Məhkəmə qərarları › İş №2(104)-81/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-81/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-81/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(062)-2874/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2874/2022 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2967,68 ABŞ dolları əsas borc, 473,74 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3461,42 (üç min dörd yüz altmış bir dollar qırx iki sent) ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pulun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçı «Unibank” KB ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(062)-2874/2022 saylı qətnaməsinin ləğv edilməsi, ona münasibətdə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək borclular Cavabdeh1 və qeyrilərindən müştərək qaydada 2967,68 ABŞ dolları əsas borc, 473,74 ABŞ dolları faiz borcu, 342,7 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3784,12 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq kreditor "xxxx" KB ASC-yə verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-1093/2017 saylı məhkəmə əmri ilə (hakim N.Mustafayev) ərizə təmin edilmiş, borclular Cavabdeh1 və qeyrilərindən müştərək qaydada 2967,68 ABŞ dolları əsas borc, 473,74 ABŞ dolları faiz borcu, 342,7 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3784,12 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manata məzənnə nisbəti ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq kreditor "xxxx" KB ASC-yə verilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəməyə məhkəmə əmrinə dair etiraz verərək məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-1093/2017 saylı qərardadına əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-1093/2017 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə 30000 manat həcmində kredit xətti açılmış, Cavabdeh5 və Cavabdeh2 zamin qismində həmin müqavilənin tərəfi olmuşlar. xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 18 ay müddətinə 28 faiz ödənilməsi şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli zamin və girovun əlavə edilməsi barədə sazişə əsasən, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsində zamin qismində çıxış etmişlər. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 2967,68 ABŞ dolları əsas borc, 473,74 ABŞ dolları faiz borcu, 342,7 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3784,12 ABŞ dolları məbləğində borcu yaranmışdır. Mübahisənin həlli məhkəmədənkənar qaydada həllin tapmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit xətti müqaviləsi manat olaraq bağlanmış, lakin kredit ABŞ dolları ilə verilmişdir. Bundan başqa kredit xətti müqaviləsi bağlanarkən zamin olaraq ona heç bir məlumat verilməmişdir. Zamin olaraq məqavilə öhdəliyinin həyata keçirilməsinin vəziyyəti barədə ona vaxtında məlumat verilmədiyindən o, zamin kimi öhdəliklərini vaxtında yerinə yetirə bilməmişdir. Bu hal isə iddiaçı təşkilatın mənafeyinə istifadə edilərək, əlavə faiz və cərimələr hesablanmışdır. Məhkəmə qətnaməni müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, onun qeyd etdiyi xüsusatları araşdırmamış, onun məhkəmə iclasında iştirak etmək hüququ təmin edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər, o cümlədən cavabdeh (mərhum) Cavabdeh5 hüquq varisi kimi cəlb edilmiş arvadı - X2 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1644micTVZ/14-EM saylı əsas kredit müqaviləsindən görünür ki, kreditor tərəfındən borcalana 60 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmış, Cavabdeh5 və Cavabdeh2 zamin qismində həmin müqavilənin tərəfi olmuşlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, xx.xx.2019-cu il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalana kredit verilir. İş materiallarında olan kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 671micTVZ/15 saylı əlavə kredit müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 1644micTVZ/14-EM saylı əsas kredit müqaviləsi əsasında borcalana 18 ay müddətinə 28 faiz ödənilməsi şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zamin və girovun əlavə edilməsi barədə sazişə əsasən, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsində zamin qismində çıxış etmişlər. İş materiallarında olan kreditor "xxxx" KB ASC tərəfındən təqdim edilmiş kredit müqaviləsinin icrası barədə xx.xx.2016-ci il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli 671micTVZ/15 saylı kredit müqaviləsi üzrə borcalanın 2967,68 ABŞ dolları əsas borc, 473,74 ABŞ dolları faiz borcu, 342,7 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3784,12 ABŞ dolları məbləğində borcu vardır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli tələb hüququnun satılması barədə müqavilədən görünür ki, "xxxx" KB ASC tələb hüququnu "xxxx" MMC-yə satmışdır. Məhkəməyə təqdim edilmiş “BOA Kollektor Agentliyi" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 671micTVZ/15 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləği 1401.00 USD təşkil edir. AZEMİS Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh5 xx.xx.2023-cü ildə ölmüşdür. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayonu Sarıtala kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum Cavabdeh5 ailə tərkibi arvadı-X1 ibarətdir. Məhkəməyə təqdim edilmiş Tovuz regional ASAN xidmət mərkəzinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli 468 saylı məktubundan görünür ki, Cavabdeh5 ölümü ilə bağlı xx.xx.2023-cü il tarixli V-211 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi bağlanmış, kreditor tərəfindən borcalana 60 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borcalana 18 ay müddətinə 28 faiz ödənilməsi şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh5 və Cavabdeh2 həmin müqavilə üzrə zamin olmuşlar. xx.xx.2015-ci il tarixli zamin və girovun əlavə edilməsi barədə sazişə əsasən isə Cavabdeh3 və Cavabdeh4 qeyd olunan kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişlər. Cavabdeh1 əlavə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, xx.xx.2016-cı il tarixə 3784.12 ABŞ dolları borcu yaranmışdır. X4 Məhkəməsinin icraatında olan zaman Cavabdeh5 xx.xx.2023-cü ildə ölmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh5 hüquq varisi prosesə daxil olana qədər iş üzrə icraat dayandırılmışdır. Tovuz rayonu Sarıtala kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli arayışı ilə Cavabdeh5 ailə tərkibinin arvadı-X1 ibarət olduğu müəyyən edilmiş və sonuncu məhkəmə kollegiyası tərəfindən Cavabdeh5 hüquqi varisi qismində işə cəlb edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixli tələb hüququnun satılması barədə müqaviləyə əsasən "xxxx" KB ASC tələb hüququnu BOA Kollektor Agentliyi" MMC-yə satmışdır. “BOA Kollektor Agentliyi" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli 671micTVZ/15 saylı kredit müqaviləsi üzrə ümumi borc məbləği 1401.00 USD təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci və 448.2-ci maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası əvvəla apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında kredit xəttinin açılması barədə xx.xx.2014-cü il tarixdə əsas kredit müqaviləsi bağlanarkən zamin kimi Cavabdeh5 və Cavabdeh2 çıxış etmiş və müqaviləyə imza etmişlər. Göründüyü kimi Cavabdeh2 qeyd olunan müqavilənin bağlanmasından məlumatı olmuşdur. Kredit xətti müqaviləsi üzrə kreditor tərəfındən borcalana 60 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcalana borc məbləği kimi 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan məbləğ əsas kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş 30000 manat məbləğinin həddində, həmin məbləğdən təxminən 3,5 dəfə az məbləğ verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 bununla bağlı hüququ pozulmamışdır, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Digər tərəfdən kollegiya qeyd edir ki, “BOA Kollektor Agentliyi" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə caavbdehlərin iddiaçıya olan ümumi borc məbləği 1401.00 ABŞ dolları təşkil edir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehlərdən iddaçının xeyrinə alınmalı olan borc məbləği 1401 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(062)-2874/2022 saylı qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, Cavabdeh5 hüquq varisi X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1401 ABŞ dolları borc alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(062)-2874/2022 saylı qətnaməsi dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh5 hüquq varisi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1401 ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar