Məhkəmə qərarları › İş №2(104)-953/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-953/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-953/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X1 (qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızı) və Məmmədova Səmiylə Əhməd qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Şəmkir rayonu 1 saylı Notariat Ofisi və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edildikləri) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 və nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 nömrəli qətnaməsindən İddiaçı1 qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızı və nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2019-cu il tarixli 97 nömrəli sərəncamından görünür ki, Məmmədova Səmiylə Əhməd qızı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı1 qəyyumu təyin edilmişdir.

2. Nikah haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2002-ci il tarixdə rəsmi nikah qeyd edilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2606/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X2, Məmmədova Səmiylə Əhməd qızının və X10 cavabdehlər Cavabdeh2, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum İddiaçı1 Namaz qızının mülkiyyətində olmuş 0.2033 ha həyətyanı torpaq sahəsinin 0.0798 ha hissəsinə dair xx.xx.2015-ci il tarixli 4Ə- 159 reyestr nömrəli alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, 0.0798 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli Çıxarışın qismən, yəni həmin torpaq sahəsinin yarısına münasibətdə ləğv edilməsi, 4x5 metr sahəsi olan mağaza binasının cavabdehin vəsaiti hesabına bərpa edilməsi və cavabdeh tərəfindən özbaşına kəsilmiş meyvə ağaclarına görə vurulmuş 20.000 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1746/2021 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)- 2606/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-229/2022 nömrəli qərarından görünür ki, Məmmədova Səmiylə Əhməd qızının kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 1746/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 Namaz qızının adına qeyd edilmişdir.

7. xx.xx.2014-cü il tarixli, 354771 nömrəli etibarnamədən görünür ki, İddiaçı1 Namaz qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi, sərəncam verməyi, habelə digər hüquqları xx.xx.2024-cü il tarixədək Cavabdeh1 etibar etmişdir.

8. xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 Namaz qızının nümayəndəsi Cavabdeh1 Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata Cavabdeh2 satmışdır.

9. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsi xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Namaz qızının vəfatından sonra məlum olmuşdur ki, Cavabdeh1 iddiaçıya məxsus olan torpaq sahəsinin 0.0798 ha hissəsini alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 satmışdır. Həqiqətən iddiaçının və qanuni nümayəndəsinin torpaq sahəsinin sənədləşməsindən sonra onun bir hissəsini, yəni kiçik bir mağazanın inşa edilməsi üçün 5x4, yəni 20 kv.m ölçüdə satmaq fikri olsa da, mübahisəli torpaq sahəsinin 0.0798 ha hissəsini satmaq niyyətləri olmamış və alqı-satqı ilə bağlı ona heç bir məbləği pul verilməmişdir. Satıcı qismində çıxış edən Cavabdeh1 digər Cavabdeh2 arvadıdır ki, bu hal öz növbəsində əqdin etibarsızlığına gətirib çıxarır, yəni həmin alqı–satqı müqaviləsi əhəmiyyətsiz əqddir.

12. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2797/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçılar X6 və Məmmədova Səmiylə Əhməd qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsinə dair iş üzrə icraata xitam verilmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-20967/2022 nömrəli qərardadı ilə, birinci instansiya məhkəməsinin qərardadı iddiaçı Məmmədova Səmiylə Əhməd qızına münasibətdə dəyişdirilmədən saxlanılmış, iddiaçı X1 (qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsinə dair iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir.

14. Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsi ilə (hakim Taleh Musayev), İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəllər alqı–satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmasına baxmayaraq, hazırkı işdə Məmmədova Səmiylə Əhməd qızı əvvəlki iddiasından fərqli olaraq azyaşlı İddiaçı1 iddiaçı qismində, Cavabdeh1 isə cavabdeh qismində işə cəlb etmişdir. Lakin buna baxmayaraq, yəni iş üzrə müxtəlif iddiaçı və cavabdeh işə cəlb edilsə də, həmçinin iddiaçı əvvəlki tələbində cavabdehlər arasında bağlanmış mübahisəli alqı-satqı müqaviləsinin qismən etibarsızlığını, hazırkı tələbində isə ümumilikdə qeyd olunan müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsinə dair qətnamə çıxarılmasını tələb etsə də, iddiaçının əvvəlki iddiası da eyni predmet və eyni əsasla üzrə olmuş, yəni iddiaçının əvvəlki iddia tələbi ilə hazırki iddia tələbinə dair mübahisəli alqı-satqı müqaviləsi eyni müqavilədir və əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılıq məsələsinə hüquqi qiymət verilmişdir. Əvvəlki iddia tələbi ilə hazırki iddia tələbinə dair mübahisəli alqı–satqı müqaviləsi eyni müqavilədir və əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış alqı–satqı müqaviləsinin etibarlılıq məsələsinə hüquqi qiymət verilmiş və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Odur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı1 qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızı və nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Məmmədova Səmiylə Əhməd qızı əvvəllər eyni cavabdehlərə qarşı əqdin qismən etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Hal-hazırda isə iddiaçılardan biri X6 əvvəlki məhkəmə çəkişməsində tərəf qismində iştirak etməmiş, iddiaçı və ya cavabdeh olmamışdır. Mübahisə edilən müqavilə onun hüquqlarını pozduğundan o, iddiaçı qismində məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, sözügedən müqavilənin etibarlı olmasına dair qanuni qüvvəsini almış qətnamə mövcuddur və bu əsasla hazırkı iddiaçını məhkəməyə müraciət edərək öz maraqlarını qorumaq məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Digər tərəfdən, məhkəmə əhəmiyyətsiz əqdin məhkəmə qətnaməsi ilə əhəmiyyətli olduğu qənaətinə gəlmişdir, hərçənd ki, heç bir məhkəmə əhəmiyyətsiz əqdi əhəmiyyətli hesab etmək hüququna malik deyildir, bu mövqe Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Hazırki qətnamə ilə məhkəmə iddiaçının hüquqlarını digər iddiaçılarla eyniləşdirərək məhdudlaşdırmış və mübahisə predmeti olan əqdin əvvəlki iddiaçılara münasibətdə etibarlı hesab edilməsini iddiaçıya aid etmişdir. Bununla bağlı qeyd edilir ki, mübahisə edilən əqdin etibarlı olmasına dair hər hansı qətnamə mövcud deyildir. Halbuki iddiaçı müstəqil formada iddia qaldırmaq hüququna malikdir və onun bu hüququ diglərlərinin hüquqları ilə məhdudlaşdırıla bilməz. İşin hallarından da göründüyü kimi, cavabdehlər arasında nikah münasibətləri mövcuddur. Belə olan halda ərlə arvad arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında əmlakın ərin mülkiyyətinə keçməsi əslində həmin mülkiyyətin arvad tərəfindən ələ keçirilməsidir. Çünki Ailə Məcəlləsinin 32.1ci maddəsinin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə olan halda etibarnamə əsasında çıxış edən təmsilçi Cavabdeh1 özü barəsində əqd bağlamış olur ki, bu da qanuna ziddir. KM Plenum qərarından görünən odur ki, istənilən halda fərz etsək ki, tərəflər arasında belə mübahisə olmuşdur və buna dair yekun qərar var bunlar heç bir halda əhəmiyyətsiz əqdin etibar edilməsi üçün əsas ola bilmir. Lakin hazırki qərarla məhkəmə əhəmiyyətsiz əqdi başqa tərəflər arasında olmuş mübahisəyə dair qanuni qüvvəsini almış qərar ilə etibarlı əqd hesab etmiş olur ki, bu da həm Mülki Məcəlləyə, həm də yuxarıda qeyd edilmiş KM qərarına ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə ilk öncə Məmmədova Səmiylə Əhməd qızını iddiaçı kimi təqdim edir, daha sonra isə etiraf edir ki, tərəflər eyni tərəflər deyil, sadəcə iddia predmeti eyni olduğundan iddia rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1316/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən 0.0798 hektar torpaq sahəsinin Cavabdeh2 satılmasına dair mübahisəli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməsi qət edilmişdir (hakimlər L.Süleymanovun sədrliyi və məruzəsi ilə, İ.Həsənov və Ş.Rzaquliyevdən ibarət tərkibdə).

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu iş üzrə İddiaçı1 birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi üçün istinad etdiyi əvvəlki iş üzrə işdə iştirak edən şəxs olmamışdır.

22. Bundan başqa, mülki qanunvercilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Cavabdehlər arasında nikah münasibətləri mövcud olmaqla, ər-arvad olmalarına baxmayaraq, müvafiq etibarnamə əsasında aralarında alqı-satqı müqaviləsi bağlamış və bununla da, təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamışdır. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə olan halda etibarnamə əsasında çıxış edən təmsilçi Cavabdeh1 özü barəsində əqd bağlaması mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

23. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 337, 359, və 362.1-ci maddələrinə istinad etmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

24. Cavabdeh2 (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir

25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 57/2024 nömrəli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1316/2023 nömrəli, 22.06. 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

26. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, təmsil olunan İddiaçı1 öz mülkiyyətində olan torpaq sahəsindən bir hissəsini Cavabdeh2 satmaq istəyinin olması barədə iş materiallarında məlumatlar mövcuddur.

27. Əvvəla, Səmiylə Məmmədova və başqalarının Cavabdeh2 qarşı daha əvvəl qaldırdıqları iddiada alqı-satqı müqaviləsi və reyestr qeydinin tamamı deyil, satılmış torpaq sahəsinin yarısı mübahisələndirilmişdi. İddianın əsası kimi həm də ona istinad olunmuşdu ki, Cavabdeh1 təmsil olunan İddiaçı1 nümayəndəsi kimi müqavilədə satıcını təmsil edərək torpağı öz ərinə satmağa dair müqaviləyə etdiyi imzanın da hüquqi qüvvəsi ola bilməz. Həmin iddia rədd edilmiş və məhkəmə aktı qanuni qüvvəsini almışdır (§ 9-11).

28. Bundan əlavə, eyni şəxsin - Səmiylə Məmmədovanın da iddiaçı olduğu hazırkı işdə (ona münasibətdə icraata xitam verilmişdir) 20 kv.m. sahənin Cavabdeh2 satılması fikrinin olduğu qeyd edilir (§ 13).

29. İşdən o da görünür ki, mübahisə olunan müqavilə xx.xx.2015-ci ildə bağlanmış, onun əsasında 0.0798 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmış, satıcı İddiaçı1 isə xx.xx.2019-cu ildə ölmüşdür.

30. Müqavilə bağlandıqdan sonra İddiaçı1 yaşadığı dörd il ərzində qonşuluğunda yerləşən torpaq sahəsinin cavabdehə satılmasına hansısa formada etiraz etməsini və əqdi mübahisələndirməsini işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etməmişlər. İş materiallarından müqavilə ilə bağlı məhkəmə mübahisəsinin İddiaçı1 ölümündən sonra başladığı görünür (əvvəlki mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci ildə qəbul edilmişdir).

31. Yuxarıdakı məlumatlar işığında təmsil olunan İddiaçı1 xx.xx.2014-cü il tarixli etibarnaməni Cavabdeh2 arvadı Cavabdeh1 hansı məqsədlə verməsi, həmin vəkalətlə 0.0798 ha torpaq sahəsinin Cavabdeh2 satılması üçün müvafiq rəsmiləşdirmə aparılmasının hədəflənib-hədəflənmədiyi, başqa sözlə, təmsil olunan İddiaçı1 təmsilçi Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqaviləni sonuncunun əri Cavabdeh2la bağlamasına açıq və ya örtülü formada əvvəlcədən razılığının olub-olmaması, yaxud sonradan bəyənməsi, bu kontekstdə tərəflərin əvvəlki və sonrakı davranışlarının nədən ibarət olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı1 Namaz qızı əmisinin həyat yoldaşıdır. İddiaçı1 sağ olan zaman 20 kv.m ölçüdə olan tikilinin satmaq fikri olmuşdur. Lakin, qiyməti barədə məlumatı olmamışdır. Sahəsi 0.8 ha olan torpaq sahəsini satmaq istəməmişlər, ancaq 20 kv.m sahəsini satmaq istəmişlər. 2019-cu ilin fevral aylarında mübahisə yaranmışdır. Həmin zamanlar vəziyyəti yaxşı olmuşdur. Etibarnaməni Cavabdeh1 vermişdir. Ancaq, mərhumun digər qızlarının bu barədə məlumatı olmasını bilmir. Cavabdeh1 həmkəndlisi kimi tanıyır və qohumluq əlaqləri yoxdur.

34. Məhkəmə kollegiyasının iclasında şahid kimi dindirilmiş X8 ifadəsində göstərmişdir ki, şahid X7 onun qardaşıdır. Mərhum İddiaçı1 Namaz qızı əmisinin həyat yoldaşıdır. Əmisinin arvadı ilə qonuşuluqda yaşamışlar. İddiaçı1 Namaz qızı Cavabdeh2 torpaq satmamışdır. Bu barədə mübahisənin olmasını mərhumun ölümündən bir həftə qabaq müddətdə eşitmişdir. O, İddiaçı1 iştirak etdiyi video görüntüdə olmamışdır. Mərhum vəfat etməmişdən qabaq son 20 gün vəziyyəti normal olmuşdur.

35. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

36. İş üzrə iddiaçı X6, Məmmədova Səmiylə Əhməd qızı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxslər Şəmkir rayonu 1 saylı Notariat Ofisi və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

37. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

38. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.

40. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.

41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

42. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

43. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

44. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

45. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

46. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

47. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

56. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə baxan məhkəmə üçün məcburidir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, «Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir».

Apellyasiya baxışının hədləri

61. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

64. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

66. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)- 375/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Beləliklə, işin halları ondan ibarətdir ki, xx.xx.2014-cü il tarixli, 354771 saylı etibarnamə ilə, İddiaçı1 Namaz qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi, sərəncam verməyi, habelə digər hüquqları xx.xx.2024-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2002-ci il tarixdə rəsmi nikah qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə, İddiaçı1 Namaz qızının nümayəndəsi Cavabdeh1 Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata Cavabdeh2 satmışdır.

69. Eyni zamanda müəyyən edilmişdir ki, X9, Məmmədova Səmiylə Əhməd qızı və X16 cavabdehlər Cavabdeh2, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum İddiaçı1 Namaz qızının mülkiyyətində olmuş 0.2033 ha həyətyanı torpaq sahəsinin 0.0798 ha hissəsinə dair xx.xx.2015-ci il tarixli 4Ə- 159 reyestr nömrəli alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, 0.0798 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli çıxarışın qismən, yəni həmin torpaq sahəsinin yarısına münasibətdə ləğv edilməsi, 4x5 metr sahəsi olan mağaza binasının cavabdehin vəsaiti hesabına bərpa edilməsi və cavabdeh tərəfindən özbaşına kəsilmiş meyvə ağaclarına görə vurulmuş 20.000 manat maddi zərərin ödənilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2020-ci il tarixli 2(076)-2606/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1746/2021 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020 ci il tarixli 2(076)-2606/2020 saylı qətnaməsi, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-229/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1746/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

70. Həmçinin, apellyasiya icraatında müəyyən edilmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi mərhum İddiaçı1 Namaz qızının görüntülü video yazıda o, mübahisəli yeri vermədiyini və Cavabdeh1 torpaq sahəsini ərinə satdığını bildirmişdir.

71. Məhkəmə Kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən işin faktiki hallarını araşdıraraq qeyd edir ki, mübahisə olunan müqavilə xx.xx.2015-ci ildə bağlanmış, onun əsasında 0.0798 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmış, satıcı İddiaçı1 isə xx.xx.2019-cu ildə ölmüşdür. Göründüyü kimi, mübahisəli müqavilə bağlandıqdan sonra İddiaçı1 yaşadığı dörd il ərzində qonşuluğunda yerləşən torpaq sahəsinin cavabdehə satılmasına hansısa formada etiraz etməmiş və əqdi mübahisələndirməsi müəyyən edilməmişdir. Göründüyü kimi, təmsil olunan İddiaçı1 təmsilçi Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqaviləni sonuncunun əri Cavabdeh2la bağlamasına etirazı olmamış, dolayısı ilə həmin müqaviləni bəyənmişdir. İşdə olan sənədlərdən görünür ki, həmin müqavilə ilə bağlı məhkəmə mübahisəsinin mərhum İddiaçı1 ölümündən sonra başladığı müəyyən edilmişdir (əvvəlki mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir). Bu hallar Məhkəmə Kollegiyasına əsas verir ki, satıcı İddiaçı1 sağlığında mübahisələndirilən torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

72. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X7 və X8 qardaş olmaqla, əmisi arvadı olan mərhum Güləbatın Məmmədovanın xeyrinə ifadə verərək, alqı-satqı müaviləsi üzrə mübahisənin yarandığını İddiaçı1 ölümündən qabaq 2019-cu ilin fevral aylarında mübahisənin yarandığını və sonuncunun torpaq sahəsini Cavabdeh2 satmaq niyyətinin olmadığını göstərmişlər. Bununla bağlı kollegiya qeyd edir ki, həmin şahidlər mərhumun qaynının (ərinin qardaşının) uşaqları olmaqla işin həllində maraqlı olmalarına şübhə yaradır. Ona görə də, həmin şahidlərin ifadələri iş üzrə sübut kimi qəbul edilməməlidir.

73. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

74. Belə ki, qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

75. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

76. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

77. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

78. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

79. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

80. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.

81. İş üzrə iddiaçının tələbi miras qoyan İddiaçı1 öz mülkiyyətində olan torpaq sahəsinin 0.0798 ha hissəsini təmsilçisi Cavabdeh1 vasitəsilə Cavabdeh2 satması barədə xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız sayılması barədədir.

82. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2606/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X2, Məmmədova Səmiylə Əhməd qızının və X10 cavabdehlər Cavabdeh2, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum İddiaçı1 Namaz qızının mülkiyyətində olmuş 0.2033 ha həyətyanı torpaq sahəsinin 0.0798 ha hissəsinə dair xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, 0.0798 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli Çıxarışın qismən, yəni həmin torpaq sahəsinin yarısına münasibətdə ləğv edilməsi, 4x5 metr sahəsi olan mağaza binasının cavabdehin vəsaiti hesabına bərpa edilməsi və cavabdeh tərəfindən özbaşına kəsilmiş meyvə ağaclarına görə vurulmuş 20.000 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

83. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1746/2021 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2606/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

84. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 229/2022 nömrəli qərarından görünür ki, Məmmədova Səmiylə Əhməd qızının kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1746/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

85. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2606/2020 nömrəli qətnaməsində işin faktik halları kimi müəyyən edilmişdir ki, “xx.xx.2015-ci il tarixli, 4Ə-01- 159 saylı reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Şəmkir rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 7E-22082 reyestr nömrəli etibarnamə əsasında İddiaçı1 Namaz qızının adından Cavabdeh1 Seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı1 Namaz qızına məxsus olan 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini 5000 (beş min) manata Cavabdeh2 satılmış və müqavilə icra olunaraq xx.xx.2015-ci il tarixdə 0.0798 ha torpaq sahəsi Cavabdeh2 adına RX seriyalı ******* Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövləț Reyestrindən Çıxarış əsasında qeydə alınmışdır. İddiaçı Məmmədova Səmiylə Əhməd qızı da həmin halları bilmişdir. Göründüyü kimi müqavilə icra olunduğu halda, iddiaçı həmin müqavilənin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, iddiaçı həmin əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianı 1 il ərzində deyil, 5 ildən çox müddət keçdikdən sonra irəli sürdüyündən, iddiaçı qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürdüyündən, məhkəmədə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirmişdir. Ona görə də müddətin keçməsi iddianın rədd edilməsi üçün hüquqi əsasdır.”

86. Yəni, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırda iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh1 ilə X4 aid xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alqı-satqı müqaviləsinə qiymət verilmişdir.

87. Bu hal hazırki iddiaya həlledici təsir edir. Çünki, Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

89. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır.

90. Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir.

91. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

92. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı).

93. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli alqı-satqı müqaviləsi barədə faktların predusiallığı qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmişdir və həmin halın yenidən mübahisələndirilməsini mülki prosessual qanunvericilik tərəflərə (həmin işdə və hazırkı işdə olan şəxslərin subyekt tərkibi eyni olmuşdur) qadağan etmiş və həmin halın sübut edilməsinə ehtiyac qalmır.

94. Azərbaycan Respublikasının MPM-in 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

95. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.

96. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

97. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

98. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir.

99. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

100. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

101. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

103. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

104. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

105. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

106. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı1 qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızı və nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar