Məhkəmə qərarları › İş №2(104)-822/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-822/2024

22.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-822/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, hüquqdan sui-istifadə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-148/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə iddiaçı tərəfindən cavabdehə 150.000 manat məbləğdə borc verilmişdir. Həmin borcun təminatı olaraq müqavilədə Cavabdeh1 borcu qaytara bilməyəcəyi halda təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3799 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarına görə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 150.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, tutmanın kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 150.000 manatın tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-853/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi – Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir.

4. Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba görə, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli icra sənədinin icrası ilə bağlı sonuncu dəfə xəbərdarlıq edilərək bildirilmişdir ki, 15 gün müddətində məhkəmə qərarının icrasını təmin etmədiyi halda Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması üçün barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə təqdimat veriləcəkdir.

5. Təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilə ilə təsisçi Cavabdeh1 Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamışdır.

6. Təsis payının bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilə ilə Cavabdeh3 Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 50 faiz payını, Cavabdeh2 isə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 30 faiz payını Cavabdeh4 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair X7 Xidmət mərkəzinin Notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 Cəlal oğlu atasının əmisi oğlu, digər iki cavabdeh isə onun övladlarıdır. Cavabdeh1 Cəlal oğlu ilə qarşılıqlı razılaşmaqlarına əsasən xx.xx.2018-ci il tarixdə aralarında kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləni notariusda rəsmiləşdirmişlər. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 Cəlal oğluna 6 ay müddətinə 150.000 manat borc pul vermişdir. Həmin borcun təminatı olaraq aralarındakı razılaşmalarına əsasən cavabdeh həmin 150.000 manatı ödəməyəcəyi halda, təsisçisi və mülkiyyətcisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsini onun adına rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğuna və öhdəliyi yerinə yetirmədiyinə görə, Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 150.000 manat borcun alınmasını və borcun cavabdehin mülkiyyətcisi olduğu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin hərracda satılmaqla, əldə olunan vəsaitə yönəlməsini xahiş etmişdir.Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh1 Cəlal oğlundan 150.000 manat borcun alınıb ona verilməsi qət edilmiş, tutmanın xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin mülkiyyətində olan Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə, qətnamə cavabdehdən 150.000 manat borcun alınması hissəsində qüvvədə saxlanılmış, borcun cavabdehin mülkiyyətində olan yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilməsi ilə bağlı qanunun tələblərinə əməl edilmədiyi, yəni aralarında ipoteka müqaviləsi bağlanmadığı, həmin müqavilənin notariusda təsdiq olunmadığı və dövlət qeydiyyatından keçmədiyi əsas göstərilərək həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə qərarının məzmunu ondan ibarət olmuşdur ki, cavabdehlə borc müqaviləsi bağlayarkən və cavabdeh öz əmlakını girov qoyarkən biz aralarında ayrıca ipoteka müqaviləsi bağlayıb, həmin müqaviləni dövlət reyestr orqanında qeydiyyatdan keçirməli olduqları halda, bunu etməmişlər. Ona görə iddianın həmin hissədə təmin olunması qanunun tələbimə uyğun olmamışdır. Yekunda Cavabdeh1 Cəlal oğlundan 150.000 manat borcun alınıb ona verilməsinə dair məhkəmə qərarının icrasına başlanılmışdır. İcra prosesində icra məmuru cavabdehin əmlak vəziyyətini yoxlayarkən məlum olmuşdur ki, kassasiya instansiyası məhkəməsinin qərarından sonra Cavabdeh1 təsisçi olduğu "xxxx" firmasındakı 100 faizlik payının 50 faizini oğlu Cavabdeh3 digər 30 faizini isə Cavabdeh2 adına bağışlama müqaviləsi əsasında keçirmişdir. Hesab edir ki, həmin bağışlama müqaviləsi cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 150.000 manat borcunun, icra qaydasında onun əmlakına yönəlməsinin qarşısının alınması üçün məqsədli bağlanmış formal və uydurma müqavilə olduğundan etibarsız sayılmalıdır. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli yekun qərarı ilə Cavabdeh1 ona borclu olduğu 150.000 manatın alınıb verilməsi barədə mübahisə başa catmışdır. Məhkəmə qərarından sonra icra vərəqəsi icra şöbəsinə daxil olanadək cavabdeh borcunun icra qaydasında yönələcəyi yeganə əmlakı olan "xxxx" firmasındakı 100 faizlik nizamnamə kapitalının və firmanın xüsusi mülkiyyətində olan yanacaqdoldurma məntəqəsinin 80 faizini bağışlama yolu ilə formal olaraq uşaqlarının adına keçirmişdir. Burada cavabdehin niyyəti yalnız borcunun əmlakı hesabına ödənilməsinə manecilik yaratmaq olmuşdur. Hesab edir ki, məhkəmə qərarı ilə 150.000 manat borc ödəməli olan şəxsin, qərarın icraya yönəlməsi prosessindən əvvəl əmlakını övladlarının adına keçirməsi yalnız mülki hüquqlardan sui-istifadədir.

9. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə verərək, Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin və həmin əmlakın cavabdehlərin adından Cavabdeh4ə Hidayət qızının adına X7 Xidmət mərkəzinin Notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(062)-148/2023 saylı qətnaməsi ilə (hakim Fərid Əliyev), iddia tələbinin təmin edilməsi, Cavabdeh1 Cəlal oğlunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faizlik payının 50 faizini Cavabdeh3, 30 faizini isə Cavabdeh2 bağışlamasına dair xx.xx.2021-ci il tarixli təsis payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 50 faiz payının, Cavabdeh2 isə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "xxxx" firmasındakı nizamnamə kapitalındakı 30 faiz payının Cavabdeh4 bağışlamasına dair xx.xx.2021-ci il tarixli təsis payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə işin göstərilən hallarını yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymətləndirib, habelə Konstitusiya Məhkəməsinin müvafiq Qərarlarında əks olunmuş göstərişləri rəhbər tutmaqla hesab edir ki, mübahisələndirilən bağışlama müqavilələri hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanmamış və onların bəhrələnməsini istisna etməmişdir. Əksinə bağışlama müqaviləsinin bağlanılması Cavabdeh1 gələcəkdə borcun tutulması üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında tələbin yönəldiləcəyi əmlakı özgəninkiləşdirməklə bəhrələnməsinə yönəlmişdir. Bu yanaşma onun oğlanları olan Rüfət və Rəhman tərəfindən atalarından bağışlama üzrə əldə etdikləri payın ailənin gəlini olan (Rəhmanın arvadı) Gülnara hədiyyə edilən zaman onların da iradə ifadələrinə şamildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bağışlama müqavilələri uydurma əqddir. Yəni cavabdehlərin məqsədi bağışlama müqaviləsinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmamışdır.”

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 324.1, 391.1, 324.5, 337.2, 337.3, 340.1, 404.1 və 666.1-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-148/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, həmin iş üzrə iddiaçının iddia tələbinə görə onun həmin bağışlanma müqaviləsinin ləğv edilməsi üçün iddiaçının hansı şəkildə maraqlarına toxunub toxunmadığı hala qiymət vermədən qərar qəbul edilmişdir. Həmçinin cavabdehlərə məxsus olan "xxxx" firmasının Acess bank ASC-də girovda olması barədə xəbərdarlıq etməklərinə baxmayaraq, həmin hala da qiymət verilməmişdir. Çünki cavabdeh və ya maraqlı şəxs qismində bankı da işə cəlb etməli olduqları halda, cəlb etməmişlər. Bundan başqa həmin iş üzrə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin müqavilə əsasında "xxxx" firmasının 12-nə yönəldilə bilməməsi barədə tam aydın olaraq açıqlama verilməsinə baxmayaraq, nahaqdan bağışlanma müqavilələrinin ləğv edilməsinə iddiaçı nail olmuşdur. Həmin çıxarılmış olan qətnamə ilə razılaşmır. Ona görə ki, iddiaçıya yaranmış olan borc üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinin müvafiq təqdimatı əsasında Ədliyyə Nazirliyində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin ona məxsus olmuş "xxxx" firması həyat yoldaşı ilə birlikdə yaşadığı dövrdə əldə olunmuş olan əmlak olduğundan həmin əmlaka dair ümumi bağışlanma müqaviləsinin etibarsız sayılması qeyri-qanunidir. Hətta iddiaçı öz iddiasında və hakimin çıxarmış olduğu qətnaməsində onun qətnamənin icra olunmasından yayınmağı üçün guya ki, həmin əmlakı bağışlama müqaviləsi əsasında digər şəxslərə formal olaraq verməyini bildirmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1270/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, beləliklə hazırki işdə əmlakın bağışlanması müqavilələri cavabdehlərdən Cavabdeh1 mülkiyyət hüququnun xitamına, Cavabdeh3 və Cavabdeh2 üçün əksinə mülkiyyət hüququnun yaranmasına, yəni hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

18. Göründüyü kimi, hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın bağışlanması ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı bağışlamaq, müqavilə ləğv edildiyi təqdirdə hədiyyəni qaytarmaq və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir.

19. Həmçinin, iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlərin mübahisəli bağışlama müqavilələri bağlamasına, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozulmasına” dair irəli sürdüyü dəlili heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Halbuki işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

20. Göründüyü kimi, iddiaçı qeyd edir ki, məhkəmə aktının icrasından yayınmaq məqsədilə cavabdehlər mübahisəli bağışlama müqaviləri bağlamış, bununla da onun tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktının icrasına olan hüququnun pozmuşlar, lakin kollegiya hesab edir ki, bu iki hüquqi fakt arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilmir.

21. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Beləliklə də, qanunvericilik şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmamışdır.

22. Bununla əlaqədar məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

Kassasiya instansiya məhkəməsində icraat

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.

24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 129/2024 nömrəli qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 1270/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

25. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§30-37) müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (xx.xx.2024-cü il saat 16-30-da, xx.xx.2024-cü il saat 11-15-də və xx.xx.2024-cü il saat 10- 30-da) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

36. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

39. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

40. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

41. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar

42. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

54. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

58. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.

59. Çünki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

60. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

62. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-148/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

64. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə iddiaçı tərəfindən cavabdehə 150.000 manat məbləğdə borc verilmişdir. Həmin borcun təminatı olaraq müqavilədə Cavabdeh1 borcu qaytara bilməyəcəyi halda təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilənin şərtlərinə riayət etmədiyi üçün İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddiası üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli qətnaməsi əsasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 150.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, tutmanın kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və üçüncü şəxs Məhəbbət Ələkbərova tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 və üçüncü şəxs Məhəbbət Ələkbərova tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin Cavabdeh1 İddiaçı xeyrinə 150.000 manatın tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi – Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır

65. İlkin olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

66. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

67. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

68. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

69. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

70. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar).

71. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən bağışlama müqavilələri hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanmamış və onların bəhrələnməsini istisna etməmişdir. Əksinə, bağışlama müqaviləsinin bağlanılması Cavabdeh1 gələcəkdə borcun tutulması üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında tələbin yönəldiləcəyi əmlakı özgəninkiləşdirməklə bəhrələnməsinə yönəlmişdir. Bu yanaşma onun oğlanları olan Rüfət və Rəhman tərəfindən atalarından bağışlama üzrə əldə etdikləri payın ailənin gəlini olan (Rəhmanın arvadı) Gülnara hədiyyə edilən zaman onların da iradə ifadələrinə şamildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bağışlama müqavilələri uydurma əqddir. Yəni, cavabdehlərin məqsədi bağışlama müqaviləsinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmamışdır.

72. Belə ki, işin halları mübahisələndirilən bağışlama müqavilələrinin hədiyyə verənlər tərəfindən “niyyətlərinin hədiyyə alanı zənginləşdirməkdən” ibarət olmamasına dəlalət edir. Əvvəla ona görə ki, bağışlama müqavilələri məhkəmə mübahisəsi gedişatında bağlanılmışdır. Həmin müqavilələr bağlanan zaman tərəflər borcun ödənilməsi və tələbin bağışlama müqavilələrinin predmeti olmuş mübahisəli əmlaka yönəldilməsi üzrə məhkəmə mübahisəsi başa çatmamış idi. Cavabdeh1 şüurlu şəkildə bilirdi ki, onun həmin borcu ödəməyə maddi imkanı yoxdur (bu fakt onun barəsində cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə sonuncu dəfə xəbərdarlıq edilməsi ilə təsdiq edilir) və borcun ödənilməsinin yeganə təminatı təsisçisi olduğu "xxxx" firmasındakı nizamnamə kapitalındakı payıdır. Məhz əvvəllər mübahisə predmeti olmuş borc müqaviləsi üzrə üzərinə təsisçisi olduğu "xxxx" firmasının Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin 1/2 hissəsini İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Buna görə də onun tərəfindən həmin payın 80 faizi özgəninkiləşdirilmişdir. Eyni zamanda, birinci bağışlama müqaviləsi bağlanandan cəmi 1 ay sonra hədiyyə alan şəxslər öz paylarını ailənin gəlininə bağışlamışdır. Göründüyü kimi, hədiyyə verənlərin müqavilələri bağlamaqla niyyəti qətnamənin icrasının çətinləşdirilməsi yönündə olmuşdur.

73. Qeyd edilməlidir ki, qanunverici şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmasa da, onların öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqlarını təsbit edərək, mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğunu tələb edib, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadəni və sui-istifadəni qadağan etdiyini açıq bəyan etməklə, bu qadağanın pozulacağı hallarda qeyd edilən əsasla həyata keçirilən razılaşmaların (hərəkətlərin) etibarsız sayılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdir.

74. Göründüyü kimi, Cavabdeh1 oğlanları olan Rüfət və Rəhman tərəfindən atalarından bağışlama üzrə əldə etdikləri payın ailənin gəlini olan (Rəhmanın arvadı) Gülnara hədiyyə etməklə, iddiaçıya olan borcunun ödənilməsi üçün (borcun tutulması üçün yönləndirilməsindən) təsisçisi olduğu "xxxx" firmasındakı nizamnamə kapitalındakı paydan yayındırmaq və dolayısıyla hədiyyə verənlərin müqavilələri bağlamaqla niyyəti qətnamənin icrasını yubandırmaqla hüquqdan suiistifadə halına yol verilmişdir.

75. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

77. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

78. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).

79. Oxşar mövqe Avropa Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

80. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

81. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

82. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

85. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

87. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-148/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar