Məhkəmə qərarları › İş №2(104)-899/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-899/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-899/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə” dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 nömrəli qərardadından Ərizəçi nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001- ci il tarixli, 14 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-411, KOD-50806028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yazılmış “X1” “X2” olmaqla həmin Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə” dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, ərizəçiyə izah olunmuşdur ki, qeyd edilən tələblə bağlı rəsmi qeydə alındığı ərazi üzrə məhkəməyə müraciət edə bilər. Həmin qərardaddan Ərizəçi nümayəndəsi (vəkili) Vəkil şikayət ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 saylı qərardadının ləğv edilməsini və mülki işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hüquqlarını müdafiə etdiyi Ərizəçi Göygöl Rayon Məhkəməsinə müraciət edərək Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə mülkiyyətlərinə verilimiş 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-411, KOD50806028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yazılmış “X1” X2 olmaqla həmin Dövlət aktının ona məxsus olması faktının müəyyən olunması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 saylı qərardadına əsasən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Səndlərin geri qaytarılmasına əsas kimi ərizəçinin qeydiyyat yerinin Rusiya Federasiyası Volqoqrad Vilayəti, Svetli Yar rayonu, Bolşiye Çapurniki kəndi, mkr.1, ev 06, mənzil 03 ünvanı olması, Göygöl Rayon Üçtəpə kəndində yaşaması barədə sübut əlavə edilməməsi, dövlət rüsumunun isə ərizəçi deyil başqa şəxs tərəfindən ödənilməsi qeyd edilmişdir. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Məhkəmə qərardadın əsaslandırıcı hissəsində MPMnin 309.1-ci maddəsinə istinad etsə də 309.2-ci maddəsində göstərilənlərə qiymət verməmişdir. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır-müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında dövlət rüsumuna dair qəbz də göstərilmişdir. Lakin həmin siyahıda və digər qanunvericilik aktlarında etibarnamə üzrə nümayəndənin iddiaçının adından dövlət rüsumunu ödəməsi qadağan edilməmişdir. Hazırki mübahisə üzrə də dövlət rüsumu ərizəçinin nümayəndəsi, eyni zamanda da vəkili olan şəxs tərəfindən ödənimişdir. Buna səbəb kimi də ərizəçinin xarici pasportu olması, milli ödəmə terminallarının həmin pasportun seriya və nömrəsini tanımamasıdır. Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Göründüyü kimi hazırki mübahisə torpaq sahəsinin olduğu yer üzrə Göygöl Rayon Məhkmsində baxılmalıdır. Ona görə də ərizəçinin yaşayış yeri üzrə müvafiq (yaşayış yerindən arayış) sənədin təqdim edilməsi heç bir hüquqi nəticə yaratmır. Müstəsna aidiyyəti olaraq işə Göygöl Rayon Məhkəməsində baxılmalıdır. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi hazırki qərardad MPM-nin 39- cu maddəsinin də tələbinin pozulması baxımından qəbul edilmişdir. Məhkəmə ərizəçinin ərizəni faktiki yaşayış yeri üzrə verməli olduğunu, eyni zamanda da dövlət rüsumunun başqa şəxs tərəfindən ödənildiyini əsas gətirməsi düzgün nəticə deyil. Qeyd olunan qərardad ərizəçinin mülkiyyət hüququnu pozur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 nömrəli qərardadı ilə (hakim R.Mustafayev) şikayətin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 nömrəli qərardadından Ərizəçi nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə baxılması üçün 2(066)-521/2025 saylı mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 nömrəli qərardadı ləğv edilməli, ərizə mahiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin halı ondan ibarətdir ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə Xanlar rayon Üçtəpə kəndi ərazisində ərizəçi və ailə üzvlərinə 0.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib və həmin torpağa aid JN-411 KOD-50806028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilib. Qeyd olunan aktda adı, soyadı və ata adı səhv olaraq “X3” kimi yazılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, qeyd olunan yanlışlığın aradan qaldırılmasından imtina edilib və məhkəməyə müraciət etməyi tövsiyyə olunub. Hazırda qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmir, ona görə də hazırki ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, , Ərizəçi Rusiya Federasiyası Volqoqrad Vilayəti, Svetli Yar rayonu, Bolşive Çapurniki kəndi, mkr 1, ev 06, mənzil 03 ünvanında qeydiyyatdadı. Ərizədə yaşayış yeri kimi ünvan 2arədə ərizəsinə heç bir sübut əlavə etməmişdir. Bununla da müəyyən olunur ki, ərizə ərizəçinin rəsmi qeydə alındığı yaşayış yeri üzrə məhkəməyə verilməmişdir. Həmçinin ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılan zaman, ərizəçinin xüsusi icraat qaydasında ərizəsinin verilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsinə dair hər hansı sübutu ərizəsinə əlavə etmədiyi, ərizə öz adından olsada ərizəyə əlavə edilmiş dövlət rüsumunun onun adından ödənilməməsi müəyyən olunmuşdur. Buna görə də hesab etmişdir ki, ərizə MPM-nin 152.1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respubublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 444.0 və 444.0.1-ci maddələrinə əsasən daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir. Yuxarıda şadalanan qanun normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda tələb JN-411, KOD-50806028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adının düzgün yazılmaması, yəni “X2” əvəzinə “X3” yazıldığına görə həmin Dövlət Aktının ona məxsus olması faktının müəyyən olunması ilə bağlıdır. Birinci instansiya məhkəməsi ərizəçinin mübahisələndirdiyi X8 Aqrar İslahat Komissiyasının qərarı əsasında verildiyini, həmin sənədə müvafiq düzəliş etməli olan orqanın Azərbaycan Respublikasında yerləşdiyini, ərizəçinin isə Azərbaycan Respublikasında yaşayış yeri, adətən gəldiyi yerin olmasını nəzərə almamış və ərizəyə Ərizəçi qeydiyyatda olduğu Rusiya Federasiyası Volqoqrad Vilayəti, Svetli Yar rayonu, Bolşive Çapurniki kəndi, mkr 1, ev 06, mənzil 03 ünvanı üzrə məhkəməyə verilməli olması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi dövlət rüsumunun başqa şəxs tərəfindən deyil, iddiaçını təmsil edən nümayəndəsi tərəfindən ödənilməsini nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 nömrəli qərardadı ləğv edilməli və iş materialları həmin ərizəyə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-521/2025 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə” dair ərizəsi baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar