Məhkəmə qərarları › İş №2(104)-809/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-809/2024

30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-809/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(076)-3283/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə olan 4489 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(076)-3283/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İBnin əməkdaşları tərəfindən təbii X1nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4.147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat borcun silinməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Gəncə şəhərində yerləşən evdə, bəzən isə Şəmkir rayonu İrmaşlı kəndindəki evdə yaşayır. İrmaşlı kəndində yerləşən evində qaz sayğacı yerüstü qaz xəttinə quraşdırılmış, dəfələrlə müraciət etdikdən sonra cavabdehlərin əməkdaşları həmin yeraltı qaz xəttini yerüstü qaz xətti ilə əvəz etmiş, yeraltı qaz xəttinin evinə daxil olan hissəsini kəsib sonluğunu qaynaqla bağlamışlar. O, evdə olmadığı vaxt “Azəriqaz” İB-nin əməkdaşları onu məlumatlandırmadan adına quraşdırılmış sayğaca baxış keçirtmiş və evdə olan qızına sayğacdan kənar xətt aşkar etdiklərini bildirmişlər. Bundan sonra qızı zəng edərək ona məlumat vermiş və o, dərhal yaşadığı evə gəlmişdir. Həmin vaxt cavabdehin əməkdaşları qazıntı işləri aparmış və məlum olmuşdur ki, onun tələbi ilə cavabdehin əməkdaşları yeraltı qaz xəttini yerüstü qaz xətti ilə əvəz edərkən kəsilmiş yeraltı qaz xəttinin ucluğunu evə daxil olmuş şəkildə bağlamışlar. Hesab edir ki, cavabdehin əməkdaşları qərəzli şəkildə köhnə qaz xəttinin ucluğunu küçənin bayır tərəfinə deyil, onun evinə daxil olmuş vəziyyətdə bağlamışlar. Daha sonra 28 aprel 2023-cü il tarixdə cavabdehin əməkdaşları onun iştirakı olmadan akt tərtib etmiş, akta əsasən guya sayğacdan kənar xətt aşkar edilmiş və nəticədə ona 4489 manat borc hesablamışlar. Hazırda o, həmin borcla razılaşmır. Belə ki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Mülki iş materiallarında olan: “Təbii X1nın pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu İrmaşlı kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşulma faktı müəyyən edilmiş, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir; Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı (abonent kodu **********06400) sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilməsi ilə əlaqədar qaz sayğacının nominal saatlıq qaz sərfinin 4m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesab aparılmış və cəmi 34560m3 dəymiş ziyan müəyyən olunmuşdur; Abonentin saldosundan görünür ki, 2023-cü ilin sentyabr ayında Şəmkir rayonu İrmaşlı kənd sakini olan abonent İddiaçı adına 4147,20 manat cərimə borcu hesablanmışdır Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə işin mübahisəsiz halıdır və bu səbəbdən də 28 aprel 2023-cü il tarixdə X1nın pozulması haqqında ******* saylı akt əsasında 4147,20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq, məhkəmə 2023-cü ilin aprel ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: 02 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, istismarında olan qaz sayğacı cavabdeh təşkilatın əməkdaşları tərəfindən dəyişdirilmişdir. Həmin ərəfədə Gəncə şəhərində yaşadıqlarından orada olmamışlar. Adətən həftə sonları qısa müddətlik Şəmkir rayonunda yerləşən evlərinə baş çəkirlər. Onlar tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, iş yeri ilə əlaqədar ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Həftəsonları evə baş çəkmək üçün Şəmkir rayonunda yerləşən evdə qalırlar. Qaz sayğacı 2022-ci ildə dəyişdirilmişdir. Yerin altı ilə gedən qaz xətti onun xahişi əsasında 2021-ci ildə dəyişdirilərək evin çöl tərəfində üst hissədən çəkilmişdir. 2023-cü ilin avqust ayından yoldaşı Şəmkir rayonunda yerləşən evdə daimi yaşayır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii X1nın pozulması haqqında tərtib edilmiş akt həmin təşkilatın başqa əməkdaşları tərəfindən tərtib olunmuşdur. Akt tərtib olunarkən ümumiyyətlə bu barədə ona məlumat verilməmişdir. İş materiallarındakı foto şəkillər evin çöl hissəsində çəkilmiş şəkillərdir. Onun istismarında olan qaz sayğacı evin çölündə yerləşir. Cavabdeh təşkilatın əməkdaşları iş materiallarına əlavə edilmiş şəkilləri çöldə çəkib getmişlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı qay sayğacına hesablanmış 3456 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, İddiaçı Şəmkir rayonu İrmaşlı kəndində yerləşən fərdi yaşayış evində “Azəriqaz” İstehsalat Birliyinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca baxış zamanı sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşulma faktı aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xx.xx.2023–cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Bunun nəticəsində abonentə 34560m3 kub, yəni 4147,20 manat cərimə yazılmışdır. Cərimə hesablanarkən fərdi yaşayış evində istifadə edilən qaz sərfiyyatı 24 saat hesabı ilə hesablanaraq 360 günə vurulmuşdur. İddiaçı (istehlakçı) bildirir ki, onun tərəfin qaz sayğacına hər hansı müdaxilə edilməmiş, habalə qaz sayğacına qeyri-qanuni kənar xətt qoşulmamışdır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”-nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bu Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən təbii X1nın pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bnununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarındakı abonentin saldosu adlı sənədə nəzər yetirdikdə qaz istehlakçısı İddiaçı Şəmkir rayonu İrmaşlı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacında 2022-ci ilin aprel ayından həmin ilin dekabr ayına kimi, habelə 2023-cü ilin fevral və aprel aylarında təbii qazın sərfiyyatının ümümiyyətlə olmaması müəyyən olunur. İstehlakçı İddiaçı qaz sayğacına qeyri-qanuni xətt əlavə etmədiyini iddia etmiş, həmçinin sayğacın 2022-ci ilin aprel ayından həmin ilin dekabr ayına kimi, habelə 2023-cü ilin fevral və aprel aylarında təbii qazın sərf etməməsi səbəbi kimi Şəmikir rayonu İrmaşlı kəndində yerləşən fərdi yaşayış evində daimi yaşamadıqlarını, adətən həftə sonları həmin evə baş çəkmək məqsədilə getdiklərini göstərmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu dəlilini əsaslı hesab etmir və qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş istehlakçı İddiaçı 2022-2023-ci illər üzrə elektrik enerjisindən istifadəyə dair abonent saldosuna baxış keçirilmiş və müəyyən edilmişdir ki, istehlakçı qeyd olunan illərdə Şəmkir rayonu İrmaşlı kəndində yerləşən ev 1 mənzil 640-da mütəmadi olaraq elektrik enerjisindən istifadə etmiş və hər ay müxtəlif məbləğlərdə ödənişlər etmişdir. İşin qeyd olunan halları öz-özlüyündə göstəririr ki, istehlakçı İddiaçı istismarında olan qaz sayğacının quraşdırıldığı mənzildə təbii qazdan istifadə edilmişdir. Qaz sayğacının sərfiyyatı qeyd etməməsi səbəbi isə evdə qazdandan istifadə edilməməsi deyil, bilavasitə qaz sayğacına qeyri-qanuni kənar xətt qoşulması səbəbindən baş vermişdir. Yuxarıda şərh olunanların yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həqiqətən də istehlakçı İddiaçı istismarında olan qaz sayğacına qeyri-qanuni kənar xətt qoşulduğundan sayğac sərfiyyatı qeyd etməmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün qaz paylayıcı tərəfindən dəymiş ziyanın hesablanması qanuni və əsaslı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləğinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aparılmış hesabatla müəyyən edilməsi yolverilməzdir. Çünki, iş materiallarındakı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı (abonent kodu **********06400) sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilməsi ilə əlaqədar qaz sayğacının nominal saatlıq qaz sərfinin 4m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesab aparılmış və cəmi 34560m3 dəymiş ziyan müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən evdə təbii qazın sərfiyyatı 24 saat müddətlə 360 gün hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mənzildə təbii qazın gündəlik sərfiyyatının 360 gün və 24 saat hesablanması qanuni və əsaslı hesab edilə bilməz. Diqqət yetirilməli haldır ki, qaz sayğacı evdə quraşdırılmışdır. Belə olan halda evin isidilməsi, habelə təbii qaz vasitəsilə istifadə edilən məişət əşyalarının gün ərzində fasiləsiz olaraq istifadə edilməsi inandırıcı və ağlabatan hal deyil. Bundan başqa iş materiallarında olan abonent saldosu adlı sənədə əsasən abonentin müvafiq aylar üzrə sərf etmiş olduğu qaz sərfinin həcmi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən nəzərə alınmış qaz səffiyyatı həcmi (24 saat) sistemli şəkildə tədqiq olunduqda kənar xətt qoşulmasına görə müəyyənləşdirilmiş qaz sərfiyyatının artıq hesablanmış olması təsbit edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, abonentə məxsus sayğacın 2022-ci ilin aprel ayına kimi təbii qazdan sərfiyyatın qeyd etməsi və müvafiq ödənişlərin edilməsi nəzərə alınaraq dəymiş ziyanın hesabat müddəti 180 gün qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, abonent İddiaçı yaşadığı evdə 4 gözlü qaz piltəsinin, somavar, dəmir peçi və çörək bişirmək üçün sajın istifadə olunmasını nəzərə alaraq təbii qaz sərfiyyatının 8 saat hesablanması inandırıcı və ağlabatandır. Həmçinin mənzildə təbii qaz sərfiyyatının 8 (səkkiz) saat hesablanması abonentin saldo üzrə əvvəlki aylara görə sərf etmiş olduğu qaz həcmi ilə də uyğun gəlir. İstehlakçı İddiaçı gündəlik təbii qaz sərfiyyatının 8 (səkkiz) saat sərf olunduğunu olmasını nəzərə alındıqda 180 gün üzrə ümumi sərfiyyat həcmi 5760m3 təşkil edir ki, bu sərfiyyata görə ödənilməli olan məbləğ də 691,20 manatdır. Halbuki cavabdeh “Azəriqaz” İstehsalat Birliyi abonent İddiaçı məxsus evdə quraşdırılmış sayğacın abonent hesabına 4147,20 manat borc hesablamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı qay sayğacına hesablanmış (4147,20-691,20) 3456 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, hazırkı iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(076)-3283/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. “Təbii X1nın pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı istifadəsində olan sayğaca hesablanmış 3456 (üç min dörd yüz əlli altı) manat ziyan məbləği İddiaçı abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar