Məhkəmə qərarları › İş №2(104)-888/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-888/2023

30.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-888/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(062)-2345/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, atası X5 və anası X2 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 122.5 kv.metr fərdi yaşayış evindən və 0.16 ha həyətyanı torpaq sahəsindən paylarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(062)-2345/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Fərid Əliyev) iddia tələbi təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və X4 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(062)-2345/2022 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdən xəbərsiz mərhum valideynləri və mərhum bacılarından qalmış miras əmlaklara dair vərəsəlik hüququ haqqında qeyri-qanuni şəhadətnamələr almışdır. Şəhadətnamə alan zaman notariat kontoruna vərəsələr barədə düzgün məlumat verməmişdir. Həmin şəhadətnamələr onlar tərəfindən məhkəmədə iddia qaldırılaraq ləğv edilmişdir.İddiaçı xx.xx.2008-ci ildə vəfat etmiş oğlu Ruslan Məmmədovu qeyd olunan mülkə vərəsə kimi tanıtması qanunsuz və əsassızdır. Birinci növbə vərəsə mərhumun övladları hesab olunur. Əgər övlad dünyasını dəyişirsə, o zaman nəvə vərəsə hesab oluna bilər. Lakin məhkəmə qərəzli şəkildə mərhum nəvəni vərəsə hesab edərək, onun atası İddiaçı payını 2/8 hissədə müəyyən etmişdir. İddiaçı və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və X4 məhkəmə kollegiyasına yazılı ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiklərini və bu imtinanın nəticəsinin onlara aydın olduğunu göstərərək, apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, cavabdehlər Cavabdeh1 və X1 apellyasiya şikayətindən imtinası qəbul edilməli və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Cavabdehlər Cavabdeh1 və X1 məhkəmə kollegiyasına təqdim etdiyi ərizədən görünür ki, onlar Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(062)- 2345/2022 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də, apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Deməli apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Apellyasiya şikayətindən imtinanın nəticələri məhkəmə kollegiyası tərəfindən cavabdehlər Cavabdeh1 və X3 izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və X1 Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(062)-2345/2022 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina barədə ərizələri Azərbaycan Respublikası MPMnin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdehlər Cavabdeh1 və X1 Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(062)-2345/2022 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina barədə ərizələri qəbul edilsin və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar