Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-941/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1975/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41990.35 manat əsas borcun, 1256.7 manat dəbbə pulu, ümumilikdə 43247.05 manat borc və 220.50 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 250 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1975/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim E.Əhmədov) iddia qismən təmin olunmuş, Cavabdeh 41990.35 manat, hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 250 manat və dövlət büdcəsinə ödənilmiş 220.50 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1975/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ona işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməmiş, bu səbəbdən də borcunun olmaması ilə bağlı məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatət verə bilməmişdir.Onun şirkətə borcu qalmamışdır. Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq qeyd edilən tarixdə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1975/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1975/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan qaimələrin surətindən müəyyən olunur ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı MMC şirkətindən müxtəlif adda dərman preperatları almışdır. Məhkəmə kollegiyası tərəfindən İnternet Vergi İdarəsindən əldə edilmiş axtarış barədə çıxarışla müəyyən edilir ki, Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** saylı VÖEN verilmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisə fərdi sahibkar Cavabdeh iddiaçı ilə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MM-nin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin: 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırkı iş materiallarından görünür ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Bərdə Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-i: Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir: Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1975/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-1975/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-941/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-941/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver