Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-940/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X15, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, X15, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh1(bundan sonracavabdeh)tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X16 ilə X19 rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahından beş övladı, hazırki iş üzrə tərəflər- Rasim, Rafiq, Əfsusə, Rəna və Nəzakət doğulmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-238F, KOD 50311028 nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu, Cəlilli kəndində yerləşən 0,37 ha həyətyanı torpaq sahəsi X16, X19, İddiaçı, X11, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-170, KOD 50311028 nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu, Cəlilli kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, X19, İddiaçı və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Tovuz rayonlararası texniki inventarlaşdırma sahəsinin 30 aprel 1987-ci il tarixli Qeydiyyat vəsiqəsi ilə müəyyən olunur ki, Tovuz rayonu, Cəlilli kəndində yerləşən bir otaqlı, ümumi sahəsi 54,2 kv.m, yaşayış sahəsi 24 kv.m olan fərdi yaşayış evi X8 adına qeydiyyata alınmışdır. X16 29 mart 2022-ci ildə, X19 29 mart 2022-ci ildə ölmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 238 F nömrəli şəhadətnamədə qeyd olunan 0,37 ha həyətyanı torpaq sahəsinin, JN-170 nömrəli dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X1nun və mərhum anası X12 payına düşən hissəsindən ibarət mirasdan və mərhum atası X22 adına qeyd alınmış Tovuz rayonu, Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1967-ci ildə X13 ilə X12 birgə nikahlarından anadan olmuşdur. Tovuz rayonu, Cəlilli kəndində yerləşən 0,37 ha həyətyanı torpaq sahəsi və 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum atası, mərhum anası, onun və onun ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Həmçinin Tovuz rayonu, Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evi mərhum X1nun adına qeydə alınmışdır. X1 29 mart 2022-ci il tarixdə, anası X19 21 may 2022-ci il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra onların miras qalmış qeyd etdiyi torpaq sahələrində olan paylarını və fərdi yaşayış evini faktiki olaraq o qəbul etmişdir. Belə ki, həmin fərdi yaşayış evi onun və ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahələrində yerləşir. Hazırda mərhum atası və anasından miras qalmış mülkləri öz adına sənədləşdirmək istəyir, lakin vərəsələr arasında mübahisə vardır. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(062)-154/2024 nömrəli iş üzrə qəbul etdiyi 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Hümmətov) iddia tələbinin təmin edilməsi, Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN-170 saylı dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mərhum X9 və X17 məxsus 2/4 hissəsindən İddiaçı, X7, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə; Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN 238 F saylı şəhadətnamədə göstərilmiş ümumi sahəsi 0,37 ha torpaq mərhum X9 və X17 məxsus 2/6 hissəsindən İddiaçı, X7, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə; X4 adına qeydə alınmış Tovuz rayonunun Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı, Cavabdeh1, X10, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə miras əmlakdan paylarının müəyyən edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İddiaçı xx xxxxxx 1967-ci ildə X13 ilə X12 birgə nikahlarından Tovuz rayonu Cəlilli kəndində anadan olmuşdur. X13 ilə X12 birgə nikahlarından iddiaçıdan başqa, Əfsusə, Nəzakət, Rəna və Rafiq adlı uşaqları olmuşdur. İddiaçının atası Qasım xx.xx.2023-cü ildə, anası Qumru 21 may 2021-ci ildə vəfat etmişdir. Valideynlərinin ölümündən sonra tərəflər birinci növbəli vərəsə kimi mirası qəbul etmişdir. Mirasın kütləsinə Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN 238 F saylı şəhadətnamədə göstərilmiş ümumi sahəsi 0,37 ha, JN-170 saylı dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və mərhum X4 adına qeydə alınmış Tovuz rayonunun Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evi vardır. Vərəsələrdən heç birinin miras paydan imtina etməsi barədə ərizələri olmamışdır. Məhkəmə hesab etmişdir ki, Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN-170 saylı dövlət aktında qeyd edilən 0,25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mərhum X9 və X17 məxsus 2/4 hissəsindən hazırki iş üzrə tərəflərin hər birinin 1/5 hissədə miras əmlakdakı payları müəyyən edilməlidir. Eyni zamanda məhkəmə digər miras, yəni Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN 238 F saylı şəhadətnamədə göstərilmiş ümumi sahəsi 0,37 ha torpaq sahəsi ilə bağlı da onu qeyd etmişdir ki, mərhum X9 və X17 məxsus 2/6 hissəsindən də hazırki iş üzrə tərəflərin hər birinin 1/5 hissədə miras əmlakdakı payları müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, miras kütləsinə daxil olan digər əmlak, X4 adına qeydə alınmış Tovuz rayonunun Cəlilli kəndində yerləşən ümumi sahəsi 54,2 kv.m olan fərdi yaşayış evi üzərində hazırki iş üzrə tərəflərin hər birinin 1/5 hissədə payları müəyyən edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1159.1.1, 1146, 1243.2, 1273-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, Tovuz rayonu, Cəlilli kəndində yerləşən, ümumi sahəsi 0,37 ha olan torpağın mərhum X9 və X17 məxsus 2/3 hissəsindən Cavabdeh1 1/5 hissədə miras əmlakdakı pay müəyyən edilməklə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri xx.xx.2022-ci ildə vəfat etmiş X13 və xx.xx.2022-ci ildə vəfat etmiş Qumru Qulu qızı vəfat edən günədək cavabdeh və onun ailə üzvlərilə bir həyətdə yaşamışlar. Demək olar ki, bir evdə yaşamaqla birgə təsərrüfatı idarə etmişlər. Hətta valideynlərinin dəfn və mərasim xərcləri də cavabdeh tərəfindən çəkilməklə həyata keçirilmiş və bir övlad kimi cavabdeh bunu övladlıq borcu hesab etmişdir. Məhkəmə Tovuz rayonu, Cəlilli kəndində yerləşən JN 238 F saylı şəhadətnamədə göstərilmiş ümumi sahəsi 0,37 ha torpaq sahəsi üzrə mərhum X9 və X17 məxsus miras əmlak payını düzgün müəyyənləşdirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin 2-ci səhifəsinin sonuncu abzasında qeyd olunmuşdur ki, “İşə əlavə olunmuş torpaq mülkiyyətinə dair JN238F nömrəli, kod 50311028 saylı dövlət aktının surətindən görünür ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-cı il tarixli, 13 nömrəli qərarı ilə X13, X19, İddiaçı, X11, X6 və X2 birgə mülkiyyətinə Tovuz rayonu Cəlilli kəndində 0,37 ha bağçılıq təyinatlı torpaq sahəsi verilmişdir. Əvvəla qeyd olunan həyətyanı torpaq sahəsinə dair JN 238 F saylı şəhadətnamə barədə qətnamədə bəhs olunsa da, nə iddia ərizəsində, nə də məhkəmə baxışı zamanı subutların tədqiqi zamanı həmin sənəd bir cavabdeh kimi ona təqdim olunmamışdır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərkən dəfələrlə müraciət edilməsinə baxmayaraq, həmin sözügedən şəhadətnamə ilə, eləcə də digər iş materialları ilə tanış olmağa məhkəmə tərəfindən qərəzli olaraq şərait yaradılmamışdır. Halbuki qeyd olunan 0,37 ha həyətyanı torpaq sahəsi 6 nəfərin deyil, 3 nəfərin (X13, X19 və İddiaçı) paylı mülkiyyətində olmuşdur. Belə ki, məhkəmə qətnaməsində torpaq mülkiyyətinə dair JN 238F nömrəli, kod 50311028 saylı dövlət aktının Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-cı il tarixli 13 nömrəli qərarı ilə verilməsi göstərilmişdir. Belə olan halda necə ola bilərdi ki, faktiki olaraq iddiaçının övladları olan xx.xx.1998-ci il təvəllüdlü X6 və xx.xx.1999-cu il təvəllüdlü X14, eləcə də 2002-ci ildən sonra sözügedən təsərrüfatbaşına kitaba qeydiyyata düşmüş iddiaçının arvadı X5 Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-cı il tarixli 13 nömrəli qərarı ilə torpaq sahəsi ayrılmışdır? Əslində isə 2000-ci ildən etibarən iddiaçı və onun ailə üzvləri Cəlilli kəndindən Sumqayıt şəhərinə köçərək miras qoyan şəxslərlə birgə təsərrüfat aparmamışlar. Lakin məhkəmə işin qeyd olunan faktiki hallarını araşdırmamış, yalnız iddiaçının iddia ərizəsində göstərdiyi mülahizələrə əsaslanmışdır. Məhkəmə Tovuz rayonunun Cəlilli kəndində yerləşən JN 238 F saylı şəhadətnamədə göstərilmiş ümumi sahəsi 0,37 ha torpaq sahəsi ilə bağlımiras payı düzgün müəyyən etməmişdir. Burada məhkəmə 0,37 ha torpaq sahəsinin 2/6 hissəsindən deyil, mərhum X9 və Qasımova QumruQulu qızına məxsus 2/3 hissəsindən birinci növbədə qanuni vərəsə kimi cavabdehə- Cavabdeh1 1/5 hissədə miras əmlakdakı pay müəyyən edilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdehlər X15, Cavabdeh3 və Cavabdeh4 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Tovuz rayonu, Cəlilli kəndində yerləşən ümumi sahəsi 0,37 ha torpaq sahəsi ilə bağlı mərhum X9 və X17 məxsus 2/6 hissəsindən hazırki iş üzrə tərəflərin hər birinin 1/5 hissədə miras əmlakdakı payları müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, miras qoyanlar X16 ilə X19 rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahından beş övladı, hazırki iş üzrə tərəflər- Rasim, Rafiq, Əfsusə, Rəna və Nəzakət doğulmuşdur. Miras qoyanlardandan miras qalmış və hazırki iş üzrə mübahisə predmeti olan əmlaklar bunlardır: Tovuz rayonu, Cəlilli kəndində yerləşən 0,37 ha həyətyanı torpaq sahəsinin 2/6 hissəsi, Tovuz rayonu, Cəlilli kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/4 hissəsi və Tovuz rayonu, Cəlilli kəndində yerləşən bir otaqlı, ümumi sahəsi 54,2 kv.m, yaşayış sahəsi 24 kv.m olan və X8 adına qeydiyyata alınmış fərdi yaşayış evidir. Hazırki apellyasiya şikayətində cavabdeh iddia tələbinin yalnız Tovuz rayonu, Cəlilli kəndində yerləşən 0,37 ha həyətyanı torpaq sahəsinin 2/6 hissəsinə payların müəyyən edilməsi hissədində mübahisələndirirək qeyd edir ki, miras qoyanların sözügedən torpaq sahəsində payları düzgün müəyyən edilməyib. Belə ki, həmin torpaq sahəsinin digər mülkiyyətçiləri Samirə, Niyaməddin və Elməddinin adlarının JN-238F nömrəli şəhadətnamədə qeyd olunması və onların pay hüquqlarının nəzərə alınması qanunsuzdur. Məhkəmə bildirir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-238F, KOD 50311028 nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu, Cəlilli kəndində yerləşən 0,37 ha həyətyanı torpaq sahəsi X16, X19, İddiaçı, X11, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Mülki Məcəllənin 214.1-ci maddəsinin tələblərinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunan normanın tələbindən çıxış edərək Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi sözügedən torpaq sahəsinin 2/6 hissəsi üzərində miras qoyanların payını etməkdə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində ifadə olunmuş dəlillərinə münasibətdə isə Məhkəmə bildirir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-238F, KOD 50311028 nömrəli şəhadətnamə hazırda qüvvədədir və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-940/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-940/2025
12.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver