Məhkəmə qərarları › İş №2(104)-933/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-933/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-933/2024 22.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(040)-91/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Daşkəsən rayon Polis şöbəsinin 22 sentyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh2 ilə Bərdə rayonu Qazaxlar kənd sakini İddiaçı arasında birincinin təsərrüfatında saxladığı 7 baş dananı 12950 manata sonuncuya satacağı barədə qabaqcadan razılığa gəlmişlər və Cavabdeh2 həmin məbləği əvvəlcədən İddiaçı almışdır. Lakin buna baxmayaraq İddiaçı 6 baş dana aparmış, 1 baş dananı isə Cavabdeh3 və Cavabdeh1 vastəsilə yaxın günlərdə çatdıracağı barədə vəd vermişdir. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada bir baş dananın dəyəri olan 1850 manat və ödənilmiş 38,40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 təsərrüfatında saxlanılan 7 baş dananı 12950 manat müvabilində almağı barədə Cavabdeh1 və Cavabdeh3 ilə razılaşmışlar. Heyvanların dəyəri olan 12950 manatı Cavabdeh1 vermiş, sonuncu isə 7 baş dananın əvəzində 6 baş dana təhvil vermişdir. Həmin vaxt Cavabdeh1 1 baş dananın tapılmadığını və tapan kimi dərhal verəcəyini bildirmişdir. Lakin 1 ay müddət keçsədə 1 baş dananı ona təhvil verməmişlər. Daha sonra məlum olmuşdur ki, 1 baş dananı vəhşi heyvanlar parçalamışdır. Cavabdeh1 həmin dananın əvəzinə erkək dana və ya bu mümükün olmadığı halda dəyərini ona verilməsini tələb edən zaman, sonuncu digər Cavabdeh3 almasını bildirmişdir. Ona görə də, polisə müraciət etmiş, lakin şikayəti mülki xarakter daşıdığına görə məhkəməyə müraciət etməsi bildirilmişdir.

4. Kəlbəcər Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(040)-91/2024 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia qismən təmin edilərək, Cavabdeh2 1850 (min səkkiz yüz əlli) manat, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi 38,40 manat alınaraq İddiaçı verilməsi; Qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.4, 442.1, 567, 598.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3, 119.1, 191.3, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, dəfələrlə bir baş dananı aparmasını Şahindən tələb etmiş, lakin sonuncu vaxtında gəlib dananı aparmamışdır. Dana Şahinin qohumu, yəni bibisinin əri Əsgərin mallarının içində olmuş və bu barədə zəng edib bildirsədə, ona narahat olmamasını və dananın Əsgərin mallarının içində olduğundan xəbərdar olduğunu demişdir. Bundan bir neçə gün sonra Şahin ona zəng edərək, Əsgərə həmin dananı bazara gətirməsini və telefon vasitəsi ilə əlaqə saxlamasını demişdir. Əsgər isə öz növbəsində Şahinin ona dediyini və avtomobilini düzəldən kimi aparacağını bildirmişdir. İddiaçıya satdığı dana Əsgərin heyvanlarının içində olduğundan arxayın düşmüşdür. Lakin həmin ərəfələrdə Əsgər ona zəng edərək bildirmişdir ki, Şahinə verəcəyi dananı meşədə ayı yemişdir. X4 gedib dananın şəkilini çəkib göndərmişlər. Birinci instansiya məhkəməsi isə Cavabdeh3 Şahmar oğlunun onun əlehinə verdiyi izahatına əsaslanmış, Daşkəsən rayon Polis şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərdiyi izahatları nəzərə almamışdır. Vəhşi heyvan tərəfindən yeyilən dana Şahinin bibisigilin saxladıqları heyvanların içərisində olmuş və onun nəzarətindən çıxmışdır. Cavabdeh3 dananı İddiaçı aparıb verəcəyini öz öhdəsinə götürmüşdür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, təsərrüfatında olan 7 baş dananı 12950 manat müqabilində (birinin dəyəri 1850 manat olmaqla) İddiaçı satması barədə razılığa gəlmişlər, Razılaşdıqları məbləği Hikmət qardaşı Ramiz vastəsilə ona vermiş və əvəzində 6 baş dana aprmışdır. Qalan bir başı isə gəlib sonra aparacağını bildirmişdir. Lakin dedikləri vaxtda gəlib dananı aparmamışlar. Dana meşədə qaldığı üçün ayı onu parçalamışdır. İddiaçı, eləcədə Şahin dananı vaxtında aparsaydılar, ayı onu parçalamazdı. Ona görə də 1850 manatı digər cavabdehlər ödəməlidir. olduğundan ayı parçalamışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 7 baş dana olmasını Cavabdeh3 ona demiş, oda həmin heyvanları birinin dəyəri 1850 manatdan razılaşmış və Cavabdeh2 12950 manat vermişdir. Heyvanları aparan gün biri meşədə qalmış, Ramiz (Muxtarın qardaşı) ona bildirmişdir ki, dana tapılan kimi Şahinə verərik gətirib təhvil verər. Buna baxmayaraq 1850 manat dəyərində olan bir baş dananı cavabdehlər ona göndərməmişlər. Sonradan isə ona məlum olmuşdur ki, ayı dananı parçalayıb. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 və onun qardaşı Ramiz arasında olan dana alverində vastəçi olmuşdur. Belə ki, Müxtar Məmmədovda 7 baş satlıq dana olması barədə İddiaçı məlumat vermiş, sonuncularda heyvanların birinin dəyərini 1850 manatdan razılaşmış və Hikmət 7 baş dana üçün Muxtara ümumilikdə 12950 manat vermişdir. Vastəçilik etdiyi üçün Hikmət ona da 150 manat vermişdir. Danaları aparan gün onlardan biri meşədə itiyinə görə Hikmətə 6 baş dana təhvil verilmiş və Ramiz Hikmətə söz vermişdir ki, itən dana tapıldıqdan sonra göndərəcəklər. Lakin bir müddət sonra Muxtarın oğlu Əsgərdən eşitmişdir ki, itən dananı ayı meşədə parçalayıb.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh3 vasitəçiliyi ilə Cavabdeh2 təsərrüfatında saxlanılan 7 baş dananı almaq üçün birinin qiymətini 1850 manatdan razılaşmış və 12950 manat pulu Cavabdeh2 qardaşı Cavabdeh1 vermiş, sonuncu da həmin pulu qardaşı Muxtara vermişdir. Bir baş dana meşədə itdiyi üçün cavabdeh tərəf iddiaçıya 6 baş dana təhvil vermiş və tapıldıqdan sonra itən dananın da iddiaçıya təhvil verilməsinə söz vermişdir. Bir ay müddət keçsə də, itən 1 baş dana iddiaçıya təhvil verilməmiş, daha sonra isə sonuncuya məlum olmuşdur ki, meşədə itən dananı vəhşi heyvanlar parçalamışdır. Cavabdeh1 həmin dananın əvəzinə erkək dana, bu mümkün olmadığı halda dəyərinin qaytarılmasını tələb etsə də, sonuncu 1850 manatı digər Cavabdeh3 almasını bildirmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

31. Kollegiya qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil.

32. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı birinin dəyəri 1850 manatdan olmaqla 7 baş dana üçün Cavabdeh2 sonuncunun qardaşı Cavabdeh1 vasitəsilə, ümumilikdə 12950 manat versə də, lakin bir baş dana itdiyi üçün ona 6 baş dana təhvil verilmiş və itən dana tapıldıqdan sonra təhvil veriləcəyi vəd edilmişdir. İtən dana meşədə vəhşi heyvanlar tərəfindən parçalanıb məhv olunduğna görə, həmin dananın iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. İddiaçı bunun əvəzində başqa dana, bu mumkün olmadıqda isə bir baş danaya görə ödədiyi 1850 manatın geri qaytarılmasını tələb etsə də, Muxtar və Cavabdeh1 qardaşları pulu Cavabdeh3 tələb etməsini bildirmişlər.

33. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, 7 baş dana Cavabdeh2 məxsus olmuş və həmin heyvanların İddiaçı satılması məqsədilə o, iddiaçıdan ümumilikdə 12950 manat almışdır. Cavabdeh1 və Cavabdeh3 İddiaçılə Cavabdeh2 arasında 7 baş heyvanların alqı-satqı barədə danışıqlarda vasitəçi qismində olmuşlar. Belə olan təqdirdə itən bir baş heyvanın tapılıb iddiaçıya təhvil verilməsində sonuncular hər hansı bir öhdəlik daşımırlar. Bu öhdəliyi alqı-satqı münasibətlərində satıcı qismində iştirak edən Cavabdeh2 daşıyır. Çünki, alqı-satqı müqaviləsinə görə, məhz satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM maddə 567). Ona görə də kollegiya hesab edir ki, Cavabdeh2 1850 manat, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi 38,40 manat alınaraq İddiaçı verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

34. Mülki prosessual qanunvericiliyə görə də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(040)-91/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh2 1850 manat, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi 38,40 manat alınaraq İddiaçı verilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar