Məhkəmə qərarları › İş №2(104)-831/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-831/2024

27.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-831/2024 27.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsqərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(015)-810/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş və sayğacdan öncə rezin boru vasitəsi ilə birləşmə aşkar olunmuşdur.

2. Abonentin saldolsundan görünür ki, akt üzrə 4.561,92 manat cərimə borcu hesablanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, əsassız hesablanmış 4561,92 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azəriqaz İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman guya sayğacdan kənar rezin boru aşkar edilmişdir. Halbu ki, ayda iki dəfə sayğaca nəzarətçilər tərəfindən baxış keçirilir və bu barədə bildiriş verilir. Bildirişə uyğun olaraq da hər ay yazılan borcu vaxtı-vaxtında ödəmişdir. Buna baxmayaraq əsassız olaraq 4.561,92 manat cərimə yazılmışdır.

5. Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(015)-810/2023 nömrəli (hakim Z.Rəsulov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********06010) əsassız hesablanmış 4.561,92 (dörd min beş yüz altmış bir manat doxsan iki qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 448.2 maddəsi, “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1.3, 4.2, 4.8, 4.9, 6.5-4 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdehin yaşadığı Ağstafa rayonu Köçəsgər kəndində yerləşən qaz sayğacına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacadan kənar əlavə xətt birləşməsi var. Bu barədə 19 aprel 2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş, daha sonra isə abonentə 4561,92 manat cərimə hesablanmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, sayğacdan kənar xətt aşkar olunsada, lakin bu barədə əməkdaşlar tərəfindən müvafiq çəkiliş aparılmamış, yalnız akt tərtib olunmuş, həmin akta abonentin özü də imza etmişdir. Sayğacdan kənar çəkilmiş xətt qonşuya çəkilən xəttən şılanq vasitəsilə götürülmüşdür. Nümayəndə sonda məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 19 aprel 2023-cü il tarixli aktda sayğacdan kənar xəttin aşkar olunması qeyd olunsada, lakin həmin vaxt şılank xəttə qoşulu olmamışdır. Eləcədə akt yoxlama olan günü tərtib olunmamış, səhərsi günü onu aldadaraq qol çəkdirmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 385.1.2. maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması əsaslarından biridir.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının tərtib etdiyi 19 aprel 2023cü il tarixli ******* saylı akt (sayğacdan kənar xətt aşkar edilməsinə görə) əsasında 38016 m3 qaz sərfinə görə əsassız olaraq ona 4561,92 manat cərimə hesablanmasını əsas gətirərək, silinməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdi. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Belə ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 6.5-3. bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

30. İşin 10-cu vərəqində olan abonentin saldosundan görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin (qazpaylayıcısının) əməkdaşları tərəfindən abonentin istifadəsində olan sayğaca 2023-cü ilin mart ayında, baxış keçirilmiş və 14,04 m3 qaz sərfi barədə bildiriş verilmiş və həmin ay üzrə 22,32 manat ödəniş olunmuşdur. İşin 42-ci vərəqində olan dəymiş ziyanın bərpasına dair tələbnamədən isə görünür ki, 19 aprel 2023-cü il tarixli akt əsasında qaz işlədicilərinin sayı nəzərə alınmaqla abonentə PQ3 qaz piltəsinə görə 08x24x360=6912 m3, Dəmir sobaya görə 1,4x24x180=6048 m3, Radiator sobaya görə 0,8x24x180=3456 m3, Qeyri standart su qızdırıcıya görə isə 2,5x24x360=21600 m3, cəmi 38016 m3 qaz sərfi hesablanaraq 4561,92 manat cərimə yazılmışdır. Halbu ki, cərimə sonuncu baxış tarixindən, yəni hazırkı iş üzrə sonuncu bir ay nəzərə alınmaqla hesablanmalıydı. Belə olan təqdirdə abonentə PQ3 qaz piltəsinə görə 0,8x24x30=576 m3, Dəmir sobaya görə 1,4x24x30=1008 m3, Radiator sobaya görə 0,8x24x30=576 m3, Qeyri standart su qızdırıcıya görə isə 2,5x24x30=1800 m3, cəmi 3960 m3 qaz sərfi hesablanaraq 475,20 manat (3960x012=475,20 ) cərimə yazılmalıydı. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almadan iddianı tam təmin etmişdir.

31. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə müvafiq olaraq, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin olunmalı, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent kodu **********06010 olan Ağstafa rayonu Köçəsgər kənd sakini İddiaçı hesablanmış 4561,92 manat cərimədən 4086,72 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli, eləcədə iddia tələbi qismən təmin edildiyi üçün ödənilməli olan 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınıb Dövlət büdcəsinə verilməlidir.

36. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(015)-810/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış 4561,92 manat borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 aprel 2023-cü il tarixli ******* nömrəli akt əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent kodu **********06010 olan Ağstafa rayonu Köçəsgər kənd sakini İddiaçı hesablanmış 4561,92 manat cərimə borcundan 4086,72 manat silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilməli olan 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınıb Dövlət büdcəsinə verilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar