Məhkəmə qərarları › İş №2(104)-907/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-907/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-907/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, vəkili X4 və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 286 saylı arayışdan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşamış keçmiş Novoivanovka kənd sakini Cavabdeh məxsus fərdi yaşayış evini 1992-ci il tarixdə İddiaçı almışdır. Həmin ildən İddiaçı ailə üzvləri ilə birgə həmin evdə yaşamış, torpaq sahəsindən istifadə etmiş, kommunal xərcləri özü ödəmişdir.

2. Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 334 saylı arayışdan görünür ki, İddiaçı 1992-ci il tarixdə keçmiş Novoivanovka kənd sakini olmuş (rus millətinə mənsub) Cavabdeh məxsus olan evi və 0.25 ha həyətyanı torpaq sahəsini sadə razılaşma yolu ilə almışdır. Həmin evi İddiaçı yaşayış evi kimi və həyətyanı torpaq sahəsini əkin sahəsi kimi, 1992-ci il tarixdən hal-hazıra qədər olan müddətdə istifadə edir.

3. Gədəbəy rayonu Novoivanovka Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 21 saylı arayışdan görünür ki, İddiaçı 1992-ci il tarixdə keçmiş Novoivanovka kənd sakini olmuş (rus millətinə mənsub olan) Cavabdeh məxsus olan ev və 0.25 ha həyətyanı torpaq sahəsini almışdır, həqiqətən həmin torpaq sahəsi və ev Cavabdeh adına məxsus olmuşdur. Lakin islahat zamanı qeydiyyatdan çıxdığına görə ona pay torpaq norması verilmişdir.

4. Sadə yazılı formada bağlanmış kserosurətdən görünür ki, iddiaçı Əliyev X6 rayonu, Novoivanovka kənd sakini Cavabdeh xx.xx.1992-ci il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsi olan həyətyanı səhəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini razılaşdılmış qiymətə, 70000 manata İddiaçı satmış və həmin məbləği Cavabdeh almışdır.

5. Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən imzaların doğruluğu təsdiq edilmiş beş nəfər Novoivanovka kənd sakini tərəfindən imzalanmış 10 iyun 2022-ci il tarixli aktdan görünür ki, Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evini 70000 manata İddiaçı almışdır.

6. Mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən hazırki iş üzrə mübahisəli olan fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi yaşayış məntəqələrinin torpağı olmaqla bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********36-10301 reystr nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha torpaq sahəsi 1/4 hissəsi X9, 1/4 hissəsi Maraqlı şəxs1, ev tam olaraq və torpaq sahəsinin 2/4 hissəsi Maraqlı şəxs2 xüsusi mülkiyyətindədir.

8. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1992-ci ildə Novoivanovka kənd sakini Əliyev X1 sakini Moskivin Mariyaya məxsus olan evi onun oğlu X5 70.000 (yetmiş min rubl) manata onların iştirakı ilə almışdır. Hazırda İddiaçı 1992-ci ildən həmin evdə yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair onunla Cavabdeh arasında 07 mart 1992-ci il tarixli alğısatqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. 07 mart 1992-ci il tarixdə sabiq Novoivanovka kənd sakini Cavabdeh məxsus fərdi yaşayış evini və 0.25 ha torpaq sahəsini sadə razlaşma yolu ilə (xx.xx.1992-cu il tarixli sadə yazılı müqavilə əsasında) 70.000 (yetmiş min) manata (o vaxtki Azərbaycan manatı ilə) almışdır. Aldığı ev o vaxtı birmərtəbəli olmaqla 2 yaşayış otağından ibarət olmuşdur. O, evi aldıqdan sonra təmir etdirmiş, hal-hazırda ev ikimərtəbəli olmaqla hər mərtəbəsi 3 otaqdan ibarətdir. Sadə alğı-satqıdan sonra bu günədək həmin evdən və evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən o istifadə edir. Lakin o və ailə üzvlərinin savadsızlığından irəli gələrək notariat kontorunda alqı-satqı müqaviləsi bağlamamışlar. Sonralar Cavabdeh dəfələrlə həmin evi adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də, buna nail ola bilməmişdir. Eyni zamanda Cavabdeh rus milləti olduğu üçün evi ona satandan bir müddət sonra çıxıb Rusiya Federasiyasına getmişdir və hal-hazırda harada yaşaması barədə əlində heç bir rəsmi məlumat yoxdur. Ona görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. O, sözügedən evi və torpaq sahəsini Cavabdeh alması barədə 10 iyun 2022-ci ildə qonşuluq aktı tərtib edilmiş, həmçinin bu faktı təsdiq etmək üçün Gədəbəy rayonu Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müvafiq arayışlar verilmişdir.

11. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov), iddianın təmin edilməsi, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, Cavabdeh adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 mart 1992-ci il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. İş materiallarında olan arayışlara əsasən Gədəbəy rayonu, Novoivanovka kəndi üzrə təsərrüfatbaşına kitabda Cavabdeh adına 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə cavabdehin Cavabdeh 1992-ci il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Belə olan halda, cavabdehin qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı sərəncam vermək hüququ olmuşdur.

13. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayan Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

14. Məhkəmə həmin nəticəyə gələrkən mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsi, Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsi və 120-ci maddəsinin 1-ci hissəsi, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 9, 10 və 17-ci maddələrinə, “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 360 və 362-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 43.2-ci maddəsinin 2-ci hissəsində qanunvericiliklə təsbit edilmişdir ki, sadə yazılı formada bağlanmış müqavilədə əqddə qanuna xidd əməl olmadıqda həmin müqavi ilə məhkəmənin müvafiq qətnaməsi əsasında bağlanmış hesab edilə bilər. Halbuki, iddiaçının istinad etdiyi xx.xx.1992-ci il tarixli «müqavilə» adlanan sadə yazılı tərtibatda satılması iddia edilən fərdi yaşayış evi əslində X7 özünə deyil, Novoivanovka kənd İƏD-nin imzalarını təsdiq etdiyi qonşuluq aktında qeyd olunan anası Moskvin Mariyaya məxsus olması qeyd edilmiş, həmçinin həmin müqavilənamədə nəinki, 0,25 ha ümumiyyətlə heç bir həyətyanı torpaq sahəsinin satılmasından bəhs edilməmişdir. Eyni zamanda həmin müqavilənamə tərtib edilərkən satılması iddia evilən və kimsənin mülkiyyətində olmayan fərdi yaşayış evinin satılmasına, nə X7 anasının, nə də onun özünün səlahiyyəti olmadığı halda həmin evin satılmasına dair hansı hüquqi əsasla sərəncam vermək hüququnun olması Gədəbəy rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(042)-499/2023 saylı qətnaməsinin araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin, Gədəbəy rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(042)-499/2023 saylı qətnaməsində maddi hüquq norması olaraq istinad edilən «K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2005-ci il tarixli qrarının Azərbaycan RespublikasıKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə «əqdin özünün qanuna zidd olmaması və onun yazılı yormada tərtib edilməsinə dair tələbə əməl edilmiş olması» xüsusilə tələb edilən hal kimi nəzərdə tutulmuşdur. Bir daha qeyd edirlər ki, Gədəbəy rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(042)-499/2023 saylı qətnaməsində bağlanmış hesab etdiyi xx.xx.1992-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş alqı-satqı müqaviləsi şərh etdikləri xüsusatlara əsasən qanuna zidd əlamətlərə malik olduğu halda, məhkəmə həmin əqdi bağlanmış hesab olmasını heç bir halda qət etməməli idi. Bir sözlə, müqaviləyə qanuni əsaslarla tərtib edilmiş olsa belə, həmin müqavilənamədə 0,25 ha həyətyanı torpaq sahəsinin satılması qeyd edilməmişdirsə, Moskvin Mixayıl adlı şəxs həmin 0,25 ha torpaq sahəsini hansı əsasla iddiaçıya satmış hesab edilə bilər? Bundan başqa, Novoivanovka kənd üzrə İƏD-nin Nümayənldəsinin məhkəməyə təqdim etdiyi müvafiq arayışında Novoivanovka kənd sakini olmuş Mixayıl Moskvinin istifadəsində olmuş 0,25 ha həyətyanı torpaq sahəsinin sadə yazılı formada tərtib edilmiş müqavilənamə əsasında İddiaçı satılmasını qeyd etməsinə baxmayaraq, 1992-ci ildən respublikamızda torpaq islahatı aparılan 1996-cı ilədək iddiaçının istifadəsində olmasını təsdiq edən Nümayəndə, nəyə görə həmin torpaq sahəsinin kənd təsərrüfatı başına kitabda iddiaçının adına rəsmi qeyiyyat aparmış olsa idi, torpaq islahatı zamanı həmin torpaq sahəsinin iddiaçının mülkiyətinə verilməsinə dair müvafiq şəhadətnamə tərtib edilərdi. Beləliklə, şərh edilmiş əsaslarla hesab edirlər ki, mübahisəli 0,25 ha həyətyanı torpaq sahəsi torpaq islahatı zamanı Novoivanovka kənd Bələdiyyəsinin mülkiyyətinə verilməsinə görə, heç bir halda məhkəmənin məlum qətnaməsi ilə iddiaçı tərəfindən satın alınmış hesab edilə bilməz. Həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmasına dair 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən təqdim edilmiş rəyinə heç bir hüquqmüəyyənedici sənədin əlavə edilməməsi bəhanəsi ilə həmin torpağın bələdiyyə mülkiyyəti hesab edilməmiş, Novoivanovka kənd Bələdiyyəsinin təqdim etdiyi arayışa əsaslanmaqla mübahisəli torpaq sahəsinin 1992-ci ilədək Moskvin Mikayılın mülkiyyətində olmasını və iddiaçıya satmasını mötəbər sübut hesab etməklə həmin alqı-satqını bağlanmış hesab etmişdir Ona görə ki, məlum torpaq islahatına əsasən islahat zamanı vətəndaşların şəxsi mülkiyyətlərinə və dövlət mülkiyyətinə verilmiş torpaqlar çıxıldıqdan sonra qalan torpaqların müvafiq bələdiyyə mülkiyyətlərinə aid olması artıq Torpaq İslahatı haqqında qanunvericiliklə təsbit edilməsini məhkəmə əsassız olaraq nəzərə almamışdır. Mübahisələndirilən müqavilədəki fərdi yaşayış evinin satılmış olmasını da məhkəmənin hesab etməsini əsassız hesab edirlər. Ona görə ki, əvvəla həmin fərdi yaşayış evi müqavilədə satıcı kimi imza edən Moskvin Mixayıla aid olmamış, orada qeyd olunduğu kimi anasına məxsus olmuş, həmin evin hüquqi qeydiyyatı olmamış, həmçinin evin anasının adından satılmasına dair imza atan Moskvin Mixayıla hər hansı etibarnamənin verilib-verilməməsi barədə nə müqavilədə, nə də iddiaçının iddiası üzrə iş materialında heç bir məlumatın olmaması halı da həmin müqavilənin qanuna zidd olmasını bilavasitə təsdiq edir. Qeyd olunanlardan əlavə bildiririk ki, məhkəmənin məlum qətnaməsi ilə alqısatqısı bağlanmış hesab edilən müqaviləyə əsasən guya satılması nəzərdə tutulan 0,25 ha həyətyanı torpaq sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq torpaqayırma qaydalarına əsasən ayrılması, kordinatlarının məlum olması heç bir hüquqi sənədlərlə öz təsdiqini tapmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

22. İş üzrə Cavabdeh (sonuncu qeydiyyat yeri üzrə) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada bildiriş göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsi

23. Maddə 39 (1-ci hissə). Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.

24. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlamış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

25. Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir.

26. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir.

27. Maddə 230. tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.

“İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 22 mart 2006cı il tarixli qərarı

28. Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.

Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı

29. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

41. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

42. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

43. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

44. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

48. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

50. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

51. İşin kollegiya tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh anası Moskivin Mariyaya məxsus olmuşdur. İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evini alqı-satqısına dair xx.xx.1992-ci ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdeh həmin torpaq sahəsini və evi o vaxtkı manatla 70000 manata iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin müqavilə bağlanan zaman cavabdehin anasına məxsus əmlakı satmaq üçün etibarnaməsi və ya anasının hər hansı razılığının olması müəyyən edilməmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43-cü maddəsi təşkil edir.

53. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur (24&).

54. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayan Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

55. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

56. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

57. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

58. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

59. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

60. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

61. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

62. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

63. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının uzun müddətdir mübahisəsi gedən mənzildə yaşadığı müəyyən olunsa da bu, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və cavabdehin anası ilə iddiaçı arasında həmin mənzilin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqısı iddiaçı ilə əmlakların mülkiyyətçisi olan Mariyana Moskvin ilə deyil, onun oğlu Cavabdeh arasında bağlanmışdır. Halbuki, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir və belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur

65. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin dəyəri olaraq 70.000 (yetmiş min rubl) manat ödədiyini bildirsə də, qeyd edilən məbləği hansı vaxta, kimə, harada ödəməsini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ən əsası, yuxarıda qeyd edildiyi kimi mübahisəli əmlaklar cavabdehin anasına məxsus olmuşdur.

66. Beləliklə, işin qeyd olunan hallarına uyğun olaraq kollegiya mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqı üçün iddiaçının iddia etdiyi şəxsin (cavabdehin) mülkiyyət hüququnun olmaması və müqavilə bağlamaq səlahiyyətinin olmaması nəticəsinə gəlir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

68. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

69. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

70. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

71. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

75. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar