Məhkəmə qərarları › İş №2(104)-934/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-934/2023

26.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-934/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan İbarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)- 3046/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 iyun 2022-ci il tarixdə tərtib edilmiş 262927 saylı aktın etibarsız hesab edilməsi və hesablanmış 774.00 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-3046/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc məbləğinin silinməsi tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-3046/2022 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayır, mütamadi olaraq kommunal xərcini ödəyir. Sonradan ona məlum olmuşdur ki, 12 iyun 2022-ci il tarixdə Cavabdeh-nin əməkdaşları onun yaşadığı ünvana gələrək onun barəsində akt tərtib etmiş, ona 774 manat cərimə yazılmışdır. Onun həmin cərimədən məlumatı olmamışdır. 15 avqust 2022-ci il tarixdə onun barəsində 262927 saylı akt tərtib olunduğunu bilmişdir. Həmin akt qanunsuz və ədalətsizdir. Belə ki, akt tərtib edərkən ona məlumat verilməli və hansı səbəbə görə akt tərtib edilməsi ona izah edilməmişdir. Onda olan məlumata görə akta imza edən şəxslər həmin vaxtı onlar yaşayan ünvana gəlməmiş və formal olaraq akt tərtib etmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, "xxxx" ASC-də balans mühəndisi işləyir. İddiaçının həyətində olan elektrik naqillərinə baxış keçirilərkən və akt yazılarkən o, da iştirak etmişdir. Video-çəkilişdən də göründüyü kimi iddiaçının qonşusu Namazova Günayın həyətindən sayğacdan kənar elektrik xətti çəkildiyi müəyyən olunmuşdur. Həmin evdə yaşayış olmamışdır və xəttin iddiaçının evinə doğru çəkildiyi müəyyən olunmuşdur. Bununla bağlı idarədə 262927 saylı akt tərtib edilmişdir. İddiaçı aktla tanış olmaq üçün idarəyə dəvət olunmuş, lakin o gəlməmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız, ədalətsiz, qeyri-obyektivdir. Məhkəmə qarşı tərəfin marağına uyğun qətnamə qəbul etmişdir. Həmin qətnaməyə diqqət yetirsək görərik ki işi aparan hakim cavabdehin sözlərini mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, mübahisəlı yerə baxış keçirməmiş, işıq idarəsinin əməkdaşı təqdim etdiyi video çəkilişin onun işinə aid olub-olmamasını müəyyənləşdirməmişdir. Həmçinin akta imza edən şəxsi o görməmişdir. Onlar həyətdə də olmayıb, olsaydı onları da videoya çəkərdilər. Bununla da birinci inslansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yalnış nəticəyə gəlmiş, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri üzrə izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, sayğacdan kənar elektrik xəttindən istifadə etməmişdir. Video-çəkilişdə göstərilən naqil ona məxsus həyətə çəkilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-3046/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb iddiaçı və cavabdeh tərəfi, həmçinin iş materiallarındakı aktı tərtib etmiş cavabdeh orqanın əməkdaşını şahid qismində dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayonu, Yeni Əyricə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli 550 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 774 manat cərimə yazılmışdır. İş materiallarında olan 12 iyun 2022-ci il tarixli 262927 saylı aktın surətindən görünür ki, İddiaçı həyətinə gecə reydi keçirilmiş, reyd zamanı sayğacdan kənar elektrik xətti çəkilərək X1 olunduğu müəyyən edilmişdir. İş materıallarında olan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmis iddaya qarşı etirazda göstərilmişdir ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nın “Poroqram bazası”nda **********00016 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla rayonun Nəcəfqulubəyli kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən 23 avqust 2019-cu il tarixindən 21 iyul 2022-ci il tarixinə kimi yaşadığı evə quraşdırılmış VİKO-M58ODBOT tipli, zavod nömrəsi ******* olan, 21 iyul 2022-ci il tarixindən hal-hazıra kimi olan dövrdə PAUD-MP106 tipli, əvvəlcədən ödənişli, zavod nömrəsi **********4 olan elektrik hesablama sayğacları vasitəsi ilə istifadə etmişdir. 12 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Bərdə EŞ-nın əməkdaşları tərəfindən Elşən Abbasov, Vasif Əkbərov, Ruhani Asim tərəfindən Bərdə EŞ-nin xidməti ərazisində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları tərəfindən X1 qaydalarına riayət edilməsi vəziyyəti reyd keçirilməklə yoxlanılarkən İddiaçı Nəcəfqulubəyli kəndində yerləşən fərdi yaşayış evinin də elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının yaşayış evinin həyətində quraşdırıldığı və abonentin enerjidən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar “EEİQ”-nın tələblərinə uyğun olaraq İddiaçı barəsində Akt R № 262927 saylı akt tərtib edilmişdir. Aktın “pozuntunun qısa məzmunu” hissəsində "xxxx" ASC-nin rəhbərliyinin göstərişinə əsasən Bərdə EŞ-nin xidmət ərazisində elektrik enerjisinin ötürülməsində yaranmış qeyri-balansın aradan qaldırılması məqsədi ilə gecə reydi keçirilərkən abonentin elektrik enerjisindən sayğacdan “kənar xətt” vasitəsi ilə istifadə etdiyi aşkar edildi. EEİQ-ya uyğun olaraq xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsi ilə ölçü aparılaraq kənar xətdən keçən yükün 4kvt təşkil etdiyi” barədə qeydiyyat aparılmışdır. İddiaçı aktın tərtibatında iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Aktın “qeyd” hissəsində iddiaçının imzadan imtina etməsi barədə imza edilməklə qeydiyyat aparılmışdır. Aktın “tələb hissəsində” abonentin sayğacı sərhəd nöqtəsinə çıxarılsın, yeni tipli smart sayğacla əvəz olunsun” qeydiyyatı aparılmışdır. İddiaçı elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etməsi faktının mobil telefon vasitəsi ilə videoçəkilişi aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən İddiaçı barəsində tərtib edilmiş Akt R № 262927 saylı akta əsasən “EEİQ”-nın tələblərinə uyğun olaraq sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq iddiaçı tərəfindən elektrik enerjisindən kənar xətt vasitəsi ilə qanunsuz istifadə edilməsi nəticəsində dəyəri 774,24 manat təşkil edən 6048 kvt/saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində enerji təchizatı əməkdaşları tərəfindən Akt tərtib edilərkən və itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər hansı qanunsuz və qərəzli hərəkətlərə yol verilməmişdir. Akt “EEİQ”-nin 8.17-ci bəndinin tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. İddıaçı İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində enerji təchizatı müəssəsının əməkdaşları tərəfindən barəsində akt tərtib edilərkən “EEİQ”nin 8.33-cü bəndinin tələblərinin pozularaq Akt tərtibatında 2 nəfər hal şahidinin iştirakının təmin edilmədiyini və sayğacın küçədə quraşdırılmış olduğunu əsas gətirərək aktın qanunsuz yazıldığını bildirir. Azərbaycan Respublıkasının Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə 02 fevral 2015-ci i. tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacı zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərı elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara munasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır”. 8.17-2. bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur”. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən sayğacdankənar xətdən istifadə etməklə X1 etdiyini sübut etmək vəzifəsi cavabdehin, yəni enerjitəchizatı müəssisəsinin üzərinə düşür. “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin “Qaydalar”ın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin “Qaydalar”ın 9.12 və 9.12.5-ci bəndinə əsasən, elektrik qəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisi uçotunun sxemini pozduqda X2 Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, 12 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Bərdə EŞ-nın əməkdaşları tərəfindən Bərdə EŞ-nin xidməti ərazisində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları tərəfindən X1 qaydalarına riayət edilməsi vəziyyəti reyd keçirilməklə yoxlanılarkən İddiaçı Bərdə rayonunun Nəcəfqulubəyli kəndində yerləşən fərdi yaşayış evinin də elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının yaşayış evinin həyətində quraşdırıldığı və abonentin enerjidən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar Akt R № 262927 saylı akt tərtib edilmiş olsa da, lakin aktın “EEİQ”-nın tələblərinə uyğun olmadığı müəyyən olunur. Belə ki, tərtib olunmuş aktda iddiaçının imza etmədiyi və imza etməkdən imtina etdiyi EEİQ-ya uyğun olaraq xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” vasitəsi ilə ölçü aparılaraq kənar xətdən keçən yükün 4kvt təşkil etdiyi” barədə qeydiyyat aparılmışdır. İddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 12 iyun 2022-ci il tarixdə tərtib edilmiş 262927 saylı aktın əsassız tərtib edilməsini iddia etsə də məhkəmədə buna dair heç bir sübut növü təqdim edə bilmədi. Enerji itkisinin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Enerji itkisinə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki baş vermiş zədələnmənin əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, itirilmiş enerjinin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya qeyd edir ki, sözügedən Qaydaların tələbinə görə sayğacdankənar xətdən istifadə müəyyən edildikdə elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla müəyyən edilsə də, istifadə edilmiş elektrik enerjisinin dəyərini 12 saat nəzərə alınmaqla tətbiq edilməsini yuxarıda qeyd olunanlar nəzərə alınmaqla mümkün sayır və cərimənin məbləği azaldılaraq 387,12 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, 12 iyun 2022-ci il tarixdə tərtib edilmiş 262927 saylı akta əsasən hesablanmış 774,24 manat cərimənin 387,12 manat hissəsi abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası МPМ-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(021)-3046/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 iyun 2022-ci il tarixdə tərtib edilmiş 262927 saylı aktın əsasında İddiaçı yazılmış 774.24 manat borcun 387,12 manat hissəsi (abonent kodu **********00016) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar