Məhkəmə qərarları › İş №2(104)-887/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-887/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-887/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-640/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli R0097358 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Müqavilədən və ödəniş cədvəlindən görünür ki, 2888 manat dəyərində mal ilkin ödəniş olaraq 0 manat ödənilməklə, 12 ay müddətinə hissə-hissə hər ay 241 manat ödənilməsi şərtilə Cavabdeh satılmışdır.

2. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2888 manat məbləğində əsas borc, 289 manat məbləğində cərimə, ümumilikdə 3177 manat borcu vardır.

3. 09.09.2024-cü il nömrəli Xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə İddiaçı MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilib.

4. 22.11.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 51.77 manat dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2888 manat məbləğində əsas borc, 289 manat məbləğində cərimə, ümumilikdə 3177 manat borc, 51.77 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0097358 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2888 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödənişsiz və borclu olduğu qalıq 2888 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2024-cü il tarixə 289 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Beləliklə, hesab edirəm ki, cavabdehdən iddiaçının xeyrinə 2888 manat məbləğində əsas borc, 289 manat məbləğində cərimə və 51.77 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-640/2025 nömrəli qətnaməsi (hakim Bayram Məhərrəmov) ilə, iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2888 manat məbləğində əsas borc, 289 manat məbləğində cərimə, ümumilikdə 3177 (üç min yüz yetmiş yeddi) manat borc məbləği və iş üzrə ödənilmiş 51.77 (əlli bir manat yetmiş yeddi) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 462.1, 465.2, 567, 600.1, 600.4 və 601.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-640/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı kreditor onu əvvəlcədən xəbərdar etmədiyi üçün və razışlama üzrə şərtlrəin yerinə yetirlməsi ilə bağlı tərəf olaraq öz aramızda danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamışdır və birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nə də ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. İddiaçı borcun şişirdilmiş məbləğini təsdiqləyici hesablamalar təqdim etmədən göstərib.Təqdim olunan sənədlərə görə, öhdəliklərin məbləği deyil. Məhkəmə iclası barədə xəbərləri olmayıbdır.Hakim tək tərəfli işə baxaraq, onların iştiraklarını təmin etmədən, bununla da onların mövqeylərinə dair dəlillərə sahib olmadan obeyktiv olmayan qətnamə çıxarmışdır. Həmçinin, hazırda mübahisləndirlən məhkəmə qətnaməsində ondan tələb edilən 3177 manat pulun hansı əşya müqabilində tələb edilməsi ilə bağlı hər hansısa ifadə yer almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

18. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. MPM-in 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılır.

39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-640/2025 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış R0097358 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2888 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödənişsiz və borclu olduğu qalıq 2888 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozmuş və üzərinə düşən öhdəlikləri vaxtında icra etməmişdir. Keçən müddət ərzində nisyə aldığı telefon üçün heç bir ödəniş etməmişdir.

47. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MM-in) aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

48. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının MM-in 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

49. Azərbaycan Respublikasının MM-in 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

50. Azərbaycan Respublikasının MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

51. Azərbaycan Respublikasının MM-in 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

52. Azərbaycan Respublikasının MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

53. Azərbaycan Respublikasının MM-in 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

54. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, cavabdeh iddiaçıdan R0097358 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə əsasında nisyə əşya (telefon) almış, lakin, üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və aldığı malların pulunu tam qaytarmamışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də borcun nisyə alqı-satqı müqaviləsi üzrə tərəf olan cavabdehdən tələb edilməsi əsaslıdır.

55. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

56. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

57. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

58. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikasının MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

59. Azərbaycan Respublikasının MM-in 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

60. Azərbaycan Respublikasının MM-in 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

61. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Müqavilə üzrə borcalanın əsas vəzifəsi ödənişləri vaxtında etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə, borclu tərəfindən öhdəliyin pozulması zamanı qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu cür tənbeh tətbiq etmənin məqsədi, maddi sanksiyanı tətbiq etməklə tərəfi öhdəliyini icra etməyə məcbur etməkdir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

62. Bu baxımdan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, cərimə məbləğini 289 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

63. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.

64. Cavabdeh apellyasiya şikayətində göstərir ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. Bununla bağlı diqqətə çatdırılmalıdır ki, hazırki mübahisə Azərbaycan Respublikasının MPM-in 284-1-ci maddəsində bəhs olunan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdır. Həmin normada təsbit edilmişdir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

65. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsində göstərilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

66. Göründüyü kimi, bu növ icraata tərəfləri çağırılmadan baxılır və bu hal qanunvericiliyin özündə təsbit edildiyindən çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

67. Eyni zamanda kollegiya onu da qeyd edir ki, apellyator borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir. İddiaçının maliyyə arayışında əksini tapmış məlumatlar müqavilə şərtləri əsasında təhlil olunduqda görünür ki, hesablanmış əsas borc və cərimə borcu məbləğini şübhə altına almağa əsas yoxdur.

68. Kollegiya xatırladır ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Bu səbəbdən kollegiya onun bu dəlilini ağlabatan hesab etmir. Kollegiya göstərir ki, ekspertiza təyin edilməsi barədə dəlil formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

70. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

74. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-640/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar