Məhkəmə qərarları › İş №2(104)-835/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-835/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-835/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar söz: subroqasiya qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2256/2022 saylı mülki iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə X6 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 99MM885 dövlət qeydiyyat nişanlı SHACMAN SX3314DT366 markalı avtomobili əmlaka vurulan zərərə görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə isə bir şəxs üçün 5000 AZN, bir hadisə üçün 50.000 AZN məbləğində sığorta müqaviləsi bağlamışdır.

2. İşdə olan Nəsimi RPİ-nin xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının” rədd olunması haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyen edilmişdir ki, sürücü Cavabdeh vət.Afiq Əliyevə aid olan etibarnaməsiz idarə etdiyi «Shacman SX3314DT366» yük markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2019-cu il tarixdə saat 01:15 radələrində Nəsimi rayonu A.Salamzadə küçəsinda tunellə üzü Qələbə dairəsi istiqamətində hərəkətdə olarkən qarşısında olan sürücü Bayraməli oğlu Qurbanovun idarə etdiyi Öztürk Yarımqoşqu **-ZG-*** dövlət nömrə nişanlı Maz 642208 232P13 yük markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vurduqda həmin avtomobilin üzərində olan vətəndaş Eşqin Əliyevə məxsus olan «Bauer» yer qazan 10-V-006 dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsinə dəyərək onu yararsız hala salaraq materiala əlavə olunmuş SAFE MMC-nin təqdim etmiş olduğu qüsur aktına görə həmin avtomaşına ümumilikdə 27381.90 avro dəyərində maddi ziyan vurmaqla baş vermiş YNH-si zamanı sürücü Cavabdeh iş üzrə təyin edilmiş MTE-nin vermiş olduğu rəyinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri almışdır. Belə olan halda isə qeyd olunan YNH-ni töretmiş sürücü Cavabdeh əməlində cinayət tərkibi yaranmasa da, onun hərəkətlərində yol hərəkəti qaydalarını pozulmasına səbəb olan İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə toplanmış tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrinə esasən inzibati qaydada tədbir görülməsi məqsədilə qabul edilmiş qərarın icra olunması Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

3. İşdə olan PXA47986 saylı sığorta aktından görünür ki, zərərin əvəzi kimi 5000 manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxs X3 nümayəndəsi X1 hesabına ödənilmişdir.

4. İşdə olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, AZSB-088/19 saylı dəymiş ziyanın araşdırılması ilə bağlı hesabatından görünür ki, “Bauer BG 20M" markalı, AZ10V-006 dövlət qeydiyyat nişanlı, 110FY382 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə (yerqazan maşın) 60.000 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur.

5. İşdə olan Sığorta Ödənişinin Alınması üçün X9 Təhvil-Təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün aşağıda nömrələri göstərilən plastik kartlar və ŞEN zərflər X2 təhvil verilmişdir. (Kartın nömrəsi: **********, 16 rəqəmli xüsusi nömrə: **********156195).

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 01:25 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsində Cavabdeh idarə etdiyi “Shacman" markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “MAZ” markalı **-RK-*** dövlət qeydiyyat nişanh və “Bauer BG 20M” markalı, AZ10V- 006 dövlət qeydiyyat nişanlı (yerqazan maşın) nəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “Shacman” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. "xxxx" MMC-nin xx.xx.2019cu il tarixli, AZSB-088/19 saylı dəymiş ziyanın araşdırılması ilə bağlı hesabatından görünür ki, “Bauer BG 20M" markalı, AZ10V-006 dövlət qeydiyyat nişanlı, 110FY382 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə (yerqazan maşın) 60.000 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, PXA 47986 sayl sığorta aktına uyğun olaraq, zərərin əvəzi kimi 5000.00 (beş min) manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxs X3 nümayəndəsi X1 hesabına ödənilmişdir. Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Samir Ələkbərovun xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasın rədd edilməsi barədə” qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə xx.xx.2019cu il tarixli, 082-19571-1219 sayli arayışından göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1- (etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh X7 məxsus nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir.

8. Bərdə Rayon Məhkəməsinin 2(021)-2256/2022 saylı mülki iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat sığorta hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 70 manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2256/2022 saylı mülki iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə görə subroqasiya hüququ sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı yaranır. O, sığorta müqaviləsinin tərəfi olmamışdır. Şirkətlə sığorta müqaviləsini bağlayan başqa bir şəxs olmuşdur. Ona başqa şəxs tərəfindən etibarnamə rəsmi verilməsə də, həmin nəqliyyat vasitəsinin idarə edilməsi mülkiyyətçi tərəfindən ona tapşırılmış və onların tapşırığının yerinə yetirilməsi üçün nəqliyyat vasitəsindən istifadə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılmış, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyini, ancaq məhkəməyə gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 21.1 və 21.2.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

17. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun

20. Maddə 25.1.3. «İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 25.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır.

31. Hazırki işin faktiki hallarına görə Cavabdeh. xx.xx.2019-cu il tarixdə «Shacman SX3314DT366» yük markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomaşını müvafiq еtibarnamə olmadan idarə etmişdir. Məhz etibarnamə olmadan avtomaşını idarə edərkən Cavabdeh yol nəqliyyat hadisəsi törətmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində protokol tərtib edilmişdir. Qəza nəticəsində Cavabdeh başqa şəxsin əmlakına zərər vurmuş, həmin zərərin 5000 manat hissəsi "xxxx" ASC tərəfindən zərərşəkmiş X3 nümayəndəsi X2 ödənilmişdir. Ona görə də "xxxx" ASC subroqasiya qaydasında hazırki tələblə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. 32.Apellyator isə şikayətində göstərmişdir ki, o, sığorta müqaviləsinin tərəfi olmamışdır. Şirkətlə sığorta müqaviləsini bağlayan başqa bir şəxs olmuşdur. Ona başqa şəxs tərəfindən etibarnamə rəsmi verilməsə də, həmin nəqliyyat vasitəsinin idarə edilməsi mülkiyyətçi tərəfindən ona tapşırılmış və onların tapşırığının yerinə yetirilməsi üçün nəqliyyat vasitəsindən istifadə etmişdir.

33. Kollegiya hesab edir ki, apellyatorun bu dəlilləri qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd edilməsinə əsas vermir. Belə ki, əvvəla işə birinci insansiya məhkəməsində baxılarkən Cavabdeh bu barədə məhkəməyə heç nə bildirməmişdir. Bundan əlavə, iş materiallarında apellyatorun bu dəlillərini təsdiq edə bilən, onun özünün məhkəməyə bildirdiklərindən başqa, mötəbər sübutlar aşkarlanmir . İşdə olan Nəsimi RPİ-nin xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının” rədd olunması haqqında qərardan görünür ki, avtomaşının mülkiyyətçisi Afiq Əliyev izahatında göstərmişdir ki, Cavabdeh avtomaşını etibarnamə olmadan idarə etmişdir. Etibarnamə olmasa da belə Cavabdeh tərəfindən avtomaşının idarə edilməsinə mülkiyyətçinin razılığının olduğu, həmçinin bu barədə məlumatlı olduğu Afiq Əliyevin izahatından müəyyən edilmir. Cavabdeh şikayətinin bu dəlilləri başqa, əlaqəli mötəbər sübutlarla təsdiq olunmadığından, onun özü isə işin nəticəsində maraqlı olan şəxs olduğundan MPM-in sübutlarla bağlı tələblərinə əsasən, kollegiya hesab edir ki, apellyatorun bu dəlilləri qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd edilməsinə əsas vermir. İrəli sürülən iddianın təmini üçün qanuni əsaslar isə yuxarıda sadalanmış maddi hüquq normalarında nəzərdə tutulmuşdur.

34. Ona görə də kollegiya bu qənaətdədir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, əsaslandırılmamışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2256/2022 saylı mülki iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2256/2022 saylı mülki iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar