasiya şikayətinin dəlilləri, həmdə iddiaçı tərəfin nümüyəndəsinin məhkəımə kollegiyasının iclasında verdiyi izahatla təsdiq olunur. Bu da onu deməyə əsas verir ki, 09 sentyabr 2022-ci il tarixli 02052735 nömrəli müqavilə üzrə cavabdehdən həmin müqavilə üzrə tələb (borcun ödənilməsi) irəli sürülməsi özlüyündə istisna olunur. Lakin buna baxmayaraq iddiaçı "xxxx" MMC həmin telefona görə də cavabdehdən 1548 manat ödənilməmiş borc tələb etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı həmin hissədə təmin etmişdir.

38. 03 oktyabr 2022-ci il tarixli 03722620 nömrəli müqavilə üzrə ödənilməmiş borca münasibətdə isə kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən ümumi dəyəri 2050.92 manat olan Samsung Galaxy S22+ markalı mobil telefonun Cavabdeh 12 ay müddətə hər ay 170,91 manat ödəmək şərtilə nisyə satılması işdə olan sənədlərlə təsdiq olunur. Apellyasiya şikayətində cavabdeh 03 oktyabr 2022-ci il tarixdə imzaladığı sənədin 09 sentyabr 2022-ci il tarixli müqavilənin lağvinə dair sənəd olduğunu zənn etməsini qeyd etsədə, lakin kollegiya onun bu dəlilini əsassız sayır və hesab edir ki, 03 oktyabr 2022-ci il tarixli müqavilə üzrə cavabdehdən 2050,92 manat ödənilməmiş əsas borc alınıb iddiaçıya verilməlidir. Cərimə borcuna münasibətdə isə kollegiya hesab edir ki, iddia qismən, yəni 20 manat təmin edilməlidir.

39. Həmçinin kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dənilmiş 59,58 manat dövlət rüsumunun 18,88 manat hissəsi iddiaçıya aid edilməli, 40,70 manat isə Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə verilməlidir.

40. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(040)-1090/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli 03722620 nömrəli müqavilə üzrə Cavabdeh 2050,92 manat əsas borc, 20 manat cərimə, cəmi 2070, 92 manat alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsümunun əvəzində Cavabdeh 40,70 manat alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. Ödənilmiş 59,58 manat dövlət rüsumunun 18,88 manatı isə iddiaçı "xxxx" MMC-yə aid edilsi. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar