Məhkəmə qərarları › İş №2(104)-847/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-847/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-847/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, e-2(125)-302/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 400 manat məbləğində vurulmuş ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, e-2(125)-302/2023 nömrəli qətnaməsi ilə (hakim: T.Qocayev) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “Ford Transit” markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il sentyabrın 21-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “Ford Transit” markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Moskva prospektində, Seyidov Kamil Bəylər oğlunun idarə etdiyi «Chevrolet Aveo» markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən xx.xx.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPİ-in xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində «Chevrolet Aveo» markalı, 99–TX–733 dövlət nömrə nişanlı avtomobilə 400 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2019-cu il tarixində 400 manat məbləği zərərçəkmiş şəxs Seyidov Kamil Bəylər oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icbari qaydada sığortalanmış “Ford Transit” markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edilməsinə görə İXM-in 332.4-cü maddəsinə uyğun olaraq cərimə edilmişdir. Cavabdeh barəsində İXM-in 332.4-cü maddəsi üzrə qəbul edilmiş qərar qüvvədədir və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Cavabdeh və üçüncü şəxs X4 heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin, cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: AE seriyalı 128023 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriyalı sürücülük vəsiqəsinə malik olmuşdur. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4 ilə "xxxx" ASC arasında “Ford Transit” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə mülki məsuliyyətin icbari sığorta olunmasına dair xx.xx.2019-cu il tarixdə bir il müddətinə müqavilə bağlanmışdır. Bakı şəhər DYPİ-nin YNH inspektoru X1 tərtib etdiyi, 21 sentyabr 2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və Bakı şəhər DYPİ-nin polis baş leytenantı X2 26 dekabr 2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Məmmədov X3 Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Bakı şəhəri, Moskva prospektində 21 sentyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Transit mikroavtobus” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuş, hadisə nəticəsində Seyidov Kamil Bəylər oğluna məxsus “Chevrolet-Aveo” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi ilə bağlı verdiyi 31 oktyabr 2019-cu il tarixli izahatında bildirmişdir ki, “sahibi X7 tərəfindən idarə etmək üçün verdiyi “Ford Transit” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “20 Yanvar” dairəsi istiqamətindən üzü “Şamaxinka” istiqamətində hərəkət edərkən qarşıdakı “Chevrolet-Aveo” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, hadisə zamanı bədən xəsarəti alan olmamışdır”. Avtomobillərin Texniki Xidmət Mərkəzinin 16 noyabr 2019-cu il tarixli qüsur aktından görünür ki, “Chevrolet-Aveo” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC-nin PXA54974 nömrəli sığorta aktından görünür ki, Bakı şəhəri, Moskva prospektində sığortalanmış “Ford Transit” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Chevrolet-Aveo” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində "xxxx" ASC tərəfindən 400 manat məbləğində sığorta ödənişinin Seyidov Kamil Bəylər oğluna ödənilməsi qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə qanunvericliyin aşağıdakı normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Məcəllənin 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İcbari sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən subroqasiya hüququnun sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə yönəlməsi üçün aşağıdakı halların məcmusu olmalıdır: - icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməli; - müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməlidir. Qeyd edilən halların məcmusu mövcud olmadıqda ümumi qayda olaraq subroqasiya hüququ sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana yönəlməlidir. Hazırkı iddia tələbi üzrə birinci halın, yəni cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə hüququnun olmaması müəyyən edilsə də, ikinci hal, yəni əmlakın sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Ona görə də, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı subroqasiya tələbinin qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Kollegiya qeyd edir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün sürücülük vəsiqəsinin və ya notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədlərin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi sürücülük vəsiqəsinin və ya yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Hazırkı işdə isə Ford Transit” markalı, **- CK-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş Cavabdeh əşyaya sahibliyinin və ondan istifadəsinin hüquqa zidd olması ilə bağlı iş materiallarında heç bir sübut müəyyən olunmur, eləcə də belə bir sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, e-2(125)-302/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar