Məhkəmə qərarları › İş №2(104)-947/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-947/2023

10.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-947/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Tovuz Rayon İHB-nın Koxa Nəbi kəndi üzrə icra nümayəndəliyinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1571/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Tovuz Rayon İHB-nın Koxa Nəbi kəndi üzrə icra nümayəndəliyinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 03 yanvar 2019-cu il tarixdə Tovuz Rayon İHB-nın Koxa Nəbi kənd icra nümayəndəliyində X8 tərəfindən verilməsi göstərilən vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1571/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın təmin edilməsi, 03 yanvar 2019-cu il tarixdə Tovuz Rayon İHB-nın Koxa Nəbi icra nümayəndəliyində tərtib edilmiş və X8 tərəfindən tərtib edilməsi göstərilən vəsiyyətnamənin etibarsız hesab edilməsi, 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1571/2022 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-cı il tarixli 19 saylı qərarına əsasən, mərhum anası X7 Tovuz rayonu Koxa Nəbi kəndi ərazisindən 0,27 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qediyyat nömrəli, **********74-10301 reyestr nömrəli çıxarışa əsasən, mərhum anası X5 adına Tovuz rayonu Koxa Nəbi kənd ərazisində 0,35 ha həyətyanı torpaq sahəsi 27 avqust 2020-ci il tarixdə dövlət qediyyatına alınmışdır. X15 19 mart 2019-cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra ondan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Toruz Regional ASAN xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Mərhum anasından miras qalmış torpağın mülkiyyətə verilməsinə dair JN-007F saylı şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı torpag_sahəsinin 0,04 ha hissəsi digər cavabdeh olan həmkəndlisi Cavabdeh tərəfindən zəbt edilmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirilmiş və hazırda Cavabdeh mərhum anası Bəyaz Hüseynova tərəfindən həmin torpaq sahəsinə dair 03 yanvar 2019-cu il tarixli vəsiyyətnamə verilməsi iddia edilir. Təqdim edilən vəsiyyətnamə qanunun tələbləri pozulmaqla, böyük ehtimalla miras qoyanın vəfatından sonra tərtib edilmişdir. Buna və siyyətnamə üzrə müəyyən olunan dövlət rüsumunun keçirilməməsi və vəsiyyətnamənin notariat ofisində qeydiyyata alınmaması sübutdur. Belə ki, miras qoyanın ölümündən sonra vəsiyyətnamə tərtib edilərsə həmin vəsiyyətnamə üzrə əvvəlki tarixə rüsum ödənilməsi və notariat ofisində qediyyata alınması mümkün deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olub-olamamasını aydınlaşdırmamışdır. Çünki iddiaçının mirası qəbul etməsi ilə bağlı hər hansı sənəd yoxdur. O, miras qoyan vəfat etdikdən 1 il sonra gəlmiş və vəsiyyətnamənin etibarsızlığı ilə bağlı məlıkəmədə iddia qaldırmışdır. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə müvafıq qaydada tərtib edilmişdir. Belə ki, vəsiyyətnamə tərtib edilərkən Tovuz rayonu ərazisində notariat kontoru və ya notariusu olmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisi isə 04.03 2020-ci il tarixdə açılışı olduqdan sonra fəaliyyətə başlamışdır. Bu fakt isə vəsiyyətnamənin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməsini istisna etmir. Məhkəmə qətnaməsində izahatı təhrif edilmişdir. Belə ki, o, bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə X3 2000 (iki min) manat müqabilində Tovuz rayonu, Koxa Nəbi kəndində yerləşən 0.27 ha torpaq sahəsini akt əsasında almışdır. Torpaq sahəsini alarkən hər hansı ölçü işləri aparılmamışdır. 2019-cu ilin avqust ayında həmin torpaq sahəsi üzərində fərdı yaşayış evi tikməyə başlamışdır. 2020-ci ilin yanvar ayında fərdi yaşayış evinin dam örtüyünü vurdurdu. Bir müddət sonra təxminən 2020-ci ilin sentyabr ayının əvvəlində X9 evinə gələrək bildirdi ki, satılan torpaq sahəsi 0.27 ha deyil, 0.35 ha-dır. Ona görə də, ondan əlavə pul istədi. Əvvəlcə ondan 1000 (bir min) manat pul istədi. O, isə 0.27 ha görə 2000 (iki min) manat ödədiyini bildirmişdir. Yerdə qalan 0.8 ha torpaq sahəsinə görə 1000 (bir min) manat ödənilməsi ədalətli deyildir. Uzun uzadı müzakirələrdən sonra Mədətə 500 (beş yüz) manat əlavə pul ödəmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin edilmiş iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ondan əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaçı ilə razılıq əldə etdiyini, ona görə də barışıq sazişinin bağlanamsı üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki icıasında iştirak etmiş İddiaçı cavabdehlə müəyyən pul məbləği ilə razılaşdığını, ona görə də barışıq sazişinin bağlanması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 95 saylı arayışından görünür ki, Koxa Nəbi kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1996-2010-cu il tarixli 01 №-li təsərrüfatbaşına kitabların 42,43,46-cı şəxsi hesablarında təsərrüfat X5 adına olmaqla adına 0,30 ha torpaq sahəsi, 1970-ci ildə tikilmiş yaşayış evinin olması göstərilmişdir. İş materiallarında olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********74-10301 olan çıxarışın surətindən görünür ki, X2 rayonu Koxa Nəbi kəndində 0,35 ha torpaq sahəsində yerləşən, sahəsi 47,20 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisidir. İş materiallarında olan Tovuz rayon İHB-nın Koxa Nəbi kəndi üzrə İcra nümayəndəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş 03 yanvar 2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X2 rayon İHB-nın Koxa Nəbi kəndində özünə məxsus olan 0,30 ha həyətyanı torpaq sahəsini Tovuz rayonu Koxa Nəbi kəndində yaşayan Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və Cavabdeh nikahları Tovuz rayon Əsrik Cırdaxan kənd İN-də xx.xx.1967-ci ildə 65 nömrəli aktla tərtib olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mərhum X2 rayonu Koxa Nəbi kənd ərazisində 0,35 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmuş, həmin torpaq sahəsinə mülkiyyət hüququ hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən ********** qediyyat nömrəli, **********74-10301 reyestr nömrəli, 27 avqust 2020ci il tarixli çıxarışla təsdiq olunur. Bayaz Hüseynova 03 yanvar 2019-cu il tarixli vəsiyyətnamə qoyaraq Tovuz rayon İHB-nın Koxa Nəbi kəndində özünə məxsus olan 0,30 ha həyətyanı torpaq sahəsini Tovuz rayonu Koxa Nəbi kəndində yaşayan Cavabdeh vəsiyyət etmiş, 19 mart 2019-cu il tarixdə isə Bayaz Hüseynova vəfat etmişdir. İddiaçı vəsiyyətnamənin qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyini bildirərək qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, notariusun olmadığı yerlərdə müvafiq icra hakimiyyəti orqanları o halda vəsiyyətnaməni təsdiqləyə bilər ki, həmin vəsiyyətnaməni vəsiyyət edən özü tərtib etmiş olsun. Hazırki işdə isə vəsiyyətnamə icra nümayəndəliyinin özü tərəfindən tərtib edilərək, onun tərəfindən də təsdiq edilmişdir. Vəsiyyətnamədəki şahidlərin izahatlarından da göründüyü kimi vəsiyyətnamənin bayaz tərəfindən tərtib edilməsi deyil, onun tərəfindən imzalanması göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmion Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. İşdə olan X8 tərəfindən Tovuz rayon İHB-nın Koxa Nəbi kəndində özünə məxsus olan 0,30 ha həyətyanı torpaq sahəsini Tovuz rayonu Koxa Nəbi kəndində yaşayan Cavabdeh vəsiyyət etməsinə dair vəsiyyətnamənin surətindən görünür ki, həmin vəsiyyətnamə vəsiyyət edən X1 ilə Tovuz rayon İHB-nın Koxa Nəbi kəndi üzrə İcra nümayəndəsi tərəfindən iki şahidin yanında yazılmış, vəsiyyət edən tərəfindən vəsiyyətnaməni tərtib etmiş şəxs və şahidlərin yanında imzalamışdır. Yəni vəsiyyətnamə tərtib edilərəkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçı vəsiyyətnamənin qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini göstərsə də, lakin onun həmin dəlilləri məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığına və qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1571/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh və üçüncü şəxs Tovuz Rayon İHB-nın Koxa Nəbi kəndi üzrə icra nümayəndəliyinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar